EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Kinoteatr

"Yoxdur belə söhbət" - YENİ FİLMİMİZ

  • 3463 dəfə
  • Tarix 11 Yanvar 2018 / 15:41

 

Gün-gündən istehsalı artan kommersiya komediyalarını birləşdirən cəhət nədir? Məsələn, türk, Hollivud komediya modelini azərbaycanlı aktyorlar “yerliləşdirirlər”. Tipləri ilə, tipinin ləhcəsi ilə, ortabab şəraitdə sevgi içində şad xürrəm yaşamaq kimi ümummilli arzuları ilə onlar bir-birinə oxşayır.

 

Uğurlu olanları da olur, olmayanları da. Amma əsas məsələ də odur ki, bu komediyalara yalançı bir nağıl kimi baxırıq. Tamaşaçı özünü Hollivud modelinə, yaxud türk klişelərinə transfer edə bilmir. Baxırıq da, gülürük də, amma “Bu həyatda varmı belə söhbət?” - soruşanda məlum olur ki, yoxdur belə söhbət.

 

Dünən təqdim olunan “Yoxdu belə söhbət” komediyası özü bu sualı qoyub. Təsadüfən bir ticarət mərkəzində gecələməli olan iki gəncin yaranan sevgisi xətti ilə bərabər müəlliflər sənədli sorğu süjetləri təqdim edirlər. Bu sorğular olmasına soyuq başla inanmadığımız, amma həm də ümidimizi sönməyə qoymadığımız məsələlər haqdadır: “Şaxta baba yaxşıdır, ya Santa Klaus?”, “İlk baxışdan sevgiyə inanırsınız?”, “Təsadüf, yoxsa möcüzə?”, “Yoxdur belə söhbət?”.

 

 

Real sorğuda real insanlar səmimi cavablar verirlər. Bu elə sorğudur ki, cavablarına görə qorxmaq lazım deyil. Sadə insanlar sadəcə öz cavablarını deyirlər. Bu cavablar filmin quraşdırma süjeti ilə reallıq arasında bir bağ olur.

 

Və bu suallar filmin əsas xəttinin inkişafı ilə zaman-zaman tamaşaçıda yaranan suallardır.

 

Bu suallar filmin ideya həllini gücləndirir, onu saxta “Hollivud happy end”i olmağa qoymur.

 

Filmin qəhrəmanı Kamran (Həsən Ağa) dağılmış rok qrupunun üzvlərindən biridir. Dostu və həmkarı Məcnunla (Emil Məcnunov)  konsert verməyə zal axtarır, amma vaxtilə festivallara getsə də indi musiqisinə maraqlı adam tapa bilmir. Nəyin düz, nəyin düz olmadığını diktə edən “Vətən”ə (Onlar Bakının məşhur mərhum kinoteatrına baş çəkirlər) gənclərin etirazçı rok musiqisi lazım deyil.

 

 

Sara (Günəş Mehdizadə) aparıcıdır. Haqqında eşitdiyimiz, üzünü görmədiyimiz adamla münasibəti var. Çox sevdiyi nənəsinin xətrinə onunla evlənmək istəyir.

 

Nənə (Bu obrazı caz ifaçısı, musiqiçi Tünzalə Qəhrəman yaradıb) tənha yaşayır. Sklerozdur. Hər şeyi unudur. Sevgiyə diqqətə, başqa sözlə, həyata ehtiyacı var.

 

Ssenari müəllifləri (Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov) hadisələr zəncirində onları bir-birinə bağlayır. Və bu təsadüfün möcüzə olub-olmamasını fakta bağlayır: əgər futbol yığmamız Almaniya komandasını udsa, deməli bu möcüzədir. Yoxsa, təsadüfdür.

 

Yəni, əgər belə bir qələbə olsa Sara ilə Kamranın görüşü və ümumiyyətlə sevgi yaşamaq kimi bir hadisə möcüzədir.

 

Filmin rejissoru Rüfət Həsənov filmin ideyasını filmin içində həll etməsi bizim kinoda yeni bir üsuldur, filmə postmodern ovqat gətirir. Bədii filmə sənədli süjetlər salınması da milli kinoda rast gəlinən hal deyil. Filmin musiqisinin də tez-tez rast gəlmədiyimiz bir tərəfi var: kadrdaxili musiqi ilə qəhrəmanların xarakterini, vəziyyətin janrını, mühiti təyin edən musiqi bir-birini tamamlayır, onları asanlıqla ayıra edə bilmirsən.

 

Məsələn, ilk dəfədir ki, “Şəlaləm mənim” adlı ara mahnısı peşəkar caz ifaları ilə, həvəskar (qəhrəmanlardan biri “Sevil”dən Dilbərin ariyasını öz bildiyi kimi oxuyur)  zümzümələrlə, rok ifaları ilə eyni hüquqlu şəkildə, həyatın “bağrından qopan” qışqırtılar kimi verilir – (musiqi Dihaj)

 

Rəssam işi (Sitarə İbrahimova) filmin “arzular və reallıq”, “tənhalıq və əsl ünsiyyət” kimi müstəvilərini bir tabloda birləşdirə bilir. Yəni, qrafik cizgilərin aydın təsvirlərlə montajı kontrast kimi görünmür. Və bununla biz qəhrəmanların fiziki reallığı ilə ruh halı arasında bir sərhəd qoymuruq. Bu təsvir filmdəki insanları tamaşaçıya bir köynək yaxın edir.

 

 

Və bütün bu sadalananlar – sənədli süjetlər, musiqi, rəssam işi, filmin adı və bir çox xatırlanmayan cəhətlər – tanış süjet modelini, baş qəhrəmanların oyunundakı romantik üslubun klişelərini unutdurur, sxematikliyi yaddan çıxarır.  

 

Filmin əsasını təşkil edən əhvalatın tənhalıq və ünsiyyət kimi iki qütb arasında qərar tutması, daha düzü, bu qütblərin seçilməsi filmin romantik gücünü daha dərinləşdirir, romantika sözünü aşınmış məna, assosiasiyalardan (çiçək-böcəkli, sevgi şeirli, aşan qədəhlər kompozisiyası kimi) xilas edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan “Yoxdu belə söhbət” romantik komediyası bütün qüsurlarına rəğmən yenilikləri ilə fərqlənə bildi. Adından, posterindən, təqdimat mərasimindən (“Cinema plyus Azərbaycan” ın yanında qurulan çadırda kiçik rok konsert), yaradıcı heyətinə qədər. Yoxdu belə söhbət.

 

 

SİZİN REKLAM BURADA