EUR USD RUB

Ədəbiyyat

Qara çevrilməkdən qorxan qarovulçu – Ayxan Ayvazdan YENİ HEKAYƏ

  • 3227 dəfə
  • Tarix 12 Dekabr 2017 / 17:30

 

Kulis.az gənc yazıçı Ayxan Ayvazın “Qarovulçu nağılı” adlı yeni hekayəsini təqdim edir.

 

Zabratda qarovulçu işləyirdim. Balaca bir butkam vardı. Axşam gəlirdim, düz səhərə qədər güldanlara qarovulluq eləyirdim. Hər gün özümlə kitab, dəftər götürürdüm, həm oxuyurdum, həm də yazırdım.

 

Hərdən butkanın içində oturanda darıxdığımdan taxtaların üstünə suallar yazırdım, səhər çıxıb gedirdim, bir də axşam gələndə o suallara cavab tapıldığını görürdüm. Çox qəribə gəlmişdi mənə bu. Əcəba, o suallara cavab verən kimdir elə? Həvəsə düşüb hər gün sualların sayını artırdım. Özü də çox düşük suallar idi, indi gülməyim gəlir:

 

“Xoşbəxtlik nədir?”

 

“Tanrı hardadır?”

 

“Dünyanın sonu varmı?”

 

Uzun müddət cavabı axtaran adamı tapa bilmədim. Butkama gəlib gedən avara oğlanın ağzını yoxladım.

 

“Alə, nə bilim kimdi? Mən heç düz-əməlli oxuya bilmirəm, qaldı nəsə yazım. Qulaq as e... Keçən dəfə...”

 

Orta yaşlı bir kişi də gəlirdi butkama, onun yaxınlıqda kafesi vardı. Düşündüm, bəlkə cavabların sahibi elə bu kişidir. Tez-tez kitablarımla maraqlanırdı, əlinə götürüb vərəqləyirdi. Ancaq o da nəm-nüm elədi:

 

“Bəlkə bizim ofisiant yazır. Bütün günü burda olur, darıxır yəqin...”

 

Ofisiantın ağzını aradım, heç oralı olmadı:

 

“Əşşi, mənim dərdim nədir, sən nə danışırsan? Keçən dəfə kirayə gəlib verə bilməmişəm, bilmirəm hardan tapım. Müdirdən istəsəm, verər görən?”

 

Səhər növbəni dəyişən qarovuldan da soruşdum. Gülə-gülə cavab verdi:

 

“Mən heç butkada otururam ki? Çıxıram gəzirəm, sonra kafeyə girib Elçinlə - ofisiantı deyirdi – söhbət eləyirəm. İnternetə girirəm telefonda. Heç vaxtım var?”

 

Bu da heç. Qaldı bircə müdir. Axşam həmişə gəlib məni yoxlayır.

 

- Yenə kitab oxuyursan? Arada güldanlara bax, oğurlayarlar, xəbərin olmaz.

 

Müdirə hal-qəziyyəni danışdım, çiyinlərini atdı, hələ məni danladı da:

 

“Buranı boş buraxırsan deməli. Gərək mən ölçü götürüm. Belə olmaz. İşinə diqqətli ol. O suallara cavab yazan gəlib bir gün güldanları da götürüb gedər, onda sənin yaxandan yapışacam”.

 

Əsəblə butkanın qapısını örtüb getdi.

 

Həmin gün axşam möhkəm qar yağmağa başladı. Butkanın içində plitkaya doğru əyilib büzüşmüş səhərin açılmağını gözləyirdim. Sonra nə olsa yaxşıdır? Qəfil işıqlar söndü, plitka da istiliyini məndən əsirgədi. Soyuq müdafiəsiz qalmış bədənimə hücum çəkdi. Dişim dişimə dəyirdi. Ağzımı şərflə bağlayırdım, qapını bərk-bərk örtürdüm, evdən gətirdiyim ədyala bürünürdüm, amma xeyri olmurdu, soyuq özünə hardansa yer tapıb iliyimə işləyirdi.

Heykələ çevrildiyimi hiss edirdim, hərəkət edə bilmirdim. Hətta əlimi tərpətməyə belə qorxurdum. Ayaqlarım artıq daş kimi ağırlaşmışdı. Yerimdən durmaq da mümkün deyildi. Qar da özünə yer eləyib butkaya dolurdu. Bir anlıq yuxuya getdim, deyəsən.

Oyananda içərinin tamam qarla dolduğunu görüb qorxuya düşdüm. Ədyala daha bərk büküldüm, papağı daha da aşağı dartdım, bircə gözlərim açıq qaldı. Həyatımda ilk dəfə ağ rəngə nifrət elədim.

 

Gözlərim getdikcə qapanırdı. Üzümə şillə vururdum. Yuxuya getmək mənə qorxulu gəlirdi. Pəncərədən qaranlıqda yerə düşən qara baxıb qəzəblənirdim. Gözlərim təzədən qapanırdı. Açılanda bu dəfə bulanıq görürdüm hər şeyi. Və qəfil söndüm, elə bil plitkanı elektrikdən ayırdılar.

 

Ayılanda pəncərədən havanın işıqlandığını görüb sevindim. Qəribə bir güc gəldi mənə. Pəncərənin qırağına bir sual yazdım:

 

“Adamlara qonan qar kimi tez yox olacam?”

 

Butkadan özümü necə çölə atdım, yadıma gəlmir. Yolu keçib avtobus gözlədim. Fəlakət hava idi, külək məni döyürdü. Qəfil bir maşın dayandı, siqnal verdi. İnana bilmirdim, maşındakı məni çağırırdı.

 

- Tez min. Hara gedirsən?

 

Bilmirdim, bu yuxudur, ya gerçək. Adamın sözləri mənə küləyin uğultusu kimi gəlirdi.

 

- Metroya – dedim key-key.

 

Yol boyu heç nə danışmadıq. Hər yerin ağa büründüyünü görəndə bu dəfə sevindim. Uşaq kimi qar topu oynamaq keçdi içimdən.

Axşam təzədən işə gələndə sualımın altından belə bir cavab oxudum:

 

“Sən qar deyilsən, insansan”.

 

 

SİZİN REKLAM BURADA