500 şəhid, 300 əsir... – İŞĞAL

 

Kəlbəcərin işğalından 22 il ötür  

 

Kəlbəcər deyəndə nələr yada düşür? Bu gözəl diyar haqqında keçmiş zamanda danışmağa məcbur olduğumuz bir vaxtda sual lap ağır gəlir adama... Nələr yada düşəcək? Bunu bir cümlə, bir yazı, bir kitabla ifadə etmək mümkündürmü? Kəlbəcər barədə saatlarla, günlərlə, aylarla danışmaq, yazmaq olar.

 

 

Amma madam ki, söhbətimiz Kəlbəcərin işğalının ildönümünə düşür, gəlin işğalla bağlı məşhur sənədli filmin bir kadrını yadınıza salım. Onu çox görmüsünüz... Yəqin bu gün də görəcəksiniz. O vədədən danışıram ki, Murov dağının sinəsində quyuya sallanmış ipi xatırladan yeganə ümid yolu qar-borana qərq olmuşdu və Kəlbəcərin qadın, uşaq və qocalarını xilas etmək üçün vertolyotlar gəlirdi. El dili ilə desək, əlsiz-ayaqsızları... Qəflətən ekranda belinə uşaq şələləmiş bir qadın görünür. O, kameraya tuş gəldiyinin fərqində deyil və qəflətən qeyri-adi səslə qaçaqaçda itirdiyi uşağını çağırır. O qadının səsindəki həyəcan, qorxu, sifətindəki narahatlıq sözlə ifadəyə gəlməz. Son on-on beş ildə Kəlbəcər mənim beynimdə bu kadrla assosiasiya olunur... Və sizə deyim, bu, müharibəni ifadə edən ən təsirli görüntüdür. Həm də bir az simvolikdir. Çünki həmin gün hamı Kəlbəcər üçün məhz o qadın kimi hayqırırdı. Ancaq əlimizdən bir iş gəlmirdi. Bütün igid, qorxmaz oğullara rəğmən, nizami ordu yox idi. Fəlakət pis vaxt yaxalamışdı bizi. Həm də insanların qəlbində bir Xocalı xofu, Laçın, Şuşa qorxusu vardı. Heç kimi qınamaq olmazdı... Ölüm cəhənnəm, qız-gəlinin əsir düşmək qorxusu adamların başının üstündən Domokl qılıncı kimi asılmışdı. Həm də, inanın mənə, həmin günlər Kəlbəcərin vəziyyəti Xocalıdan da ağır idi. Gözdən-könüldən uzaq bir yerdə qaçıb getməyə yol belə yox idi. Murov qan ağlayırdı. Amma yenə də son anda camaat Murova üz tutdu. Düşmən əlində yesir qalmaqdansa Murovda donmaq yaxşı idi.

 

...Mənim ürəyimdi, mənim canımdı,

Düşmən süngüsünə keçən Kəlbəcər.

 

Yadınızda düşdü yəqin. Mərhum Sücaətin qaçqınlığın ilk illərində təkcə kəlbəcərlilərin deyil, bütün yerindən-yurdundan olan insanların sifətinə şapalaq kimi dəyirdi bu misralar. O Sücaət ki, Kəlbəcərsiz yaşaya bilmərəm deyirdi və doğrudan da yaşaya bilmədi.

 

Tək Sücaət idimi qan ağlayan? Bəhmən Vətənoğlunun hər qoşması, gəraylısı top mərmisi kimi düşürdü qaçqınlar yaşayan obalara. Şəxsən mən bunun şahidiyəm. Kəlbəcər bizim camaatdan – laçınlılardan ötrü bir nəfəslik idi. Laçın dağılan vaxtı Qayğı qəsəbəsindən yol bağlananda adamlar pay-piyada Kəlbəcərə üz tutdular. Murovu aşıb bu üzə gələnlər də oldu, Kəlbəcərdə məskunlaşıb qalanlar da. Çünki Kəlbəcər elə Laçın demək idi. Təbiəti ilə, havası ilə, insanları və sazı-sözü ilə... Kəlbəcərin faciəsi həm də ikinci Laçın faciəsi idi.

