EUR USD RUB

Sənət

Azərbaycan mühacirət rəssamlığı barədə bəzi qeydlər

  • 992 dəfə
  • Tarix 03 Yanvar 2018 / 13:00

 

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Rənglərin qəriblik nəğməsi, Azərbaycan mühacirət rəssamlığı haqqında qeydlər...” yazısını təqdim edir.

 

Bu gün milli mühacirət rəssamlığımız barəsində söz açmaq istəyimiz həm də bir-neçə gündən sonra Dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd etməyimizlə bağlıdır. Öncədən deyək ki, taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az olmayıb. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir qismi müxtəlif səbəblərdən hələ də bu ayrılığın mənəvi-psixoloji yükünü çəkə-çəkə arzu və ümidlərinin işığına doğru getməkdədirlər. Sovet dönəmində vətənlə əlaqənin olmaması xalqımızın həmin yaradıcı soydaşlarımızdan xəbərsiz olmalarını şərtləndirib. Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgi təşkil edildi, əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığı ictimaiyyətə təqdim olundu...

 

Bu rəssamlar arasındasa əsas həyat və yaradıcılığı qürbətdə keçmiş və xalqımızın ictimai fikir tarixində mühüm rol oynamış Əli bəy Hüseynzadənin (1864-1940) bədii irsi xüsusilə maraq doğurur. Onun yazılarından həm də məlum olur ki, o, hələ Tiflisdə ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində yaşayan zaman rəssamlığa maraq göstərmişdir. Çox güman ki, ilk sənət vərdişlərini də Tiflis gimnaziyasında oxuyarkən almışdır. Təbii ki, onun belə bir hazırlığı olmasaydı, o, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Lakin son anda o, tərəddüd keçirmiş və Peterburq Universitetinə üstünlük vermişdi. Onun bizim günlərə gəlib çatmış bədii irsi o qədər də zəngin deyil. Bu irsin bir qismi vaxtilə Parisdə yaşayan və bir-neçə il əvvəl dünyasını dəyişən oğlu Məmmədsəlimin ailəsində, bir qismi isə hazırda İstanbulda yaşayan rəssam qızı Feyzavərdədir. Azərbaycanda isə onun cəmisi üç əsəri qalıb. Bunlardan biri portret janrında işlənib. Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən bu əsərdə Əli bəyin babası şeyxülislam Əhməd Salyani təsvir olunub. Portret 1900-cü ildə Türkiyədə yağlı boya ilə çəkilib.

Digər lövhə isə görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibi-heybət məscidinə həsr olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. Otuzuncu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində olmuşdur. Deyilənə görə, Bakıdakı ingilis konsulunun mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib “Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bu tablo da incəsənət muzeyində göstərilir.

 

Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı təsvir olunub. Bu əsər Ə.Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. Yüksək professionallıqla karandaşla çəkilmiş bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım bədii görkəm alıb. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin bacısı oğlunun ailə kolleksiyasında saxlanılmaqdadır...

 

Rəssamın Türkiyədə yaşayan qızında qalan əsərlərin arasında “Atatürkün portreti” (1915), “Şeyx Şamilin portreti” (1916) və s. əsərləri bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Ə.Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdığı bu əsərləri ilə özünün XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu təsdiqləmişdir...

Naxçıvanda dünyaya göz açmış İbrahim Səfinin (1898-1983) də qürbət həyatı Türkiyədə keçib, elə orada da dünyasını dəyişib. O, Türkiyənin sayılan rəssamlarından olub, müxtəlif illərdə ölkənin ən iri şəhərlərində təşkil olunan fərdi sərgiləri, muzeylərin və kolleksiyaçıların onun yaradıcılığına sonsuz marağı haqqında çəkilən filmlər və digər çoxsaylı reklamlar buna sübutdur.

