EUR 2.0914 USD 1.7001 RUB 0.0301

Ədəbiyyat

Yazıçı Əfqan: “Mən qadının işləməsinin əleyhinə olmuşam”MÜSAHİBƏ

  • 3596 dəfə
  • Tarix 13 Fevral 2018 / 09:00

 

“Sizə müsahibə haqda kim tapşırıb?” “Xoş gəldin”dən sonra suallara ev sahibləri başlayır - 90-ı haqlayan yazıçı Əfqan və həyat yoldaşı Səyyarə xanım. Mən də müsahibəyə elə onların suallarından başlayıram.

 

Kulis.az yazıçı Əfqanla müsahibəni təqdim edir.

 

- Hansı qəzetdir bu, dediniz?

 

- İndi qəzetlər çox da oxunmur, saytdır. Ədəbiyyat saytıdır.

 

- Başım çıxmır. Yəni ki, baxmıram. Amma uşaqlar baxır. 

 

- İndi bir çox gənc yazıçılarımız mətbuatda işləyir.  Bəzən düşünürlər ki, yazıçı özünü mətbuatda xərcləyir. Amma siz də jurnalist işləmisiniz...

 

- Yaradıcılıq ezamiyyətləri olurdu. Amma deyə bilmərəm ki, onda yazırdım əsərlərimi. Şair necə şeirini qafiyə gələndə yazırsa, mən də eləcə. Bir də bu janrdan asılıdır. İri janrda əsər yazanda əsas işindən ayrılmalısan. Bu elə şeydir ki, bircə həftəlik ayrılsan qayıda bilmirsən.

..İndi iş tapmaq çətindir, yəqin zamanla həyat öz normasına düşər. Qabaqlar İnstitutu qurtarmağa bir semestr qalmış adamı dəvət edib onun gələcək işi yerini müəyyənləşdirirdilər. Praktikanı “Kommunist”də keçmişdim, mənə yaxşı rəy yazmışdılar. Üç yer təklif etdilər, amma mən “Azərbaycan gəncləri” qəzetini seçdim.

Mən ruscanı özüm oxumuşam. Sizə deyim ki...

 

...Bilirsiniz, gözümü ötən il Almaniyada əməliyyat ediblər, o üzdən yaddaşım zəifləyib, gözüm yaşarır, fikrim yayınır, danışanda çox fikirləşirəm...

 

 

- Əfqan müəllim, siz dediniz, jurnalist kimi...

 

- Dayan. Bilirəm... Mən əvvəldən danışmaq istəyirəm. Əvvəlcə, ruscanı harda öyrənməyi deyim. Atam bizi sovxoza aparırdı, orada da işçilərin arasında malakan çox idi. 4-5 yaşım var idi.  Məktəb həyatım da müharibəyə düşdü. 1941-ci ildə birinci sinfi qurtardım. Atama nazirlikdə vəzifə verdilər, bizi Bakıya köçürdü, Sovetskidə ev tutmuşdu. İkinci sinfə gedəcəkdim, müharibə başladı; atamı da, böyük qardaşımı da əsgər apardılar. O əsgərlikdən bir neçə günlük icazə alıb bizi Ağsuya, bacısının yanına köçürdü. Axı Bakıda kim bizə baxacaqdı? Anam savadsız evdar qadın idi. Heç olmasa, Ağsuda qohum-əqrəba var idi. İkinci sinfi Ağsuda oxudum. Üçüncü sinifdə müəlliməmizi götürüb qaçdılar. Müəllimə tapılmadı bizə. O arada da çörək olmadığına görə, aqronomları “komsovat” edib göndərdilər geri. Atam da gəldi, onu Ağdamda taxıl yetişdirməyə göndərdilər. Köçdük Ağdama. Məni nə olduğumuz yerdə, nə qonşu kənddə məktəbə qəbul etdilər ki, sən üç sinif geri qalmısan. Elə gözəl vaxtlar idi ki...

