EUR USD RUB

Ədəbiyyat

Bütün şeirlərində yalnız Allahla dərdləşən şair

  • 972 dəfə
  • Tarix 12 Mart 2018 / 11:39

 

Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısının altıncı hissəsini təqdim edir.

 

əvvəli burda

 

“Şəffaf balıq” poeması...

 

1965-ci ildə, 26 yaşında ikən yazdığı “Şəffaf balıq” poemasında müəllif ümid fəlsəfəsinin hər üzünü açmış, bu haqda bitkin, məntiqi fikir söyləməyə nail olmuşdur. Poemanın ideya-bədii sistemində lakonizm, mühakimə ardıcıllığı, davamlılığı xüsusilə diqqəti çəkir. “Mən burdayam, İlahi...” kitabında 1963-cü ildən 1996-cı ilə qədər yazılan şeirlər xronoloji ardıcıllıqla tərtib olunub. Poema kitabın sonunda verilib. Mütaliə prosesində 1996-cı ildə yazılmış şeirlərdən ayrılıb, 31 il əvvələ qayıdırıq. Məntiqi cəhətdən isə “Şəffaf balıq” qayıdış yox, nəticə kimi qəbul olunur.

 

Taxta nişanlara atılarkən

bir gün sinəmə gələcək güllə.

Ürəyimin infarktı

yolda ikən hələ,

dənizə gəldim.

 

Poemanı mərhələlərə bölmək və bu istiqamətdə təhlil aparmaq istəyirik. Birinci mərhələ-gedişdi. Dünyanı bütün varlığı ilə dərk edən bir adamın yaşadığı boz, sönük, bayağı bir aləmdən –“Evlərin, divarların, rəngi solmuş qapıların qoxusu”ndan, “gecələrin tənhalığından”, “Bakı divarlarının ilıq kölgələri”ndən, “Bakı koridorlarının addımlarla dolu sirri”ndən, “açıq pəncərələrin maqnitofon səsi xoşbəxtliyindən”, “yeni binaların ev-ocaq ola bilməyəcək axtalığından” uzaqlaşmaq, ümidinə sığınıb təmizliyə, genişliyə doğru irəliləməsi, gedişidir.

 

Dənizə toxunub, qayaya dəymiş güllə kimi

kənara sıçradı

günlərimin qurğuşun ağırlığı.

 

Düşünürsən ki, tilsim sındı, qurğuşun ağırlıqlı – əzablı günlərə son qoyuldu. İndi qarşıda geniş, sonsuz bir dünya nəhayət ki, bu əzabkeş insanın ümidinə əl eləyir, onu çığırır.

 

İçimdə

nəyinsə ölüm-dirim davası

çölümdə-Xəzər-

-Aram ölümün nəhəng epopeyası...

 

Ölüm ya qalım! – qətiyyəti ilə insan ömrünün torpaq, dəniz, qaya dözümlülüyü üzərindən keçib,

 

Torpağın

dəniz dolu ovcuna endim.

Suyla,

qayalarla,

balıqlarla bələndim...

 

– deyir və sevinir, çünki hələ ümidlə qoşa addımlayır. Ümid onun arxası, dayağı, yol yoldaşı, gələcəyə vəsiqəsidir.

 

Göndərdiyin

yuxulara baxdım.

Çox sağ ol, kapitan.

Küləklə doldu ömrüm,

yelkən sayağı.

Üzüldü

yer üzündən

get-gəlimin ayağı...

Üzüqoylu yıxılıb

Göndərdiyin gəminin

mavi göyərtəsinə,

üzdüm.

Göndərdiyin dəniz böyük,

hər ləpəsi

bir insan ömrü.

Ləpələrin paradı

axır dayanmadan.

 

Bu xoşbəxtlikdirmi? Gecələrin dəniz arzusuyla dolu tənhalığı arxada qalıb, dəniz arzusuna çatıb. Razılıq dolu bir məlumat. Külək yelkəni hərəkətə gətirən kimi arzu, ümid dolu yuxular ömrünə dayaq olub. Hər ləpəsi bir insan ömrünə bərabər dəniz sonsuzluğunda, azadlıqda, sərbəstlikdə, yer üzünün əzablarından xilas olmuş, gəminin mavi göyərtəsində üzüqoylu düşüb üzdükcə üzür. Bu mənzərədə sanki dünyanın bütün zülmlərinə, əzablarına meydan oxuyan hegemonluq, bitməzlik, tükənməzlik duyulur. Bu gediş adamı elə valeh edir ki, qəhrəmana qoşulub elə hey getmək, getmək, uzaqlaşdıqca uzaqlaşmaq istəyirsən...

