EUR USD RUB

Ədəbiyyat

80 ilin Anarı - İradə Musayeva yazır...

  • 1430 dəfə
  • Tarix 14 Fevral 2018 / 17:30

 

Bilmirəm, məqaləmin adı niyə belə alındı? Amma lap qəflətən oldu...

 

80 yaş söhbəti nədənsə Anarın 23 yaşında, 1961-ci ildə yazdığı bir hekayəsinin süjetini yadıma saldı. Cavan bir qızın sevgisinə sığınan, bununla da arxada qalan gəncliyinin sanki parodiyasını yaşayan yaşlı bir adamı, “Taksi və vaxt” hekayəsinin baş qəhrəmanını xatırladım, elə bu il, bu ay, Anarın 80 yaşının tamam olması ərəfəsində... Bu yazımın böyük bir hissəsini illər öncə yazsam da çap etdirməmişdim. Bilmirəm, niyə, amma istəməmişdim... Anara münasibətim fərqlidir, gecə-gündüz öyənlər, ya da qaralayıb gözdən salmaq istəyənlərdən fərqli... Yazı boyu, ya da sonda lap dəqiq açıqlayacam səbəbini...

 

Anar “60-cılar nəsri” adlı ədəbiyyatın yaradıcılarından biridir. O nəsrin ki, bu gün kim nə desə də, deməsə də, sovet ədəbiyyatı və hətta bu günə qədərki müstəqillik illəri nəsrində o mərhələni əvəz edə biləcək və ya ondan irəli gedə biləcək ədəbi dövr yaranmadı. O nəsrin palitrası elə o ədəbiyyatın nasirlərinin ayrı-ayrılıqda xarakterik ədəbi portreti ilə səciyyələnmişdi. O nəsrin İ.Şıxlı ədəbi şəxsiyyəti, İ.Hüseynov kimi mistik-fantastik düşüncələr burulğanından cilalanmış ideyalar seli yaradıb onu fəlsəfi-bədii ampluada təqdim edə bilən filosof yazıçısı, yaşadığı cəmiyyətin “görünməz dalğa”larına baş vurub ictimai-siyasi, sosial problemləri cəmiyyət və fərd dramatizmində cəsarətlə və kəskin qələmlə, fərqli üslub və sənətkarlıq ustalığı göstərərək təqdim edən S.Əhmədlisi vardı. Yaradıcılıq kredosu, koloriti baxımından bir-birini qətiyyən təkrarlamayan digər nasirlər də vardı ki, bunların hər biri, əslində yeni, müstəqillik dövrü ədəbiyyatşünaslığında fərqli metodologiya, yanaşma üsulu ilə təzədən tədqiq olunmalıdır. 1960-70-ci illər nəsrinin (80-ci illər nəsrinin də bir çox nümayəndələrini bu ədəbi məktəbə aid etmək olar) yaradıcıları hələ də ədəbi-nəzəri və tarixi baxımdan  bizim ədəbiyyatşünaslığımız tərəfindən layiqli, obyektiv qiymətlərini almayıb. Təbliğat imkanı olan imtiyazlı ədəbi məmurlar haqqında həm daxildə, həm də xaricdə xeyli məqalələr, kitablar yazılıb, yazdırılıb.  Bütün bunlar  çox hallarda müəlliflərin şəxsi təşəbbüsü və marağı, eləcə də maddi imkanı ilə səciyyələnib. Və işin mahiyyətində subyektlər dayandığına görə yanaşma və qiymətləndirmələr də subyektiv olub. Lakin bu günün ədəbiyyatşünaslıq konsepsiyasında ədəbi zaman və ədəbi nəsillər  hələ də (30 ilə yaxın bir zamanda) sistemli, elmi-tənqidi arqumentlər kontekstində və dünya ədəbiyyatı ilə müqayisəli şəkildə araşdırılmayıb. M.İbrahimbəyov, R.İbrahimbəyov, Ç.Hüseynov, İ.Məlikzadə, Ə.Əylisli, Elçin, S.Azəri, A.Abdulla, K.Abdulla, A.Məsud, S.Səxavət, M.Süleymanlı, D.Nəsib, S.Alışarlı, S.Budaqlı, M.Oruc və daha başqa nasirlərdən gedir söhbət...

