EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Sevmədiyinə sayğı göstərmək...Şölət Zeynalov yazır

  • 837 dəfə
  • Tarix 15 Fevral 2018 / 12:58

 

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Düşüncələr, rəylər” yazısını təqdim edir.

 

 

İnkar o vaxt pozitiv olur ki, fikir özündən əvvəlkini dialektik şəkildə inkar edərək, daha yenisini təqdim edir. Din məsələsi bizim qaldıra bilməyəcəyimiz nəhəng hadisədir.  Tərəzi ədalətdir, ehkam və qanundur. O, buğdanı da, qızılıda, peyini də, çamuru da eyni daşla çəkməyə borcludur. Yaxud məhkumdur.

 

***

Daxilinizdəki nuru arayın. O, bizi gözləyir. Mədə kimi qafaya da “həzm” edə bilməyəcəklərini verəndə, bədən itirir. Qəbul edirik ki, indi bir çox sahələrdə postmodern anlayışı dəbdə olsa da “.. izim”ləşmiş və daşlaşmış bəzi doqmalardan qaçmaq da asan məsələ deyil. Ona görə sözün də, elmin də, fəlsəfənin də, hətta imanın da tətbiqi və ya təbliği elə üsullarla olmalıdır ki, o əks bir effektə çevrilməsin. Ağız təkcə danışmaq üçün deyil, amma bu həm də ifadə etmək üsulu olan ən vacib bir orqanı - dilimizi özündə qoruyur. Dilimiz isə sözün həqiqi mənasında həm də bizim kimliyimizi göstərir. Pessimist olmayaq, hər şey özümüzdən, dilimizdən, başqalarına münasibətlərimizdən və s. asılıdır. Dioloji şüur hər kəsin həyat yoluna, yaşayış normasına çevrilərsə, hər birimiz güclü olarıq. Hər bir cəmiyyətin uğuru isə fərdlərin uğurlarının cəmidir. Sevgi paylandıqca ruh yeniləşər, nifrət artdıqca insan heçləşər. Daxilimizdəki qaranlıq və nur bizim istinad edəcəyimiz əbədi meyarlardır. Hər kəs oradadır və oradan doğur.

 

***

Əsl sevginin kölgəsi olmur - Günəş kimi.

 

***

 

Müasir insanın mənəvi durumu

(nihilizm)

 

Məndən soruşsaydılar ki, müasirlər içində ən böyük müqəddəsi kimdir, birincilərin arasında F. Nitsşenin adını çəkərdim. Əgər yenə soruşsaydılar: başqa müqəddəs kimdir? Yenə də Nitsşenin adını çəkərdim. Hansı ki, onu bir çoxları Qərbdə “dəccal” adlandırırdı. Bəs onda dəccal kimdir, soruşsaydılar, deyərdim: İnsan qanı axıdan, özlərini mələk qismində insanlığa sırımış həqiqi və mənəvi demonlar. Əgər yenə soruşsaydılar: biz insan olaraq indi tarixin harasındayıq? Təkərinin altında - deyərdim. Desəydilər: mənəvi durumumuz nədir? Deyərdim: təkərin altında ölən soxulcan kimi yapışaraq hərəkəti zənn edən durumda.

 

***

Yorulmuşam hər şeydən. İnsan olmaqdan yorulmuşam. İstəyirəm, hərdən yağış olum, yağım, yağım, yuyum hər pislikləri bu dünyadan. Aparım özümlə dəryaların dərinliklərinə. Ancaq nə faydası? Nə qədər yağsam da, haçansa dayanmaq məcburiyyətində olacağam. Deməli, vücudu yumaq yetərli deyil. Dayanan kimi yenidən günəş doğacaq. Gözəlliklərlə bərabər pisliklər də yenidən bitəcək.

 

Bəs nə olmaq lazımdır? Bəlkə göz yaşı olum? Məncə, pis deyil. Lakin zəiflik mənlik deyil. Çünki göz yaşı əksərən xaricə axdığından, onda azacıq spekulyasiya var. Yox, göz yaşı olmağa dəyər, ancaq, o yanağa deyil, ürəklərə, vicdana, mənlik və şərəfə, haqq yoluna, daxildəki Allaha doğru axarsa, göz yaşı olmağa dəyər! Yağış təbiətdən, daxili göz yaşları isə Allahdandır. 

 

***

Dili zənginləşdirən bir sıra fundamental amillər var. Şablonçuluğa meyl edən mühit yaradıcı dil yaratmaqda uğur qazana bilmir. Dil geniş mənada həyatın bütün sahələrindən qaynaqlandığı üçün etnosun, xalqın təfəkkür tutumunun səviyyəsindən, onun tarixi yolundan, həyat sferasının yaratdıqlarından əmələ gələn özünü ifadədir.

 

Zəngin dil intellektual, yaradıcı və özünü sərbəst ifadə edən cəmiyyətlərin müxtəlif kilidləri aça bilən sehrli açarı deməkdir. O hətta insanların kütləvi xarakterini belə formalaşdıra bilir. Alınma sözdən qorxmaq lazım deyil. Əsas odur, onu ifadə edərkən məna tutumunu anlaya biləsən. Özününküləşdirməyi bacarasan. Müasir dünya texnogenləşdikcə dilin ruhi mənada ehtiva səviyyəsi kobudlaşmaqdadır. Onun qarşısına yalnız analitik təfəkkürlü, sintez bacarıqlı yaradıcılar nə isə qoya bilər.

