EUR USD RUB

Media

“Xalqın şairi” yarışmasının qalibi sabah açıqlanacaq

  • 1755 dəfə
  • Tarix 22 İyun 2018 / 12:04

 

“Bizim məqsədimiz ev vermək deyildi”.

 

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış aparıcı Mübariz Əsgərov söyləyib.

 

ARB TV-də yayımlanan və böyük maraq yaradan “Xalqın şairi” yarışmasının qalibi sabah saat 12-də Muğam Mərkəzində açıqlanacaq. Layihənin rəhbəri Mübariz Əsgərovun sözlərinə görə qaliblər pul mükafatı alacaq:

 

“Final mərhələsini izləmək istəyənləri Muğam Mərkəzinə dəvət edirik. Qoy hər kəs görsün ki, seçim necə olacaq. Hesab edirəm ki, tam şəffaf bir müsabiqə oldu. Biz layihəyə başlayanda düşünmüşdük ki, qalibə dağ kəndində yığcam ev verək. Sonra ev üstündə o qədər ajiotaj yarandı ki, müsabiqənin əsas məqsədi yaddan çıxdı. Müsabiqə başlamamışdan qabaq söz-söhbətlər yayıldı ki, evin kimə verilməsi məlumdur. Qıraqdan baxıb fikir bildirənə önəm vermək olmaz. Bizim müsabiqənin məqsədi ev vermək deyil. Çoxları düşündü ki, məqsəd yalnız budur. Layihənin məqsədi isə kiməsə ev vermək yox, yaradıcı insanlara şərait yaratmaqdı. Biz daha sonra müzakirə etdik və qərara aldıq ki, həmin evin  dəyərinə uyğun qiyməti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə verək.  Həm qalibləri pulla mükafatlandıraq, həm də onların ayrıca kitablarını nəşr edək. Bundan əlavə, bütün finalçıların şeirləri almanax kimi çap olunacaq. “Teas Press”lə danışmışıq, nəfis tərtibatda 12-20 imzadan ibarət almanax işıq üzü görəcək.  Eyni zamanda finalçıların imza günləri keçirməyi nəzərdə tutmuşuq. “Libraff”ın kitab evlərində maraqlı imza günlərini keçirdəcəyik. Həmçinin müəlliflərin xarici dillərə çevrilməsi nəzərimizdədir. Biz qaliblərin dağ kəndində yox, poeziyada evlərinin olmasını istədik. Hesab edirəm ki, məqsədimizə nail olmuşuq. Qaliblərin açıqlanmasından sonra, iyulun 22-də böyük bir bayram keçirəcəyik – poeziya bayramı. Biz əlimizdən gələni etdik ki, bu yarışma əməlli-başlı söz bayramı olsun”. 

 

SİZİN REKLAM BURADA