EUR 1.9745 USD 1.7 RUB 0.0267

Sənət

Təbrizli rejissor: “Azərbaycanca işlənən filmlər o şərtlərə cavab vermir” – MÜSAHİBƏ

  • 2695 dəfə
  • Tarix 04 İyun 2018 / 15:57

Bəhram və Bəhmən Ərk qardaşlarının “Heyvan” (“Animal”) filmi ötən il Kann festivalında “Cinefondation” bölməsində qalib olub. Bəhram Ərklə hazırda “Sərhədsiz kino” layihəsi çərçivəsində Bakıda qonaqdır.

 

Kulis.az təbrizli kinematoqrafla müsahibəni təqdim edir.

 

- Bəhram bəy, özünüz haqda qısa bir məlumat verin.

 

- Təbrizdə doğulmuşam. Adını bilərsiz, filmlərimizi birlikdə çəkirik, mənim əkiz tayım olan Bəhmən adlı qardaşım var. İkimiz də rəssamlığı oxumuşuq. Kino təhsili almamışıq. Amma kino izləyə-izləyə bu işə qatılmışıq. İkimiz birlikdə ssenari yazır, prodüserlik və rejissorluq edirik.

 

- Qısametrajlı filmlərinizi izləmişəm. Bəs, tammetrajlı filminiz varmı?

 

- “Soyuq” adında bir filmim var. O da Azərbaycan dilindədir.

 

 

- İranda Azərbaycan dilində film çəkməyin, təqdim etməyin maneələri varmı?

 

- Maneə yoxdur, dövlət tərəfdən də heç bir sıxıntı yoxdur. Ancaq filmin aqibəti bir az çətin olur. Sən bu filmi kinoteatrda göstərməlisən. Kinoteatrlarda elə filmlər az satılır. Bunun Tehran kinoteatrlarında satılması az ağlabatandır.

 

- Yəni, Azərbaycan dilində olan film tamaşaçı toplaya bilmir?

 

- İranda kinoteatrların bir birliyi var idi. Filmi almaq üçün o birlik səni təsdiqləməlidir ki, bu film satılacaq. Onu kinoteatrlara buraxaq. Azərbaycanca işlənən filmlər o şərtlərə cavab vermir, onun tamaşaçılarının az olacağı bəllidir. Çünki Azərbaycanca olan filmlər vizyonda az qalır. Ona görə də, biz Azərbaycanca film çəkmişiksə bizim üçün önəmlidir ki, onu festivallara göndərək. Festivallara yollayırıq, film uğur qazansa yeni filmlər etmək üçün imkanlar açılır. Amma yenə də bu iş çətindir. Dövlət hansı dildə olur-olsun, fərqi yoxdur, ümumiyyətlə kinoya çox sərmayə qoymur. Yalnız hansısa təbliğati filmlərə sərmayə qoyur. Müəllif filmlərinə əsasən, sahibkarlar, sponsorlar sərmayə qoyur.

 

 

- Onların nə şərtləri olur?

 

- Bəzən olur. Onların da maraqları var; festivallara gedir filmlər, adları çəkilir və ya bu işdən pul qazanmaq ola bilər və s. Bir də İranda türk dilində, yoxsa fars dilində məsələsi var. Amma Fransaya gedəndə onsuz da tərcümə olunur.

 

- Sizin Kann Festivalında qalib olmuş “Animal” (“Heyvan”) filmində heç söz yoxdur.

 

- Elədir.

 

- Filminiz sərhədi keçmək üçün qoyun dərisinə bürünən birindən bəhs edir. O qoyun cildində sərhədi keçir, o biri tərəfdə isə ovçu onu heyvan bilib öldürür. Filmin ideyası sizə hardan gəldi?

 

- İranda İran Milli Kino Məktəbi təzə təsis olunmuşdu. İranın hər yerində gənc kinematoqrafçıları ora dəvət etdilər. Bəhmən və mən ora getmişdik. Sırada dayanmışdıq. Ordakılardan izn istədik ki, gedək ustad sənətkarlarla söhbət edək. Dedilər ki, ustadların indi nahar vaxtıdır. Keçə bilməzsiniz. Biz dedik axı, biz Təbrizdən gəlmişik, mütləq görüşmək istəyirik. Dedilər ki, olmaz. Bu ərəfədə bir pişik keçmək istədiyimiz otağa daxil oldu. Dedim, nə cür olur, pişik keçə bilir, biz keçə bilmirik? Dedilər o pişikdir, sən adamsan.