 

Amma bu yazıda obyekt və hədəf Anardır...

 

“Taksi və vaxt” hekayəsinin baş qəhrəmanının həyatında yaxşı nə varsa, hamısını, deyəsən, “yaxasında yaşıl düymə olan taksilər” aparır, sevdiyi qadınları belə... Taksi zaman maşınıdır hekayədə. Bu maşını hara istəsən sürdürmək olar, irəliyə-geriyə var-gəl etdirmək də, amma saxlamaq olmaz. Yanından siqnal verə-verə keçər, əl eləyərsən, gah görər, gah görməz, gah da içi dolu ötüb keçər, sənə o maşında yer olmaz...

 

Bu adamın xatirəsində bir küçə, bir tin, bir qadın və tərəddüd içərisində bir ömür boyu duruxub qalan özü var. “Küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir-bir ötürdü. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama-dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir-bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim?”

 

Qadına heç nə demir, taleyinin həlledici anında iki müxtəlif, amma eyni nəticəli cavabı olan sualı dilində donub qalır. O qadını sevdiyini desə nə ola bilər?

 

1. “Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olacağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb?

 

İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəçək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hiss-həyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı”.

 

2. “Bəs birdən... Birdən... Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: – Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra? Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı”.

 

Və elə həmin dəqiqədəcə taksi gəlir, qadın oturur, qapı örtülür… Sarsılsa da ağrının bitəcəyinə əminliyi onu ümidləndirir. Qardaşı öləndə elə bilmişdi ki, anası da dözməyib öləcək, amma elə olmadı.  12 il keçdi və ağrı da azaldı, indi anası deyir-gülür, zarafat edir…

 

Sonra bu tərəddüdlü adamın başqa bir halı ilə tanış oluruq və məlum olur ki, ağrılar unudulmur, sadəcə susdurulur. Əgər bir gün ona bənzər bir duruma düşərsənsə, təzələnəcək, yaraların qaysağı qopacaq…

 

Həyatının önəmli bir “taksisini” arxasınca əl eləyib, yola salıb… Və indi yaşlı bir adamdır, dostugildə deyib-gülür, söhbət edir. Yankı otaqda isə dostunun qızı Nərgiz görüşə hazırlaşır. Paltarın birini soyunur, o birisini geyinir, güzgülənir, bəzənir… Bütün bunları şüşəli qapıda əks olunan kölgədən hiss edir, açıqca görmür. Onun şüuraltına atılıb qalmış, baş tutmayan arzuları oyanır, hətta söhbət yarımçıq qalsa da, nişanlısının ad gününə tələsən Nərgizi taksi ilə ötürməyi öz boynuna götürür.

 

Hekayədə maraqlı ştrixlər var ki, mətnin məzmunu, ideyası üçün açar rolunu oynayır. Gənclik və gözəllik bahar ovqatlı, bahar rənglidir, lap baharda açılan Nərgiz gülü kimi və yaşıl rəngdə. Bu bircə çalar, rəng ən ciddi, ağır təbiətli insanı belə orbitindən çıxara bilir. “Mən paltomu geyinənəcən Nərgiz durna boylu güldandan seyrək–seyrək düzülmüş qırmızı gülləri uzun barmaqlarıyla yığırdı. Haradansa başıma qəribə bir sual-cavab gəldi. Guya məndən soruşurlar: “Həyatının ən xoş, ən gözəl, ən incə xatirəsi nədir? – Al qırmızı gülləri ağ güldandan yığan uzun barmaqlı bir qızın yaşıl paltarı…” Nərgizin yaşıl paltarı vardı. Nərgiz gülləri Asəfçün yığırdı. Asəf Nərgizin nişanlısı idi. Nərgiz Şəmsinin qızı idi. Şəmsi mənim dostum idi. Mən dedim: –Mən hazır…”

