EUR USD RUB

Ədəbiyyat

Qayınatasından utanan gəlinin Allahdan istəyiBİRCƏNİN ROMANI

  • 5945 dəfə
  • Tarix 13 Oktyabr 2017 / 11:13

 

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Yeni ilə az qalırdı. Təqribən bir ay sonra da Cavidin yaşı tamam olacaqdı.

 

Evdə qar-buz bir az əriyib-əprimişdi, mənim evdən biryolluq getmək fikrimin ciddiliyi qaynanamla Emini, deyəsən, bir balaca yumşaltmışdı.

 

Cavid hələ də yerimirdi. Emin boş vaxtının çoxunu uşaqla keçirirdi, görünürdü ki, onu özünə bağlamağa çalışır. Qardaşlarım tez-tez yanıma gəlirdilər, anamdansa əvvəlki kimi bir səs-soraq yoxudu.

 

Ev-eşiyə irəliki qədər can yandırmırdım. Daha saatlarla mətbəxdə diz qatlamayıb cürbəcür yeməklər, növbənöv şirniyyatlar bişirmirdim. İşlərimi tez-tələsik, başdansovdu görüb qurtarıb, günümü Cavidə həsr eləyirdim.

 

Eminlə ikilikdə olanda qatar söhbətinə arabir qayıdırdıq, ancaq bu söhbəti, daha doğrusu, mübahisəni, davanı ortalığa çıxarmırdıq, evdəkilərdən gizləməyə çalışırdıq. Hərçənd nə qədər çalışsaq da, səsimiz qapıdan-pəncərədən sızıb ev adamının qulağına çatırdı. Görünür, həm də buna görə qaynatamın ürəyində xal qalmışdı, xırda bir məsələyə görə qalmaqalın aylarla uzanması onun ata qeyrətinə, qaynata şərəfinə xəfif də olsa bir şübhə kölgəsi sala bilmişdi.

 

Bir gün işə gedənlər evdən çəkiləndən sonra Mahmud əmi məni ehtiyatla yanlayıb mehribanca dedi:

 

- Dovşan, səndən bir söz soruşum, amma olduğu kimi danış.

 

- Buyurun.

 

- O vaxt qatarla yol gələndə necə oldu ki, sən özgənin uşağına qulluq eləyəsi oldun?

 

Yenə yer ayağımın altında qıvrılıb açıldı, qulaqlarıma zəlzələ uğultusu doldu, dizlərim yükə düşdü, tər dabanımdan süzüldü, xəcalətdən tısbağa kimi çanağıma girmək istədim.

 

(Dostum, elə burdaca tısbağanın yaranışıyla bağlı nənəmdən eşitdiyim bir əfsanəni bölüşmək istəyirəm:

 

Qədim zamanlarda bir gəlin iri taxta təhnənin içində çimirmiş. Qəfildən qaynatası gəlinin üstünə çıxır. Bunu görəndə gəlin utandığından üzüqoylu yerə döşənib təhnəni belinə aşırır. Sonra başını təhnənin altından çıxarıb gözlərini göyə dikir: “Bu biyabırçılıqdan sonra qaynatamın üzünə nə üzlə çıxacam, ilahi, məni bir dilsiz-ağızsız heyvana döndər!”

 

Beləcə, gəlinin səsini eşidən Allah ondan tısbağa yaradır...)

 

Yüz dəfə danışıb-çözdüyümüz əhvalatı Emin necə bəzəyib-düzəmişdisə, bu oxumuş, dünyagörmüş kişinin qəlbində mən sarıdan hələ də qaraltı qalmışdı.

 

Mən dərindən nəfəs alıb, qatara minməyimizdən düşməyimizə qədər nə baş vermişdisə hamısını – Eminin ikinci yarusdan mənə xəbərdarlıq məktubu yazıb atması qarışıq hamısını olduğu kimi qaynatama danışdım. Sonda özüm də ondan sual elədim:

 

- Sizcə, mən düz davranmışam, yoxsa bir qəbahətim olub? Sizin yoldaşınız da mənim kimi eləsəydi, onunla necə davranardız?

