EUR 1.9983 USD 1.7001 RUB 0.0287

Yazarlar

Qadınları “alçaldan” işlər

  • 2298 dəfə
  • Tarix 11 Oktyabr 2017 / 11:44

 

Sevinc Elsevər

 

Qızımın oxuduğu məktəbin girişində daşdan tikilmiş bapbalaca dükan var. Orda 55-60 yaşlarında eynəkli bir qadın uşaqlara saqqız, bulka, şirin və adi sular, bir sözlə xırt-mırt satır. Bir neçə ildi ondan az qala hər gün nəsə alıram. Bu neçə vaxtda ancaq bu günlərdə qadınla ayaqüstü bir balaca söhbət eləmişik. Söhbətə giriş ənənəvi oldu: “Qızım, hardansan? Danışığından filan yerin adamlarına oxşadıram, nə vaxtdı soruşmaq istəyirəm” kimi, məsələn.

 

Qadın lap dəqiqləşdirəndən sonra ki, özüm haralıyam, ərim haralıdı. Sənin bəxtin gətirib ki, qızım. O yerin adamları arvad saxlayan olurlar dedi.

 

Gülmək məni tutdu. Özümü zorla saxlayıb soruşdum ki, məgər arvad saxlamaq, ya saxlamamaq hansısa zona ilə bağlı məsələdi? “Bəs nə ay qızım?! Elə yer var, o yerin kişiləri arvad saxlamır. Ya boşayırlar, ya da arvada deyirlər işləyib məni də saxlayacaqsan, uşaqları da. Budu, bax mənə. Cavanlığımdan bəri zülüm çəkirəm. Qocalmışam, hələ də zülüm ayaqlayıram”.

 

Zarafata saldım: “Ay xala, qadınlar var evdə dava edirlər ki, işləsinlər. Yaxşıdı da, yoldaşınız sizi azad buraxıb”...

 

Qadın başını buladı: “Ay qızım, Allah kəssin belə azadlığı”...

 

Bu cür danışan onlarla, yüzlərlə qadınla rastlaşmışam. İşləyirlər, amma işlərindən narazıdırlar. Onların ən böyük arzusu evdə oturub ər çörəyi yeməkdi. Hansı qadın ki, ali təhsillidi, həkimdi, müəllimdi, bank işçisidi, işləməyi ilə öyünür. Hətta hava atır işləməyən ev qadınlarına. Geyinib-kecinib, bəzənib-düzənib işə getməkləri, ali təhsilləri ilə fəxr edirlər. Necə ki, üzərlərindəki qır-qızıl, bahalı paltar, kürklərlə fəxr edirlər, eləcə. Hansı qadın ki, işçi kimi çalışır, yəni fiziki, ağır işlərdə. Xadimədi, süpürgəçidi, satıcıdı, çörəkçidi, şirniyyatçıdı, işinin əlindən dad eləyir. Deyir ərim yaxşı ər olsa, işləməzdim, mən də xalxın arvadları kimi evdə oturardım, ərim mənə baxardı. Halbuki çoxunun əri ağır işlərdə çalışan fəhlələrdi.

 

Qızını oxutmaq üçün can atan yüzlərlə ananın dilindən bu sözləri eşitmişəm: “Oğlan oxumasa, hər işdə işləyə bilər. Daş da daşıyar, boşqab da. Amma qızı gərək oxudasan!” Bir tərəfdən qız uşaqlarının oxudulmasına çağırış edən bu “maarifçi” cümlədə nəsə adamı narahat edən başqa bir mesaj var! Deməli, qadının boşqab daşımasında, süpürməsində və başqa bu kimi işlərdə çalışmasında qəbahət var. Belə çıxır ki, qadınların öz evindən kənarda, digər ictimai yerlərdə bu kimi işləri pul xatirinə görməyi onları “alçaldır”.

 

Ona görə də böyük-böyük idarələrə yolumuz düşəndə qarşımıza çıxan xadimələrə salam verdiyimizdə onlar çox təəccüblənirlər. Nəsə xəbər alanda isə, cavab verməyə çəkinirlər.

 

Özlərinin xoşuna gələn, onlara qürur hissi verən, lovğalanmağa fürsət yaradan işlər olanda qadınlar işləməklərindən razıdırlar, hətta işləsinlər deyə mücadilə apararlar. “Mən diplom almışam ki, evdə yatızdırım?” – deyə üsyan edirlər. Buna haqları da var, əlbəttə. Sözüm onda yox. Amma işdən – işə fərq var. Bəzi işlərdə işləməmək üçün üsyanları var. Bir yanda gördüyü işdən utanan, işlədiyini çarəsizliyinin ayağına yazan və ərini ittiham edən, işləməyən ev qadınlarına qibtəylə baxan qadınlar var! Bir yanda da gördüyü işlə öyünən, “heç hökumətin verdiyi cüzi maaşa ehtiyacım da yoxdu, sadəcə evdə darıxıram, iş adamı yaxşı saxlayır, işləyəndə özünə də baxırsan” deyən, işləməyən ev qadınlarına yuxarıdan aşağı baxan qadınlar var!

 

İkinci tip qadınlardan hələ birinin dilindən eşitmədim ki, işləməyi cəmiyyət üçün faydalı olsun deyə istəsin. Dövlət məni oxutdu, mənim də dövlətə xidmət borcum var desin. Sonuncu cümlə pafoslu səslənsə də! “İşləyirəm ki, öz xərclərimi çıxarım, ərimə ağız açmayım mənə dodaq boyası alsın. Dədəm o qədər pul töküb oxudub, anam deyir, bala, diplomun hayıfdı...”

 

Deməli, işçilik, iş əsas deyil. Əsas hava atmaq, forslanmaq, özünü göstərmək, “bozbaş iyi verən ev xanımlarından” fərqlənməkdir.

 

Elə bu yazını işləyəndə yadıma “Şərikli çörək” filminin qırçı Məhəmmədinin böyüyəndə qırçı olmağı arzulayan balaca Vaqifə dediyi sözlər düşdü: “Yalan demə! Heç kim qırçı olmağı istəməz!”

 

Bizim ölkədə heç kim könüllü qırçı, pinəçi, saatsaz, santexnik olmağı istəmir. Hamı həmin işlərdə çalışmağa məcbur olur. Hətta Sovet dövründə, əməyin, işçi sinfinin tərənnümü gedən o illərdə də vəziyyət elə belə idi.

 

Azərbaycan cəmiyyətində təkcə qadınlar deyil, elə kişilər də müəyyən sahələrdə işləməyi alçaldıcı görürlər. Onda nənəmin anama eşitdirmək üçün tez-tez işlətdiyi  məsəl yadıma düşür: “Sən ağa, mən ağa, inəkləri kim sağa?!”

 

Azərbaycan insanının təfəkküründə zəhmətli işlərdə çalışmaq, “kiminsə əlinin altında işləmək ”, “kiminsə buyruğuna qaçmaq” adamı qiymətdən endirir, nəinki qiymətə mindirir. Zəhmətli işlərdə çalışmaq az qala dilənçiliyə tay tutulur. Nizami Gəncəvinin məşhur “Kərpickəsən kişinin dastanı”ndakı söhbət yadınızdadı?

 

 

SİZİN REKLAM BURADA