 

İdeya elə ordaca ağlımıza gəldi. Daha sonra bizimlə söhbət edəndə bu əhvalatı danışdıq. Hərçənd bizi o vaxt tanıyırdılar, qısametrajlı filmlərimizlə tanınırdıq. Biz ideyanı danışıb dedik ki, ağlımızda belə bir ideya var, bunu film etmək istəyirik. İnsan sərhədi keçmək üçün özünü heyvan şəklinə salır. Sonra İran məktəbi bizə maliyyə ayırdı, biz o filmi işlədik. Daha sonra Kann festivalına gedib mükafat qazandıq. İranda da ən yaxşı film seçildi – Tehran və Fəcr festivalında.

 

 

- Sizcə “Animal” filminin Kannda mükafat almasına nə səbəb oldu? Yəni, mükafatlandıranda bunu yazırlarmı filan məsləyə görə bu film mükafatlandırılır?

 

- Bildim nəyi soruşursunuz. Bəzən olur belə. Yazırlar. Bilirsiniz, İran filmini hər yerdə tanımaq olur. İranın problemidir, İranın üslubudur. Amma “Heyvan” filmində bunu bilə bilməzsən. Kannın jürisindəkilər dedi ki, biz İrandan fərqli modeldə bir film gördük. Həm kinematoqrafik idi, həm bəşəri, həm də milli idi. Bundan başqa mövzu məsələsi də var idi. Bilirsiniz ki, film mühacirət mövzusuna toxunur, bu da indi çox həssas mövzudur. Həm də hər yer üçün aktualdır. Avropa, Şərqdən başqa, İran-Suriya, Meksika-Amerika və başqa məkanlarda aktualdır.

 

- Sizin qəhrəmanınız sərhədi keçəndən sonra da qoyun cildini çıxarmır. Bunu əvvəldənmi düşünmüşdünüz, yoxsa prosesdə belə alındı?

 

- Prosesdə belə alındı. Heç əvvəldə heyvan qoç deyildi. Əvvəlcə aslan düşünmüşdüm. Sonra düşündüm ki aslan vəhşidir, bu, nəsə məzlum heyvan olmalıdır. Qoç məzlum heyvandır, ovdur, həm də qurbandır. Həm də bu tək coğrafi məsələ deyil, insanın içində də bir sərhəd var - insanlıq və heyvanlıq. İnsanın heyvandan fərqi nitqi, şüurudur. Ona görə filmi bu qatda da işlədim. Bəhmənlə düşünüb fikirləşdik, onun heyvanlaşma yuxusu-kabusunu yazdıq. Qəhrəman nigaranlıq yaşayır, heyvanlaşmaq qorxusu yaşayır. Ona görə də elə düşündük ki, bu sərhədi keçəndən sonra libasını çıxarmasın, heyvanlıq içində qalsın və şikara çevrilsin. Bu insanın azadlığa çata bilməməsi haqdadır. Öz məmləkətində də sıxıntı yaşayıb azad olmaq istəyirsən, keçəndən sonra da özündən imtina etməlisən. Hər ikisində məhkumsan. Cəmi məmləkətin insanları dünya səviyyəsində elə bir vəziyyətdə qalıb ki, hər iki halda özümüz deyilik. Mühacirətdə də öz ölkəndə də... Orada öz millətini, kimliyini atmalısan, burada da qalmağında problem var. Bu İrana aid olan bir məsələ deyil, dünyaya aid məsələdir. Mən çox siyasi etmək istəmirəm, amma düşündükcə bu filmdən bu mesajı almaq olar.

 

 

- Bəhmən bəy, sizin yaradıcı proses mənə maraqlıdır. İndicə dediniz ki, pişiyin misalında belə bir film düşündünüz. Ümumiyyətlə, bir mövzu düşünüb ona uyğun hadisə tapırsınız, yoxsa hadisə sizi bir mövzuya çəkir və bir film yaranır?

 

- Yaxşı sualdır. Dünən bunu müzakirə edirdik. Özümdən soruşdum ki, biz kinematoqraf olaraq dünyamıza hadisə kimi baxıram, deyirəm ki, nə gözəl hadisədir filmə çəkim, ya əksinə? Məsələn, Mövlanə oxuyuram, ya ki, Şəms Təbrizini oxuyuram, təsirlənirəm, dünyanı o modeldə görürəm. Hadisələrə də o modeldən baxıram. Amma film çəkmək üçün hadisə axtarırsansa, ciddi, dərin bir kinematoqraf ola bilməzsən. Elə bil hadisədən sui-istifadə edirsən. Məsələn, o pişik hadisəsi niyə diqqətimi çəkib? Çünki o zaman sərhəd mənim üçün önəmli olub.