 

Yenə həmin mənzərə, yenə tin, gözləmə, susqunluq. Amma deyiləsi sözü yoxdur, o vaxt gündüz idi və yaz fəsliydi, indi isə tutqun, yağışlı bir axşamdır. Tin də o tin deyildi, küçə də, qadın da o qadın deyildi, amma hər iki tindəki qadınlar eyni yaşdadır – cavan... Özü isə qocalıb... “Nərgizlə mən tində dayanmışıq. Taksi gözləyirdik. Yağış yağırdı. Yadımdadır. Vaxtilə mən başqa bir tində, başqa bir qadınla dayanıb taksi gözləyirdim. Budur, yenə tin. Yenə mən. Yenə qadın. Yenə taksi. O gündən çox illər keçmişdir. O gündən çox taksilər getmişdir. Lakin neçin bu yağışlı axşam mənə o günəşli gündüzü xatırladır?”

 

Hekayədə gənclik və qocalıq yaş və ovqatla bağlı anlayış kimi mənalandırılmır. Əgər sən yaşaya biləcəyin xoşbəxtliyə toxunmağa belə qorxursansa, tərəddüd edib sonda daha da geri çəkilirsənsə, onda bütün xatirələr və keçmişin itkilər qəbiristanlığına çevrilir. Zamana güzəşt etmişdi, zaman atlı olmuşdu, o piyada, yaxınlaşmaq istədikcə uzaqlaşırdı… Nərgiz deyir ki, Asəfin ata-anasını tovlayıb evdən qaçırtmışıq, ancaq özümüz olacayıq. Yəni, cavanlar… Amma qız  bu yaşlı adamı nədənsə cavanların məclisinə dəvət etməyə tərəddüd etmir, o isə özünü o məclisdə artıq hesab etdiyi üçün  imtina edir...

 

Qız düşüb gedir, o isə öz yoluna davam edir. Taksi sürücüsü aman vermir öz sualları ilə, qızın kim olduğunu öyrənmək istəyir. Öyrənmək istəyir ki, bu gözəl qız bu yaşlı kişinin nəyidir? Arvadımı, nişanlısımı, yoxsa “elə-belə gəzdiyi” bir qadın?

 

O bütün suallara “yox” işarəsi ilə cavab verir. Sürücü isə “aydındır!” - deyir… Bu “aydındır” yəqinliyi onu daha da əsəbiləşdirir. Amma qəribə bir psixoloji hal yaşayır, şüuraltında sıxışdırıb bir küncə atdığı istəkləri canlanır: “Birdən mən istədim, yaman istədim, sürücüyə deyəm ki, bəli o qız nişanlımdır, bu yaxında isə arvadım olacaq. Bəli, biz evlənəcəyik. İstədim deyəm ki, bax, sən elə bilmə ki, biz bircə axşam, hətta bircə bu axşam bir–birimizdən ayrı dura bilərik. Yox, biz ayrılmadıq. Mən onu özgələrin yanında qoymadim. Onun axşamını, təbəssümünü, saçlarının iyini başqalarına vermədim. Yox, bu müvəqqətidir. Bilirsən, dostum, nə var, mən onu müvəqqəti olaraq ora – xalasıgiləmi bilmirəm, bibisigiləmi bilmirəm, apardım. Bir balaca işi var. Bir balaca işim var. Yarım saatdan sonra taksi tutub dalıycan gedəcəyəm, onu götürüb gətirəcəyəm”.

 

Amma yenə heç nə demir, maşın dayanır və o düşəsi olur. Taksiyə minmək və düşmək situasiyalarında hekayənin ideyası ilə səsləşən məna çalarları var. Sürücü “buyur, çatdıq” xəbərdarlığı edir. Amma o sanki taksidən düşməyə qorxur. Elə bilir ki, yenə səhv edə blər, düşsə, yenə bu uzaqlaşan taksi onun ümidlərini aparıb haradasa dəfn edəcək...

