EUR USD RUB

Yazarlar

Qızlara bəkarətini satmağa kömək edən şirkət

  • 19636 dəfə
  • Tarix 15 May 2018 / 11:21

Kulis.az Günel Natiqin “Satmaq...” yazısını təqdim edir.

 

Flora Kərimovanın sevdiyim bir mahnısında deyilir ki, dünya köhnə dünyadır, sevgiləri təzədir. Amma artıq həyatın istiqaməti dəyişib.

 

İndi dünyamız yenidir, sevgilərimiz isə çoxdan köhnəlib. Nə qədər ətə-qana gətirmək istəsək də, alınmır. Süni nəfəs də fayda vermir. Sevgilər köhnəlib sıradan çıxıb.

 

Köhnədən isə hamı qurtulmaq istəyir.

 

Deyirlər, təzə sayt açılıb. İstifadə edilməyən malını satışa çıxarırsan, dərhal müştəri çıxır. Reklamlarda bu proses elə gözəl təsvir olunur ki, deyirsən bəs evdə lazımsız olan əşyalardan nəyi satışa çıxarsan tökülüşüb alacaqlar.

 

Daha düşünmürük ki, o paslanmış materiallardan hamımızın evində var. Elə əşyalar var ki, insan ondan xoşluqla ayrıla bilmir, ya hansısa xatirələri həmin əşyayla bağlıdır. Hər gün bir tarix olduğu kimi dünən aldığın əşya da sabah tarixə çevrilir, “köhnə” damğası vurulur.

 

Köhnələrdən qurtulmaq da asan deyil. Bir tanışım bir az işlətdiyi divanını satışa çıxarmışdı, nəinki alıcı çıxdı, hətta axırda köhnə divandan qurtulmaq üçün pulla fəhlə tutmalı oldu.

 

Yəni al-ver zəmanəsidir. Al-veri bacarmayan ya yerində sayır, ya da o əşyalar kimi o da köhnəlib sıradan çıxır.

 

Görəsən köhnə sevgiləri satışa çıxarsaq, alıcı tapılar? Çətin ki, tapılsın. Köhnə sevgilər köhnə əşyalar kimi üstünə toz yığır.

 

Tez-tez belə yazılar çıxır qarşımıza: “Gənc qız bakirəliyini milyon dollara satdı.” Milyon dollara sahib olmuş gənc qız şəkildən bizə baxıb gülümsünür. Bu məlumat o qədər adi tərzdə təqdim edilir ki, oxucular təəccüblənməyə səbəb görmür. Əksinə, səmərəli biznes kimi qəbul edir.

 

Elə bil qədim peşənin nümayəndələrini asıb-kəsən biz deyilik. Deməli məsələ əldə olunan qənimətin dəyərindədir. Məqsəd vasitəni doğruldur.

 

Bu yaxınlarda daha bir gülümsəyən foto ilə rastlaşdım. Gənc qızın üzündəki məsumluq və qalibiyyət hansısa sahədə uğur qazandığından xəbər verirdi.

 

Fotonun altındakı yazı təsəvvürlərimi başqa yerə yönəltdi.

 

Bu tələbə qız öz bakirəliyini hərraca qoyubmuş. İki maqnat bir xeyli rəqabətdən sonra nəhayət ki, razılığa gəliblər. Nyi-Yorklu iş adamı 1 milyon 200 avroya parisli qızın bakirəliyini satın alıb.

“Qızın həyatı təmin olundu!” - xəbəri yayan qəzetçilər də səmərəli biznesi dəstəkləyirdilər.

 

Qəribə dünyadır, deyilmi?

 

Kiçik araşdırmadan sonra bakirəliyin hərraca çıxarılmasının demək olar ki, adi hala çevrildiyinin şahidi oldum. 19 yaşlı amerikalı model də arzularını bu yolla gerçəkləşdirib. Belə ki auksionda amerikalı qızın bakirəliyini ərəb şeyxi 2,25 milyon dollara alıb. Model bildirib ki, o, məbləğin belə böyük olacağını təsəvvür etmirmiş.

 

Özünü çox xoşbəxt hiss edən qız onu da deyib ki, bakirəliyi satmaq azadlığın bir formasıdır. O, insanların reaksiyasından şoka düşdüyünü bildirib. “Niyə insanlar qızların öz bakirəliyini satmasına qarşı çıxırlar? Biz bu işi rəsmi surətdə həyata keçiririk. Tövsiyəm də budur ki, bu iş üçün fərdi yola baş vurmasınlar, böyük şirkətlərlə müqavilə bağlasınlar”.

 

Əgər bakirəliyin satışı böyük şirkətlərlə müqavilə əsasında həyata keçirilirsə, deməli vəziyyət biz düşündüyümüzdən də “ciddidir”. Çağdaş dünyada əsas olan hansı yolla olur-olsun istənilən şərtlərə adaptasiya olmaq bacarığıdır.

 

Doğrudanmı məqsəd vasitəni doğruldur? Ömürlük həyatı təmin olunan qız gələcək nəsillərə öz “uğurunun” sirrini necə açıqlayacaq? Ümumiyyətlə, gələcək nəsillər bu işə necə baxacaq? Bu gedişlə gələcək gələcəkmi ümumiyyətlə?

 

“Ailəm pis vəziyyətdədir. Atam içki düşkünüdür, anamın öz həyatı var. 16 yaşım var, amma həyata ümidsiz baxıram. Bakirəliyimi imkanlı adama satıb bu çətinlikdən qurtulmaq istəyirəm”.

 

Mütəxəssislərin fikrincə, bütün ticarət növlərində olduğu kimi bu “biznes”də də hiylə var. Həkim müdaxiləsiylə bakirəliyi bərpa etmək çətin deyil. Bu gedişlə “bakirəliyi” təkrar-təkrar satmaq mümkündür.

 

O ki qaldı, bakirəliyi satmaqla ağır həyat tərzindən qurtulmaq istəyinə, psixoloqlar deyir ki, belə qızlar ailə sevgisindən məhrum olanlardır. Onlar özlərini sataraq sevginin pulla ekvivalentini əldə edirlər. Belə qızların oxumaq, özlərini inkişaf etdirmək kimi meylləri yoxdur.

 

Çətin vəziyyətdə olmaq o demək deyil ki, etdiyin hər şey cəmiyyətin bəraətini qazanmalıdır. Çətin vəziyyətdə olan yüz minlərlə insan var. Mücadilə edən, çalışan, öz əməyi ilə nəyəsə nail ola bilən insanların təcrübəsi var.

 

Bu insanların təcrübəsindən imtina edib bakirəliyini satmaqla özünə həyat təmin edən hansısa parisli qızı, ya amerikalı modeli idol seçənlər əslində özlərini aldadırlar. Çünki həyatda heç nə asan başa gəlmir. Hər şeyin bir bədəli var.

 

Məqsəd isə heç də həmişə vasitəni doğrultmur.

 

SİZİN REKLAM BURADA