EUR USD RUB

Kinoteatr

Qadın rejissor: “Mənim bütün tamaşalarımda erotizm var” - MÜSAHİBƏ

  • 1805 dəfə
  • Tarix 12 İyul 2018 / 11:30

 

Bu günlərdə “YUĞ” teatrında Çexovun “Təklif” pyesinin premyerası oldu. Tamaşa üç nəfərin uyğunsuz şəraitdə izdivac aktını gerçəkləşdiməsi haqdadır. Baş rolları Vidadi Həsənov, Zümrüd Qasımova və Elgün Həmidov ifa edir. Müsahibimiz tamaşanın rejissoru Günay Səttardır. 

 

- Günay, “Təklif”ə teatrda çox müraciət olunur. Bunu səhnələşdirmək riskli deyildi?

 

- “Təklif” əsəri doğrudan da, Çexovun ən çox səhnəyə qoyulan əsərlərindən biridir. Universitetdə demək olar ki, hər beş müəllimdən üçü “Təklif”i qoyur. Həm onun lakonikliyi baxımından, həm də cəmi üç personajın olması işlək prinsipə daha rahat gəlir. Sözsüz ki, burada Çexovun dahiliyi amili də var. Aktyorlarla danışanda, ilk növbədə onu müzakirə etdik ki, bizim “Təklif” nə ilə fərqlənəcək, hansı yeniliyi edəcək, necə bir formada qurulacaq. Biz elə tamaşa qoymaq istəyirdik ki, digərlərinə bənzəməsin.

 

Deyirlər ki, Çexov ənənəvi prinsiplərlə yazır, amma mənə elə gəlir ki, o ənənəvi prinsiplərlə daha çox oynayırdı. O, öz mesajlarını yumorla, alt qatda incə toxunuşlarla təqdim edirdi. Çexov bu pyesini hamının rahat anlayacağı formada  təqdim edir, amma onun ilk baxışda sadə görünən mətninin altında başqa mətləblər də var. Mən məhz o mətləblərdən yola çıxaraq alternativlər axtarmağa başladım ki, tamaşanı necə təqdim edim. “Təklif” komediyadır, müəllifin özü də həyatı anekdota bənzədirdi. Ümumiyyətlə, çox ağıllı adamlar faciəni faciə kimi yaşamırlar. Yəni dünyada əslində faciə deyilən şey yoxdur. İnsanların özünün faciə kimi qəbul etdiyi şeylər var. Tutaq ki, mənim üçün faciəvi bir şey sənin üçün elə deyil.  Duyğular genişləndikcə, düşüncə genişləndikcə Allaha çatır. O qatda faciə yox, ruh var. Mən faciə kimi qəbul edilən şeyi narahatlıq adlandırıram, onsuz da bunun keçiləcək nöqtəsi olacaq. Çexovun da yanaşmalarında faciə yox, yumor var. Bəlkə də kimsə düşünər ki, Çexovun adı arxasında gizlənirik. Düşünə bilərlər ki, brend müəllifləri işləmək daha rahatdır.

 

 

- Əksinə, brenddirsə, daha çətindir, çünki mövcud olanlardan fərqli nəsə eləməlisən.

 

- Mən də elə düşünürəm. Doğrudan da dahi adamın əsərində yenilik etməsən, özünəməxsus ştirxlər etməsən irəliyə yox, arxaya getmiş olarsan. Mənim işimdə özümə sığışdırmadığım şeylər var. Böyük müəllifin adının altında gizlənmək mənə görə deyil. Amma təsadüflərə, rəqəmlərin mistikasına inanıram. Birinci məşqə bu ilin yanvarın 29-da başlamışıq, Çexovun doğum günündə, mövsüm də iyulun 15-i bu tamaşayla bağlanır. Həmin gün onun ölüm günüdür. “YUĞ”un metodikasına uyğun olaraq, bu tamaşa ruhi aktdır.

 

- Çexova ilk müraciətindir?

 

- İkinci rejissor kimi Vaqif İbrahimoğlu ilə “Albalı bağı”nda işləmişik. Əslində Çexovun pyeslərini Vaqif müəllim sevdirib. Amma buna kimi hekayələrini sevirdim. Hətta yadımdadır ki, “Albalı bağı”nın kriptoqramlarını izah edəndə belə bir şey dedi ki, yaponlar onun əsərlərinin paradiqmatik qatını müqəddəs yazılarına, ayinlərinə bağlayırdılar. Yaponlarda albalı ağacının çiçəklənməsi müqəddəs hadisədir.

 

- Biz bunu mütləq həqiqət kimi qəbul etməliyik ki, Çexov doğrudan da o müqəddəs yazıları nəzərdə tutub?

 

- Mütləq qəbul etməməliyik, sadəcə yaponlar Çexovu anlamaq üçün buna istinad ediblər. Mən kodlara inanıram, onlar sənə nəyisə anlamaqda kömək edir.