 

93-ün aprelindən sonra bizi həm də vətən dərdi birləşdirirdi və artıq adını çəkdiyim şairləri oxuyanda, dinləyəndə, aşıqlardan eşidəndə biz də göz yaşımızı saxlaya bilmirdik. Tozanaqlı düzəngahlarda ac və kimsəsiz qalanda Bəhmənin bu misraları təkcə bizi ağlatmır, həm də səbbimizi alırdı. Adam dərdini ifadə edəndə toxtaqlıq tapar – bilənlər bilir.

 

Ay allah amandı, nə bəd zamandı,

Gün-gündən, ay-aydan, il-ildən gedir.

Dost dostdan ayrılır qohum qohumdan

Əl əldən üzülür, el eldən gedir.       

 

Hələ, Şamil Dəlidağdan, Mehdixan müəllimdən, Dəmirçi Abbasdan, Qəmkeş Allahverdidən, Ədalət Dəlidağlıdan danışmıram...

 

Üstəlik, bir az əvvəlin söz-sənət ənənəsi: Ağdabanlı Qurban, Dədə Şəmşir, Ənvər Rza, Məmməd Aslan... 

 

İnanın səmimiyyətimə, Kəlbəcərdən istedadsız adamla rastlaşmadım! Dağın çobanına belə yaxınlaşıb dindirsən içində saf bir bulaq qımıldanacaq. Məhz bu mənəvi zənginlikdir ki, Kəlbəcər torpağını onlara bu qədər sevdirir. Kəlbəcərlilər qədər yurd nisgili çəkən, doğma torpaq üçün göz yaşı axıdan camaat da görmədim!

 

Bu doğma insanlar öz rayonlarının adını qəribə bir şirinliklə tələffüz edirlər: Kəlvəjər... 

 

Elə gəlin bu insanlardan biri ilə indicə tanış olaq: Elnur Bayramov. İxtisasca psixoloqdur. Kəlbəcərin Ağcakənd kəndində doğulub. Şamil Dəlidağın və Dəmirçi Abbasın kəndində... Qohumluqları da var.

 

 

Kəlbəcərdən çıxanda Elnurun 13 yaşı olub. O da bütün qohumları kimi Murov aşırımını nisgillə xatırlayır. Aradan 22 il keçsə də:

 

“Mart ayının 29-u kənd camaatı "İdarənin qabağı”ına toplaşmışdı. Məsləhət edirdilər ki, qadınları, uşaqları necə çıxarsınlar. Günün ikinci yarısı kənddə olub-qalan maşınlarla yola düşdük. Bizim UAZ markalı maşınımız vardı. Dayımın, əmimin uşaqları və biz – düz 11 nəfər doluşduq maşına. Qoca nənəm əməliyyatdan təzə çıxmışdı. Anam, xəstə xalam da yanımızda idi. Necə tələsdiksə, yola çörək götürmək yadımızdan çıxdı. İsti geyimlər də götürməmişdik. Bilmirdik qarşıda bizi nə gözləyir.

 

Kənddən çıxarkən itlərin səsi, at kişnəməsi, qoyun-quzu mələşməsi sanki bir bəlanın gələcəyindən xəbər verirdi. Maşına minəndə atam mənə dedi, get, tövlənin qapısını aç, mal-heyvanı çölə burax. Artıq top səsləri eşidilirdi. Hardasa möhkəm atışma gedirdi.

 

Murov dağının ətəyində, Meydan çayında maşınımızın qabaq diferi dağıldı. Düzəltmək mümkün deyildi. Heç buna vaxt da yox idi. Arxa diferin hesabına maşın karvanına qoşulduq.

 

Yoldan çıxıb qəzaya uğramış maşınlar, dağılmış ev əşyaları, dağın sinəsinə səpələnmiş əlacsız camaat adamı vahiməyə salırdı. Elə bil dünyanın sonu idi.

 

Biz yolun ən yüksək yerinə yaxınlaşanda artıq qaranlıq düşmüşdü. Yükü ağır olduğundan maşın yoxuşu qalxa bilmirdi. Atam məni qardaşım və əmim oğlu ilə yerə düşürdü ki, piyada gedək. Zirvəni aşandan sonra bizi gözləyəcəkdilər. Təxminən bir saata yaxın getdikdən sonra çalovlu bir traktor saxladı, biz üçümüz də çalova girib dağı beləcə aşdıq. Atam bizi gözləyirdi.