 

“–Ey, saxla, saxla, görüm ey! Taksi! Taksi elə bil diksinib dayandı. Çağırdım. Qayıtdı. Oturdum”.

 

Qayıdır Nərgizin düşdüyü yerə, qalxır həmin mənzilə, qapını döyür, qapını başqa qız açır. Görür ki, yaşıl paltarlı Nərgiz qədim bir rəqs havasının sədaları altında keçmiş zamanlardakı qadınları xatırladan əda və naz-qəmzə ilə oynayır. Yenə gəncliklə, bu günlə dünən, keçmiş və keçib getmişlər müqayisə olunur. Bəlkə də müqayisə olunmur, sadəcə hər iki dövrü - gənclik və qocalıq mərhələsini özündə birləşdirən, sanki improvizə edən bir adamın obrazında canlandırılır.

 

Yenə oxucu maraq içərisində qalır, o, içəri girəcəkmi? İçəri-izinə düşüb gəldiyi, əldən buraxmaq istəmədiyi gənclik sevdasını, sevgi və cavanlıq nostaljisinin heç olmasa həzzini yaşamağa cəsarəti çatacaqmı? Yenə olmur...

 

“Axı, sizə kim lazımdır?

– Heç kəs, – dedim. – Bağışlayın, yanılmışam, səhv gəlmişəm, azmışam.

– Aaa.

Axırıncı pilləni düşənəcən musiqi səsi aydın eşidilirdi. Yorğun ahəngli sərkərdan bir melodiya sanki öz aramını, sakitliyini, sonunu axtarırdı, tapa bilmirdi. Küçəyə çıxdım. Taksi getmişdi. Nə fərqi var! Piyada gedə bilərdim, ya da ayrı taksi tuta bilərdim. Bəlkə təsadüfən bayaqkı taksiyə rast gələ bilərdim...”

 

Anarın hekayələrində detallar, əşyalar və simvolların canlı obrazlar kimi dili,  spesifik xarakteri və portreti var. “Taksi və vaxt” hekayəsində mətnin kodu taksi cizgisi ilə çözülür, açılır. İnsanların qərarı yox, sanki taksinin marşrutu həll edir taleləri. Taksi durğunluq və hərəkətlilik, gəncliklə qocalıq arasındakı məsafəni zaman qanunları, zaman sürəti ilə ölçən meyardır. Taksi bir qadını onu sevən kişinin əlindən alıb aparır, sonra bu peşman olmuş adamın özünü başqa bir qadının yanına qaytarır, amma heç nə dəyişmir... Çünki şahmat formasında işarələnmiş bu taksinin özünü də Vaxt qovur, idarə edir...

 

“Asılqanda işləyən qadının söhbəti” hekayəsini yazanda isə Anarın 21 yaşı olub. 1959-cu il... Burada, bu balaca hekayədə obrazların taleyi haqqında bir sadə peşə sahibi - asılqanda işləyən qadın danışır. Əslində qadın ancaq və ancaq paltolardan bəhs edir. Lakin paltolar forma, geyim, insanın zahiri libası mənasından çıxır, hekayənin süjeti də, kompazisiyası da paltoların tarixçəsi ilə bağlıdır.

 

“İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto asırdım. Paltoların rəngi də yadımdadı. Arvad paltosu sarıydı, özü də çox əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə, nimdaş: qolu-zadı getmişdi. Mən burda işləyəndən bəri bu iki paltonu bir təhvil almışam, bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə elə düşürdü ki, işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay bala, ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o paltoları bir dəfə də ayrı asmadım. Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi paltosunun cibində təhvil alardım. Amma soyuq olanda o şərf arvad paltosunun üstündə gələrdi.”

 

Hekayəni nəql edən qadın yazıçı missiyasındadır, amma müəllif elə maraqlı kombinasiya qurub ki, monoloq şəklində, pıçıltı ilə söylənən hekayətin özündə belə süjetin detallarını müəyyənləşdirə bilirik. Bu qadının pıçapıçla danışdığı hadisənin ekspozisiyası, zavyazkası, kuliminasiyası, razvyazkası və finalı var...

