EUR USD RUB

Ədəbiyyat

Tənhalığın müstəqillik günü – Tural Turandan Yeni Şeirlər

  • 959 dəfə
  • Tarix 13 Mart 2018 / 17:01

Kulis.az gənc şair Tural Turanın yeni şeirərini təqdim edir.

 

Ağaclar şair asır budaqlarından

 

Analarını kəsib

şairlərin süfrəsinə düzdük varaq-varaq;

Bilmədik ki,

ağaclar kin böyüdür yaddaşlarında.

Unutduq ki,

ağacların güzgüsüdür kölgəsi.

 

İndi hər yetim ağac

bir şair asır öz budağından.

Bəzən də özümüzü yandırıb

sümük-sümük tabut oluruq

ağac cəsədlərinə...

 

Ağaclara calaq vura-vura

zorlamadımı başıpapaqlı kişilər?!

İnsanlara oxşamasınlar deyə,

axtalananda

şirin meyvə verməyə başladı yazıqlar.

 

Qalınqabıq palıdı qısır öldü meşədə,

Salxım söyüdü tənha qarıdı arx qırağında.

Onsuz da kölgəsinə adamlar uzanacaq deyə,

Ağaclar evlənmədilər...

 

2018

 

Sağlığıma əkiz ölüm doğmusan

 

Axşama bir qazan tənhalıq bişirmişəm.

Ətrindən çay dəmləmişəm təkadamlıq.

Divardan asılmış başdaşınla toqquşdurmaq üçün

göz yaşlarımdan

şərab da çəkmişəm, sevgili.

Üçüncü qədəhdən sonra

dizlərimlə qucaqlaşıb,

yemək masamın əlil qıçları;

ikimiz də səndələmişik,

ayaqlarımızın altında.

 

Saçlarından kəsib saxladığım

telinə baxmışam,

saçlarımın ayaqları əsib, sevgili.

Saçlarının telləri bayrağımdı,

Dirəyi barmaqlarım...

İndi anlayıram, bütün ayrılıqlar

Hər gün yorğun iş günündən sonra

qeyd olunan

tənhalığın müstəqillik günüdür.

 

Ayrılığın sümüklərini

şəkilsiz çərçivələrə

dəfn etməkdən yorulmuram.

Çünki torpaq da götürmür,

ayağı sürüşkən ayrılığın cəsədini.

Hər gecə sağlığıma əkiz ölüm doğmusan,

mənsə sənin yoxluğuna

taleyimi əmizdirmişəm...

Bir qazan tənhalıq da

Sən ətirli çay da

 

12 mart 2018

 

Dua

 

(Rüstəm Behrudiyə)

 

Əl açmaq - göydən asılmış tanrının

Ayaqlarına dirəncək olmaqdı;

Əl açırıq asılmış və nəfəssiz birinin

Ömrünü beş dəqiqəlik uzatmaq üçün.

Dualar bitəndə qurtulur

tanrılar insan yükündən.

Bükülüb rahat yatırlar

Seçilmiş kitab varaqlarında.

İnanmasanız əl basaram alın yazıma...

 

Tanrının cənnəti yaratdığının

Ağzında başlayıb gözündə bitir.

Bizsə boyumuz boyda qaranlığın

Cənnətinə inanırıq hələ də...

Hər dünyaya gəlişimizdə küsdürdük deyə,

Allah Adəmdən sonra insan yaratmadı...

Əlinizi yumun adamlar,

Bəlkə qayıdıb insan oldunuz.

Yığın sərgilərdəki

uzunqol abır köynəklərini.

Çıxarın üstünüzdən rəngi solmuş,

Kir basmış kentavr köynəklərini...

 

2018

 

Sıxır ayağımı yolun ölçüsü

 

Yollar ayağıma bir az dar gəlir,

Sıxır ayağımı yolun ölçüsü.

Sığışmır alnıma yazılan yazı,

Yazımdan kiçikdir alın ölçüsü...

 

Dalğası üstümə hürür dənizin,

Üstümə nə qədər kükrəyən gördüm.

Ömrünü balıqlar sürür dənizin,

Canımı sürüyə-sürüyə gördüm...

 

Hərflər də böyükdü tanrıdan indi,

Cəmi beş hərfdi ən böyük tanrı.

Səslə hərf arası bitir inanclar,

Kirayə qəbirdi tanrıdan anrı...

 

2018

 

Image result for tural turan

 

SİZİN REKLAM BURADA