 

Təxminən 3-cü döngədə maşınımızın əyləc sistemi sıradan çıxdı. Atam maşını yolun kənarındakı xəndəyə söykəyərək çox çətinliklə saxladı. Gecəni Murov dağında qalası olduq... Hava çox soyuq idi. Hamımız donurduq. Arxadan isə biri birindən dəhşətli xəbərlər gəlirdi. Ölən kim, əsir düşən kim, itən kim, yamacdan yıxılan kim...

 

Maşını arxadan gələn qohumların, tanıyanların köməyi ilə birtəhər düzəltdik. 30-u axşama yaxın Yevlax rayonuna gəldik. Elə təzəcə yerləşmişdik ki, Kəlbəcərdən xeyli yaralının vertolyotla Yevlaxa gətirildiyini eşitdik. Aralarında bizim yaxın qohumlar da vardı...”

 

Kəlbəcərdə 500-dən artıq adam şəhid oldu. 300-dən artıq adam əsir və itkin düşdü.

 

Rayonları dağılan insanlar yaxşı bilir... O vaxtlar görüşəndə hal-əhval üçün bircə sual verirdilər: “Necə gəldiniz?” İnsanların maddi və mənəvi vəziyyətini bu ikicə kəlmə dəqiq müəyyən edirdi.

 

Gəlin, bu sualı 22 il sonra da olsa qələm dostumuz, Kəlbəcərin Otaqlı kənd sakini Məhəmməd Nərimanoğluna da verək:

 

 

“Atamla-anam gəlmirdi, inan! Güc-bəlayla gətirdim. Deyirdilər, a bala, hara gedirik, nəyə gedirik? Kəlbəcərsiz necə eləyəcəyik?

 

Goranboyun Qızılhacılı kəndində xalamgil olurdu, onlara gəldik. Xalamın əri rəhmətə getmişdi. Atam çəpərin dibində oturub evə gəlmədi. Başladı məni danlamağa. Dedi, ay oğul, sən necə adamsan? Məni bu kişisiz evə nəyə gətirdin? Nə olsun qohumuq.

 

Kişi çox alınmışdı. Elə həmin gecə infarkt keçirdi. Bir aydan sonra isə rəhmətə getdi. Anam bir az yaşadı. Ancaq bu yaşamaq onun üçün gor əzabından betər idi. Hər gün bayatı deyib ağlayırdı. Deyirdi, Murov havayıdan camaatı qırmaq istəmirdi öz çovğununda. Bilirdi ki, gəlib zəlil günlərə düşəcəyik. Buraxmırdı bizi. Kaş orda donub qalaydıq...”

 

Məhəmməd Nərimanoğlu atasını şəhid hesab eləmir. Amma nahaq yerə! Şəhid təkcə döyüşdə ölənlər deyil, məncə. Vətən üçün ölən, vətəndən ötrü ölən bütün insanlar şəhiddir.

 

Amma dostumuzun bir üstünlüyü var: gördüklərini qələmə alıb kitablaşdırır. Kəlbəcər faciəsini gələcək nəsillərə miras qoyur. Qoy bilsinlər ki, torpaqlar üçün nələr çəkib, nələr yaşayıblar. İndiyədək Kəlbəcərə aid 20-dən artıq publisistik kitabı çap olunub, 5-i isə çapa hazırdır. Bir dəfə özümü saxlaya bilmədim, dedim, ay Məhəmməd, Kəlbəcərdə hamı şeir yazır, dastan bağlayır, sən xeyir ola bu araşdırmalara girişmisən? Onsuz da bilirəm ki, elə qazancın da olmur...

 

Qaşlarını qaldırıb fikrə getdi:

 

“Əmoğlu, hələ Kəlbəcərdə ikən bu işlə məşğul olurdum. Kəlbəcər şəhidləri barədə kitab yazmışdım. Redaktə üçün mərhum şairimiz Əli Qurbanova verdim. Araya qaçqınlıq düşdü. Allah rəhmət eləsin Əli müəllimə, o çətin günlərdə əlyazmanı itirmədi, özü ilə Gəncəyə gətirdi. 1994-cü ildə çap elədik”.

 

Bəli, doğrudan da Məhəmməd ömrünü Kəlbəcərə həsr eləyib. Onu ilmə-ilmə, naxış-naxış, kənd-kənd, oba-oba, adam-adam kitablara köçürür, dağılan tifağını kitablarda toplayır. Buna görə, Kəlbəcərlə bağlı istənilən məqamı aydınlaşdırmaq üçün ondan yaxşı müsahib çətin ki, tapılsın.