 

Kuliminasiya nöqtəsi basabas olan gün, sarı paltonun qara palto ilə deyil, mixəyi palto ilə bir yerdə asılması məqamıdır. Bir dənə də mixəyi palto gələrmiş həmişə, təzə və bahalı, amma asılqan yeri yox imiş, nə qədər desə də, kişi paltoya asılqan ilgəyi tikdirməyibmiş. Axırda qadın özü tikir ilgəyi. Bu ştrix işarə verir ki, mixəyi paltonun sahibi tək yaşayırmış, ya boşanıb, ya arvadı ölüb, ya da heç evlənməmiş imiş... Amma bu mixəyi palto asılqan əhvalatı dramatizmində qaratikan rolu oynayır, iki doğma paltonu bir-birindən ayırır, sarı paltonu öz yanına çəkir. Bu hadisəyə o vaxtlar qadın çaş-baş qalmış, həyəcanlanmışdı, amma indi, bir neçə ildən  sonra bu olayı öz nisgili kimi yaşayır. “Nə isə, sözüm onda deyil... Günlərin bir günündə səhər işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir vermirdim nəyi hara asıram. Gücbəlayla çatdırırdım. Aralıq bir az sakitləşəndən sonra gördüm ki, balam, deyəsən sarı paltonu həmin o mixəyi paltoynan asmışam. Dedim, hə, yəqin çaş-baş salmışam. Qaranı mixəyinin yerinə asmışam. Getdim, baxdım, gördüm yox, qara palto heç yerli-dibli yoxdu. Səhərisi gün yenə belə, sarıynan mixəyini bir verdilər. Üç–dörd gün elə belə keçdi, bir gün gördüm, qara paltolu da gəlib öz paltosunu uzatdı. Tək verdi, mən də ayrı asdım. Neyləyəydim, a bala, ta bir yerə üç palto asa bilməzdim ki. O gün də yaxşı yadımdadı, bir az yağış yağmışdı. Yağış yağırdı deyəndə, heç ağıllı–başlı yağmırdı da, elə balaca çisələyirdi. Bütün paltolar azacıq islanmışdı, amma qara paltonu elə bil suya salıb çıxarmışdılar.”

 

Və final qara paltonun küskünlüyü, etiraz olaraq asılqanı birdəfəlik tərk edib çıxıb getməsi ilə nəticələnir. Qara paltonun gedişi də nəvazişli idi, sarı paltoya qarşı. Vaxtilə bərk soyuq olanda şərf sarı paltonun üstündə gələrdi, bu incə işarədən anlamışdıq ki, qara palto köhnə, nimdaş olsa da, sarı paltonu həmişə qoruyub, amma sarı palto ona xəyanət etdi... Özü də birdəfəlik, əbədi olaraq ondan ayrıldı, asılqanın başqa guşəsinə, mixəyi paltonun yanına  köçdü... Qara paltonun vida jesti də kədərlidir. “Bir müddət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda var: kim ki, hansı nömrəni verir elə həmin paltonu da alır. Lap istəyir atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto vermərəm. Həm də ki, özgəsininkini. Amma buna ürəyim gəlmədi. Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı, baxdı, baxdı... Sonra qaytardı. Çıxdı getdi. Bundan sonra bir də onu görmədim.”

 

Bu alleqorik hekayə də hesab edilə bilər. Baxmayaraq ki, fikirlər asılqanda işləyən qadının dilindən nəql olunur, əsərin qəhrəmanları isə - əşyalar, paltolardır...

