EUR 1.9745 USD 1.7 RUB 0.0267

Ədəbiyyat

Gülrux Əlibəyli: “Zeynəb Xanlarova bütün yaxşılıqlarımı unutdu”

  • 3566 dəfə
  • Tarix 15 Fevral 2018 / 21:00

Bu gün ədəbiyyatşünas alim, professor Gülrux Əlibəylinin anım gündür. Kulis.az bu münasibətlə onun 2015-ci ildə APA-ya verdiyi müsahibəni təqdim edir.

 

- Gülrux xanım, 87 yaşınız tamam oldu. Maşallah, səhhətiniz pis deyil, özünüzü gümrah hiss edirsiniz...

 

- Səhhət belədir də, oğlum, mən hələ bilmirəm ki, bu qədər yaşım var. Bu illər nə tez gəlib keçdi. İstəyirəm, yaşım az olsun, yenə yazım, kitablarım çap olunsun.

 

- İllər tez gəlib keçibsə, deməli, yaxşı yaşamısınız...

 

- Hə, görünür, elədir. Mən yaxşı yaşamışam, nə istəmişəm, eləmişəm, nə istəmişəm, yazmışam. 20 kitabın, 500 essenin müəllifiyəm. 80-ci illərdən etibarən idmanla məşğul olmağa başladım. Evdə qaçırdım, soyuq su ilə müalicə alırdım. Bütün bunları “Zaman və özüm haqqında” kitabımda yazmışam. O kitabı 1976-cı ildə yazmışam, amma kitab indi-indi populyarlıq qazanıb. Xaricilər o kitabı oxuyub haqqımda çox yaxşı fikirlər söyləyiblər. Üzr istəyirəm, mən özünü tərifləyən adamlardan deyiləm, sadəcə, yeri gəldi, dedim.

 

- Siz də tərifi sevməyən adamlardansınız?

 

- Bilirsiniz, vaxtilə məni çox az tərifləyiblər. Çünki mən bir növ kənar adam idim, qəbul etmək istəmirdilər. Leninqrad, Moskvada təhsil, başqa şəhərlərə səfərlər və s. Təhsil alandan sonra Moskvada yaşaya bilərdim, amma Azərbaycanı dəlicəsinə sevirəm. Elə bu sevgiyə görə sonralar da heç yerə getmədim. Məsələn, qızım İngiltərəyə gedəndə, onun yanına köçə bilərdim, amma Bakıda yaşamaq mənə daha xoşdur. Məni narahat edən bütün məsələlər haqqında mövqeyimi həmişə bildirmişəm. Qəzetlərdə məqalələr yazmışam, çıxışlarımda, müsahibələrimdə haqq bildiyim sözü həmişə demişəm. Ona görə də bəzi adamların məndən xoşu gəlmir, incidilmişəm, məni kənarda saxlamağa çalışıblar.

 

- Sizdən xoşu gəlməyən adamlar kimlərdir?

 

- Mədəniyyət nazirinin müavini işləyəndə indiki adamların çoxuna kömək etmişəm, amma bu yaşda çətin yaşadığım halda mənə təqaüd vermirlər. Aylıq min manat təqaüd gördüyüm işlərə görə haqqımdır. Maddi vəziyyətim son dərəcə ağırdır, evin vəziyyətinə baxın, təmir etdirməyə imkanım yoxdur. İndi tanıdığınız məşhur adamların çoxuna elmi işlərində, maaşlarının artırılmasında, səhnəyə çıxmasında kömək etmişəm. Zeynəb Xanlarovanı səhnəyə güclə çıxarırdım ki, sən oxumalısan, səhnədə olmalısan. Bir də görürdün, ətir, ya başqa hədiyyələr gətirirdi, geri qaytarırdım. Deyirdi, Gülrux xanım, vallah, qəribə adamsınız, mən hədiyyəni verəndə götürərdiniz, sonra atardınız zibil qabına (Gülür). Sonralar belə yaxşılıqları yaddan çıxardı, bir dəfə də zəng etmədi. Zeynəb Xanlarova deyirdi ki, həyatda üç nəfərə and içərəm: anama, Ələkbər Tağıyeva, bir də Gülrux xanıma. Nə isə, belə şeylərdən danışmayaq.

 

- Mədəniyyət nazirinin müavini vəzifəsində niyə getdiniz?

