EUR 2.0067 USD 1.7 RUB 0.0272

Ədəbiyyat

Dünyanı gözəlləşdirmək missiyası: İlyas Əfəndiyev

  • 1620 dəfə
  • Tarix 26 May 2018 / 13:30

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum gündür.

 

Ədibin dünyanı gözəlləşdirmək missiyası

     

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 22 il ötür. Böyük dramaturqun cismani ayrılığından keçən müddət göstərdi ki, o, miras qoyub getdiyi zəngin irsində, çoxsaylı oxucuların, teatrsevərlərin qəlbində, ədəbi mühitə vəsiqə verdiyi onlarca obrazda bu gün yaşayır,  sabah da yaşayacaqdır.

      

İlyas Əfəndiyevin əsərləri hələ onun ilk yaradıcılıq dövründən ədəbi ictimaiyyətin, tənqidçilərin və tədqiqatçıların diqqətini çəkmişdir. Bu marağın səbəbini akademik Kamal Talıbzadə sərrast ifadə etmişdir: «Ədib, adətən, hamı üçün aydın və məlum olan həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə məsələləri üzə çıxarmağı bacarır ki, onlar həm yeni olur, ədəbi maraq oyadır, müasir problemlər barədə düşünənləri hərəkətə gətirir və təsadüfi deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar».

        

Böyük dramaturq  haqqında çox yazılmışdır, sağlığında da, vəfat etdikdən sonra da. Onun hekayələri, povestləri, dram əsərləri müxtəlif aspektlərdən işıqlandırılmış, aktual və əhəmiyyətli tədqiqat predmeti kimi araşdırılmış, dəyərləndirilmişdir. Səməd Vurğun, Məmməd Araz, Mehdi Hüseyn, Mirzə İbrahimov, Kamal Talıbzadə, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Vəliyev, Osman Sarıvəlli, Cəfər Xəndan, Əli Sultanlı, Mehdi Məmmədov, Əkbər Ağayev, Əzizə Cəfərzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi qələm sahibləri İlyas Əfəndiyev yaradıcılığına dəfələrlə müraciət etmişlər. Mübaliğəsiz desək, son 70-80 ilin bütün tənqidçiləri İlyas Əfəndiyev irsindən yazmışdır və böyük sənətkarın əsərlərinin mövzusu, ideyası, sənətkarlıq xüsusiyyətləri, aktuallığı, əhəmiyyəti barədə ən yüksək fikirlər söyləmiş, İlyas Əfəndiyev yaradıcılığını «ədəbi məktəb», ondan qidalanan teatrı «İlyas Əfəndiyev teatrı» adlandırmış, yazıçının fəaliyyətini ədəbiyyat tarixinin yeni inkişaf mərhələsi kontekstindən və elmi-nəzəri baxımdan qiymətləndirmişlər. Bu proses – İlyas Əfəndiyev irsinin tədqiqi bu gün də davam edir və sabah da dayanmayacaqdır. Son vaxtlar işıq üzü görən müxtəlif nəşrlər, KİV-də verilən materiallar qənaətimizin təbii və doğru olduğuna dəlalət edir. İlyas Əfəndiyevin əsərləri Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini, qüdrətini özündə yaşadan və gələcək nəslə ötürən böyük xəzinə və dilin keşiyində ayıq-sayıq dayanan əvəzolunmaz milli mənəvi irsdir.

    

 

Hələ sağlığında İlyas Əfəndiyev «canlı klassik» adını,  əsərləri həmişəyaşarlılıq, ölməzlik statusu almışdır.  Bu gün də onun zəngin və maraqlı irsi geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların, teatr və kino rejissorlarının sevə-sevə, dönə-dönə müraciət etdikləri ədəbi sərvətdir.İlyas Əfəndiyev tarixi mövzuda ilk dramını («Mahnı dağlarda qaldı») 1971- ci ildə, sonuncunu 1994-cü ildə («Hökmdar və qızı») qələmə almışdır. Həmin dövr ərzində Azərbaycan dramaturgiyasının bütün yükünü öz çiyinləri üzərinə götürən yazıçı ümumilikdə iyirmidən çox dram əsəri yazmışdır. Onun «Bahar suları», «Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mənim günahım», «Qəribə oğlan», «Xurşudbanu Natəvan», «Büllur sarayda», «Şeyx Məhəmməd Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı», «Hökmdar və qızı», «Polkovnik Allahyarov» kimi pyesləri, «Söyüdlü arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan» kimi romanları, çox sayda hekayəsi ədəbi xəzinəmizin əbədi nümunələri sırasındadır.