 

Qaynatam gülə-gülə qayıtdı:

 

- Əlbəttə düz davranmısan, dovşan. Mənimkinə yalvarsaydım da,  özgənin poxlu uşağını yumazdı...

 

Həmin günün axşamı qaynatam Emini otağına çəkib nə dedisə, Emin o söhbətə bir də qayıtmadı.

 

Ancaq qatarda gördüyümüz əluşaqlı dul kişinin adı bu evdə ondan sonra bir dəfə də hallandı. Bu barədə vaxtı-zamanı gələndə danışacam...

 

***

 

Cavidin yaşının tamamına çox qalmamışdı. Emin söz vermişdi ki, uşağın yaşından sonra məni bir həftəliyə atamgilə aparacaq.

 

O qış da sərt gəlmişdi, mən yenə limonxanaya köçmüşdüm. Gecələr hamı yeyib yığışandan, Cavid yatandan sonra özümü verirdim yamyaşıl budaqlarında sapsarı limonlar, mandarinlər işıldayan istixanaya. Əvvəlcə Cavidin dəyişəklərini, sonra da öz paltarlarımı yuyub sərirdim. Sabaha, tutalım, yarpaq dolması bişirəsiydimsə, əti, yarpağı limonxanaya aparıb orda bükürdüm. Dolmalar da fındıq boyda olmalıydı, bir balaca ondan iri çıxan kimi qaynanam lağa düzürdü. Özümlə kitab da götürürdüm – gözlərim kitab oxuyur, əllərim dolma bükürdü.

 

Bir tıqqıltı gələn kimi kitabı büküb, dolma yığdığım qazanın altında gizlədirdim – Emin mənim əlimdə kitab görəndə hövsələdən çıxırdı, məni kitaba canlı insana qısqandığı kimi qısqanırdı. Qonum-qonşudakı qız-gəlinlərlə də söhbət eləməyə qoymurdu məni, deyirdi onlar sənin başını pis-pis şeylərlə dolduracaqlar. Kitaba da kənddəki çoxbilmiş arvadlara baxdığı kimi baxırdı.

 

Əlimdə körpə uşaq, ağır ev, biş-düş, yır-yığış – nə qədər  yorulsam da, içimdəki oxumaq yanğısı öləzimirdi. Bəzən qaynanam hirsli-hirsli gəlib işığı söndürürdü:

 

- Ay balam, yatsana, sabah sənin işlərini kim görəcək?

 

Yatağıma uzansam da, gözümə yuxu getmirdi, dadlı xəyallara dalırdım. Uşağım hər gün bir arpa boyu böyüdükcə özümü daha da xoşbəxt sanırdım. Naşükür fikirlərə düşməkdən, qismətimə asi olmaqdan qorxurdum – balam  xəstələnmirsə, məni incidən, alçaldan yoxdusa, demək, həyat qaydasındadı, lap nə qədər əziyyət çəksəm də, işləməkdən əldən düşsəm də, dünyanın bəxtəvəri mənəm.

 

Gecə-gündüz Cavidin üstündə əsim-əsim əsirdim, ağlamasın, küncdə-bucaqda qalıb soyuqlamasın deyə çox vaxt uşağımı belimə şəlləyib işlərimi görürdüm. Xırdaca sevinclərlə özümü xoşbəxt eləməyi bacarırdım. İşlərimi bitirəndən sonra Cavidi arabasına mindirib qaynımın uşaqlarıyla gizlənpaç oynayırdım. Cavid baxışlarıyla məni ələ verirdi, gizləndiyim yeri uşaqlara bildirirdi.

 

Qar yağanda uşaqlarla qartopu oynayırdım. Qaynımın kiçik oğlunu darvazanın yanına keşikçi qoyurduq, uşaq yola baxırdı ki, Emin, ya qaynanam gələndə mənə xəbər versin.