 

Tutalım, mən düşünürəmsə ki, hər şey Allahın iradəsi ilə mümkün olur, o zaman yerə bir şey düşəndə deyəndə, deyirəm ki, bunu Tanrı saldı yerə. Amma düşünsəm ki, insan iradəsi güclüdür, deyəcəm ki, bunu mən saldım yerə, mən istədim. Bir dünyagörüşdür.

 

- Dediyiniz misalda dünyagörüşünüz mənə maraqlı oldu. Dini dünyagörüşünüz var?

 

- Məncə insan insan olaraq bütün deyil, dünyanı məhdud düşünür. Çünki, biz məkana və zamana aid varlıqlarıq. Bir şey ki, laməkandı, lazamandı, onu düşünə bilmirəmsə, deməli bütün deyiləm. İnsanlar zərrəciyi molekula bölür, molekulu atoma bölür, amma atomun içində heç nə tapmırlar. Elektron zərrəciyini zərrə və ya molekul olduğunu aydın edə bilmirlər. Buna cavab tapmırlar. Dünya böyüdükcə belədir.

 

 

- Makro və mikro anlamda?

 

- Ay sağ olun. Ona görə də, insan dünyanı bütöv düşünmək üçün ona başqa bir idrak lazımdır. O idrak o iradələrdən formalaşır. O iradənin adını Tanrı da qoya bilərsiz, Vəhdətül-Vücud da, ya da idealistlər kimi başqa ad da. Mən düşünürəm ki, insan zəifdir, onda başqa iradələr hakimdir.

 

 

- Bir gənc insanın İranda film çəkmək üçün əsas maneəsi nədir?

 

- İlk olaraq maliyyədir. Bəzi mövzular var ki, onları işləmək çətindir. Senzura olar. Amma ən böyük budur, gərək gənclərə inanıb pul versinlər ki, gənclər filmlərini çəksin.

 

- Sizin filminiz Kannda mükafat alıb. Deməli, maliyyə sarıdan imkanlar açılıb sizə.

 

- Bizə çox yol açılıb. Çox adam deyir ki, gəl səninlə bir film çəkək. İndi Bəhmənlə uzunmetrajlı bir film ssenarisi yazmışam. Onu Təbrizdə türk dilində işləmək istəyirəm. Amma onu ölkə daxilində göstərmək çətin olacaq. Uzunmetraja maliyyə çox xərclənir.

 

 

- Bəhram bəy, sizin üçün dil nə qədər önəmlidir? Yəni hansı dildə kino çəkməyiniz?

 

- Sizə belə deyim. Dil bir nişanədir. Dünyanı alqılamaq prosesində dil də, ənənələr də, nənəmin nağılları da, Dədə Qorqudu oxumaq da, Şəhriyarı oxumaq da önəmlidir. Amma İranda başqa bir model dünyalar var. Mən film çəkirəm. Artistlərlə, sənətlə bağlı işləyirəm. Özümdə dil var, ənənə var. Zatımda olan nəsnələr budur. Qəhrəmanım da türkcə danışır. Məni narahat edən məsələ də dillə, mühitlə sıx bağlıdır. Mənim çəkdiyimi Tehranda çəksəm olmaz, orada belə problem yoxdur. Məsələ türk dili, ya fars dili deyil, hansısa dil təəssübkeşliyi də deyil. Məsələ mənim öz içimdəkinə sadiq olmağımdır. Tutalım farsca çəksəm gərək o mənim içimə hopsun, başa düşüm ki, bunu gərək orada işləyəm. Başqa yerdə olmaz. Necə ki, Fərhadi İspaniyada film çəkir. Çünki, İspaniyada olan mövzunu İranda çəkə bilməz. Bu ora aid bir mövzudur. Mən belə düşünürəm ki, türk dilində film işləmək mənə sadəcə rahatdır.

 

- Belə yayğın bir fikir var: nüfuzlu Avropa festivallarında mükafat almaq üçün onların xoşladığı mövzunu işləməli, ya onlara bir cəhətinlə xoş gəlməlisən. Festival konyukturası var. Sizin haqqınızda, Fərhadi haqda da belə deyənlər varmı?