        

İlyas Əfəndiyevin əsərləri milli olduğu qədər də bəşəridir və ya əksinə. O, insanları ədalətə, dürüstlüyə, saflığa, sədaqətə, səmimiyyətə səsləyir. “Yasəmən ağacı”  hekayəsində Aslan müəllimin dedikləri İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini, ideyasını təşkil edir, desək fikrimizcə, yanılmarıq: “Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik, - dedi. – Biz onun gözəlliklərini məhv etmək üçün doğulmamışıq!”

 

Ədibin “Yasəmən ağacı” adlı hekayəsini təqdim edirik.

 

Abid Tahirli

 

 

Yasəmən ağacı

                                         

hekayə

 

Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq bənövşəyi gülləri salxım-salxım olub sallanırdı.

           

Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı.

 

Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.

 

Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə, mehriban və xülyalı bir ifadə aldığını bircə görsəydiniz!..

 

Bir gün dərsdə mənimlə bir skamyada oturan yoldaşım Cəfər əyilib qulağıma pıçıldadı:

 

- Müəllimin yasəmən ağacında bir bülbül yuva salıb.

 

Bu sözü eşitcək səbirsizliklə dərsin qurtarmasını gözlədim. Zəng vurulan kimi Cəfərlə bərabər yasəmən ağacının yanına qaçdıq.

 

Cəfər düz deyirmiş: salxım-salxım sallanan güllər arasında çör-çöpdən və palçıqdan qayrılmış bir yuva gördüm. Mən düşünmədən birbaş ağaca dırmaşdım. Elə yuvaya yenicə çatmışdım ki, onun içindən pırıltı ilə bülbül uçdu və ağacın gövdəsi ağırlığıma davam gətirməyib  şaqqıltı ilə sındı. Mən yıxıldım, yuva da uçub töküldü.

 

Ətrafıma toplanmış uşaqlar çığır-bağır salmışdılar. Özümü toplayıb ayağa qalxdıqda, Aslan müəllimin yanımda durduğunu gördüm. Kürəyimin arasından soyuq bir şey keçdi. Bu halı müşahidə edən uşaqlar da susdular. Aslan müəllim heykəl kimi qımıldanmadan, qəddi qırılmış yasəmən ağacına baxırdı.

 

Bu zaman birdən bülbül qanadlarını başımız üzərindəki alma ağacının çiçəklərinə çırpıb həyəcanla səsləndi. Aslan müəllim başını qaldırıb kiçik bir budaq üzərində oturmuş bülbülə, onun uçmuş yuvasına və mənə baxdı.

 

Sonra o dinməzcə dönüb getdi.

 

Zəng vuruldu. Mən peşman olmuşdum. Mən Aslan müəllimdən məzəmmət və cəza gözləyirdim. Lakin o mənə nə bir söz deyir, nə də üzümə baxırdı. Bu isə mənin üçün hər şeydən ağır idi. Mən istəyirdim ki, o məni danlasın, cəza versin, lakin o susurdu.

 

Bir gün Aslan müəllim məndən keçən dərsi xəbər aldığı zaman onun baxışlarında elə soyuq bir ifadə hiss etdim ki, özümü saxlaya bilməyib cavab vermək əvəzinə ağladım.

 

O əvvəlki kimi sakit və təmkinli bir səslə mənə: “Əyləş”, dedi və başqa bir şagirdi qaldırdı.

 

Mən ağlayırdım. O isə elə bil ki, bunu görmür, sakitcə dərsini keçirdi.

 

Zəng bayıra vurulanda Aslan müəllim işarə ilə məni çağırdı. Biz birlikdə bağçaya endik. Heç bir söz danışmadan yasəmən ağacının yanına gəldik. İndi onun yerində başı hamar kəsilmiş bir kötük qalmışdı. Mən gözlərimi endirdim.

 

Aslan müəllim bir neçə saniyə ağaca baxdıqdan sonra mənə tərəf döndü və:

 

- Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik, - dedi. – Biz onun gözəlliklərini məhv etmək üçün doğulmamışıq!

 

Mən onun üzünə baxmadan:

 

- Məni bağışla, müəllim, - dedim.

 

...Gələn bahar yasəmən ağacının kötüyündən yeni pöhrələr qalxdı. Mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir, onları qoruyuram.

 

Axı doğrudan da biz dünyanın gözəlliklərini məhv etmək üçün doğulmamışıq!..

 

SİZİN REKLAM BURADA