 

 

Ceyran sürüləri qoyun sürülərinə qarışırdı. Atam çöldən ceyran balaları tutub gətirirdi, saxlayırdıq, amma bunlar mənim gözümdə deyildi, oxuya bilmədiyimi dərd edirdim. Elə oldu ki, atamı yenidən nazirliyə çağırdılar. Bakıya qayıtdıq. Bir nömrəli orta məktəbə ərizə yazdım. Çox ürəklənmişdim. Deyim niyə? Hələ rayonda olanda təsadüfən rastlaşdığım bir məktəb direktoru sorğu-sual etmişdi, deyirdi proqramı bilirsən, heç məktəbdən qalana oxşamırsan. Sən demə o da, rayona ezamiyyətə gəlib, gedib Bakıdan attestat gətiribmiş. Götürdü bir boş attestat, mənə attestat verdi. Dedi, get hansı məktəbə istəyirsən, ora ver davam elə oxumağa. Mən də ona görə ürəkliyəm. Bu məktəbin direktoru ərizəmə baxanda qayıtdı ki, sən heç ərizəni düz yaza bilməmisən. Qanım qara, kor-peşman qayıdırdım. Tramvayda bir kişi məni tanıdı. Atamın adını dedi. Mən də əhvalatımı danışdım. Məlum oldu ki, bu feldşerlik məktəbində dərs deyir. Məni aparıb o məktəbə düzəltdi. İmtahansız qəbul etdilər.

 

Bunları sizə niyə danışıram? Çünki mənim həyatımda belə təsadüflər çox olub. Oranı bitirib universitetə də sənəd verdim, qiymət də aldım, qiyabi şöbəyə. Amma qiyabi istəmirdim. Əməlli-başlı oxumaq istəyirdim. Burada da təsadüf rol oynadı. Dostumun atasının tanışı var idi, universitet rektoru idi. Məlum oldu ki, boş yerlər var. Boş yer var idi deyə, məni jurnalistikaya götürdülər. Heç bilmirdim jurnalistika nədir. Deyirdim ki, mən köşkdə jurnal satmaq istəmirəm, şair olmaq istəyirəm (gülür). Şair olmadım. Amma indi də arada şeir yazıram. Bir də foto işini öyrənirdim. Fotostudiya ilə danışmışdım, foto böyütməni rəngləri öyrənmişdim. Pul qazanırdım eləcə.

 

 

- Evli idiniz o zaman?

 

Həyat yoldaşı Səyyarə xanım: Nə danışırsınız, onda yəqin mənim üç, ya dörd yaşım olardı.

 

- Aranızda yaş fərqi çoxdur deməli...

 

Səyyarə xanım: Mən Əfqanın bacısı ilə oxumuşam.

 

Əfqan: Hə, nə vaxt gəlirdim, görürdüm bizdədir.

 

Səyyarə xanım: Sənə görə gəlirdim yoxsa ki? Mən bundan çox balaca idim. Amma atamın necəsə xoşu gəlmişdi Əfqandan.

 

- Səyyarə xanım, sizin ixtisasınız nədir?

 

- APİ-ni qurtarmışam, amma işləməmişəm, uşaqlara baxmışam. Qoymayıb məni. 9-cu sinifdə nişanlandıq, 10-u qurtarandan sonra evləndik. Sonra APİ-yə düzəltdi məni oxumağa.

 

Əfqan: Mən qadının işləməsinin əleyhinə olmuşam.

 

Səyyarə xanım: Baxın, baxın... Feodalizm. (gülür)

 

 

Əfqan: Axı bunun evdə işi azdır ki, getsin başqasının uşağını da saxlasın, baxçada müəlliməlik etsin? Allah imkan verib şükür Allaha.

 

- Əfqan müəllim, axı onu dövlət oxudub, öz hesabına?

 

- Yox elə, öz uşaqlarına baxsa, bu böyük işdir.

 

- Bəs niyə oxusun istədiniz?...

 

- Hələ ki, sağam. İmkan var. Olmasa idi başqa...

 

- Aranızda neçə yaş fərqi var?

 

Səyyarə xanım: O, məndən 16 yaş böyükdür.

 

Əfqan: 14 yaş. 4 övladımız var, səkkiz nəvəmiz var. Üç nəticəmiz var. Dünyada insanın ən böyük qazancı və sevincidir. Ondan böyük nə ola bilər? Şükür Allaha, evimiz də var. Bağımız da var.

 

 

- Əfqan müəllim, siz altmışıncılardan əvvəlki nəsil sayılırsınız?

 

- Yox, elə 61-ci ildə çıxdı ilk kitabım. Bundan əvvəl pyeslərim oynanılırdı teatrda.