 

- Tamaşaya hazırlıq prosesi necə oldu, bu pyesin başqa səhnə versiyalarına baxmışdın? Məsələn, internetdə Rusiya teatrlarının tamaşaları var.

 

- Birinci onu deyim ki, “Təklif”in bir versiyasına belə baxmadım. Bu mənada qorxum var. Çünki istər-istəməz təsirlənmənin izləri ola bilər. Əvvəlcə velosiped düşünmüşdüm ki, ata və qız işdən velosipedlə gəlir. Dedilər ki, Rusiyada hansısa rejissor Çexovun “Qağayı” əsərində bundan istifadə edib. Həmən qorxuya düşdüm. Bu internetdə varsa, onda mənim bu tamaşadan nəyisə götürdüyümü düşünəcəklər. Amma mən o tamaşanı görməmişdim. Bu velosiped məsələsi içimdə sual kimi qaldı.

 

- Ona görə araba ilə əvəzlədin?

 

- Aha. Bəlkə də təsirlənmək qorxusu kompleksdir. Mənə narahatlıq gətirir, xırda bir detalın hansısa tamaşada eynilə olmasını deyəndə də. Amma artıq tamaşa təhvil verilib, bundan sonra baxacam. Bir də internetə, İnstaqrama filana maraqlı deyiləm. Virtual dünya mənə çəkici gəlmir. Özümün yapmaq istədiyim şeylər var ki, onları dünyaya gətirmək, onlarla məşğul olmağı sevirəm. Ona görə Çexovun əsərlərinin tamaşasına baxmadım. Amma təbii ki, Çexovdan xeyli şey oxudum.

 

Niyə “Təklif”? Məndə hazırlamaq üçün üç əsər vardı, Xətainin “Dəhnamə”si, Qoqolun “Burun”u və “Təklif”. Direktor və baş rejissora təqdim etdim. Belə qərara gəldik ki, çevik, tez hazırlana biləcək variantı seçək. “Burun”u pyes halına gətirmək lazım idi. Ona vaxt lazım idi, mən isə tez başlamalıydım. “Dəhnamə” isə kütləvi idi, 10-15 nəfərin məhsulu olmalıydı, zaman alardı. Ona görə “Təklif”də qaldıq. Vidadi müəllim tərcümə elədi. Yeni versiyada tərcümədə qoymuşuq tamaşanı.

 

 

- Əsasən pyesdə səni nə çəkdi, nələrə vurğu eləmək istəmişdin və bu alndımı?

 

- Əsas çəkən bu oldu ki, bir kişi bir qadınla evlənmək istəyir, amma bir yerə vura bilmirlər. Əsas məqama çatanda dalaşıb ayrılırlar. Söhbət nədən gedir? Çexov həkim idi, pul qazanmaq üçün yazmağa başlayıb, həkimlər də psixologiyanı, anatomiyanı yaxşı bilirlər, insanı, düşüncəni fizioloji baxımdan daha rahat analiz edirlər. Və bu əsərdə o, qadın kişi münasibətlərini analiz edir. Çexov Stanislavski ilə eyni dövrün adamlarıdır. Hətta bir-birini inkar edən adamlar olub. O Stanislavski ilə mübahisə edirdi ki, pyesim doğru qoyulmayıb. Pyesə quruluş verəndə birbaşa həkimlik baxış bucağı məni maraqlandırdı. Həkim baxışından çıxış edəndə gördüm ki, o bir kişi ilə qadını bir şeydə birləşdirir. Seksual həyatda bunlar birləşirlər, amma məişətdə fikir ayrılıqları olur, bu gerçəkdə də belədir. İnsanlar məhz orda birləşirlər, dil tapırlar. Evlənəndən sonra qadınla kişinin mübahisələri olur, söhbət yatağa gələndə orda bəlkə də danışmırlar, ikisi də bir-birini razı salmalıdır.

 

- Ümumiyyətlə, tamaşada yüngül, incə erotizm vardı, düşünülmüş idi yoxsa sponatan yaranırdı?

 

- Orda erotizmi göstərən bir səhnə var. Qadınla kişi ikinci dəfə görüşəndə.

 

- Misalçün, ilk səhnədə işdən gələn qadının yorğunluğunu ifadə etməsindəki erotizm aktrisadan qaynaqlanır?

 

- Ola bilər. Niyəsə mənim bütün tamaşalarımda erotizmin olduğunu qeyd edirlər. Bilmirəm, bəlkə bu məndən gələn bir şeydir.

 

- “Təklif” “YUĞ”un estetikasında yox, ənənəvi təhkiyə kimi qurulmuşdu. Nədən?