 

“Ötən ilin son gecəsi” hekayəsini də ilk qələm təcrübəsi hesab etmək olar. Hekayədə, bir ailənin timsalında insanların get-gedə yadlaşması, bir-birindən uzaqlaşması reallığı tanış, hər kəsə doğma cizgilərlə təsvir edilir. Həmidə bu yadlaşmanı həzm edə bilmir. Qəbul etmək istəmir, səbəbləri anlayır, lakin böyük bir boşluğa addım atacaq adamın həyəcanını yaşayır. Ərinin ölümündən sonra ailənin bayramkeçirmə ənənəsində çat yaranır. Qadın sanki bir ocağın sönməsindən qorxurmuş kimi özünü fəda edir, lakin bağlar qırılıb, daha əvvəlki hərarəti, istiliyi, doğmalığı qaytarmaq mümkün deyil. Əri Qəzənfərin lent yazısında dediyi fikirlərdən sonra bu acı reallıqla barışası olur və hekayə bu cümlələrlə  bitir: “Həmidə xalanın ürəyində xoş bir hiss vardı. O, mizin üstünü yığışdırmadı. “Qoy dursun. Uşaqlar da gəlib görsün”, – deyə düşündü. Sonra kedib balaca Vaqifin yanına girdi, onun şəvə kimi qara saçlarını sığallayıb alnından öpdü və şirin, rahat, arxayın bir yuxuya getdi”. Nəvə ilə həyat başdan başlanacaq-mənası hekayədəki üzücü kədəri dağıdır...

 

Anar 1988-ci ilin noyabr ayında Vaqif Cəbrayılzadəyə məktub yazır. Məktubuna ad da qoyur: “58-ci ilin üç sandıq hekayəsi”... Məktubda o zamanlar çap olunmayan, redaksiyalardan qaytarılan hekayələrdən (“Nisbət nəzəriyyəsi”, “İztirabın vicdanı” və “Ürəyim ağrayır”) bəhs edirdi. Ə.Məmmədxanlı hətta “İztirabın vicdanı” hekayəsinin son vərəqinə “At peçə!” – cümləsini yazmışdı...   “Bəzən bizim Azərbaycan yazıçılarını qınayırlar ki, necə olub hamınız nə yazıbsınızsa hamısını çap etmisiniz? Rus yazıçıları kimi sizin də o dövrlər nəşr oluna bilməyəcək və yalnız indi üzə çıxarıla biləcək əsərləriniz yoxdurmu? Ədəbi “sandığımdan” çıxarıb çapa verdiyim bu üç hekayə həmin suala – irada cavab deyilsə də, hər halda Stalin dövründən sonra ədəbiyyata gələn gənclərin o vaxtkı duyğu, düşüncələrini az, ya çox dərəcədə əks etdirən sənəddir, zamanın sənədi və buna görə də bəlkə müəyyən marağa səbəb olar. Durğunluq dövründə mənəvi həyatımızın başı pambıqla kəsilənəcən belə mövzular düşündürürdü bizi, Vaqif. Vur-tut iyirmi yaşımız vardı axı...”

 

Həmin hekayələri oxudum. Çox maraqlı məqamlar, bədii nəsr özəllikləri kimi qeyd oluna biləcək fraqmentlər də vardı, patetika, publisistik əsəb, bəzən obraz həyəcanının yazıçı təhkiyəsinə qarışan yersiz emosionallığı da... Amma ilk qələm təcrübəsi olsa belə, hekayə demək olmazdı bu mətnlərə.

 

“–Yox. Mən daha kəskin deyirəm. Bütün zavodları saxlayın! İnsanlar, ay insanlar, axı neçin bu cavan oğlanın kefi yoxdur? Adamlar, yoldaşlarım, eldaşlarım, axı bu hər şeydən vacibdir. Bax bu gəncin, sənin, mənim, bizim, insanların kefi, əhvalı, fikirləri, hissləri, ürəyinin döyüntüsü bizə verilmiş bu balaca tənha planetdə ən vacib, ən ümdə şeydir, hər şeydən, hər işdən vacib, gərəkli, lazımlı bir işdir. Bir zavodu partlatmaq olmaz. Amma yüz min adamın ruhunu və cismini məlum binaların qara padvallarında boğmaq, bədənlərini mənliklərini tapdalamaq olar? Neçin? Məgər bizim quruluş dünyanın ən adil, ən gözəl, ən təmiz və müqəddəs quruluşu deyilmi? –Bunlar keçib getmişdir. Bunları unutmaq lazımdır, – dedim. – Bu yaralar nə qədər tez sağalsa o qədər yaxşıdır. –Yox, – o elə bərkdən qışqırdı ki, mən diksindim – olmaz! Bunlar unudulmamalıdır. Biz bunları heç vaxt unuda bilmərik. Unutqanlıq – cinayətkarlıq olardı. İztirabın vicdanı bütün yaraları bağlanmışların yaralarını qanatmalı, yaralar qövr etməlidir”.  (“İztirabın vicdanı”)

