EUR 1.9745 USD 1.7 RUB 0.0267

Yazarlar

Anamı dəli eləyən bəy ölümü

  • 1013 dəfə
  • Tarix 14 İyun 2018 / 12:10

Kulis.az Hikmət Orhunun "Vacib adam - Elçibəy" yazısını təqdim edir. 

 

Mən onu sağlığında tanıya bilmədim. Düzdür, AzTv-də gördüyüm kadrlardan parlamentdə öz içinə çəkilib siqaret yandıran saqqallı kişinin ölkənin vacib adamlarından biri olduğunu bilirdim, amma “vacib adam” sözünün nə anlama gəldiyini bilmirdim.

 

Elə indiki kimi dəqiqəbaşı sual verən uşaq olmadığım üçün kimdənsə soruşmağa da ehtiyac görməmişdim; çünki onun bioloji ölümü gerçəkləşəndə mənim cəmi-cümlətanı doqquz yaşım vardı.

 

Yazının birinci abzasının sonuncu cümləsinin nöqtəsini qoyanda ağlıma gəldi ki, onu öləndən sonra tanımışam.

 

***

 

Məhəllədə yaşıdlarımla evcik-evcik oynayırdıq.

 

Yenə palçıqdan ev düzəldib, sınıq-salxaq oyuncaqlarımızı içinə yığır, biri-birimizə qonaq gedir, qonaq qəbul edirdik. Bu “qonaqlıqlar” elə-belə olmurdu, yalandan da olsa kiminsə doğum gününü, kiminsə uşağının toyunu təşkil edir, evdən gətirdiyimiz ayın-oyunu yeyib, balaca qarnımızı doydurur, çalıb-oxuyub şadyanalıq edirdik.

 

Bu dəfə məhəllənin ən dəcəlinin – Keçəlin qonağı idik.

 

Yenicə qapıdan girmişdik, yaşca bizdən böyük olan Orxan qayıtdı ki, bu gün nə toy-bayram, nə doğum günü olacaq. Qəfil hamımızın baxışları onun üzünə tuşlandı. Niyə sualını gözlərimizdən oxuyurmuş kimi, dedi:

 

- Bu gün Elçibəy ölüb! Demək, gülmək, oynamaq olmaz!

 

Yenə bir şey anlamadıq. Çoxbilmiş tərzdə sözünə davam elədi:

 

- Əbülfəz Elçibəy də... Prezident!

 

Ağlımız bir az da qarışdı, amma televizorda siqaret çəkən saqqallı kişini təsvir edəndə hər şey aydın oldu: ölkə vacib adamını itirib. Elə o gün onun haqqında nəsə öyrənmək ehtiyacı duydum.

 

Evə gəldim.

 

Anam həyətimizdəki tut ağacının dibində oturub, axşam yeməyi üçün salat hazırlayırdı. Yaxınlaşıb böyür-başına keçdim ki, mama, Elçibəy kim olub? O, dinmədi. Bir də soruşdum, mama, deyirəm, Əbülfəz Elçibəy kim olub? O, əlinin tərsini yellədi ki, ay uşaq, yeri, get, o yana, yaşına uyğun olmayan söhbətlərə baş qoşma.

 

Mənə təəccüblü gəldi, ölkənin vacib adamı ölüb, necə ola bilər ki, onun haqqında sual verim, anamın tükü də tərpənməsin?! Axı, o vacib adamdır!

 

Anam uşaq döyən deyil, amma onu bezdirdiyimi hiss eləmişdim. Buna baxmayaraq özümü toplayıb, bir də xəbər aldım ki, ana, Elçibəy ölüb deyirlər, o kimdir? Bunu eşidəndə az qaldı, əlindəki bıçağı gözümə soxsun. Bıçağı yerə qoyub yaxamdan yapışdı ki, sən nə danışırsan, ay uşaq, Əbülfəz Elçibəy ölə bilməz, ölə bilməz Əbülfəz Elçibəy!

 

Yanağından süzülən göz yaşı sinəsinə atdığı hörüyünü isladanda anladım ki, anam Elçibəyin öldüyünü bilmirmiş. Yaxamı buraxıb, özünü evə verdi. Hönkürtüsünü bir mən eşitdim, bir də kölgəsinə yığışdığımız tut ağacı...

 

Vacib adamın öldüyünü deməklə anamı üzmüşdüm, amma əldən nə gəlirdi, Orxan belə demişdi...

 

Axşam televizoru açmadıq.

 

Hamı evə yığılanda isə bir az atam, bir az babam suallarımı cavablandırdı. Demə, o kişi bir zamanlar prezident olub. O zamanlar ki, indi Keçəlin qapısına “qonaqlığa” gələnlər onda ya heç doğulmamışdı, ya da bir, uzağı iki yaşında idi.

 

Bu il isə həmin kişinin 80 yaşı tamam olur. 80 yaşı tamam olur, amma mənim uşaq yaddaşımda o, hələ də parlamentdə siqaret yandıran 54-55 yaşlı saqqallı kişidir. Bəli, parlamentdə siqaret yandıran saqqallı kişi...

 

Qeyd: Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir./yeniekinci.az/

 

SİZİN REKLAM BURADA