EUR USD RUB

Sənət

Toğrul Nərimanbəyovun xatirəsi anılacaq

  • 341 dəfə
  • Tarix 13 İyun 2018 / 10:22

İyunun 14-də Milli İncəsənət Muzeyində Xalq Rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr edilən tədbir keçiriləcək.

 

Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə Toğrul Nərimanbəyovun Azərbaycan incəsənətinə töhfələrindən danışılacaq, rəssamlar və sənətşünaslar onunla bağlı xatirələrini bölüşəcəklər.

 

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Litva Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Onun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə seçilir. Sənətkarın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, özünəməxsus üslubu ilə səciyyələnir. Rəssamın fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. O, eyni zamanda, müxtəlif tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb.

Rəssamın əsərləri dünyanın sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilir, ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

 

2013-cü il iyunun 2-də Parisdə vəfat edən sənətkar bu şəhərin mərkəzində yerləşən “Passi” qəbiristanlığında dəfn edilib. /azertag.az/

 

 

SİZİN REKLAM BURADA