 

Beləcə, o uşaqların arasında özümə balaca bir cənnət qurmuşdum. Bundan artıq xoşbəxtliyi nə həyatda, nə xəyalda arzulayırdım.

 

Cavidi ayaqlarımın üstünə uzandırıb yırğalaya-yırğalaya yatıranda nənəmdən eşitdiyim bayatılardan, laylalardan zümzümə eləyirdim. Birində də belə bir sicilləmə söylədim:

 

Üzümü qurutdunmu,

Çardaqda unutdunmu? 

Nənən çarıq geyərdi,

Nənəni unutdunmu?..

 

Bir də onda duyuq düşdüm ki, Emin mənim “mahnımın” sözlərini əzbərləyib qaynanama ötürür:

 

- Eşidirsənmi, ana, gör gəlinin uşağa nə öyrədir. Sənə eşitdirir ey bunları...

 

Elə bildim zarafat eləyir. Ancaq qaynanamın qırımından ayrı yellər əsirdi:

 

- Mən ömrümdə çarıq geyməmişəm, yəqin öz anasını deyir. 

 

Desəm ki, bacarırdım, amma eləmirdim – yalan olar; mən o yaşımda hələ də eyhamla, atmacayla, sətiraltı ifadələrlə danışmağı öyrənməmişdim. Öyrənmək deyəndə ki, bu gün də bilmirəm, belə bir qabiliyyətə öyrənməklə yiyələnmək olarmı, yoxsa adamın fitrətində olmalıdı söz oynatmaq, söz atmaq, söz qapmaq bacarığı? Mən içində böyüdüyüm ailədə, mühitdə belə ənənə olmamışdı, bizə eyhamla danışmaq dərsi keçilməmişdi. Hələ özümüzdən böyüklərə atmaca atmaq, söz toxumaq... Yox, bu lap ağ olardı!

 

Nə deyirsən, mən bu adamları başa sala bilmədim ki, bu, bir el deyimidi, burda mənim kimisə ələ salmaq, kiməsə lağ eləmək kimi bir niyyətim olmayıb. Üstəlik də, mən qaynanamdan həm qorxurdum, həm də özümdən, nəinki özümdən, atamdan-anamdan da çox böyük olduğuna görə onun hörmətini saxlayırdım. Doğrudu, valideynlərim mənə ali təhsil vermək istəməmişdilər, amma böyük-kiçiklə davranmaq dərsini mən gözümü açandan, ən çox da nənəmdən almışdım.

 

Bir dəfə Hakim məni döymüşdü, üstündən heç beş dəqiqə keçməmiş də məndən çay istəmişdi. Mən də çayı gətirib onun qarşısına hikkəylə, stəkanı nəlbəkidə şaqqıdada-şaqqıldada, nəlbəkini də masanın üstünə taqqıltıyla vurub qoymuşdum. Bunun üstündə evdə mənə məhkəmə qurulmuşdu. Məni ağlada-ağlada o çayı süfrəyə azı beş dəfə təkrar gətirtmişdilər, ta mən o stəkan-nəlbəkini masanın üstünə səssiz-küysüz, əsəbsiz-hikkəsiz qoymayanacan yaxamdan əl çəkməmişdilər. Düzdü, sonra nənəm könlümü almışdı:

 

- Sabah bir evin gəlini olacaqsan, ərinin, qaynatanın qabağına çayı belə qoyacaqsan – itin qabağına sümük atan kimi?.. 

 

O-bu, nənəmin o sözü (o biri sözləri kimi) qulağımda sırğa olmuşdu. Emin məni nə qədər döyüb incitsə də, onun qarşısına çay-çörəyi daim nəzakətlə qoyardım. İndi bu, mənə belə əvəz qaytardı – uşağıma  dediyim oxşamanı şişirdib anasıyla aramızı vurdu...

