EUR 1.9745 USD 1.7 RUB 0.0267

Ədəbiyyat

Türkiyəli alim Əhməd bəy Ağaoğlu haqda nə yazıbmış?

  • 829 dəfə
  • Tarix 11 Dekabr 2017 / 13:41

 

Elmin və fəlsəfi fikrin inkişafında özünəməxsus mövqeyi olan Türkiyənin böyük alimi Hilmi Ziya Ülkən (1901-1974) yaradıcılığı ilə elmin və fəlsəfi fikrin inkişafında müstəsna xidmət göstərmişdir. Onun yaradıcılığında Şərq-Qərb məsələləri, İslam düşüncəsi, Türk düşüncəsi, eləcə də XX əsr Azərbaycanın mədəniyyət tarixi haqqında məsələlər mühüm yer tutur.  

 

Hilmi Ziya Ülkən XIX əsrin sonu ilə XX əsrin əvvəllərini Azərbaycan tarixinin ən qa­ran­lıq dövrünü təşkil etdiyini bildirmişdir. Türkiyəli mütəfəkkir milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin (Məlikov) (1842-1907) “Əkinçi” qəzetindən bəhs edərkən yazmışdır ki, Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə yaradılan 1877-ci ildə bağlanan ilk türkcə “Əkinçi” qəzetindən sonra Cəlal Ünsüzadə və qardaşı tə­rə­fin­dən yaradılan “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” ilə Məhəmməd ağa Şahtaxtlının “Şərqi-Rus” qəzeti istənilən faydanı  verməmiş, uzun müddət yaşamamışdır. Cəlal Ünsüzadə nəşriyyat fəaliyyətini da­vam edə bilməyincə ailəsi ilə birlikdə İstanbula köçmüş, sonra Ankarada rus dili üzrə tərcüməçilik etmişdir.

 

Hilmi Ziya Ülkən Azərbaycanın görkəmli mütəfəkkirləri Əhməd bəy Ağaoğlu (1869-1939) və Əli bəy Hüseynzadə (1864-1942) ilə şəxsən tanış olmuş, onların yaradıcılıq irslərini araşdırmalarında geniş şəkildə işıqlandırmışdır.

 

Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlunun həyatını, yaradıcılığını obyektiv və hərtərəfli şəkildə göstərən Hilmi  Ziya Ülkən onu “Türkiyənin  siyasi  həyatında rol  oynamış  fikir  adamlarından” biri kimi  təqdim etmişdir. Əhməd bəy Ağaoğlu Türk düşüncəsi sahəsində misilsiz xidmət göstərmiş, Azərbaycanın, eləcə də Türkiyənin elm və mədəniyyət tarixində özünəməxsus mövqe qazanmışdır.

 

Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunun Azərbaycanın Şuşa şəhərində doğulduğunu, ilk və orta təhsilini Şuşanın rus gimnaziyasında təhsil aldığını, həmin  illərdə evdə  farsca,  ərəbcə  öyrəndiyini, 1888-ci ildə gimnaziyasını bitirdiyini qeyd etmişdir. Mütəfəkkir Azərbaycan alimi haqqında daha sonra yazmışdır: "Peterburqda Politexnik İnstitutuna daxil olduğu halda səhhəti təhsilinə mane olduğu üçün məmləkətinə qayıdır. Yaxşılaşdıqdan sonra Parisə gedərək 1889-cu ildə Sorbonna  Universitetinin Tarix və filologiya bölümündə təhsilinə davam  edir. Eyni zamanda Hüquq  fakültəsinə də  qəbul olunur".

 

Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunun tələbə olduğu dövrdə Parisdə “La Nouvelle Revue” ilə "Revue Bleue"də Şərqə aid məqalələr yazıldığını, həmçinin Tiflisdə dərc edilən “Kafkas” qəzetinə yazılar göndərdiyini bildirmişdir. 