 

- Hər festivalın özünə görə bir düşüncəsi, bir siyasəti var. Biri var ki, mən film çəkirəm, o festivalın siyasətinə uyğun ola, ya olmaya. Tuta, ya tutmaya. Bir də var ki, mən filmi festivalın siyasətini düşünüb çəkirəm. Festivalın istədiyi mövzuda çəkirəm. Elə olsa siz deyəndir. Fərhadi elə deyil. Fərhadi istədiyi mövzunu işləyir. Öz dünyasını işləyir. O kəslər ki, böyük düşünürlər, Fərhadiyə elə demirlər. Amma elələri də var ki, Fərhadi Oskar alanda dedilər ki, Fərhadi avropalılara xoş gələn mövzuda işlədi, ona görə mükafat aldı. Mən elə düşünmürəm. Məsələn, Kiarostami. Kiarostami öz istədiyi kimi çəkdi həmişə. Bir dəfə “Qızıl palma budağı” aldı. Amma İranda filmləri böyük ekranlarda, kinoteatrlarda nümayiş olunmadı. Amma yenə də o, öz filmlərini çəkdi. Əlli il öz istədiyi kimi çəkdi.

 

 

- Son zamanların filmlərində gerçəklikdən doğan çarəsizlik var. Bunu çoxu qeyd edir. Halbuki daima kino insanlara güc verib. Siz necə düşünürsünüz, bu əhval ruhiyyə varmı həqiqətən?

 

- İnsanlar əvvəl həmişə qəhrəman axtarırdılar, həm də istəyirdilər o kamil və güclü olsun. Filmlər də elə idi. Vestern filmləri də belə idi, o birilər də. Özünü o qəhrəmanın yerinə qoymaq istəyirdin. Sonra Avropa kinosunda sadə insanları çəkməyə başladılar. Qəhrəman yox, insan ideyasına gəldilər. Bir başqa kinematoqraf da yarandı. Hollivud kinosu qəhrəmanpərəstdir, Avropa kinosusa elə deyil. Gələk İran kinosuna. İranda əvvəl filmlər qəhrəmanpərəst idi. Sonra başqa bir kino gəldi, Kiarostami kimi. Onlar qəhrəman axtarmadılar. İnsanın zəifliyini də, qüdrətli olmasını da göstərdilər. Mən də düşünürəm ki, qəhrəman kinosunda bir yalan var. Amma filmi çarəsizlik əhvalında təqdim etməyi də sevmirəm. Tutalım deyirsən ki, bu məmləkətdə yaşayanlar hamısı biçarədir, problem hər yeri bürüyüb. Mən belə filmi publisistik, rejissoru da jurnalist kimi görürəm.

 

“Velosiped oğruları”na, Kurosavanın filmlərinə baxın. Qəhrəmanlar güclüdür, ya zəifdir, amma içlərində hikmət var. Ya Abbas Kiarostaminin xarakterləri çox sadiqdirlər, həm sadə həm də mürəkkəbdir.

 

 

- İran kinosunun bir brendə çevrilməsi, Avropa festivallarında mükafat alması İran hökumətini müəllif kinosuna pul qoymağa həvəsləndirirmi?

 

- Yox. Deyirlər, onlar işlədi aldı, siz də alın. Məsələn, mən düşünürəm ki, Kiarostami başqa ölkədə olsaydı, ona çox dəstək olardı, məktəbi olardı. Eləcə də Fərhadi. Düzdü, Fərhadi özü də dövlətdən pul istəmir, ehtiyacı yoxdur, amma işləmək istəyən gənclər var. Sizə deyim ki, İran Film məktəbi bizlə yarandı, bizlə də bitdi. Gənclərə dəstək kimi yaranmışdı, büdcəsini saxladılar, fəaliyyətini dayandırdı. İki il orada oxudum. Sonra qapandı. Yalnız kimsə zirək və diribaş olsa mükafat alsa, ona yol açılar.

 

- Azərbaycan kinosundan hansı filmlərə baxmırsız?

 

- Qədim filmlərə baxmışam: “Nəsimi” filmi, “Məşədi İbad” və “Arşınmalçı”. Onlara da hanı baxıb. İlqar Nəcəfi tanıdım və çox sevdim onu insan kimi. Filmini izləməmişəm.

 

 

 

SİZİN REKLAM BURADA