EUR 2.0981 USD 1.7 RUB 0.0279

Sənət

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 31 illik matəm yazısı

  • 3795 dəfə
  • Tarix 17 Aprel 2018 / 09:00

Kulis.az teatrşünas-tənqidçi İlham Rəhimlinin 1987-ci ildə Əməkdar artist Vəfa Fətullayevanın vəfatı münasibəti ilə qələmə aldığı “Ölümə sıyrılan təbəssüm” yazısını təqdim edir.

 

 

21 may 1987-ci il

 

Bir neçə gün idi ki, vaxt tapıb redaksiyanın tapşırdığı məqaləni redaktə eləyib çapa hazırlaya bilmirdim. Hər dəfə ortadan bir iş çıxırdı. Bu gün işə bir saat tez gəlib içəridən qapını bağlamışdım və başlamışdım məqaləyə əməlli-başlı əl gəzdirməyə. Telefonun dəstəyini də qaldırmırdım. İstəyirdim yazı nahara qədər hazır olsun ki, verim makinada üzünü ağartsınlar.

 

Saat 12 radələrində telefon aramsız zəng çaldı. Bu zəng təxminən beş dəqiqəyədək davam etdi. Elə bil ürəyim sancdı və sanki kimsə məni içəridən silkələdi ki, dəstəyi götür. Əlim ixtiyarsız dəstəyə uzandı.

 

– Bəli....

 

– Salam İlham....

 

Həsən Turabov idi. Səsi titrəyirdi. Adətən mənə zəng edəndə şəstlə “Salam, müəllim” deyərdi. Ani olaraq fikrimdə müxtəlif suallar doğdu. Ola biləcək müsibətləri yada salanda üşəndim. Bu xofla soruşdum:

 

– Səsin niyə belə çıxır? Bir hadisə...

 

Sözümü kəsdi:

 

– Vəfa Fətullayeva rəhmətə gedib.

 

– Nə danışırsan?.. Nə vaxt?

 

– Bu gün tezdən... Dur, tez gəl teatra... Gözləyirəm...

 

Vəfa xeyli müddət idi xəstəydi. Moskvada da müalicə olunmuşdu, amma yaşamasına ümid tükdən asılıydı. “Ağ qan” öz işindəydi...

 

Moskvadan qayıdandan sonra Vəfanı teatrda görmüşdüm. Yaraşıqlı sifəti bir qədər şişmişdi. Elə bil çöhrəsində bir damla da qan yoxuydu və bu da zavallının bənizinə adamı diksindirən solğunluq çökdürmüşdü. Həyat Vəfaya vəfasızlığını göstərdikcə ömür karvanı mənzil başına yaxınlaşırdı...

 

Əlimdəki işi qoyub tələsik teatra gəldim. Qapıçıdan tutmuş Həsənin otağınacan kimə rast gəldimsə hamının yanaqlarında yaş şırımlanırdı. Heç kəs danışmırdı və hönkürtü ilə ağlayan da yoxuydu. Sanki kimsədə hey qalmamışdı ki, haray qoparsın. Sarsıdıcı sükutu ara-sıra naləli hıçqırtılar pozurdu...

 

Bu hıçqırtı dalğasını yara-yara ikinci mərtəbəyə, Həsən Turabovun otağına qalxdım. Yaşar Nuriyev və Lütfi Məmmədbəyov da Həsənin otağında əyləşmişdilər.

 

Məlum oldu ki, qəbir yeri məsələsi müşkülə düşüb. Həsənin rəngi qapqara qaralmışdı. Siqareti dodaqlarına yaxınlaşdıranda barmaqları titrəyirdi. Siqareti bir neçə dəfə dərindən sümürüb mənə baxdı.

 

– İlham, təsəvvür edirsən nə rəzalətdi?.. Zavallının taleyinə bax... cavan yaşında rəhmətə gedib, bir qarış torpaq tapılmır ki, cənazəsini tapşıraq...

 

Elə bu vaxt telefon zəng çaldı. Həsən mədəniyyət naziri Zakir Bağırovla danışdı. Sonra nazir müavini Məmməd Ziyadovla, Mərkəzi Komitənin təlimatçısı İsrafil İsrafilovla söhbətləşdilər. Təxminən qırx dəqiqə ərzində məzar yerindən ötrü Həsən özü onların hərəsinə iki-üç dəfə zəng çaldı.

 

Nəhayət, xəbər çıxdı ki, Vəfanın anası, həmin vaxtlar xəstə yatan Hökumə Qurbanovanın bacısı Qəmər xanımın qəbrinin yanındakı yerə Baksovetdən icazə veriblər.