 

***

 

Ömrü yarımçıq qalan Zərdüşt Şəfizadənin xatirəsinə

 

O dəhşətli xəbəri eşidən kimi xəyalım məni Zərdüştlə tanış olduğum günə apardı. Sadə bir masa arxasında əyləşmişdik. Orada Əsəd Cahangir, Səlim Babullaoğlu, Qismət, Cavid Zeynallı, Zərdüşt var idi. Məndən başqa hamı bir-birini yaxşı tanıyırdı. Həmin gün Zərdüştü “kəşf” etdim. Və ulu Zərdüştlə çağdaş Zərdüşt arasında sanki oxşarlıq axtardım. İkinci dəfə Cavidin toyunda gördüm. Yenə o mələk siması... Bir neçə dəqiqə söhbət etdik. Anladım ki, məhz biz belə insanları sevməli, qiymətləndirməliyik. Sonuncu “görüşümüz” virtual oldu. Qəhər məni boğdu. Bunları niyə yazdım? Bilmirəm. Mənə elə gəlir, Zərdüşt nəinki ədəbiyyata və oxucularına, bəşəriyyətə hayqıraraq demək istəyirdi:  düz yola qayıdın, düz yola...

 

* * *

Məncə, şəhər mədəniyyətinin bir çox vacib atributları var ki, onlara əməl etmədən bu mədəniyyəti formalaşdırmaq olmaz. Məsələn:

- Axırıncı kimdir, ah bağışlayın, sizdən sonra mənəm... və s.

Qalstukda, dəbli geyimdə, qısa yubkada, lap tumanda gəzsən belə, daxildə və ruhda mədəniyyət yoxdursa, bu öküzün makiyaj çəkməsindən başqa bir şey deyil.

 

***

Sevmədiyinə sayğı göstərmək böyüklük, həqarət etmək kiçiklik əlamətidir.

 

***

Məyus olmağa dəyməz, həyat sevgi və mərhəmət notlarıyla doludur. Səylə çalışıb axtararsansa, mütləq orada bir gün Motsart və ya Bethovenlə rastlaşacaqsan.

Deməli, nikbinlik bütün qapıların açarı olmasa da, onun aça bilmədiyi qapıları barmaqla saymaq olar. Və nikbin həmişə özünü başqalarında axtaran xoşbəxtdir.

 

***

Şah İsmayılın ideolojisi böyük bir dövlətin coğrafiyasını ortaya qoydu. Həzm edə bilməyənlər 300 ildir onun dəyərlərini məhv etməklə məşğul ikən, farsizm anti obrazda onu elə azərilərə qarşı yönəltməyi bacardı. Şiəlik olmasaydı, narahat olmağa dəyməz, başqa bir "xoxan" düşünülüb tapılacaqdı. O ki qaldı vay-şivən salan, baş yaran və özünü qana bulayanlara... heç olmasa, o xurafatçılar özlərini qətlə yetirirlər. Başqaları "sivillik" pərdəsi altında dünyanı sivilcəsinə paza keçirirlər.

 

***

Dövlət nədir? onun tarixi mahiyyəti, coğrafiyası şüurları formalaşdıran qlobal mədəni inkişafı təkcə bir bucaqdan, yaxud sektaçılıqdan dəyərləndirilə bilməz. XV-XIX yüzillər Azərbaycan tarixinin ən ziddiyyətli və maraqlı dövrlərindən biri kimi hermenevtik və bir sıra metodlarla yenidən tədqiq olunmalıdır. Tariximizə uzanan qara fikirlərə haqq qazandırıb bu gün dövlətin imtiyazlarından istifadə edənlər anlamalıdırlar ki, müəyyən zaman keçəndən sonra həmin "züypərəstlər" bu günümüzə də qarayaxmalarla məşğul olacaqlar.

 

***

 

P.S. Məncə, tarixin istənilən qatında alternativ fikirlər bu və ya digər şəkildə mövcud olub. Və hansısa neqativ bir fikri fövqəl-hadisə kimi bu gün qabartmaq insanları ideyasızlığa sürüməkdən başqa bir şey deyil.

 

***

“Problem yoxdu...”

 

"Problem yoxdu" sözü aşağıdan tutmuş ta ziyalı və məmurlara qədər hamının dilində elə bil problemsizliyə ekvivalent kimi bitib. Deməli, hər yerdə problemin çoxluğu onu inkar etməyə və "çulumuzu sudan" çıxarmağa, imitasiyaya vadar edir. Mənsə belə deyərdim: azad və xoşbəxt olmaq istəyirsənsə, insan olmağını unutmalısan. İnsan olmaq istəyən heç vaxt azad və xoşbəxt ola bilmir.

 

***

Hər gün at belində gəzsən, sənə xudbin deyərlər. Arada ulaqla gəzmək lazımdır ki, sadəliyin ilə könülləri “fəth” edəsən.

 

***

Dünyada bəzi xalqlar özünü yarada bilmir, onlar həmişə başqalarının əzəmətini, mədəniyyətini, tarixi və s. abidələrini özününküləşdirir. Məsələn, ermənilər...

Türk etnosunun əzəməti ondadır ki, onların qurduqları nə dövlətlər, nə də imperiyalar heç zaman mono-etnik olmamışdır. Həmin dövlətlərdə hər bir etnos, etnik qruplar və b. xalqlar özlərini həm ifadə etmişlər, həm də həmin dövlətin əsl vətəndaşı kimi onlarla bərabər bütün imtiyazlarda eyniyyət təşkil etmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi bir daha buna sübutdur.  

 

 

SİZİN REKLAM BURADA