 

Elə bu gün də nüfuzlu kolleksiya sahibləri onun əsərlərinə sahib olmağı özləri üçün böyük uğur hesab edirlər. Respublikamızda İbrahim Səfinin on bir işi var. İkisini Azərbaycan Milli İncəsənət Muzeyinə rəssamın Bakıda yaşayan yaxın qohumları təqdim ediblər. Qalanları isə vaxtilə mərhum professor Abbas Zamanovun köməkliyi sayəsində Azərbaycana gətirilib və hazırda Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində saxlanılır. Onlarla tanışlıq göstərir ki, rəssamın yaradıcılığında əsasən real bədii ifadə ənənələri mövcuddur. Bəzi mənzərələrin və natürmortların şəffaf, şux koloriti, göz oxşayan rəng keçidləri onu hardasa fransız impressionistlərinə yaxınlaşdırsa da, onun rənglərində təzadlar daha çoxdur. Bu təzadlar bizi onun çəkdiyi gül-çiçəklərin, azman ağacların, dağların və düzənlərin arasında bizə dikilən vətənsizliyin acısını dadmış gözlərlə üz-üzə qoyur...

Əli bəy Hüseynzadənin yeganə oğlu Məhəmmədsəlim Turan (1915-1993) ömrünü Parisdə keçirib. İxtisas təhsilini Türkiyə Rəssamlıq Akademiyasında (1935-1938) alıb və 1939-1947-ci illərdə Türkiyənin müxtəlif bölgələrində müəllimlik etmişdir. Çəkdiyi tabloya görə 1941-ci ildə Ankarada təşkil olunmuş sərgidə birinci mükafata layiq görülmüşdür. Sonralar Avropanın müxtəlif ölkələrini gəzmiş, ayrı-ayrı rəssamlıq meylləri ilə yaxından tanış olmuşdur. rəssamın yarım əsrdən çox bir dövrü əhatə edən yaradıcılığı axtarışlarla zəngin olub. Mövcud rəssamlıq üslublarında və meyllərində özünü sınayıb, maraqlı əsərlər yaradıb. O, sənət aləmində ovqat daşıyıcılı qrafik lövhələrin, divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi kimi tanınır. Bu əsərlərin çoxu dünyanın müxtəlif muzeylərində saxlanılır. Bordo və Sarbonna universitetlərini bəzəyən divar rəsmlərində onun monumental duyumu, sənətlərin sintezi probleminə bələdçiliyi hiss olunur.

 

Onun yaradıcılığını işlətdiyi rənglərə görə müxtəlif dövrlərə bölmək olar. Bu bölgüdə ağ-qara rənglərin “hökmranlıq” etdiyi mərhələ xüsusilə seçilir. Rəssamın qənaətincə, bu rənglərin qarşılaşması kədərlə sevincin, ümidsizliklə işıqlı arzuların mübarizəsidir. Onun əsərlərinin rəng həllinə diqqət yetirdikdə əmin olursan ki, ancaq ilk baxışda yaşıl da, qırmızı da, sarı da, göy də gördüyümüz kimidir. Çünki, rəssam onların “qanına” qaralığı, bozluğu elə hopdurub ki, istər-istəməz rənglərin kədər yükü ilə qalandığına şübhə qalmır. Qaralmış ağacların bozarmış maviliyi sivri qılınc kimi kəsib keçən ifadəli silueti, saralmış güllərin boynu bükülü “yetim” görkəmi bu mənada tamaşaçını düşündürür...

 

M.Turanın yaradıcılğında portret janrı xüsusi yer tutur. Özündə otuza qədər müxtəlif yaşlı, müxtəlif taleli adamların obrazlarını birləşdirən “Qəriblər” silsiləsində onun insan psixologiyasına bələdçiliyi duyulur. Onun təxəyyülü sayəsində yaratdığı şair M.P.Vaqifin portreti bədii şərhinə görə maraq doğurur. Sovet dönəmində Parisdə Azərbaycan incəsənət ustalarının uğurlu çıxışı rəssamın yaddaşında dərin iz buraxıb. Tamaşa etdiyi hər bir musiqi nömrəsi bəlkə də ömrünün üstünə neçə aylar, illər əlavə edib. Onun bəyaz koloritli “Rəqqasə” (“Zitta Babazadənin portreti”) əsəri də həmvətənləri ilə görüşdən bir xatirədir.

 

Bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində həm Əli bəyin, onun oğlu Məhəmmədsəlimin və qızı Feyzavər xanımın əsərləri saxlanılır. Yəqin ki, nə ata, nə də oğul və qız bir vaxtlar bunu heç ağıllarına belə gətirə bilməzdilər. Ancaq onların ölkəmizin müstəqilliyini yaşadığı indiki bir dövrdəki mənəvi görüşü sözsüz ki, ilğım yox, əsl həqiqətdir. Böyük sənətin uğurlu sonluğu həmişə belə olub...