 

Mütəfəkkir 1892-ci ildə Londonda toplanan “Şərqşünaslar  Konqresi”ndə iştirak etmişdir. Konqreslə bağlı təəssüratlarını “Şərqşünasların konqresində” adlı məqaləsində yazmışdır. Bu məqalə onun yüksək səviyyəli bir alim, vətənpərvər ziyalı olduğunu  göstərir. Belə ki, Əhməd bəy Ağaoğlu Londonun Hayd Parkını gəzərkən Şuşa şəhərinin yadına düşdüyünü burada ifadə etmişdir. Mütəfəkkirin 1892-ci ildə Londonda keçirilən bu konqresdə müxtəlif ölkələrin  alimləri ilə birgə iştirakı Azərbaycan, ümumiyyətlə, bütün Türk dünyası üçün  böyük  əhəmiyyət kəsb edir.

 

Əhməd bəy Ağaoğlunun 1894-cü ildə ali təhsilini bitirərək Azərbaycana qayıtdığını, öncə Tiflisdə, sonra Şuşada, daha sonra Bakıda müəllimliyə və yazarlığa başladığını bildirən Hilmi Ziya Ülkən onun fəaliyyətini bu dövrü haqqında yazmışdır: Bu illərdə Əhməd bəy  Ağaoğlunun Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi (1842-1907), Əlimərdan bəy Topçubaşov (1862-1934), Məhəmməd ağa Şahtaxtlı (1846-1931) ilə birlikdə milli oyanış hərəkəti üçün çalışırdı. Bakılı milyonçu Hacı Zeynalabdin Tağıyevin (1823-1924) maddi və mənəvi yardımı ilə Rus hakimiyyəti qarşısında Türk əhalisinin haqlarını müdafiə üçün rusca “Kaspi” qəzeti yaradılmış, Əhməd bəy qəzetdə Topçubaşov və Hüseynzadə ilə birlikdə yazmağa başlamışdı. Eyni zamanda Məhəmməd ağa Şahtaxtlı tərəfindən Tiflisdə yaradılan “Şərqi-Rus” qəzeti Bakıya köçürülərkən Əhməd bəyin yardımı ilə çapına davam etmişdi.

 

1902-ci ildə  Əhməd bəy  Ağaoğlunun  təklifi  ilə Bakılı  milyonçu  Hacı Zeynalabdin Tağıyev Çar Rusiyasından türkcə bir qə­zet çıxarmaq icazəsi almaq istəmiş, lakin buna müvəffəq olmamışdır. Türkiyəli alim Əhməd bəy Ağaoğlunun fəaliyyətindən bəhs edərkən qəzetin çapı üçün icazənin yalnız 1905-ci il inqilabından sonra mümkün  olduğunu bildirmişdir: “Həsən bəy Zərdabinin  1875-ci ildə yaratdığı Türk qəzetçiliyi yenidən canlandı və özünün də  qatıldığı “Həyat” adlı qəzet quruldu. Bu təşəbbüslə Azərbaycan oyanış hərəkəti ikinci dövrünə keçirdi. Bu dövrün başlıca simaları Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov idi. Əhməd bəy bir il “Həyat”da çalışdıqdan sonra özü “İrşad”ı çıxardı. Bundan sonra Bakı zənginlərindən Murtuza Muxtarovun (1865-1920) yardımı ilə “Tərəqqi”ni yaratdı. Eyni zamanda Əhməd Ağaoğlu “Difai” adında siyasi bir cəmiyyət yaradaraq Türk xalqının hüququnu müdafiə etməyə başladı. Bu illərdə yenə Tiflisdə Hüseynzadə ilə “Füyuzat”ı çap etdirdi”. Əhməd bəy Ağaoğlu ilə şəxsən tanış olan Hilmi Ziya Ülkən “Türk Yurdu” dərgisinin təməlinin onun evində atıldığını bildirmişdir.