 

Bu mərhələdə qəhrəmanımızı xoşbəxt görürük. Amma... “Amma”nı həssas, səksəkəli, bədbəxtliyi, təhlükəni dönə-dönə yaşamış əzabkeş qəhrəmanımız qabaqcadan görür və bununla da yeni, qayğılı narahat bir mərhələ başlayır:

 

Amma sahil yox...

Kapitan, ayıq ol!

 

Sahilsizlik, bəlkəsizlik, ümidsizlik baş alıb gedir. Qəhrəmanı qorxu, təşviş bürüyür. Çünki o, “büdrədir məni insan yolunun səkisizliyi, insan ömrünün bəlkəsizliyi” qorxusunu hardasa, haçansa bir dəfə yaşamışdı. Və bu mərhələ qəzəb və kinayə qarışıq bir nida ilə bitir:

 

Allah

insan ağzıyla deyir:

-Yoxam...

Eşidirsənmi kapitan!!!

 

Burda insanın haqqa dönüklüyündən daha çox, Haqqın, Yaradanın öz bəndələrindən üz çevirməsi vurğulanır. “Yoxam!...” qəzəbini Allah özü insanlara dedizdirir. Onların şeytanla əlbirliyi, haqsızlığı, fitnə-fəsadı Tanrıya ağır gedir. Siz məni eşitmirsiniz, mən sizi necə eşidim – qəzəbi ilə sanki “yoxam, əl çəkin”–deyir.

 

Poemanın həzin, ahəngli axarından uzaqlaşmaq istəməsək də, bir məsələyə toxunmaq istəyirik. 60-cı illərin ab-havasını göz önündən keçirəndə Vaqifin bu uzaqgörənliyinə də təəccüb etməli oluruq. Axı alimin də, şairin də, mollanın da, ateistin də “Allah yoxdur” “fəlsəfəsinin” ərşə qalxdığı bir vaxtda Vaqif bütün şeirlərində ancaq Allahla dərdləşir, söhbətləşirdi...

 

Şəffaf balıq – qəhrəmanın varlığı ilə ümidi-gələcəyi arasındakı məsafə ölüm-qalım tərəddüdünün sərhəddi-poemanın əsas ideyasıdır. Şəffaf balıq ümidi olmalıydı:

 

Balıq olmalıydı,

Balıq qalmalıydı,

biz olmaqçın,

biz qalmaqçın.

Qayalar suda qara,

qaranlıqdan işığa,

keçə biləcəyimin

ümidsizliyi

boğurdu məni,

Yeganə ümidim sən,

sən də balıq içindən...

bəlkəsizlik

səsləndi yenə,

qarışdı dənizin yaşılına,

dəniz içi qayaların qarasına.

-ümid tükəndi, güman kəsildi...

Dərdim yayıldı dənizə,

qalxdı üzə

ada-ada.

Balığa dedim dərdimi

ürəyimin jarqonunda...

 

“Dərdimi dağa desəm, dağ əriyər” ifadəsi qədər mənalı, fəlsəfi və emosionallıqla qələmə alınmış bu misralar qəlbimizi riqqətə gətirir. Dərdin ağırlığına bax! Dənizə də güc gəlir, dənizi bürüyür, ada-ada üzə qalxır. Yalnız özü bildiyi dildə dərdini balığa deyir, balıq anlamır:

 

Anlamadı,

Şəffaf bədən,

Şəffaf beyin,

Şəffaf ürək,

Şəffaf dünya,

Taleyimizin şəffaflığı

Şəffaf balıq...

 

Vaxt isə öz axarında idi. Vaxt gecəyə, qaranlığa doğru irəliləyirdi.

 

Yavaş-yavaş

sürünürdü dənizə

qaranlığı göy üzünün.

Qaranlıqla dolub

bir az da

ağırlaşdı dəniz.

