EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yazarlar

Qızı yaşda işçisinə gözü düşən mağaza sahibi

  • 5005 dəfə
  • Tarix 17 Yanvar 2018 / 10:33

 

Könül Cəfərli

 

Ötən ildən mağazada işləyir. Çox vaxt fikirli görünür. Bəzən sualı 2 dəfə verməli olursan, dalğın-dalğın başını yelləyib gedib malı gətirir. Alıcıların sevmədiyi satıcıdır. Kimsəyə kobudluq etmir. Amma gülərüz, mehriban qadın da sayılmaz. Mən də bəyənmirdim, çalışırdım başqa satıcılardan alım, ta ki o günədək.

 

...Tələsirdim, gördüm digər işçilər müştərilərlə məşğuldur. Məcbur qalıb buna müraciət etməli oldum. “Sifətindən elə zəhrimar yağır, elə bil dünyanın yükünü  çiyinlərindən asıbsan”, - deyə ürəyimdə fikirləşirdim ki, qadın əlinə aldığı şokolad bankasını yerə salıb sındırdı. Səsə müdir gəldi, satıcıya: “Korsan, şikəstsən, əlin quruyub? Bir balaca bankanı da əlində saxlaya bilmirsən? Zay elədin!”, - deyə acıqlandı. Kişi səsini başına atdıqca, qadın bir az da büzüşür, donqar beli lap əyilirdi. Kənardan tamaşa edən müştərilərə baxdım. Sanki “Oxxay! Əla oldu!” yazılmışdı üzlərində. Hələ qımışan cavan satıcıları demirəm.

 

O gündən sonra hər dəfə mağazaya girəndə həmin qadından alış-veriş etdim. Beləcə, yavaş-yavaş dostlaşdıq. Samirəni (ad şərtidir) yaxından tanıdıqca sevməyə başladım. Göründüyü kimi deyildi.    

 

Sabirabadın kəndindəndir. Əri 16 yaşında qaçırıb. 6 uşağı var. Deyir kənddə ginekoloqa tez-tez gedən qadına yaxşı baxmırlar, həm də o zamanlar ayıb bilirdik. Elə uşağa qaldıqca, hamısını doğub. Sonuncu övladı Bakıda dünyaya gəlib, serebral iflicdir. Onsuz da yoldaşı ilə münasibətləri pis imiş, xəstə uşaqdan sonra lap korlanıb. Bir səhər yenə qadına: “Şikəst doğub, məni zibilə saldın”, - deyib evdən çıxıb və qayıtmayıb. Sonra da mesaj yazıb ki, məni axtarmayın, sizinlə qurtardım. Beləcə 6 uşaq qalıb Samirənin öhdəsində. Övladlarından 3-ü məktəblidir, amma imkansızlıqdan dərsə gedə bilmirlər. Həftənin 7 günü səhər saat 8-dən axşam saat 9-dək işləyir. Aldığı maaş da 200 manatdır. Böyük oğlu “moyka”da çalışır, onun da gəliri azdır. And içir ki, uşaqların dilinə ət dəymir, evdə ancaq makaron bişir. Uşaqlar yemək verilişlərinə baxmasın deyə televizoru satıb. Ən çox da reklamlarda gördüklərini istəyirlərmiş.

 

Ən çox üzüldüyü isə iflic övladıdır. Bez ala bilmədiyi üçün qıza sellofan torba keçirir. Deyir gün ərzində işdə olduğu üçün uşaq axşamadək nəcisin içində qalır, dərisi soyulur, yara olur. 

 

Samirənin dərdinə bələd olduqca, üzünə yapışmış kədərə haqq qazandırmağa başladım. Xəstə övladını evdə baxımsız qoyan, ona dərman ala bilməyən hansı ananın üzündə güllər açar? Ürəyinizi dərd paraladığı halda gəlib-gedən  müştərilərə gülümsəyə bilərsinizmi?

 

Deyəcəksiniz ki, hərənin bir dərdi var, amma gərək problemini işə gətirməyəsən. Yaxud da bu satıcının şəxsi məsələsidir, alıcıya nə dəxli var? Bəlkə də belədir, lakin söhbət övladdan gedirsə, soyuqqanlı olmağı, evdəki ac balanı unudub işə tam köklənməyi hər ana bacarmaz.

 

Üstəgəl gündə 13 saat ayaq üstə olmaq, az maaş, müdirin kobud rəftarı, alıcıların sənə yuxarıdan aşağı baxması...

 

Camaat satıcı ilə elə tonla danışır ki, sanki qapısının nökəridir. Qarşı tərəfdən nəzakət, xoş münasibət gözləyirsinizsə, gərək özünüz də eyni cür davranasınız. Çoxu satıcı ilə “sən”lə danışır. Amma vay o günə ki, satıcı alıcıya “sən” desin. Mədəniyyət, tərbiyə, ailə, valideyn-ta kimin haradək gücü çatırsa, oracan dərs keçir.

 

Bunu niyə yazdım? Son günlər satıcılardan gileylənənlərin sayı artıb. Biri yazır şikayət etmək lazımdır, o biri deyir işdən qovduraq, digəri mağazanı baykot eləməyi irəli sürür. Satıcıların xidmətindən, rəftarından mən də razı deyiləm. Kim istəməz ki, gülərüz, savadlı, nəzakətli mağaza işçilərinin olmasını? Satdığı məhsulun adını və son istifadə tarixini üzündən oxuya bilməyənlərə də rast gəlmişəm.

 

Amma bu şikayətlə, baykotla həll olacaq məsələ deyil. Lap satıcıların hamısını qovdursanız da fərq etməyəcək. Yerinə kim gəlsə, eyni problem qalacaq. Çünki köklü yenilənməyə ehtiyac var. 

 

Öncə satıcı peşəsinə olan ictimai münasibət dəyişməlidir. Hələ də bu işi ayıb sayan, satıcı olmağından utanan adamlar tanıyıram. Bir qohumum var. Qız mağazada çalışdığı üçün oğlan elçi  göndərmədi. Dedi ki, anam bilsə belə bir işlə məşğulsan, onsuz da səni gəlin almayacaq.

 

Eləcə də müdir-satıcı, alıcı-satıcı münasibətlərini yenidən qurmalıyıq. Bizdə satıcı xüsusi kurs, təlim keçmədiyi üçün ilk iş yeri həm də məktəbi olur. Orada hansı rəftarı görür, necə mühitdə çalışırsa, o cür də formalaşır.

 

Unutmayaq ki, satıcılıq çətin işdir, hər cür insanla ünsiyyətdə olurlar. Evdə ərinə əsəbiləşən də gəlib hirsini mağazadan çıxır. Hələ bəzi müdirlərin seksual təkliflərini demirəm. Tələbə yoldaşım “ödənişli”də  oxuyurdu. Atasız qız idi. Anasına köməklik üçün günorta dərsdən sonra telefon dükanında işə düzəlmişdi. Həmişə mağazanın sahibindən razılıq edirdi. Deyirdi ki, ata kimidir, qayğıma qalır, gec olanda məni evə ötürür. Sonra məlum oldu ki, “əmi”nin niyyəti çirkin imiş, övladı yaşında qıza gözü düşübmüş.

 

Uzun sözün qısası, cəmiyyətdə kimisə, nəyisə yeniləmək istəyiriksə, birinci elə özümüzdən başlayaq. Dəyişmək hər zaman mümkündür, yetər ki, tələb və inkişaf təktərəfli olmasın...

 

 

 

SİZİN REKLAM BURADA