EUR 2.0827 USD 1.7001 RUB 0.0301

Media

Bu ənənələr Şərqdə olmayıb?

  • 402 dəfə
  • Tarix 08 Dekabr 2017 / 17:31

 

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Düşüncələr, rəylər” yazısını təqdim edir.

 

Gözəllik qarşısında üzülməyən qəlb, buz (ət) parçasından başqa bir şey deyildir...

***

Qəhrəmanlıq ölçülü-biçili, sığallı "qəlibdən" çıxanda o biclik təsiri bağışlayır.

Ehtiyat həmişə vacibdir, ancaq o əbədi sükunətdə olanda bataqlığı xatırladır ki, orada da göbələklər bitər.

***

İnsanı sevə bilməmək... bu ən dözülməz faciədir.

***

Anlamaq dərddirmi???

Bilməzlikdən gələn xoşbəxtlik bəzən sevinc gətirsə də, anlamdan gələn iztiraba uduzmaqdadır.

Məsələn, nə qədər doğulmayan "uşaqlar", millətlər, sivilizasiyalar, dinlər və s. var. Doğulanlar bütün mənaları ilə azından gördüklərindən, hətta daima iztirabda olsalar da, mübarizədən dolayı “xoşbəxtdirlər”?

Yer üzündə bir nəfər anlayanın xoşbəxtliyi hətta o, tək olsa belə minlərlə anlamayanın xoşbəxtliyindən tərəzi gözündə daha ağırdır.

***

“Çılpaq” düşüncələr

Həyatda və düşüncədə azad və “kral” olmayanlar düşünürlər ki, heç olmasa yataqda padşah olsunlar. Ancaq onlar anlamırlar ki, mənən azad deyilsənsə, nəinki digər sahələrdə, heç yataqda da azad və karal ola bilməzsən.

***

Xalqın, cəmiyyətin, insanın kimliyi onun dilində, dili isə ictimai münasibətlərində realizə olunur. O, insan və toplumun taleyini yaradan fenomendir.

***

Utanmağı bacarmamaq

Riya həyat tərzinə çevriləndə, utanmaq hissi aradan qalxır.

Utanmağı bacarmamaq - bu insani hisslərin itirilməsi deməkdir.

***

Şərqdə ictimai maraqlara xidmət etmək axmaqlıq, arvad–uşağına, əqrəbaya qulluq isə cəngavərlik və qəhrəmanlıq sayılır.

Qərbdə isə bu əksinə olduğundan onlar həmişə bir addım irəlidədirlər.

Amma bu o demək deyildir ki, bu ənənələr Şərqdə heç zaman olmayıb. Sadəcə, o ziddiyyətli tarixi proses nəticəsində itirilib və ya tədricən “komaya” düşüb.

***

Qorxu

Qorxu və təhlükə açıqdırsa, ondan qorxmaq lazım deyil, yox əgər o özünü maskalayaraq "dostluq" və ya humanizm qismində təqdim edirsə, bu artıq əsl təhlükədir.

* * *

İdentiklik

İdentiklik bu günün söhbəti deyil, o tarixin, bu günün və gələcəyin zamanca indidə birləşən canlı obrazıdır.

İdentikliyi itmiş xalq, toplum, sivilizasiya əbədi təqlid edir, özü olmur.

Deməli biz milli-mənəvi dəyərlərə həm keçmişin əmanəti, həm bu günün zərurəti və gələcəyin təməl daşı kimi baxmalıyıq ki, millətlər içində inkişafımız əbədi olsun, daima bu imza inkişaf etsin. Bu həm də tarixi məsuliyyət deməkdir.

***

Qalib gəlmək istəyi...

Qalib gəlmək istəyi fiziki gücdən qaynaqlanır. Bu müasir insanın taleyidir. Mənəviyyatca güclü olanlar heç zaman qalib gəlməyə çalışmırlar. Çünki təbiət onsuz da onları qalibiyyətə müncər yaratmışdır.

Qalib gəlmək - bu instinktdir, ağıldır, zəkadır, iradədir, amma bu heç zaman ideal mənəvilik də ola bilməz.

Bu o demək deyildir ki, biz zəifliyi, gücsüzlüyü və s. istəyirik, yox, bu həm də o deməkdir ki, bəlkədə gələcəkdə homo sapies qalib gəlmək üçün yox, əbədi harmoniya üçün yaşayacaqdır.

***

Şərq reallıqlarındakı pessimizmin mənbələri

(Qeyd; hətta bəşəriyyət dağılsa da adda-budda çiçəklər həmişə olmuş və olacaqdır. Və bizim mövcudluğumuzun mayası həmişə o rayihədən qaynaqlanır: Yer üzündə nə qədər ləyaqətli və ziyalı obrazına layiq insanlar var, hamısının önündə baş əyirəm).

Keçək tənqidə

Aramızda nə qədər bilikli, elmli və s. ziyalı obrazına girmiş insanlar var, bilirsinizmi?

Bilirəm, təəccüb edirsiniz: bu nə sualdır? Problem ondadır, bəziləri elə hesab edir ki, əgər insan mənsəb sahibi, yaxud nüfuz və s. qazanıbsa, ona ziyalı deyərək, etibar etmək, "sığınmaq" olar.