 

 

- Ən yüksək tirajla çıxan romanınız hansı idi, necə qarşılandı?

 

- İndi qəzetlərin çətin vaxtıdır, baxırsan adı qəzetdir, heç nə qalmayıb. Mənim kitablarım o zaman 45 min, 50 min tirajla çıxıb. İndi yadımda deyil, arxasında yazılıb hamısının. Amma bilirəm ki 40 min tirajla çıxan kitabım bir ay sonra tapılmırdı. Amma elə arxası möhkəm adamlar var idi, on min tirajla çıxan kitabı il uzunu qalırdı, alan olmurdu. Yəqin ki, “Dədə Bəhmən” trilogiyası çox tirajlı olub. O trilogiyanın ilk kitabı “Gülyanaq” idi. Mənim haqqımda bir yazıçı kimi yazılan məqalənin müəllifi Rəsul Rza idi. Elə böyük məhəbbətlə yazmışdı, sanki onun doğmaca qohumuyam. Məqalənin sonunda məni təbrik etmişdi. Bir növ də ədəbi aləmə təqdim etmişdi.

 

 

- İlk dəfə familiyasız imza sizin idi hə?

 

- Hə.

 

- Hardan ağlınıza gəldi bu?

 

- Nə bilim xarici yazarları oxuyurdum, yəqin ordan.

 

- Jurnalist işləmisiniz, çox adam tanımısınız. Qəhrəmanlarınızın prototipləri var idimi?

 

- Əvvəla, sənət əsəri, bədii əsər kiminsə fotokopiyası olmamalıdır. Hətta çalışmalısan ki, həyatda gördüyünü yox, onun nə nəticə verə biləcəyini də analiz edəsən. Heç vaxt elə şeylərə getməmişəm. Bu ədəbiyyatdır, bu oyuncaq deyil.

 

...Biz elə bir dövrə gəlib düşdük ki... Mənim bir əsərimdə soruşurlar ki, insanlar nə vaxt dəyişəcək, deyir, dünya dəyişəndə. Çünki ayrı-ayrılıqda adını çəksən də, dünyanı da, keçmişi də, gələcəyi də insan yaradır. Tarixi bilirsiniz, hansı ictimai inkişaf mərhələləri keçilib. Bu saat Avropanın hamısında sosializmdir. Amma onu şüara çevirmirlər. Sosializm həyat şəraitinin düzəlməsidir. Bunu bilə-bilə...

 

Biz kommunist partiyasının bayrağı altında Hitleri əzdik. Bu tarixdir. Doxsan neçənci il idi, Kommunist partiyasının ləğvi haqqında Mərkəzi Komitədə iclas keçirildi. Məni də təzəcə “Həyat” qəzetinə redaktor qoyublar. Cibimizdə də partiyanın bileti. İclas gedir. O adamlar ki, kommunist adı gələndə qalxıb əl çalırdılar, indi bu iclasda partiyanın əleyhinə kim danışır, ona əl çalırlar. Bir neçə adam danışdı, sonra Ziya Bünyadova söz verdilər. Ziya o birilər kimi danışmadı. Ziya kimi danışdı. Yerdən nazirlərdən biri-ikisi dedi ki, Ziya müəllim, deyəsən az qalır ki, ağlayasan. Dedi ki, mən ağlamıram. Mən kommunist biletini sizin kimi pulla almamışam. Mən Dnestr çayını qışda üzüb keçmişəm, qoşuna yol açmışam. Mən bileti atmayacam, saxlayacam. Tarixi qorumaq lazımdır. O zaman “Xalq” qəzetinə bu çıxışı verdim.

 

 

- Bəs necə reaksiyalar oldu? Axı xalq hərəkatının havası soyumayıb, şəhidlər var...

 

- Hamı çaş-baş qalmışdı. Hadisələr elə tez-tez dəyişirdi ki...

 

- Gözünüzün qarşısında quruluş, dövr dəyişib. Nə müşahidə edirsiniz, deqradasiya gedir ya...

 

- Deqradasiya deyəndə... Pulun yoxdursa, gücün yoxdur, başqa hava oxumalısan. Amma Marksın yazdığının əleyhinə getməyə heç Avropada düşünmürlər. Baxın, Lenini demirəm.