 

Bu mətndə hiss olunur ki, bəraət illərinin nisbi azadlıq havasının və müəllifin yaddaşına çökmüş, o yaşa qədər ailəsində repressiya dəhşətlərini gözləri ilə görən valideynlərinin danışdığı hadisələrin təsiri var. Lakin həcm etibarı ilə çox böyük olan “Vicdanın iztirabı”, sadəcə tribun bir ritorika, pafos və ittiham məruzəsi idi. Müəllif onu həyəcanlandıran, incidən, narahat edən repressiya mövzusunu hekayələşdirə bilməmişdi.

 

Və hekayə bu cümlələrlə bitir: “–Elə cavabsız suallar var ki, – dedim – onlara cavab axtarmaq lazım deyil. Gələcəyə, ləkəsiz gələcəyə, qoy olsun, siz dediyiniz kimi iztirabın vicdanıyla dağlanmış, lakin daxilən bütöv, yarasız və sağlam gələcəyə, yer üzündə insanlığın qələbəsinə inanmaq lazımdır. Onun haçan və necə getdiyini duymadım. Bir də başımı qaldırıb qarşımdakı stulu boş gördüm. Mən onu yuxu, xəyal bilərdim, amma külqabı dolu idi, papiros tüstüsü də açıq pəncərədən yavaş-yavaş uçub gedirdi. Otaqda bir mən, bir də məni dağlayan iztirabın vicdanı qalmışdı.”

 

Ümumiyyətlə,  Anarın 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində yazdığı hekayələrin bir çoxunda bu cür bədiilikdən çıxıb publisistik intonasiya ilə mətni quru, qeyri-ədəbi ampluaya gətirmək problemi olub. Və maraqlıdır ki, məsələn, “Qaragilə” hekayəsi ilə tutaq ki, “Mən, sən, o, və telefon” hekayəsini eyni zamanda yazan adamın üslubundakı səriştə və səriştəsizlik absurdluğu açıqca görünür.

 

“Qurban, Hüseyn, Əyyub mübarizə yolunu seçdilər. Bu yol Qurbanı və Hüseyni dar ağacına gətirdi, Əyyub isə... On dörd il idi ki, Kazım Əyyubun aqibətindən xəbərsizdi. Ümid güzgüsünün hifz olunmuş parçasında o, tez-tez Əyyubun əksini görürdü. Bəli, Əyyub sağ qalmışdı. Amansız qisasın cəllad əli ona dəyməmişdi”. (“Qaragilə”) Və ya: “Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq. Biz böyüyəndə bildik ki, bu qara il olub, xalq yaddaşında qorxu, nigarançılıq ili kimi qalıb. Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir. Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il”. (“Gecənin səhəri”)

 

“Gecə yarısında hadisə”adlı sənədli  hekayəsi 40 səhifə yer alıb seçilmiş əsərlərinin I cildində. Amma hekayə “60-cı illərin hekayələri” bölməsinə salınsa da, 1974-cü ildə yazıldığı qeyd olunub sonda. Onu da əlavə edim ki, Rahid Ulusel elə həmin kitaba yazdığı “ön söz”də bu əsəri “sənədli povest” adı ilə təqdim edir. “1974-cü ildə “Bakı” axşam qəzetində “Gecə yarısında hadisə” sənədli povesti hissə-hissə çap edildikcə bütün Bakı o qəzetin hər sayını arayıb axtarır, oxuyurdu”.

 

Ardı var

 

12.02.2018

 

 

SİZİN REKLAM BURADA