 

Hilmi Ziya Ülkən 1909-cu ildə Azərbaycan mütəfəkkirinin Türkiyəyə gəldiyini, Darülfünunun rus dili və Türk tarixi müəllimliyinə təyin edildiyini, 1912-ci ildə “İttihad və Tərəqqi Partiyası”nın mərkəzi ümumi üzvülüyünə və Karahisar deputatlığına seçildiyini yazmışdır. O, Birinci Dünya Müharibəsi boyunca Darülfünun müəllimliyinə paralel olaraq qəzetdə də çalışmışdır.

 

Azərbaycanın, ümumiyyətlə Çar Rusiyasının bu dövrdəki tarixi şəraiti haqqında Hilmi Ziya Ülkən göstərmişdir: “Müharibənin sonlarında qopan Rus İnqilabı və qüvvətlənən milli hərəkətlər İmperiyanın taleyini təyin edirdi. Millətlər birər-birər müstəqilliklərini elan edirdilər, Rusiya parçalanırdı. Bu hərəkət sırasında Rusiyaya bağlı Türk millətlərinin taleyi məsələsi də çox önəmliydi. İnqilabın ilk ayındakı rəsmi konqresdə (May 1917, Moskva) qəti qərarlarını verən Rusiyaya bağlı türklər, müstəqil dövlət yaratma yoluna girmiş olurdular”. 1918-ci ildə müstəqil Azərbaycanın yardımına yetişən Türk ordusu komandanı yanında Əhməd bəy Ağaoğlunun müşavir kimi fəaliyyəti onun ölkəsinə göstərdiyi xidmətlərdən biri kimi dəyərləndirilir.

 

Hilmi Ziya Ülkən bir müddət sonra Əhməd bəy Ağaoğlunun İstanbula   qayıtdığını, 1919-cu ildən 1921-ci ilə qədər Maltada sürgün həyatı yaşadığını, sürgündən qayıtdıqdan sonra mütəfəkkirin həm siyasi, həm də pedaqoji fəaliyyət  göstərdiyini bildirmişdir: Dumlupınar zəfərindən sonra deputat  seçildi, eyni zamanda Ankara Universitetinin Hüquq Fakültəsinə əsas hüquq professoru təyin edildi. 1931-ci ildə qədər bu vəzifədə çalışdı.

 

Hilmi Ziya Ülkənin həyat yoldaşı Xədicə xanım Ülkən xatirələrində bir həftə onların, bir həftə də Əhməd bəy Ağaoğlunun evində bədii, elmi, fəlsəfi məsələlərlə bağlı şairlərin, alimlərin iştirak etdiyi müzakirələrin keçirildiyini yazmışdır: “Evimiz bir kültür yuvası idi. Dastanlar, şeirlər yazılır, ədəbi, fəlsəfi əsərlər müzakirə edilirdi. 1933-cü ildə, hətta daha əvvəllərdən başlayan bu elmi söhbətlər, illərlə davam etmişdir. Bir həftə bizim evdə, bir həftə Ağaoğlu Əhməd bəyin evində toplanılır, sabahın erkən saatlarına qədər davam edərdi. Toplantılarda başda Ağaoğlu Əhməd bəy, Hamdi Başar (limancı Hamdi), professor Münir Serim, professor Şekip Tunç, Hilmi Ziya, Peyami Safa (yanından heç ayrılmayan Cahid Sıtkı Tarancı), indi adları yadıma düşməyən elm və tarixlə maraqlananlar, o gecələri bilir və gəlirdilər. Bu toplantılar illərlə davam etdi. Bizim evlərdə (Əhməd bəyin və Hilmi Ziyanın) rahat danışıldığından daima həmin evlərdə olurdu”.

