EUR 1.9921 USD 1.7 RUB 0.0273

Ədəbiyyat

Mən özündənrazının, eqoistin yekəsi- Qismətin 32 yaşı

  • 11747 dəfə
  • Tarix 15 Mart 2018 / 11:03

Bu gün tanınmış şair Qismət Rüstəmovun doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun “Klassika məşqləri-XX” şeirini oxucuların diqqətinə çatdırır. 

 

Gözlərindən öpərəm, dodaqlarından sənin,

Şirin sözlər asaram qulaqlarından sənin,

Saçını oğurlayıb daraqlarından sənin,

Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,

Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

 

Əllərindən tutaram, biləyindən öpərəm,

Saçlarının gül qoxan küləyindən öpərəm,

Məni müqəddəs bilən ürəyindən öpərəm,

Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,

Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...

 

Qırmızı kəmturş  şərab  badələrə süzülər

Zarafatlar uzanar, ürəyimiz üzülər...

Barmaqlarım tələsər, düymələrin çözülər,

İçimə bir od düşər, titrəyər ayaqlarım,

Süd yolunda dincələr qurumuş dodaqlarım...

 

Ürəyimin parası, gözümün bir tikəsi,

Məni yaman qorxudur dinməmək təhlükəsi.

Mən özündənrazının, eqoistin yekəsi,

Sən zəriflik tanrısı, qadının ötəsisən

Bütün xoş şeylər kimi səndəmi bitəsisən ?

 

 

SİZİN REKLAM BURADA