 

***

 

Cavidin ilk ad gününə sanılı günlər qalmış qaynatam dedi:

 

- Dovşan, sən də, Cavid də çox əziyyət çəkdiniz bu bir ildə. Bir yaxşı süfrə açarsan, sizinkiləri də çağıracam, uşağın yaşını birlikdə bayram eləyək. Nə bilmək olar, bəlkə yıxıldım öldüm, heç o biri yaşlarını görmədim?..

 

Belə tapşırıqdan kim inciyər! Bütün gücümü, eşqimi, fantaziyamı işə saldım. Ad günündən bir gün qabaq mənim süfrəm hazır idi, qalırdı bircə isti yeməklər. Eltim Maral əl işlərimə baxıb hayıl-mayıl oldu:

 

- Qız, sənin əllərin doğrudan qızılmış, vallah ömrümdə belə süfrə görməmişəm.

 

Qaynanamın mis məcməyisində, təndirin közündə nənəmin kömbəsi sayaq iri bir tort bişirdim. Tortun arasına krem yaxdıqca qaynımın uşaqları qabda qalan sıyrıntıları bir göz qırpımında yalayıb gülüşürdülər. Onların bu tox, məmnun görkəmi, gördüyüm işlərə möcüzə kimi heyranlıqla baxmaları mənə ləzzət verirdi. Tort hazır olanda dördü də baş-başa verib intizarla yalmanırdı:

 

- Ay Allah, sabah nə vaxt açılacaq biz bundan yeyək...

 

Axşamdan bütün hazırlıqları görüb yatdıq. Gündüzdən bərk qar yağmışdı, çilə at oynadırdı. Qaynatam qardaşlarıma, atamgillərə xəbər göndərmişdi ki, sabah yığılıb gəlsinlər.

 

Səhəri aşı dəmə qoydum, süfrəni bir də gözdən keçirib əyər-əskiyini düzəltdim, oturub doğmalarımı gözləməyə başladım. Günortaya yaxın atamla Kamil, ardınca da Səməndərlə ailəsi gəldilər. Anam gəlməmişdi. Atam çox həyəcanlı, çox gərgin idi, bıçaq vursan qanı çıxmazdı. Onun bu halını gördükcə mən də həyəcanlandım, elə bildim anamın başına nəsə bir iş gəlib.

 

Ad gününə yığılanların qanını qaraltmaq istəməsə də, atam içəri keçəndən sonra özünü saxlaya bilmədi:

 

- Xəbəriniz yoxdu? Rus qoşunu Bakıda qırğın törədib, xeyli adam öldürüblər.

 

Hamının loxması boğazında qaldı. O vaxtlar paytaxtdan əyalətə xəbər gec çatırdı, ona görə də kəndə-kəsəyə hələ isti keçməmişdi.

 

Atam dolu süfrədən ağzına bir tikə də aparmadı. Ayaqüstü Cavidin hədiyyəsini verib, Kamillə birgə birbaşa Bakıya yola düşdü. İki qardaşım, iki tələbə bacım paytaxtda olurdu, atam onlardan çox nigaran idi.

 

Bu sevincimə də belə zəhər qatıldı, yüz nazla, yüz həvəslə bəzədiyim süfrədən əzizlərim dadmamış getdilər. Faciənin uşağımın doğum gününə düşməsi də mənə bir dərd oldu.

 

Qaynanamın bacıları gəlinləri, nəvələri qarışıq yaxşıca yeyib-içib əyləndilər. Mən iri torta hələ də intizarla baxan sevimli qaynım uşaqlarını him-cimlə daldaya çəkdim:

 

- Uşaqlar, nənəniz bilməsin mən dediyimi, tez torta hücum çəkin, harasından istəyirsiz yeyin, kremlərini doyunca yalayın.