 

Bilirsiniz, birtərəfli yanaşmaq düz deyil. Həyata hərtərəfli, həyatın sanbalına uyğun yanaşmaq lazımdır. O adamlar ki, 90-cı ilə qədər tamam başqa adamlar idilər, indi qəfil dəyişdilər. Hər şey bir qırağa, o boyda, o ədalətdə müharibə olmayıb tarixdə. Mən o dövrü yaşamışam...

 

Küçə qonşumuz var idi. Müharibə vaxtı çörək kartla idi. Amma bu uşaq peçenye gətirirdi məktəbə. Yəni heç pis oğlan da deyildi. Velosipedi də var idi. Velosipedini bizə də verirdi sürməyə. Biz heç ona qədər velosiped minməmişdik. Sonralar o qonşumuzla rastlaşdım. Onun vəziyyəti yaxşı deyildi. Yəni, tamam təzad var idi. O peçenye yeyəndə qanqal yeyən mən, indi başqa adam kimi onun qarşısında idim... Ağır idi o günlər. Amma biz yaşadıq.

Allahın bir adı da haqdır. Neyləsən, Allahın adı yalan ola bilməz.

 

 

- Heç memuar yazırsınız?

 

- Düşünürəm yazmağı. İndi hələ bir dəfə də əməliyyata getməliyəm.

 

- Siz tarixi mövzuda əsərlər yazmısınız, “Bəy İnal” kimi.

 

- Hə, nəvəmin də adı İnaldır.

 

- Necə qarşılandı, senzura filan oldumu?

 

- Mən qəzetdə işləmişəm. Senzuranın nə olduğunu bilirəm.

 

- Yəni bilirdiniz nəyi yazmaq olar, nəyi yox?

 

- Yox ey, senzura bizdə o dəhşətdə olmayıb. Heç qəzetdə də. Düzünü deyirəm sizə. Elə dəhşətli senzura olmayıb.

 

- Müasir yazıçılardan kimləri oxuya bildiniz?

 

- İnan ki, özümün yaşadığım dövrdəki yazıçıların hamısının kitabı var. Oxumuşam da. Amma indi elə bir kitaba rast gəlmirəm axı. Kitab dükanı var ki? Kim çıxardı bu telefonu zadı? Kitabsız ölkə olar?

 

 

- Yaxşı, mən belə soruşum: oxuduğunuz ən cavan yazıçı kim oldu?

 

- Nə çətin sual verdiniz...

 

- Əfqan müəllim, necə düşünürsünüz, sizin yazıçı nəsli, ziyalı nəsli ədəbiyyat baxımdan, tarixi baxımdan öz üzərinə düşən missiyanı yerinə yetirdimi?

 

- Yetirənlər də oldu, yetirməyənlər də. Mənim ən sevdiyim şair Səməd Vurğundur. Onun elə məhəbbət şeirləri nəyə desən dəyər. Şairə, yazıçıya əvvəl imama, peyğəmbərə inanan kimi inanırlar. Bizə dünya yazıçılarının əsərləri, filmləri seçilib gəlirdi. Özü də ən yaxşıları seçilirdi.

 

- Son illərdə nə yazmısız?

 

- Budur, buradadır. Pyeslərdir: “Leyli və Məcnun” və “Lənət şeytana!”. Əsər nazirlikdə də əla qiymət alıb. Amma qaytarıblar, harasınısa dəyişməliyəm.

 

- Nədən bəhs edir bu pyes?

 

- İnsanın şeytana lənəti kimi məhəbbəti də var, ondan danışır. Baş rolda şeytandır, amma insan cildinə girmiş şeytan. Mərahim Fərzəlibəyova vermişdim. Onu da deyəsən işdən çıxarıblar.

 

- Bəs yazdıqlarınızı mətbuatda çap etdirirsinizmi?

 

- Çap belədir ki, indi gərək pul verəsən dərc etmək üçün. Şah Abbas haqqında bir roman yazmışam. Beş yüz vərəqlik romandır. Bir iki parçası orda burda çap olundu. Bir də məndən dissertasiya yazanda da yazıblar. Amma kitab kimi çap olunmayıb.  Bir də bu pyeslər.

 

- Kiminlə görürsünüz yazıçı dostlarınızdan?

 

- Nəriman Həsənzadə ilə görüşürük. Həm də qonşuyuq.

 

 

SİZİN REKLAM BURADA