 

- Əslində göstərmək istədim ki, ənənəvi prinsipi də psixosof metodkası ilə işləmək olar. Çünki fikirləşirlər ki, psixosofla daha rahatdır işləmək. Əslində isə ənənəvi prinsiplərin özü də psixosof metodikasına girir. Göstərdim ki, bunu da bacarıram.

 

- Yəni iddialı rejissorsan.

 

- İddialı adamam həyatda. Və mən bir şeyin iddiasına girmişəmsə, onu bacarmasam belə, bacarmalıyam. Məsuliyyətin altına girirəmsə, onun iddiamdan yüksək səviyyədə təqdim edəcəm. Uduzmağı sevmirəm.

 

 

- Tamaşa boyu kilsə zəngləri səslənir, amma Çexov kilsə zəngini sevmirdi.

 

- Mən onu kriptoməqam kimi nəzərdə tutmuşam. Çexovu atası məcbur edirdi ki, kilsəyə getsin, kilsə zəngləri ona uşaqlıq travmalarını xatırladırdı. Amma dediyim kimi, bunu kriptoməqam kimi götürdüm, Çexova zidd nəsə yoxdur, kilsə zəngindən sonra saat vurur. Bu zamansızlığı ifadə edir. Çexovun qısa ömründə 90 ilə sığa bilən yaradıcılığı olub. Bu boyda külliyatı yazmaq üçün zamanı necə adlayıb, hansı enerjiylə yazıb, ən azı bir yazı prosesi var axı, vaxtın olmalıdır.

 

- Bu müddətdə Çexovdan yeni nə öyrəndin?

 

- Çexov deyəndə göz önünə kübar görkəmli biri gəlir. O, heç də elə olmayıb. Qadınlarla münasibətində məsələn, arvadbaz olub. Bəlkə də erotizm də ordan gəlir tamaşada. Qadınlara məktublarında elə sözlər yazırdı ki, ilk baxışda mədəni görünə bilər, amma onun altında qadına ağrı gətirən bir şeylər var. Çexov özü yüksək təbəqəyə istehza edib. Bunu da tamaşada göstərməyə cəhd etdim. Hamısını kübar, mədəni də göstərmək olardı. 

 

- Yeri gəlmişkən, Youtube-da “Təklif” pyesinin Rusiyadakı teatrların qoyduğu iki tamaşasına baxdım. Sənin quruluşun, mizanların, aktyor oyunu fərqlənirdi. Məsələn, Zümrüdün Natalya Stepanovnası kobud, yonulmamışdı. Onların Natalyası nisbətən soyuq, kübardır. Bunu akyorlardan aldığın yüksək nəticəyə bağlamaq olar?

 

- Aktyorları fərqli eləməyi sevirəm. Bizim çox məşhur aktyorlar var ki, onların ənənəvi obrazı var. Şablon kimi təqdim olunur. Əminəm ki, onlarla işləyib, ənənəvilikdən çıxara bilərəm.

 

Zümrüdlə bu obrazı işləyəndə düşündük ki, bu personaj necə ola bilər? Qadın taxıl zəmisində işləyir, işgüzardır, ona görə sərt ola bilər. Amma sevgi məsələsinə gələndə təbii ki, o dəyişir. İstənilən insan elədir, ortamdan asılı olaraq kimlikləri, məninin forması dəyişir. Tutaq ki, mən bir kişiylə başqayam, dostumla başqa cür, ictimai yerdə başqa. Natalya ona elçi gəldiyini bilməyənədək davranışında, kobudluq deməyək, rahatıq vardı. Amma elçi gəldiyini biləndə, o, dəyişir, qadınlaşır. Bu, mənim yozumumdur. Razılaşmamaq da olar.

 

 

- Mizanların maraqlı olur.

 

- Mizanlar rejssorun dilidir, onlar əvvəlcə beynimdə hazır olur ki, kim harda dayanacaq, kim harda yıxılacaq, səhnə üçkünc olacaq. Mərkəzdə daha çox qadın olacaq. Hər şeyi masa arxasında danışırıq. Musiqi, rəssam, işıq tərtibatına uyğun korrektlər edilir.

 

- Aktrisalar kaprizli olurlar. Onlarla işləmək problem yaradır?

 

- Ümumiyyətlə, dil yapa bilirəm. İki aktrisa vardı, bir səhnədə olmaq istəmirdilər. Öz teatrlarının fədaisi, korifeyi sayılırdılar. Mənə dedilər ki, bu iki aktrisanı eyni tamaşada oynada bilməzsən. Amma ikisi də oyandılar. Özümü elə aparırdım ki, guya bunların mübahisəsindən xəbərsizəm. Biri deyirdi ki, o filan səhnədə irəli gəlib mizanımı pozur. Mən də o aktrisaya demirəm ki, niyə mizanı pozursan. Sadəcə mizanı dəyişirdim. Münasibətim də korlanmadı.

 

 

 

SİZİN REKLAM BURADA