EUR 1.9906 USD 1.7 RUB 0.0276

Tarix

Dünyayaya “Siyasətnamə” bəxş etmiş bağdadlı balası

  • 883 dəfə
  • Tarix 09 Fevral 2018 / 17:13

 

Böyük Səlcuq Dövlətinin vəziri Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk (1018-1092) ictimai-siyasi və elmi-mədəni fəaliyyəti ilə bəşər tarixində mühüm yer tutur. O, Səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuşdur. Dövlətin, məmləkətin nizamlayıcısı mənasını daşıyan Nizamülmülk adını ona Abbasilər sülaləsinin xəlifələrindən Qaim (1031-1075) vermişdir. 

 

Türkiyəli alim, Ord.Prof. Hilmi Ziya Ülkən (1901-1974) Nizamülmülkün əslən əcəm olmaqla bərabər bütün həyatında Türk dövlətinə xidmət etdiyi üçün onun türk mütəfəkkiri adlandırılmasını lazım bilmişdir. Nizamülmülk sultan Alp Arslanın dövründə ilk dəfə olaraq ərəb xilafətinin və İslam dininin mərkəzi olan Bağdad şəhərində Nizamiyyə mədrəsəsinin açdırmışdır. Bu mədrəsənin Bağdadda açı­l­ma­sının son dərəcə böyük tarixi əhəmiyyəti vardı. O, bununla Ərəb xi­lafəti ilə əlaqə saxlamaqla bərabər həmin tipli mədrəsələrin başqa şə­hərlərdə açılması üçün də  icazə  almışdır. Beləcə, həmin məd­rə­sə­lər Nişapur, Bəlx, Herat, Bəsrə, Mosul və başqa mədəniyyət ocaq­la­rında yaranmışdı. Bu mədrəsələrdə dini-şəriət qaydalarını  öy­rən­mək­lə  yanaşı, iqtisadiyyat, fəlsəfə, riyaziyyat, nücum, bəlağət,  ümu­miy­yət­lə, dövrün mövcud elmlərini tədris edirdilər. 

 

AMEA-nın müxbir üzvü, professor Zakir Məmmədov Nizamiyyə mədrəsəsinin fəaliyyətindən bəhs edərkən yazmışdır ki, 1067-ci ildə Bağdadda açılmış Nizamiyyə mədrəsəsi həmçinin bir çox azərbaycanlı alim və tələbələri öz ətrafında birləşdirirdi. Görkəmli fəqih-mütəkəllim Əbuishaq Şirazi Firuzabadi (1003-1088) Nizamiyyə mədrəsəsinin ilk müdiri olmuşdur. Böyük ilahiyyat alimi Əbuhamid Məhəmməd ibn Məhəmməd Qəzali (1059-1111) ilk təhsilini Tusda, sonra Nişapurda Nizamiyyə mədrəsəsində Ziyaəddin Cüveyninin (1028-1085) yanında almış, fiqhi və məntiqi dərindən öyrənmişdir. Əbuhamid Qəzalininn zəkasına məftun olan müəllimi onu “Güclü nəhr” (“Bəhr muğdiq”) adlandırmışdır. Əbuhamid Qəzali müəliminin vəfatından sonra Bağdada getmiş, 1091-ci ildə vəzir Nizamülmülkün göstərişi ilə oradakı Nizamiyyə mədrəsəsinə müəllim təyin edilmişdir. Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, tarixdə sufi şeyxi kimi tanınan Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) Bağdada gedib orada Nizamiyyə mədrəsəsində təhsil almış, sonralar Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ona başçılıq etmişdir.

 

Elm və mədəniyyət tarixində Nizamiyyə mədrəsəsi dünyada ilk universitet kimi qəbul edilir. Prof.Dr. Bəkir Karlığa Nizamiyyə mədrəsəsinin bütün İslam dünyası üçün örnək təşkil etdiyini və bu sistemin XX əsrin sonuna qədər İslam ölkələrinin böyük bir qismində model kimi gö­türül­dü­yü­nü, orta əsr­lərdə Qərb dünyası ilə İslam dünyasındakı təhsil anlayı­şın­da çox önəm­li fərqlərin olduğunu yazmışdır.

 

Nizamiyyə mədrəsəsini təsis edən Nizamülmülk  tarixi-ədəbi abidə sayılan “Siyasətnamə” əsərinə görə də məşhurdur. “Siyasətnamə” əsəri  bütün dövrlər üçün aktualdır. Çünki buradakı fikirlər, nəsihətlər,  ibrətamiz hekayələr dərin mənasına, müdrik xü­su­siy­yət­­lərinə görə hər zaman diqqətəlayiqdir. Əsərdə dövlətin quruluşu, ida­rə edilməsi və başqa mövzularla bərabər, dini məsələlər də işıq­lan­dırılır.