 

1986-cı ilin aprel ayında İstanbulun Pambıq bankının qalereyasında açılmış sərgi türk sənətsevərlərinin yeni bir adla tanış etdi: Əkbər Kazım Muğan. Tablolara heyranlıqla baxan tamaşaçılar təşəkkür etmək üçün salonda bu gözəl əsərlərin müəllifini axtarırdılar. İki il əvvəl dünyasını dəyişmiş sənətkarın sevinc payını isə sərgini açmaqla onun ən böyük arzusunu yerinə yetirən oğlu Nuru Muğan qəbul edirdi.

 

Naxçıvanın Baş Noraşen kəndində dünyaya göz açan Əkbər Kazım (1890-1979) əvvəlcə İrəvan gimnaziyasında oxumuş, sonra isə təhsilini Kiyev və Moskva universitetlərinin hüquq fakültələrində davam etdirib. Lakin hadisələrin axarında o, hüquq təhsilini yarımçıq qoyub çoxdan ürəyində gəzdirdiyi çox fərqli bir istəyi “göyərtməyi” qərara alıb. Uğurla imtahan verib Moskva rəngkarlıq, heykəltəraşlıq və memarlıq məktəbinə qəbul olunub, burada məşhur supramatik kompozisiyalar müəllifi Kazimir Maleviçdən dərs alıb. 1916-cı ildə Rusiya hökuməti tərəfindən Türkiyənin Qars vilayətinə-Ərdəhan şəhərinə işləməyə göndərilib. Bir müddət litseydə rəsm dərslərini tədris etmiş, Ərdəhan bələdiyyə idarəsində çalışmış və 1966-cı ildən başlayaraq ömrünün sonuna kimi əsasən... arıçılıqla məşgul olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə arıçılıq elminin inkişafında onun və oğlu Nazimin böyük rolu olmuş, ata-oğul birlikdə bu haqda dərslik də yazmışlar. Əkbər Kazım Muganın bütün ömrü boyu çəkdiyi əsərlər yüzə qədərdir. Çoxu şəxsi kolleksiyalarda, otuza qədəri isə oglu Nuru bəydədir. 1989-cu ildə o, Bakıda olarkən əsərlərdən birini Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlamışdır...

 

Məşhur Fransa yazıçısı, milliyyətcə azərbaycanlı olan Ümbülbanu Əsədullayevanın bacısı Küvra xanım (1901-1985) yəqin ki, mühacirətdə yaşamış yeganə qadın rəssamdır. Bakıda məşhur neft milyonçusu kimi tanınan Şəmsi Əsədullayevin oğul, var-dövləti ilə heç də ondan geri qalmayan Musa Nağıyevin qız nəvəsidir. Kübra xanım rəssamlığa uşaqlıqdan həvəs göstərsə də, Bakıdan Parisə mühacirət edəndən sonra rəngkarlıqla ciddi məşğul olmağa başlayıb. Görünür, burada mühit də az rol oynamayıb. O, Parisdə tanınmış fırça ustalarından dərs alıb, bir müddət “Rusiya rəssamları qrupu”nun üzvü də olub. Sonra isə tanınmış rəssam Lottun təsiriylə kubizmə meyl edərək bu yöndə böyük uğurlar qazanıb. Parisdə Batikyol qəbiristanlığında görkəmli rus müğənnisi Fyodor Şalyapinin məzarından bir qədər aralıda dəfn edilib. Əsərlərinin obrazlı şərhini kubizm cərəyanının bədii ənənələrindən qaynaqlanan prinsiplər təşkil edir. Belə əsərlərindən birində bacısı, məşhur yazıçı Ümbülbanu təsvir olunub. Təəssüf ki, Kübra xanımın digər əsərləri barədə bilgi yoxdur. Yəqin ki, onlar uzun illər ərzində yaşadığı Fransadakı dost-tanışlarında və şəxsi kolleksiyalardadır...

