EUR USD RUB

Ədəbiyyat

Göy - qulun dərisi kimi hamar – Qurban Yaquboğlunun şeirləri

  • 1131 dəfə
  • Tarix 12 Dekabr 2017 / 11:20

Kulis.az tanınmış yazar Qurban Yaquboğlunun seçmə şeirlərini təqdim edir.

 

Sakitlik

 

Sakitəm.

Günün nuru

Bayram fişəngi kimi səpilib havaya.

Qəzəbdən,

           Ağrıdan,

                   Düşüncədən

ayrılmışam.

Yormur məni musiqi heyrət…

Sakitəm.

 

Sakitəm -

Dörd tərəfim suyun altı kimi sakitdir.

 

Birinci şeir

 

…Getdin.

Dalınca baxışlarım

təyyarənin ardıyca pozulan xətt kimi

pozuldu.

 

İndi yoxsan,

divardan asılmış xalatın

necə cansızdı, kimsəsizdi;

çöldə də hava qaralır.

 

Ev yiyəsiz xarabadı sanki,

otaq da yarıqaranlıq;

təklik

gecələr su qırağı kimi qorxulu

görünür mənə.

 

Eşikdə nəsə tökülür,

nəsə səs eləyir.

Uzun sürən qış gecəsi

başlayır bax beləcə...

 

İkinci şeir

 

...Eşikdə yağış maşın kimi səs eləyir;

Elə bil avtobusda harayasa gedirəm.

Bir bax

divardakı şəklinə!

Yağışdan uzaqdı – qorxmuram

Soyuqdan uzaqdı.

Eşikdə

Yağış səni də çağırır.

Divardasa

Neçə il qabaq çəkdirdiyin kiçicik şəkil.

 

Olsun ki illər ötəcək-

Sən qız vaxtı kimi gözəl görünəcəksən...

      

Quyu

 

Bu quyu niyə belə

Dikinə mişarlanıb?

Bu quyunun ayağı

Sulara mismarlanıb.

 

Bu quyunun öz əli

Özündə sükut hörür.

Bu quyunun gözləri

Bir əlcə səma görür.

 

Bu quyunun gözləri

Baxın, düşüb çuxura.

Bəs kim gəlib quyunu

Bu quyudan çıxarar ...

 

 

Suya girən kimi

 

Suya girən kimi

Girdim aylı gecəyə.

Uzaq ulduzlardan uçub gələn

külək

uşaq kimi

qucaqladı boynumu.

 

Göy

qulun dərisi kimi hamar,

göy qız dodaqlarıtək dolu.

Suya girən kimi

girdim gecəyə;

düzənlərə aylı gecə

                      dağılıb

yanaqlara dağılan qəm kimi.

 

Gələn yaz

 

Ağrılar qalxanda fikirləşirəm

Gərək bu cür eləməyəydim...

 

Payız qurtarır,

Qış divar tək açılıb tökülür,

Soyuq düşür – yenə köməksizəm mən.

Yas yeri kimi böyür-başıma

Qəm toplaşır.

 

Soğandan acı günlər

Mənə kaş yaşamağı öyrədəydi.

Soğandan acı günlər

Kaş hər şeyi yoluna qoyaydı.

 

Gələn yaz, inşallah, pak olacam

Bu qədər soyuqlar ki var

Qorxuram, çox qorxuram...

                     

***

 

Yenə susqun düşüb

Qələmim

Yan-yörəmə

ayaq açıb qəmim;

işlər həmin,

hisslər həmin

hamısı da özümün...

 

Nağılı qurtarmış gecədir

elə bil ömrüm!

 

Buludlar getdi

 

Elə bil

zirzəmidəydik;

buludlar səs-küylə

addımlayıb getdi

başımız üstdən.

 

Atıla-atıla getdi,

atlı getdi,

getdi qoyun sürüsütək

ləngiyə-ləngiyə,

yata-yata...

Keçib getdi buludlar,

yer sudan yamaq-yamaq.

Buludlar yağıb getdi

baxa-baxa qaldı

el-oba.

 

...Yuyulmuş saçlar təki

dincdi

başım üstdə hava...

 

Yaslı günlərdə

 

Güclü bir mahnıya təslim oluram,

Güclü bir mahnının önündə durub

Başım sinəm üstə zülməttək çökür...

 

Ürəyimi sandıqtək açıb tökür,

ağrıyır, inciyir bərim-bədənim

Əllərim, ayağım,

                  beynim qəm çəkir.                  

 

Bu fərari mahnı gəlir gecəyə,

Nəyi isə deməyə.

 

Anlayıram yeri, göyü, havanı,

eşidirəm ulduzların ahını -

Mahnılardan ismarış göndərirlər.

Mahnılarla məni başa salırlar

Yaslı günlərimdə nələr çəkəcəm!..

 

Əzab

 

Hiss edirəm

unuda bilməyəcəm heç cür

o əzabları.

O adamlar da məni unutmayıblar yəqin,

mən unutmamışam.

 

Əlim gəlməz ürəyinizə, belə deyək,

Mən sizə

Keçmişi bəxş edə bilmərəm...

Özüm-özümə danışaram,

Özüm-özümlə söhbət edərəm.

 

Yan-yanaşı düzülmüş

şəkillərə baxdım;

şəkillərdə adamlar daş kimi batıb kağıza.

Baxırlar.

 

Qışqırmaq istəyirəm:

- Daha hər şeyi duydum mən,

Daha hər şeyi anladım!

 

Həmişə ulduzları sevəcəm

 

Yerə soyuq pilədi,

gəldi göyə buludlar dağ-dağ;

kürəyimin ağrıları kimi.

 

Bütün ağaclara yoluxdu payız,

bütün ağaclar tökdü yarpaqlarını.

Ətcəbala əllərim girməyə yer gəzir,

kürəyimin ağrıları,

canımın bəlaları buludlar.

mən günəşi necə sevir-necə sevirəmmiş...

 

Qış düşür,

bütün dünyanı dumanlar, soyuqlar tutur.

yaşıdlarımdan kimsə öləcək yoxsa? Xudaya!

Pis fikir qorxulu bəla kimidir.

 

Gecələr çırağa yatmaq,

axşamdan xoş sözlər danışmaq gərək.

 

...Mömin ümidlər göyün yuxarı qatlarına

qalxır:

pak olacam, gözəl olacam,

həmişə ulduzları sevəcəm,

pis işlərdən qorxacam deyə.

 

Bütün gün...

 

Bütün günü

ov kimi həyəcanlı olmuşam.

Yorğunam, ağrıyıram.

Günlər elə getdi ki, qayıtmağına

ümid yox.

Ürəyim güllü yaza aldandı,

əlim, üzüm, gözüm peşman düşdü.

 

İnciməyin, siz tanrı,

yorğunam.

Bir-iki kəlmə sözüm var.

 

Həm də heç nəyin ustadı deyiləm!

Əvvəllər ümid edərdim,

Sabahları bayram günləritək

Gözlərdim.

 

Ayaqüstə olmuşam gün uzunu,

ayaqlarım

zirzəmi kimi sızıltılı.

 

Dünən gecədən hava da dəyişib,

Bu gün

bütün günü ov kimi həyəcanlı olmuşam.

  

Image result for qurban yaquboğlu

 

SİZİN REKLAM BURADA