 

Bir az keçdi və hansısa idarədən nümayəndə gəldi. Onun ardınca Hökumə xanımın Vəfayla ata ayrı qızı cavan oğlanla Həsənin otağına daxil oldular. Qərarlaşdıq ki, hamımız bir yerdə gedib qəbir yerinə baxaq...

 

Nəzərdə tutulan yer ikinci Fəxri xiyabanın bayır barısının yaxası boyu köhnə qəbiristanlığın yarısınacan uzanan, təxminən üç-dörd metr enində bir zolaqdı. Qəmər xanımın qəbrinin sağ yanındakı boş yerdə sərv ağacı vardı. Bir sərv də qəbirin sol tərəfindəydi. Çox çək-çevirdən, müxtəlif “ideyalardan” sonra razılaşdılar ki, sağdakı sərvi çıxarıb başqa yerdə əksinlər, o biri qəbirin ətrafına döşənmiş mərmərdən ağaca tərəf iki sıranı söksünlər və Vəfanın qəbrini həmin yerdə qazsınlar.

 

Özüm-özümə fikirləşirdim: Bəlkə elə bu sərvi xalasının xatirəsinə Vəfa əkibmiş. Taleyin qismətinə bax, ağac da bu dərdə, bu müsibətə dözməyib. Dünyasını dəyişən Vəfanın arxasınca onun da yerini dəyişirlər...

 

Hamı getdi, o rəsmi nümayəndə də fəhlələrin ardınca yollandı. Həsən, mən və Həsənin sürücüsü Qasım kişi orada qaldıq. On-on beş dəqiqədən sonra Bakı Sovetindən iki nəfər gəldi, yanlarında da üç fəhlə. Ağacı sakitcə çıxardılar, yarım kisə də torpağından götürüb bir kənara qoydular. Mərmər tavaları ehmalca söküb ifcin-ifcin barının dibinə yığdılar. Söz verdilər ki, sabah tezdən  gəlib qəbiri qazacaqlar.

 

Ağacı və torpaq kisəsini götürüb getdilər...

 

...22 may

 

Teatr yas içindədir. Bütün güzgülərin üstündən qara örtük asılıb...

 

Vəfanın qara haşiyəli şəkli çiçək kəpənəyinə çevrilərək sakitcə yaxalara qonub...

 

İstər-istəməz Vəfanın gözlərindən sevinc dolu nur yağan baxışlarıyla qarşılaşıram.

 

Bəlkə mən elə düşünürəm...

 

Bəlkə ölümü adamı yandırıb-yaxdığı üçün o duyğunu keçirirəm...

 

Bəlkə də həqiqətən şəkildəki Vəfanın gözlərində, çöhrəsində sirli təbəssüm, sualedici cizgilər var....

 

Bilmirəm...

 

Amma onu bilirəm ki, Vəfanın həmin təbəssümü baxışlarından qopan kövrək, göynərtili səsi qulaqlarımda sırğalanıb:

 

“Ay insafsızlar.... məndən niyə belə tez ayrılırsınız...”

 

Başa düşə bilmirəm ki, biz ondan ayrılırıq, yoxsa o bizdən...

 

Cənazə səhnədə hündür dayağın üstünə qoyulub...

 

Ətrafına gül çələngləri və qərənfil dəstələri qalaqlanıb... Elə bir ucdan onların sayı artır...

 

Hər dəfə teatrdaxili radio ilə Vəfanın oynadığı rollar səslənib qurtaran kimi hıçqırtılar salondan səhnəyə yağır...

 

“Kəndçi qızı”ndan Bənövşənin şaqraq gülüşü divarlara dəyib cingildəyəndə hönkürtülər birləşib səngiməz fəryada çevrildi. Dünyasını dəyişənin gülüşü dünyada qalanların ağlaşma burulğanında sıxıldıqca dözə bilməyib salondan çıxdım...

 

Camaat, teatrın işçiləri əsasən səhnəyə çıxan sağ dəhlizə toplaşıblar...

 

Məhbubə Məlikova dəhlizin foyeyə çıxan yerində stulda əyləşib ağı deyir, bayatı çağırır...

 

Eləmi düşən yeri,

Atlanıb düşən yeri,

Göz yaşım oda dönüb

Yandırar düşən yeri.

 

Zərnigar Ağakişiyeva ayaq üstə yandan əyilib başını Məhbubənin başına söykəyib, əllərini onun çiyninə qoyub ağlayır. Məhbubə bayatını bitirər-bitirməz Zərnigarın ağısı başlayır:

 

Göy üzündə pərdəsən,

Gəlib düşdün dərdə sən,

Od idin, alov idin

Necə yatdın yerdə sən?..

 

Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Bəsti Cəfərova royala söykənib ağlayırlar. Elə bil müvazinətlərini güclə saxlayırlar...