 

Bəli, son ümidin son sığınacağı beləcə qaranlığa, zülmətə qərq oldu. Ümidindən uzaq düşdü. Halbuki “Razıydım ölümə, sənin ölümünü istəmirdim, ümidim” –deyirdi. Ona deyəcəyi sözlər gecəyə qarışdı. Hər ikisinin üstünə qaranlıqlar çökdü, arada da:

 

Nəhəng,

dəmir darvazatək

Şəffaf balıq

dayanmışdı aramızda.

 

Həyatının hansı məqamındasa “Yaşayıram, dözürəm. Bir misra da, bir gecə də... Çünki mühit içində təpədən dırnağa kimi ümid içindəyəm” – deyən şair “mən”i indi həyatının, dözümünün yeganə səbəbini – ümidi dəniz zülmətinin sonsuzluğunda itirmək təklükəsi ilə üz-üzə dayanmışdı.

 

Poemanın süjetini “romantik gediş və real, qayıdış” planı əsasında təhlil etsək çoxşaxəli, fəlsəfi, bəzən fantastik boyalara, örtüklərə bürünmüş ideyaya-nəticəyə, mövcud məntiqə daha çox yaxınlaşmış olacaq. Qəhrəmanın çıxdığı nöqtə – real, həyati, hətta tanış mühitdən ibarət bir məkandır. Bu məkanın qoxusundan, tənhalığından, bezdirici, yorğun dözümündən, yalan xoşbaxtlığından, gümansız gələcəyindən baş alıb gedən səyahətçi qəhrəmanımız apardığı son tikə ümidini-həyat eşqini Şəffaf balıq yoxluğunda, Şəffaf balıq röyasında əldən verir. Yəqin ki, şair qəhrəmanımızın həyatda ən böyük itkisi elə bu olub. Bəlkə razılaşa bilədiyimiz tənhalıq, ayrılıq, ölüm, kədər, ümidsizlik, bəlkəsizlik mövzularının özülü, bünövrəsi elə bu itkidən tökülüb. Axı müəllifin bütün yaradıcılığında bu itkinin həsrəti duyulur: “Ümidlərimi buza qoyun”, “Bilirsənmi, artıq kəsib ümid keçən yolları, Tikilməmiş türmələrin hörülməmiş hasarı”, “Tikə-tikə itirirəm ümidlərin bəlkəsini...”, “Ümid döyən qapını dünya bağlayıb gedib”, “Yol görünmür, bir ev yox, yaxın itib uzaqda. Ümidlə güc qalmayıb, o ki, qaldı ayaqda”, “beyin taqətdən düşüb, ümidlər əl ayaqdan”, “Ömür çarmıxa çəkilib ümidlərin divarında”, “Di gəl daha çatmaz gücüm, tab gətirə bilmərəm artıq bircə ümidə də”, “Ümid dərsləri bitib, qurtarıb arzu məşqi”, “Yediyim ehsan payıdır, arzu, ümid yasında” və s.

 

Və nəhayət son mərhələ-dönüş. Arzu dönüb qanadlanmış xəyal dənizində üzdükcə üzmüş, son anda “gecəyə atılmış iki xırda gecə” kimi yox olmuş:

 

Əlimi

uzatdım irəli.

Üzdü balıq.

Balığın yerində

qoca hindli gözləri tək

qəmli qaranlıq.

 

“Qoca hindli gözləri” bənzətməsi mənalığı və dəqiqliyi ilə diqqəti çəkir. Qoca hindli gözlərini görməsək də, “qəmli qaranlıq” ifadəsinin təsiri ilə bu gözlərin yer üzündə bəlkə də ən kədərli, hüzünlü və ümidsiz qaranlığa qərq olduğu hiss olunur. Yoxluq, heçlik zülmətinə əl uzadır, dərdli gözlər qədər sarsıdıcı bir ilğımla rastlaşır və başa düşür ki, bu ilğıma baş vurmaq və onu yara-yara heçliyə doğru irəliləmək əbəsdir. İstəsə də özünü aldada bilmir. Deməli, onun üz tutduğu, əl uzatdığı, can atdığı məkan əslində heç nə, yoxluq, boşluq, anlaşılmaz bir ilğım imiş... Arzusuna, ümidinə, dözümünə dayaq olan yalanla, xəyalla vidalaşmaq və geriyə-real mümkünlüyə dönmək, geriyə baxmadan çırpdığı qapıya indi baş əymək qalırdı. Çıxanda özüylə az da olsa həyat eşqi, ümid, inam aparmışdı. İndi boş əllə qayıdıb gəlmişdi.

