EUR USD RUB

Yazarlar

Seksdən qorxan azərbaycanlılar

  • 5431 dəfə
  • Tarix 12 Oktyabr 2017 / 09:44

Sənət hər bir fərdin daxili aləmini izah etmə, düşüncələrin ən dərin, məhrəm qatına enmə prosesi hesab olunur.

 

Lakin yazıçı da, rəssam da, rejissor da yaratdığı sənət nümunəsini nümayiş etdirməyə, kütlənin ixtiyarına verməyə məcburdur. Əsas əmma da məhz həmin ixtiyar məqamında üzə çıxır ki, bu vaxtı böyük əksəriyyət etiraz edir, müəllifi əxlaqsızlıqda günahlandırırlar.

 

Yazıçı üçün sıxışdırılmaq, çərçivəyə salınmaq çox çətindir. O, bir obrazın düşüncələrini, zahiri görünüşünü izah edərkən onu bütünlüklə təsvir etməlidir ki, yaratdığı obraz bitkin alınsın. Qəhrəmanın intim istəklərini, məhrəm arzularını yazmaqdan ötrü oxucu istəsə də, istəməsə də erotik təsvirlərin verilməsinə ehtiyac duyulur.

 

Dünya ədəbiyyatında bu cür roman nümunələr çoxdur. Markiz de Sadın “Sadomun 120 günü”, Ceyms Coysun “Uills”, Henri Müllerin “Tropik xərçəngi”, Vladimr Nabokovun “Lolita” romanı və s.  

 

Henri Müllerin “Tropik xərçəngi” romanı erotik təsvirlərə görə uzun müddət qadağan olunub. Yazıçı məhkəməyə verilib. Qadağalar götürüləndən sonra belə roman çap olunarkən həmin erotik təsvirli cümlələr qaralanıb.

 

Vladimr Nabokovun “Lolita” romanının taleyi isə daha ürəkağrıdıcıdır. Nabokov uzun illər romanın erotik roman kimi qəbul olunmasına təəssüflənib. Əslində həqiqətən də romandakı erotik təsvirlərin çoxluğu və rəngarəngliyi obrazların faciəsini görməyə müəyyən mənada mane olub.

 

Kinoda da Pyer Pazolinidən tutmuş Ulrix Zaydla qədər xeyli məşhur adlar filmlərindəki erotik təsvirlərə görə zaman-zaman qadağalara məruz qalıblar.

 

Zaydl öz müsahibəsinin birində filmlərindəki erotik kadrlarla bağlı suallara belə cavab verib: “Seks insanın əsas instinktidir. Bu instinkt hər kəsin həyatında vacib rol oynayır. Seksuallığa basqı isə əxlaqın erroziyasına gətirib çıxarır.”

 

Söhbət bizim ədəbiyyata və kinoya gəlib çıxanda məsələ bir az yox, xeyli qəlizləşir. Kinoda intim münasibətlər bir azca özünə yer etsə də, erotik təsvirlər ekrana yol tapa bilməyib.

 

Tanıdığım ən məşhur və tolerant aktyorlar da bu cür rollara çəkilməkdən imtina ediblər. Hətta aktyor-aktrisa cütlükləri var ki, öz həyat yoldaşları ilə intim rol təklifini geri çeviriblər.

 

Düzdür, Milli Dram Teatrımız bir neçə il əvvəl “Qatil” tamaşası ilə buna cəhd etdi. Amma eşitdiyimə görə ağsaqqal muğam ifaçımız Alim Qasımov məhz bu səhnələrə görə tamaşanı nümayişkaranə şəkildə tərk eləmişdi.

 

Amma Alim müəllim nədənsə incə bir məqamı unudur; o, muğam oxuyanda kimsə ayağa qalxıb deməyib ki, sizin ifa etdiyiniz muğamın filan yerində “əzizim, ləblərin, qonçədir, baldır” və yaxud da “sinəndə bir cüt nar” söhbəti var.

 

SİZİN REKLAM BURADA