 

Əhməd bəy Ağaoğlunun oğlu Türkiyənin ictimai xadimi, yazıçı Səməd bəy Ağaoğlu (1909-1982) atası ilə bağlı xatirələrində Ə.Ağaoğlunun həyat yoldaşı Sitarə xanımı, yəni anasını onun "ən yaxın dost"u adlandırmışdır. S.Ağaoğlunun da qeyd etdiyi kimi, anası “Qarabağın ən əski, ən əsil ailələrindən Vəzirovlar”dan idi. Azərbaycanın məşhur tayfalarından biri olan Vəzirovlar  nəsli yetirdiyi ictimai xadimləri və görkəmli ziyalıları ilə tanınmışdır.

 

Sitarə xanım əsl türk qadınına məxsus keyfiyyətə sahib olmuş, Əhməd bəy Ağaoğlunun ən yaxın dostu olmaqla yanaşı, övladlarının təlim-tərbiyəsində də böyük rol oynamışdır. Anasının oxuyub yazmaqdan başqa təhsili olmadığını bildirən Səməd bəy Ağaoğlu qeyd etmişdir ki, fəqət əski, əsl bir Azəri ailəsinin maddi, mənəvi zənginliyi içində inkişaf edən incə zəkasının, həssas ruhunun yaratdığı romantik mizacı bir xalq adamı olan atamın əsəbi, dözümsüz zəka və xarakteri ilə durmadan çarpışdı, bu zəka və xarakterin qaba tərəflərini silərək Ağaoğlu ailəsinin cəmiyyət içindəki yerini almasına ən böyük yardımı etdi. Atamın, düşmənləri belə bu qadının qarşısında kinlərini, həsədlərini unutmaq, heç deyilsə göstərməmək məcburiyyətini duydular.

 

Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmək məcburiyyətində qalarkən Sitarə xanım hər zaman olduğu kimi yenə də onun yanında idi. Səməd bəy Ağaoğlu yazırdı: “Atamın Azərbaycanda bir tərəfdən Rus idarəsinə, digər tərəfdən fanatizmə, cəhalətə, geriliyə qarşı açdığı mücadilənin acı mərhələləri də həyat yoldaşını mənən şiddətlə üzürdü. Ərinin girişmiş olduğu mücadilə nəhayət günün birində həyatını təhlükəyə qoyacaq bir hal aldı. O zaman konstitusiyanı qəbul və elan etdirmiş olanlar arasında Parisdə tələbə ikən tanıdığı Dr. Nazim, Əhməd Rza kimi dostları olan atam, Türkiyəyə hicrət etmək qərarını verdi, anama “Mən getməyə məcburam, dedi, bu əsir Türk Yurdunu qurtaracaq olan azad türklərin arasında olmalıyam. Səni ailəndən, məmləkətindən zorla ayırmaq istəmirəm, istəyirsən qal!” Anam cavab verdi: “Ölüncəyə qədər səninlə bərabər olacağam””.

 

Sitarə xanım ağlı, zəkası və uzaqgörənliyi ilə Əhməd bəy Ağaoğlunun ən yaxşı məsləhətçisi və dayağı olmuşdur. Səməd bəy Ağaoğlu öz xatirələrində bunu bir neçə faktla göstərmişdir. Anasının iztirablardan qüvvə alan bir qadın olduğunu bildirən Səməd bəy qeyd etmişdir ki, fəlakət illərində atamın əsarətdə və ya uzaq yerlərdə olan dostlarının ailələrinin də nəhayətsiz bir şəfqətlə imdadına çatmağa çalışırdı. İşğal altındakı İstanbulda uşaqlarının əllərindən tutaraq mitinqlərə gedir, bunları hazırlayanlara yollar göstərirdi. Anadoluya keçmək üçün bir neçə gün gözdən itməsi lazım gələn dostları evimizdə saxlayır, erməni fədailərinin şiddətlə izlədikləri Behbut xan Cavanşiri cəsurcasına evində gizlədirdi.

 

Azərbaycanın ictimai xadimi, yazıçı, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası zamanında Türkiyədə səfir işləmiş Yusif bəy Vəzir Çəmənzəminli (1887-1943) Sitarə xanımın qohumu idi. Əhməd bəy Maltada sürgündə olarkən ailəsinə göndərdiyi məktublardan birində onunla maraqlanmışdır.