 

Qapını açsalar içindəki, ətrafındakı boşluğu duya-duya, əzab çəkə-çəkə və ömrü uzunu bu acı həqiqəti pıçıldaya-pıçıldaya yaşamaq, dözmək məcburiyyətində qalacaqdı.

 

Sahilə döndüm.

Doydum

sahilin

torpaqla cəftələnmis qapısını

Çox döydüm,

çox doydum,

çox.

 

Qapını açırlar. Tamaşadan çıxanda nömrəni uzadıb paltosunu alan tamaşaçı kimi dərk etdiyi acının ahını asılğaya uzadır və cismani varlığını alır:

 

Açdılar qapını.

Uzatdım asılğaya

bir insan ömrünün ahını.

Aldım

ciyərlərimi,

qollarımı,

ayaqlarımı,

qalan günlərimin saatlarını.

İnsanımı geydim.

Daha konkret, real bir yola üz qoyur:

Yeridim qayalara sarı

Sonra sola

Asfalt yola

İrəli

Abbasın dükanından o yana,

Avtobus stansiyasına.

 

O yola üz qoyur ki, orada da nə vaxtsa daha bir səfərə çıxmaq üçün yol gözləyəcək...

 

Bu fəsildə müxtəlif məzmunlu şeirləri təhlil edə-edə Vaqifin lirik qəhrəmanı, poetik “Mən”i kimdir? –sualına cavab aradıq. Bununla da Vaqif poeziyası, Vaqif dünyası haqqında təsəvvür yaratmaq, onun əsil mahiyyətini açmaq, şəxsiyyətini, daxili aləmini, bu aləmin görünməyən tərəflərini göstərmək istədi. Ədəbi tənqidimiz, geniş oxucu kütləsi üçün bir az “sirli”, “anlaşılmaz”, “çətin” görünən Vaqifin şeirini dərk etmək üçün onun mənəvi-poetik dünyasının qapısını açmaq-bu qapının açarını əldə etmək lazımdır. Bunun üçün isə Vaqifi kitab-kitab, şeir-şeir yoz, misra-misra, kəlmə-kəlmə öyrənmək, araşdırmaq, tanımaq gərəkdir.

 

Bu aləmə daxil olandan sonra görürsən ki, “mən qaranlıq deyiləm” –deyən şairin yaşadığı dünya işığı, təmiz, zəngindir. Burada əsil sevginin, həqiqi gözəlliyin nə olduğunu daha düzgün anlayırsan. Anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmi. Şeir mənəvi saflığın, gözəlliyin bir üzü imiş. Tənhalıq, sükut, yaddaş, ölüm, ayrılıq haqqında yeni söz eşidirsən. Mühitin, zəmanənin yetişdirdiyi yox, Allahın yaratdığı böyük, əzəmətli, canlıların alisi-İnsanla rastlaşırsan. Burda vətən daha əziz, daha müqəddəsdir. Və birdəfəlik dərk edirsən ki, Vətən haqqında çox danışmaq yox, çox düşünmək, çox iş görmək lazımdır.

 

“Vaqif “ölüm” sözünün ağırlığını əlində hiss edib şeirə gəldi. Bu onun şair bəxti idi. O, uzun-uzadı aşiq-məşuq məhəbbəti ilə məşğul olmadı, gözlərini uşaq heyranlığı ilə bərəldib təbiətin füsunkarlığından özünü itirmədi. Ağlın qüdrəti ilə insan ömrünə baxdı, ölümü gördü, ondan qorxmadı. Çünki, ölüm insan ömrünün arxa üzü idi, altda qalan üzü. Üstdə həyat idi.

 

...Vaqif şeirlərində qoyulan suallar çoxdur. Bu sualların əksəriyyəti, cavabı özündə olan poetik suallardır ”...

 

1999

 

 

SİZİN REKLAM BURADA