 

- Ora mənim yerim deyildi. Xəbərçilikdən, intriqalardan yorulmuşdum. Qara Qarayevlə Niyazi arasında konflikt var idi, Qarayevi incidirdilər. Daha doğrusu, Niyazi və onun ətrafında olan adamlar, məsələn, Arif Məlikov Qara Qarayevi incidirdi. Sevinirəm ki, nazir müavini olduğum dövrdə Azərbaycan mədəniyyətinə həqiqi mənada xidmət etmişəm. Məsələn, Kukla Teatrının yaradılmasında axıra qədər iştirak etmişəm, Gənc Tamaşaçılar Teatrında çalışan aktyorların əmək haqlarının artırılmasına səbəbkar olmuşam. Katibin yanında birbaşa dedim ki, 40 manata teatrda işləmək olmaz, onların maaşları qalxmalıdır. Özüm üçün heç nə eləmədim, təsəvvür edin, müavin idim, amma nəmişlik evdə yaşayırdım. Bizə qonaqlar gəlmişdilər, vəziyyətimizi görüb yuxarıdan tələb etdilər ki, adam belə vəziyyətdə yaşaya bilməz. Sonralar Heydər Əliyev və Tofiq Quliyev daxil olmaqla, beş nəfərin köməkliyi ilə bu evi mənə verdilər.

 

- Sizin nazir müavini təyin olunmağınızın maraqlı tarixçəsi var...

 

- (Gülür) Hə, çox maraqlıdır. Moskvadan təzə gəlmişdim, indiki Bakı Dövlət Universitetində estetikadan dərs deyirdim. Bir də gördüm, qapı açıldı, beş nəfər adam girdi auditoriyaya. Dərsə necə qapılmışdımsa, gələnlərə heç fikir vermədim, dərsə davam elədim. Axıra qədər mənə qulaq asdılar, bir kəlmə heç nə demədilər. Səhəri bizim kafedramızda bir oğlan var idi, gəldi evə ki, Gülrux xanım, sabah saat 11-də Mərkəzi Komitədə olmalısınız. Dedim, vəssalam, işim bitdi. Öz-özümə fikirləşirdim ki, görəsən, dərsdə nə danışmışam ki, Mərkəzi Komitəyə çağırırlar? Nə isə, getdim və məlum oldu ki, mənə vəzifə vermək istəyirlər. İki azyaşlı uşağım var idi, dedim, mən bu vəzifənin öhdəsindən gələ bilmərəm. Amma Mərkəzi Komitənin dediyi müzakirə olunmurdu, ona görə razılaşdım. Sonralar, dediyim kimi, intriqalar başladı, söz-söhbət, xəbərçilik, ona görə uzaqlaşdım. Qara Qarayev mənim doğma əmim oğludur. Niyazi deyirdi, o fırıldaqçı qadın qohumu olduğuna görə Qarayevi müdafiə edir.

 

- Ad gününüzdə kimlər sizi təbrik etdi?

 

- Təbrik edənlərin çoxu qadınlardır. Mən yatmışdım, çoxuna evdəkilər cavab veriblər. Elmira Axundova zəng etdi, təbrik elədi, xoş sözlər dedi.

 

- Dediniz, sizi kənar adam hesab edib qəbul etmək istəmirdilər...

 

- Dedi-qodu, bir-birinin ayağından çəkmək elə ədəbiyyat sahəsində də var idi. Səməd Vurğunun tərəfdarları ilə Rəsul Rzanın tərəfdarları yola getmirdilər, amansız mübarizə aparırdılar. Məsələn, Kamal Talıbzadə məni incidirdi ki, niyə Səməd Vurğun haqqında yox, Rəsul Rza haqqında yazırsan. Haqqı inkar edən adamlar indi də var. Məsələn, mənim Azərbaycana zərrə qədər təsirim olsaydı, dəstəbaz adamları qapının kandarından da içəri buraxmazdım. Sözümü dediyimə görə həmişə məni sıxışdırıblar. Məsələn, Stalinin şəxsiyyətinə pərəstiş zamanında iş yoldaşlarım dedi ki, hamının səhvi var, Stalindən başqa. Etiraz etdim ki, Stalinin də səhvi ola bilər. Bu sözə görə başım xeyli bəlalar çəkdi.

 

- Ədəbiyyatçı dostlarınız kimlər olub?

