EUR 1.9983 USD 1.7001 RUB 0.0287

Yazarlar

Çox oxuyanlar maraqlı yaza bilmir

  • 1051 dəfə
  • Tarix 10 Oktyabr 2017 / 10:00

Kulis.az yazıçı Elçin Hüseynbəylinin “Səlimlə mübahisəm” essesini təqdim edir.

 

Dünya cavabsız suallarla maraqlıdır...

 

Yazar dostum Səlim Babullaoğluyla Cocuq Mərcanlı və Horadizə səfərdən qayıdırıq. Maşını Fəxrəddin Meydanlı sürür. Rauf Aslanov da yanımızdadir, yüngülcə mürgüləyir. Onu da deyim ki, səfərə gedəndə Şahin Musaoğlu da bizim maşındaydı, gələndə başqa maşına mindi. Çünki maşın onun yaşadığı Batamdara gedirdi...

 

Ağsaqqallar (Anar, Nəriman Həsənzadə, Fikrət Qoca), eləcə də Yunus Oğuz və Rəşad Məcid başqa maşındaydılar...

 

Nəsə. Bu xırda təfsilatlar sizi yora bilər. Əsas məsələ Səlimlə mənim dialoqumdur. Bəlkə də bunları yazmağa ehtiyac yoxdur. Amma düşünürəm ki, bizim söhbətimizdə heç kimi incitməyən, əksinə diqqətçəkən maraqlı məqamlar var.

 

Söhbətin hardan başlayıb hara getdiyi dəqiq yadımda deyil, amma bu dialoq təxminən beləydi (xırda yanlışlıqlar ola bilər).

 

Mən:

 

- Bilmirəm kimin sözüdür. Deyir ki, Tanrı olmasaydı da, insanlar onu uyduracaqdı, -deyirəm.

 

Səlim:

 

- Sən bilirsən ki, bu sözündə gizlin küfr var? Özü də həmin fikir ingilislərə məxsusdur.

 

- Mənim danışdıqlarımın və əməllərimin çoxu küfrdür.

 

- Küfr hamıda var e, ona görə demirəm. Sadəcə istəyirəm ki, müqəddəs kitabları oxuyasan: Quranı, Tövratı...

 

Stop. Mən Səlimin bir deyimini xatırlayıram. O da kimdənsə sitat gətirmişdi və xoşuma gəlmişdi: “Tanrılar insanları, insanlar (yəni yazıçılar) obrazları yaradır.” Bunu ürəyimdə fikirləşirəm, istəyirəm deyəm ki, bu fikirdə də gizlin küfr var, amma başqa söz deyirəm:

 

- O kitabların hamısını oxumuşam.

 

- Dərindən oxumamısan.

 

- Kifayət qədər oxumuşam.

 

- Bilirsən, fikirləşirəm ki, sənin kimi istedadlı nəsr yazan adam, o kitabları dərindən oxumalıdır. Onları oxuyanda adamın qarşısında başqa qapılar açılır. Bilmədiklərini biləndən sonra daha nələrisə bilmək istəyirsən, yəni qapının o üzündəkiləri görmək istəyirsən.

 

- Bəlkə heç mənim gücüm qapının o üzündəkiləri görməyə çatmayacaq.

 

- Oxusan çox sualların cavabını taparsan. Yazdıqların daha da maraqlı olar.

 

- Onsuz da maraqlı yazıram...

 

- Kefsən e...

 

- Özü də yazıçı hər şeyi bilsə, onda şeytanilik qalmaz və yazdıqları maraqsız olar.

 

- Söz güləşdirirsən e, vallah... Sən olmayan bir şeyin adını çəkə bilərsən.

 

- Olmayan bir şeyin adını necə çəkmək olar?

 

- Allaha inanırsan?

 

- Mən nəyəsə, yaxud kiməsə inanıram, amma onun kimliyini bilmirəm. İnamsız yaşamaq olmaz, axı...

 

Səlim yenə də nələrsə deyir. Yüksək materiayadan danışır, məni üstələmək istəyir. Ona görə də burda dayanaq.

 

Səfərin səhəri günü həmin söhbəti xatırladım və özlüyümdə belə qənaətə gəldim ki, Səlim, bəlkə də haqlıdır, yəni özlüyündə tam haqlı ola bilər. Mənsə belə fikirləşirəm ki, dünyada suallar çox olsa, həyat daha da maraqlı olar. Yəni cavablar hamısı məlumdursa, onda həyatın nə mənası? Yazıçı daim axtarışda olsa, onda nəsə yaza bilməz, yəni başı həmin axtarışlara gedər. Çox oxumuş və savadlı adamlar maraqlı mətn yaza bilmirlər. Onlar ədəbiyyata həyatdan yox, ədəbiyyatdan gəlirlər... Hətta bəzilərinin adını da eşitmişəm. Onlar materialın içinə o qədər girirlər ki, sonra baş-ayağını yığışdıra bilmirlər... Həmin adamların bəziləri barədə “Cənab Bartlbi” məqaləmdə illər öncə yazmışam.

 

Mənə görə savadlı və mütaliəli olmaq vacibdir, amma əsas məsələ odur ki, nə istədiyini və nə axtardığını biləsən. Statistika heç kimə maraqlı deyil, əsas mahiyyətdir...

 

Mövzunu davam etdirmək də olar. Amma bir köşə yazısında sizə mühazirə deyə bilmərəm, axı.

 

Sonra danışarıq, dostlar, sonra...

 

Oktyabrın birinci ongünlüyü, 2017

 

SİZİN REKLAM BURADA