 

Dünəndən mənim buyruqlarıma əməl eləyən, mənlə birgə əziyyət çəkən balaca dostlarımın tortu parçalamağı mənə ayrı zövq verirdi. Bəs nə təhər olmalıydı – biri o tortun qozunu ləpələmişdi, biri kremini çalmışdı, biri uşağımın başını qatmışdı... İndi qoy doyunca yesinlər!

 

***

 

Cavidin ad günündən on gün keçmiş içimə damdı ki, yenə hamiləyəm. Aman Allah! Hələ Cavid ayaq tutmayıb, başımdan bitin zığı kürünməyib. Hansı günümə yaraşır ikincini doğmaq?! Bakıda xəstəxanada yatanda rus eltimin dedikləri yenə qulaqlarımda cingildədi: “Sən də Maral eltin kimi ilə birini doğub düzərsən yan-yana. Yadında qalsın, Cavidi ayaq üstə qoymamış ikincini doğma, doğsan, birincidən əlini üz...”

 

Ağzıma nə qoyurdumsa qaytarırdım. Daha şübhə yeri qalmamışdı!

 

Külfətin qarğaşası ağır, əlimdə hələ ayağı yer görməmiş uşaq, qolumdan tutanım da yox. Evin işi bir balaca axsayan kimi qaynanamın üzü dönür. Cavid, yerimək bir yana, iməkləyə də bilmir. Emindən azacıq qayğı, bir balaca istilik, dəstək görsəm, bəlkə... Bəlkəni də əkiblər, əkiblər, bitməyib...

 

Ürəyimdə qərarımı vermişdim: bu uşaq işıqlı dünya üzü görməyəcək! Amma necə qurtulacam bundan – bilmirdim. Təzəcə özümə gəlirdim ki, yenə dincliyim pozuldu. Heç yeri deyildi bu dəvətsiz qonağın, heç!..

 

Bilmirdim kimin üstünə gedim, kimə genəşim. Emin qusduğumu görüb şəklənmişdi:

 

- Deyəsən yenə o məsələ?..

 

Özümü qanmazlığa qoydum:

 

- Hansı məsələ?

 

Gözləriylə qarnıma işarə elədi:

 

- Küpənə siçan düşüb deyən, dostum? 

 

- Yox, qəti elə bir şey ola bilməz! Nə vaxt öz evimizdə yaşasaq, ikinci uşaq da onda doğulacaq.

 

- O zaman gəlməsə, necə?

 

- O zaman gəlməsə, ikinci də gəlməyəcək.

 

- Baxarıq!

 

- Baxarıq!

 

- Sən məni hədələyirsən?! Boğazını cücə boğazı kimi üzərəm! Ayrılmaq dərdi səni öldürəcək, bircə bunu görməyəcəksən. Mən atamı-anamı atıb sənin dalına düşmərəm.

 

- Mənim niyə dalıma düşürsən? Ev kiçik qardaşınındı. O evlənəndən sonra necə olacaq?

 

- Elə onda da burda yaşayacağıq. Bir də bu söhbətə qayıtsan, özünü ölmüş bil. 

 

- Onda niyə mənim cehizlərimi ora yığırdız, kimə göstərirdiz özünüzü?..

 

Belə-belə deyişmə uzandıqca uzanır, çox vaxt axırda davaya çevrilirdi. Mənim bircə davam vardı: istəyirdim öz yuvam olsun; ayrı yaşamaq istəyirdim. Mənə elə gəlirdi ayrı yaşasaq, Eminlə də yola gedərik, aramızda bir bağ yaranar, yeni övladlarımız dünyaya gələr...

 

Məni Emindən uzaqlaşdıran birinci səbəb onun anasına məndən xəbər aparmasıydı. Dönə-dönə görmüşdüm ki, aramızda olan söhbəti anasına bəzəyib yozub danışır. Məsələn, mən deyirdim ayrı yaşamaq istəyirəm, Emin bu fikri anasına belə çatdırırdı:

 

- Gəlinin deyir ananla yaşamaq istəmirəm...

 

ardı var

 

 

SİZİN REKLAM BURADA