Təəssüf ki, əgər saymaq istəsək, həyatın ən sərt şilləsinin mahiyyətini anlamış olarıq. Bu isə heç kimə sərf edən iş deyil.

Anlamaq bu həm də iztirabdır, könüllü iztirab. Şərqdə əsl müdriklər həmişə onun alovunda qovrulublar...

Aramızda (Yəni Şərqdə) nə qədər din adına ritorika və dinsizliklə məşğul olan insanlar olduğunu bilsəniz, ümidləriniz əbədi sizləri tərk edər, ey məzlum Şərq insanı, necə ki, taleyə boyun əyib "şahzadələrin" min-bir hoqqabazlıqlarında qum dənəsi kimi, əsən küləklər vasitəsilə gah bu təpədən o təpəyə - digərinə qovulursunuz; hər təpədə isə sanki yeni bir məhvər tapdığınızı zənn edərkən rüzgar tərəfindən digərinə qovulursunuz. Buna onlar alın yazısı, “qəzavü-qədər”, bir az elmi dildə isə fatalizm deyirlər.

Aranızda nə qədər məmurun, hakimin, (qazinin) xalq və dövlət adından fağır və məzlum insana yuxarıdan aşağı baxdığını bilirsinizmi?

Buraya taciri, həkimi, zabiti, mədəniyyət yaradıcısını və s. əlavə edərkən paradoks alınır. Bu qazanın içində hamı var: hamı bu qazana "Allah vergisi" kimi baxır. Hamı onu qoruyur, hamı ona minillərdən gələn "kult" kimi sitayiş edir, yeri gəldikdə isə içində gizlin də olsa, nifrət edir.

Bu vadi (qazan) ona görə qorxuludur ki, burada ölümlə olum, xeyirlə şər arasında bir bərabərlik, ölümə bərabər, bərabərlik işarəsi var: Bu işarənin qoyulmasında hər kəsin öz payı öz "zəhməti" var ki, buna biz tarix deyirik, bizi yaradan və məhv edən tarix.

Bu neqativ obrazın hər birimiz elementiyik. Onu qurmağa, dürüstlüyə, ali qanuna, qarşılıqlı ehtirama, sevgiyə və s. çevirə bilsək, bu Yeni tarix yaratmaq olar.

Söz ardı:

Dostlardan bir tez -tez deyir: "Şərqi niyə sevmirsən"?

Deyirəm: "Sevdiymdən dolayı bu qədər tənqidə layiq bilirəm. Yerində olmayan tərif qədər dünyada ikinci bir qorxulu vasitə yoxdur, bu tədrici ölümdür, yaxud ona gedən yol".

Elm vacibdir?

Elm vacibdir - o bizə güc verir, yaşama vasitələrini asanlaşdırır, fəlsəfə isə mütləqdir - o bizə varığın gəldiyi, olduğu və getdiyi yeri göstərir.

İnam (fəlsəfi inam) yoxdursa elm hətta ən yüksək qüdrətə çatsa da, burada əbədi natamamlıq, səthilik mövcuddur; yol formal olaraq zirvəyə, mahiyyət baxımından isə dayazlığa aparır; fəlsəfə, elm və etiqadın birgə olması isə dəryalara aparır.

Bir müdrikdən soruşdular: "Üzməyi harada öyrənmək daha asandır? "Suda" dedi.

Başqa bir müdrikdən isə soruşdular: Necə yüksələk?

Cavabı "ruhən yüksəlin" oldu.

Elmin də, fəlsəfənin də, etiqadın da "suyu" mühitdir. Mühit (SU) olmasa qalan başqa elementlər əbədi sükunətdədir. Yaxud od yandıracaq, torpaq zəhərləyəcək və ya orada demonlar tüğyan edəcək, havasa (külək) bu prosesə əsərək kömək edəcək, "hava atacaq". (Kosmosdakı planetləri xatırlayın)

Bu gün İnsan oğlu çox şeyə nail olub, ancaq bu uğur onun başını elə "havalandırıb" ki, o bir şeyi unudub: "İnsan olmağı"!!!

Yaxın Şərqin bir sıra dövlətləri onurğası sındırılmış vücudu xatırladır: bunun kökündə üç fundamental səbəb yatır;

1) Elmin və təhsilin olmaması

2) Dinin total xurafata çevirilməsi

3) Fəlsəfi təfəkkürün yoxluğu və ya dayazlaşmış cəmiyyətin orientasiyasızlığı. Digər səbəblər də var. Saymağa lüzum görmürəm. Məşhur məsəl var: "Barıt yoxsa, döyüşün taleyi artıq həll olunub".

Yollar isə gedir. ucu-bucağı, əvvəli-sonu olmayan, bitməyən və bilinməyən istiqamətə doğru gedir...

Ağıllılar isə ən azından bu yollar, "üçlüklər" içərisində hər bir elementin rolunu anlayır və harmoniyanı və balansı qorumağa çalışır...

Yolunuz aydınlığa...

Yolunuz insanlığa...

Yolumuz dövlət, insan və vətənsevərliyə olsun!

 

 

SİZİN REKLAM BURADA