 

- Ən böyük dostum Məmməd Arif Dadaşzadə olub. Elmi işimin müdafiəsi ərəfəsində mənə mane olmaq istəyən adamlar var idi, amma Məmməd Arif həmişə məni müdafiə edirdi ki, ona toxunmayın. Məmməd Arifin uşaqları ilə indi də ailəvi dostuq, gəlib-gedirlər. Uzaqdan-uzağa, necə deyərlər, şifahi yoldaşlığım Yaşar Qarayevlə, Məmməd Cəfər Cəfərovla idi. Amma onlar cılız adamlar idilər. Məsələn, Yaşar Qarayevə deyirdim ki, elmi işi redaktə edə bilərsiniz? Deyirdi, əlbəttə, edərəm, amma əvəzində mənə 200 manat verməlisən. Hətta evə zəng edib deyirdi ki, hə, pulu aldım.

 

- Gülrux xanım, insanlara münasibətdə sizə elə gəlmir ki, şəxsi münasibətlərdən doğan subyektiv fikirlər deyirsiniz? Məsələn, təqaüd məsələsində Nizami Cəfərovun səlahiyyəti yoxdur, bu iş Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədir...

 

- Anar mənim adımı üç dəfə təqaüd üçün yazıb göndərib, amma baxmayıblar. Yoldaşları ilə söhbət edəndə Nizami Cəfərova deyiblər ki, Gülrux xanım niyə təqaüd almır, o da qayıdıb deyib ki, Gülrux Əlibəyli Azərbaycan ədəbiyyatı üçün nə edib axı? Bir məqalə Rəsul Rza haqqında yazıb, bir məqalə də Anar. Ədəbiyyatçının belə münasibəti olar? Bu məsələyə görə heç vaxt heç kimə ağız açmaram. Acından da ölsəm, müraciət etmərəm ki, mənə təqaüd verin.

 

- Siz vaxtilə Azərbaycan yazıçıları haqqında tənqidi məqalələr də yazmısınız. Hansı yazıçıları qiymətləndirirsiniz?

 

- Çətin sualdır. Mən Anarı sırf yazıçı kimi yox, daha çox publisist kimi sevirəm. Anar Azərbaycan dilində çox gözəl yazır. Məsələn, onun Dədə Qorqud haqqında yazdığını kim yaza bilər? Yaxud Elçin Əfəndiyev. Onun üslubu, dili maraqlıdır, yaxşı yazıçı ola bilərdi, bilmirəm, Anar kimi vəzifəyə niyə bu qədər meyllidir. Məsələn, mən Çingiz Abdullayevi qətiyyən yazıçı hesab etmirəm. İsmayıl Şıxlını, Yusif Səmədoğlunu qiymətləndirirəm. İsa Hüseynovun yaradıcılığını, özünü çox sevirəm. O da məni qiymətləndirirdi, sevirdi. Bəzən İsa ilə mübahisələrimiz olurdu, amma bilirdi ki, onu qiymətləndirirəm, razılaşmadığım şeyləri sevdiyimdən deyirəm. Afaq Məsud yaxşı, istedadlı yazıçıdır, ağıllı qadındır. Mənə kitabını bağışlamışdı, gördüm, bəzi ifadələrdə daxili senzurası yoxdur.

 

- Sizcə, indiki dövrün nəsrində hansısa ifadə ilə bağlı daxili senzuranın olub-olmamasını müzakirə etmək olar?

 

- Əlbəttə, olar! Həmin ifadələr mətnə və hadisəyə uyğun olmalıdır. Yəni kontekst bunu tələb etməlidir.

 

- Bəs dünya ədəbiyyatından soruşsam, kimlərin adını çəkərsiniz?

 

- Dünya ədəbiyyatından ləzzətlə oxuduğum o qədər yazıçı var ki. Yadıma sala bilmirəm, “İtirilmiş zamanın axtarışında” romanını kim yazıb?

 

- Marsel Prust...

 

- Hə, bax, o romanı ləzzətlə, sevə-sevə oxumuşam. Tomas Mannı, Dostoyevskini sevirəm. İsa Hüseynovla İsmayıl Şıxlı Dostoyevskiyə görə dava edirdilər. Az qalırdı bir-birini vursunlar (Gülür). İsa əsəbindən öz başına vurub İsmayıla dedi ki, sən Dostoyevski haqqında niyə pis danışırsan?! İsanın həyat yoldaşı yaradıcılıq evində mənə dedi ki, Gülrux xanım, bəsdir də, bunlar gecə Dostoyevskiyə görə dava edirlər.

 

SİZİN REKLAM BURADA