Fərid – quzu cildli quzğun

Tənqidçi Vaqif Yusifli "Böyük kitab" məqaləsi ilə bağlı gənc yazar Fərid Hüseynin yazdığı "Vaqif Yusifli yaradıcılığı qələmə alınmışdır" məqaləsinə, eyni zamanda digər tənqidlərə cavab verib. Kulis.az həmin yazını təqdim edir.  

  

Hörmətli Fərid və "fəridlər"!

 

Təşəkkür edirəm ki, mənim yazılarımı oxumuş və "tənqidi" fikirlərinizi bildirmisiniz. "Fəridlər" deyəndə mən, Fərid Hüseyn, təkcə səni yox, Sevinc Pərvanəni və Aqşin Yeniseyi də buraya qatıram. Əzizim Fərid, sizlər istəyirsiniz ki, mən də sizin kimi düşünüm?

 

Gah məni sovet sxemindən çıxan bir ədəbiyyatçı kimi qələmə verirsiniz, gah tərifçi kimi təqdim edirsiniz, gah da yeni nəsil yazarlarına hücum çəkən, o zavallıların bağrını dələn biri kimi görürsünüz. Mən bütün həyatımı - siz hələ dünyaya gəlməmişdən əvvəldən - ədəbiyyata həsr etmişəm. Və son nəfəsimə qədər də, ömrümün sonuna qədər də qələm əlimdən yerə düşməyəcək.

 

Bəzi ədəbiyyat işbazları kimi başqa vasitələrlə pul qazanmıram. Çorəyim qələmdən çıxır və bu qələmin sahibi üçün dahi Nizamidən tutmuş hələ ədəbiyyatda "tükləri təzə çıxan" Fərid Hüseynə qədər hamı mənə əzizdir, doğmadır. Ədəbiyyatın ümumi, sabit, əbədi qanunları var - Aristoteldən, Belinskidən, Məmməd Arifdən üzü bu yana. Mən o stereotipə əməl edirəm.

 

Hələ ortaya heç nə yazıb qoymamış biri kimi sənin ədəbiyyat haqqında danışmağa nə haqqın var? Sən Füzulinin heç olmasa bir misrasını təhlil edə bilərsənmi? "Qətl günü"nün bir cümləsini yaza bilərsənmi? Sən və sənin kimilərin ədəbiyyata nəsə gətirib-gətirməyəcəyi hələ sual altındadır.

 

Sənin şeirlərin haqqında yazmışamsa, bu da sənin gəncliyinə hörmət etməyimlə bağlıdır. Sənin o quzu kimi zahiri görünüşünün altında necə də bir quzğun yatırmış... Amma mən sənə qətiyyən hirslənmirəm. Çünki sənin bəsit yaradıcılığın bu qədər iddiaya yol verirsə, mənim yaradıcılığım və həyat təcrübəm yalnız təmkinli davranmağıma vadar edir.

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018