 

Başqa teatrların aktyorları iki bir-üç bir kirimişcə dayanıblar.

 

Arxaya keçirəm. Sol tərəfdəki qrim otağından radionun səsi gəlir. Qapını açıram. “F.” radionun düz qabağında arxası qapıya əyləşib. Mənim baxdığımı hiss etmir, amma mən onun çiyinlərinin atdığını görüb astaca qapını örtürəm....

 

Dəhlizin o başından Şəfiqə Məmmədova ağlaya-ağlaya “of... Vafıçka... Allah... Allah... niyə belə oldu...” deyib mənə tərəf gəlir...

 

Bilmirəm harda durum ki, göynərtili fəryadları eşitməyim. Eşitdiyim sözlər isə qulaqlarımda cingildəyir:

 

Kamal Xudaverdiyev: “Vallah, öz ölümümə inanardım, amma Vəfanın ölümünə heç cür inana bilmirəm”.

 

Məhluqə Sadıqova: “Anan ölsün Vəfa, ana olmamış uçub getdin”.

 

Mikayıl Mirzə: “Ay İlham, bizim də nəslin yarpaq tökümü başlandı... Amma niyə belə tez qıydı fələk Vəfaya?”

 

Nəcibə Məlikova: “Yazıq Hökumə, dözməyəcək bu dərdə”.

 

Yaşar Nuriyev: “Heç bilmirəm indən sonra Vəfa oynayan tamaşalarda onsuz səhnəyə necə çıxacam...”

 

Fəxri qarovul üçün növbəyə durublar. Eldar Quliyev, Şəfiqə Məmmədova, Nəsir Sadıqzadə və mən qolumuza lent bağlayıb səhnəyə çıxırıq.

 

Ayaqlarım zindana dönüb... Bu iki-üç dəqiqə saat qədər gəlir mənə. Özüm-özümə fikirləşirəm ki, qarovul dəyişiləndə çönüb Vəfanın çöhrəsinə baxacam. Təsəlli də verirəm özümə: möhkəm ol. Bizi dəyişirlər, ha çalışıramsa, çevrilib cənazəyə baxmağa gücüm çatmır...

 

Səhnədən çıxanda Mikayıl Mirzə diqqətimi çəkdi. O, rejissor köməkçisinin köşkünə söykənib siqaret çəkə-çəkə düz səhnəyə – Vəfanın cənazəsinə baxırdı. Özümdən asılı olmayaraq yaxınlaşıb onun yanında dayandım. Üzümə baxmadı. Siqareti süzgəcinəcən sümürüb balaca közərtisini iki barmağının arasında əzişdirdi...

 

Sakitcə ona baxırdım. Birdən özünəməxsus çılğınlıqla mənə tərəf çöndü:

 

– İlham, Vəfanın şəkli bilirsən mənə nə pıçıldayır?

 

Dinmirəm. Özü dillənir.

 

– Pıçıldayır ki:

 

Dostlar, səsəmi gəldiz?

Dabanbasamı gəldiz?

Sağlığımda gəlmədiz

Öldüm, yasamı gəldiz?

 

Mikayıldan aralanıram...

 

Hiss edirəm ki, tıncıxıram, elə bil özümə yer tapa bilmirəm. Mikayılın səsi qulaqlarımda əks-səda verir:

 

Öldüm, yasamı gəldiz?.. Öldüm, yasamı gəldiz?.. Öldüm, yasamı gəldiz?..

 

Həsənin otağına qalxıram. Mənə baxıb gözü yaxama dikilən kimi diksinir:

 

– Vəfanın şəklinə baxa bilmirəm. Baxan kimi gülüşü düşür yadıma, elə bil ürəyim dayanır.

 

Həsən bir dərman qoyur dilinin altına.

 

Saata baxıram. Birə on beş dəqiqə işləyib. İkimiz də sakitcə oturmuşuq. Hökumət telefonu zəng çalır. Turabov dəstəyi götürür.

 

– Bəli... Həsəndi, Məmməd müəllim... Saat dörddə... hər şey təşkil olunub... Arxayın... (Birdən Həsən stuldan dik qalxdı). Əşi nə danışırsız?!.. Bay... bay... bay... Deyəsən teatra fələk qarğıyıb... Allah rəhmət eləsin... Oldu, axşam gələrəm. Mütləq, mütləq...

 

Sual verməyə çəkinirəm. Baxıram doluxsunmuş və qızartı çökmüş gözlərinə.

 

Sükutu Həsənin titrəyən səsi pozur:

 

– Şəmsi Bədəlbəyli də rəhmətə getdi...

 

22 may 1987-ci il

 

 

SİZİN REKLAM BURADA