 

Rəssam Əşrəf Heybətov (1952) otuz ildən çoxdur ki, Bakıdan gedib. Nə vaxtsa Vətənə qonaq kimi qayıdacağını bəlkə də heç düşünməyib. Hadisələrin təzadlı durumunda o, geri dönməməyini dönməyindən gərəkli hesab edib. İstəyib ki, Azərbaycana sevgisini təkcə onu tanıyan bədxahlara yox, tanımayanlara da sübut eləsin. Beləcə, illər onu əvvəl Rusiyaya, sonra isə uzaga-Almaniyaya aparıb çıxarıb. Hazırda Koblents şəhərindəki “Bakı” mədəniyyət cəmiyyətinin sədridir.

 

İnamla demək olar ki, onun çoxşaxəli yaradıcılığı da sənət dünyasında kifayət qədər tanınandır. Özündə Azərbaycan-Şərq ruhunu obrazlı şəkildə ifadə edən əsərləri yaddaqalan və düşündürücüdür. Ən müxtəlif süjetlərin, o cümlədən də Qarabağ mövzusunun əsərlərinin leytmotivinə çevrilməsi heç şübhəsiz onun xalqımızın çoxəsrlik tarixinə, zəngin etnoqrafiyasına, adət-ənənələrinə diqqətinin nəticəsidir. Bu gün onun “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adını daşımasını da mühacirətdə milli təsviri sənətimizin inkişafına verdiyi töhfələri dövlətin dəyərləndirməsi kimi qəbul etmək olar...

 

SSRİ-nin süqutunu uzaq ABŞ-da qarşılayan Araz Mirhadi (1955-2012) özünün mühacirət həyatını yarımçıq qırılmış ömrünün sonuna kimi elə orada yeni nəslin nümayəndəsi kimi keçirmişdir. Belə ki, yuxarıda haqqında söz açdığımız sənətkarlardan fərqli olaraq o, sovet rejiminin respublikamıza qırmızı bayraqlar bəxş etdiyi illərdə ölkəni tərk edib. İxtisas təhsilini Bakıda və Sankt-Peterburqda alıb. Müxtəlif miqyaslı sərgilərin iştirakçısı olub, bir sıra monumental əsərlər müəllifidir. Araz Mirhadinin klassik xəttatlıq nümunələrimizə yaradıcı münasibəti, özünün dini məfkurəsinin obrazlı bədii yozumu, ifadəli şərhi rəssamın özünəməxsus, bir qədər də qeyri-adi görüm tərzinin mövcudluğundan xəbər verir...

 

ADR-in yaradıcılarından olan M.Ə.Rəsulzadənin Qazaxıstanda yaşamağa məhkum olan rəssam oğlu Azər Rəsulzadənin (1920-1993) yaradıcılığı da maraq doğurandır. Onun portret və mənzərə janrlarında işlədiyi tablolarda onu əhatələyən gerçəkliyə real bədii münasibət mövcuddur. O, müasirlərinin (“Avtoportret”, 1950; “Həkim Əbdürrəhman Hüseynov”,1951) obrazlarına, xüsusilə təbiət motivlərini (“Yol”,1960; “Yay motivi”,1962) Vətən həsrətilə bələməyə nail olmaqla, onların duyulası təsirliliyini əldə edə bilmişdir.

 

Sonda qeyd edək ki, Azərbaycan mühacirət rəssamlığı təkcə yuxarıda haqqında qısa məlumat verdiyimiz sənətkarların yaradıcılığı ilə məhdudlaşmır. Həm keçmiş SSRİ-nin müxtəlif respublikalarında, həm də dünyanın ayrı-ayrı ölkələrində bu gün də çoxlu sayda azərbaycanlı gözəllik aşiqi öz duyğularını rənglər vasitəsilə ifadə etməkdə, Azərbaycan incəsənətini şöhrətləndirməkdədirlər. Etiraf edək ki, XX əsrin son qərinəsində mühacirət rəssamlığımız duyulası dərəcədə gəncləşmişdir. Kamil Kamal (Belarus Respublikası), Əsgər Məmmədov və Qüdrət Qurbanov (Rusiya), Ağahüseyn Hüseynov və Eldar Şəfiyev (ABŞ), Vaqif Rəhmanov (Qazaxıstan) və b. xarici ölkələrdə fəaliyyəti də bunu təsdiqləyir...

 

Mənbə: “Ədəbiyyat qəzeti”

 

 

SİZİN REKLAM BURADA