 

Qeyd etmək lazımdır ki, Əhməd bəy Ağaoğlu Maltada Ziya Gökalpla (1876-1924) birlikdə sürgündə olmuşdur. Sitarə xanımla Əhməd bəyin məktublarından da məlum olduğu kimi onlar ailəlikcə yaxın idilər.

 

Hilmi Ziya Ülkən alimin 1933-cü ildə bir neçə ay müddətinə çap etdirdiyi “Akın” qəzetinin bağlandıqdan sonra müəllimlikdən də ayrıldığını və məqalələr çap etdirərək fəaliyyət göstərdiyini bildirmişdir. Əhməd bəy Ağaoğlu 1939-cu ildə vəfat etmişdir.

 

Səməd bəy Ağaoğlu “Atamın dostları” kitabında atası Əhməd bəy Ağaoğlunun dostlarından biri kimi adını yazmasa da, təqdim etdiyi faktların həmin adamın Əli bəy Hüseynzadə olduğunu göstərir. Səməd bəy Ağaoğlu onun atasının “bəyaz saqqallı, çəhrayı üzlü, gözəl gözlü, şair, rəssam, musiqişünas, filosof, qəzetçi, münəccim, professor, doktor Qafqazlı” dostu olduğunu yazmışdır. Görkəmli yazıçı “bu iki insan, atamla o necə anlaşdılar?” sualını verdikdən sonra bildirmişdir ki, atam əsəbi, sərt, bir az tələskən idi, o biri yumşaq, sakit, ağırdı. Bu yaradılış fərqinə rəğmən bərabər mücadilə qəzetləri çıxardılar, bərabər inqilab hərəkətlərinə girdilər, gizli cəmiyyətlər qurdular.

 

Səməd bəy Ağaoğlu atasının dostu Əli bəy Hüseynzadənin Türk dünyasındakı fəaliyyətini, xidmətini yüksək qiymətləndirmişdir: “Dövrünün böyük mürşidinə “İslam ümmətindən, qərb mədəniyyətindən, Türk Millətindən olmaq" ideyasını o ilham etdi. Osmanlı İmperiyasının ümmət siyasətilə ayaqda durmayacağı anlaşılınca vicdanlarda bir vətən olaraq “Turan” yolunu o göstərdi. Xeyr, xeyr mübaliğə etmirəm; atamın bu dostu bütün bir dövrün həqiqətən gizli həyat mənbələrindən biri olmuşdur”.

 

Azərbaycan mütəfəkkiri vətəninə, xalqına, ailəsinə bağlı olmuşdur. Bunu onun fəaliyyəti parlaq şəkildə əks etdirir. Digər tərəfdən Əhməd bəyin Maltada iki ilə yaxın sürgündə olarkən ailəsinə yazdığı məktublarda da bu özünü göstərir. Əhməd bəy Ağaoğlu məktublarında Qarabağı, Şuşa qalasını, Daşaltını, Dəlikdaşı və başqa dağları, yerləri yada salmışdır. O, məktublarında övladları Sürəyya xanım, Taze xanım (Tezer xanım Taşkıran), Abdurrəhman bəy, Abdussəməd bəy (Səməd bəy), Gültəkin xanım haqqında narahatlığını ifadə edir, onların təhsilləri və işləri ilə maraqlanırdı. Qeyd etmək lazımdır ki, Əhməd bəyin övladları ataları kimi Türkiyənin tanınmış ictimai-siyasi və mədəniyyəti xadimlərindən olmuşlar.

 

Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğluya bir şəxsiyyət kimi böyük dəyər vermiş, onun Türk dünyasındakı xidmətlərini yüksək qiymətləndirmişdir.

 

Aytək Zakirqızı (Məmmədova)

 

SİZİN REKLAM BURADA