 

Nizamülmülkün “Siyasətnamə” əsəri  şərqşünas alim, professor Rəhim Sultanov tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilmişdir. İlk dəfə 1987-ci ildə çap edilən bu qiymətli əsərə Rəhim Sultanovun “Nizamülmülkün həyat və fəaliyyəti haqqında” yazdığı müqəddimədə göstərilmişdir: Nizamülmülk, sən dərəcə ağıllı, müdrik, siyasətçi, fars, ərəb, türk, ehtimal  ki, xarici dillərə  də  yaxşı bələd olan,  təbii-ictimai, dini-fəlsəfi elmlərlə, yunan  təhsil sistemini də öyrənmişdi. Bu uzaqgörən vəzir dövrünün   tələb etdiyi mütəxəssislər və savadlılar ordusunu yaratmaq     üçün sonralar Nizamiyyə mədrəsələri adı altında şöhrət tapmış  və  Nizamülmülk  adını  hələ  öz dövründə “Siyasətnamə”  əsəri  yazılmamışdan çox-çox  əvvəl  əbədiləşdirmiş və ona dünya  şöhrəti qazandırmış təhsil sistemini icad etdi və onu ilk dəfə olaraq 1067-ci ildə,  Alp  Arslan  dövründə ərəb xilafətinin və islam  dininin  mərkəzi  olan Bağdad şəhərində açdırdı.

 

Hilmi Ziya Ülkən Nizamülmülkün və “Siyasətnamə” əsərinin tarixdəki yerini yüksək dəyərləndirmişdir: Böyük Türk dövlətinin idarəedilməsində və  quruluşunda  mühüm xidmətləri oldu.  Nişabur, Bağdad və Bəsrədə  üç  mədrəsə vücuda gətirdi. Xüsusilə Bağdaddakı Nizamiyyə mədrəsəsi  böyük bir şöhrət qazandı. Səlcuqi  dövlətinin  təşkilatında əski  Oğuz törəsi və El Təşkilatı ilə  İslam fiqhi  arasında böyük bir razılaşma və ahəngin təmininə  çalışdı. Türk dövlətinin milli əsaslarını yeni şəklə uyğun  bir hala gətirmək məsələsində fövqəladə məharət göstərdi. Bu sahədə yalnız əməli fəaliyyətlərlə qalmayaraq bunları “Siyasətnamə” adlı məşhur əsərində göstərdi. Məlikşahın şərəfinə yazılmış olan bu  siyasi fəlsəfə kitabı Türk təfəkkürü tarixinin mühüm bir   abidəsi    olaraq  qalacaqdır.

 

Türklərin xilafət döv­rün­də döyüşçü kimi çalışmaları mənbələrdə də öz əksini tapmışdır. Nizamülmülk “Siyasətnamə” əsərində dövlətin ida­rə ­edil­məsində türk xalqlarına böyük inam bəslənildiyini bildirərək, on­ların fəaliyyətlərini yüksək qiymətləndirmişdir. Nizamülmülk şə­hə­rin in­zibati işlərinə baxan məmur, möhtəsib vəzifəsinin türklərə tap­­şırılmasını məqsədəuyğun hesab etmişdir.

 

Dahi alim  qeyd edir ki, hər şəhərə bir möhtəsib təyin etmək la­zımdır, onlar tərəzilərin düzlüyünə, qiymətlərin qaydasında ol­ma­sı­na nə­zarət etməli, halal-harama fikir verməlidirlər. Şah bu işi yaxın adam­­­lardan birinə, ya inanılmış xadimə, ya hamının qorxduğu və onun heç kəsdən çəkinmədiyi bir qoca türkə  tapşırmalıdır. Bununla da işlər ədalətlə gedər və islam qayda-qanunu möhkəmlənər.  Nizamülmülk ölkədə hər millətdən – türkdən, ərəbdən, hinddən və baş­­qalarından ibarət  qoşun saxlanılmasını zəruri hesab etmişdir.

 

Nizamülmülkün  “Siyasətnamə” əsərində ictimai-si­ya­si məsələlərlə, yəni  dövlətin quruluşu, idarə edilməsi  və s. ilə ya­na­şı, onun din haqqında fikirləri, dini düşüncələri geniş şəkildə  işıq­­landırılır.

 

Professor Rəhim Sultanov Nizamülmülkün vəfatı ilə bağlı yazmışdır: rəvayətə  görə  Nizamülmülk  öldürüldükdən  sonra  Məlik şah  sən  dərəcə  kədərlənir,  xəlifə  Bağdadda  üç  gün  matəm  saxlayır. Məlik şah  Nizamülmülkdən  on  səkkiz, bəziləri  bir ay sonra yaşadığını yazır. İbn Əl-Cozi Əbül Fərəcin dediyinə görə, Məlik şahı   öz nökəri zəhərləmişdir. Məlik şahın ölümü, Nizamülmülkün  ölümündən sonra camaata bir o qədər də böyük təsir  göstərməmişdir. Sarayların şairlər şahı (Məliküş-şüəra) hesab  edilən Əmir Müizzin sultanın ölümü münasibətilə yazdığı şeirdə göstərmişdir:

 

Şahın ölümündən çox ürəklər yaralanardı,

Əgər vəzir ondan qabaq öldürülməsəyldi.

 

Beləliklə, böyük mütəfəkkir Nizamülmülk təsis etdiyi Nizamiyyə  mədrəsəsi və “Siyasətnamə” əsəri, ümumiyyətlə, misilsiz elm-mədəni fəaliyyəti ilə  əbədi həyat qazanmışdır. Bu il dahi şəxsiyyətin doğumunun 1000 illiyidir.

 

Fəlsəfə doktoru Aytək Zakirqızı Məmmədova                                                                

 

 

SİZİN REKLAM BURADA