 

Bir vaxtlar danışırdılar ki, guya qaçaqaç vaxtı ermənilər qarışıqlıqdan istifadə edib Kəlbəcərə vertolyot göndəriblər və qadın, uşaq, qoca ilə doldurub girov aparıblar. Məhəmməd müəllim belə “dedi-qodu”lara həmişə əsəbiləşir:

 

“Tək bu deyil, o günü bir nəfərin kitabı əlimə düşüb, görürəm Kəlbəcər barədə ağlına-ağzına gələni yazıb. Guya bizim bir ağsaqqal deyib ki, torpağı alınanlara kişi kimi baxmaq olmaz! O saat nömrəsini tapıb həmin müəllifə zəng etdim. Dedim, kimdir onu deyən adam? Cavabı nə olsa yaxşıdı: mənə bir nəfər danışıb! Adam belə məsuliyyətsiz söhbətlər eləməz. Başa düşmək lazımdı ki, belə axmaq səhvlərlə neçə insanın heysiyyətinə toxunursan. Camaatın nə günahı var? Silahsız insanlar ordu qarşısında nə edə bilərdi? Bəyəm Kəlbəcərdə döyüş getmədi? Adam bilmədiyi şeyi yazmaz. Sən deyən bu söhbət də onun kimi... Allah bilir, hansı ağıldan səfeh uydurub özü üçün.

 

Kəlbəcərdə vertolyot vurub erməni. Mənim qayınatam Vəli dayı da olub həmin vertolyotda. Heç yerindən qalxmamış vurdular, yaxınlıqdakı dərəyə düşdü. Partlayıb-eləmədi. 6 nəfər öldü, qalanları salamat qaldı. Vəli dayı da sağ-salamat gəlib çıxmışdı.

 

Amma Laçın tərəfdə tuneli bağlayıb xeyli əsir götürdülər. Bu faktdır!”

 

Həmsöhbətimlə bir ortaq fikrimiz də var: Kəlbəcərin alınması bir faciə idisə, kəlbəcərlilərin qərib-qürbət yerlərdə, yad ab-havalarda məhv olub getməsi başqa bir və daha dəhşətli faciə idi. Bir gün torpağı geri almaq olar. Ancaq o insanlar, o ağrılar, o əziyyətlər geri alınası deyil heç zaman.

 

“Bax dediyin o insanları bu 22 ildə bircə gün də unutmadım! Bircə gün də! Həmişə onların içində oldum, dərdlərini dinlədim. Çünki mən də onların biri idim.”

 

Haqlıdır Məhəmməd Nərimanoğlu.

 

O qədər kitabın müəllifi, ölkənin ən məşhur qəzetlərindən olan “Azərbaycan” qəzetinin işçisi olsa da özünə əməlli gün-güzəran yarada bilməyib. Hələ də ailəsi ilə birlikdə Müşfiq qəsəbəsində Maşınqayırma zavodunun yataqxanasında qalır. Dərdini-sərini yazıb çap etməkdən yorulmadığı insanların yanında...

 

Di gəl, zərrə qədər də inamını itirməyib:

 

“Hər şey yaxşı olacaq! Kəlbəcəri də geri alacağıq. Düzdür, ola bilər ki, biz o günü görməyək. Amma torpaqlarımız mütləq qayıdacaq. Məşhur bir deyim var, yəqin eşitmisən: qaradan artıq rəng olmaz! Biz ən ağır günləri gördük. Bundan o yanası yoxdur. Bundan o yanası işıqdır. Yalnız işıq!”    

 

M.Nərimanoğlu deyir ki, Kəlbəcər camaatı da ümidini itirmir:

 

“Mən əvvəllər düşünürdüm ki, Kəlbəcəri görməyən cavan uşaqlar oraları heç yada salmayacaqlar. Yanılmışam! İndi 19-20 yaşı olan əksər kəlbəcərlilər bizdən çox arzulayır o torpağı. Hamısı evdə ata-anasından, yaşlı qohumlarından eşitdiyini qulağına sırğa edib. Bu məsələdə sosial şəbəkələrin də rolu böyükdür. Şəkillər, videomateriallar paylaşırlar, necə bir torpağı itirdiyimiz aydınca görünür! Kəlbəcər unudulmağa layiq yerdimi bəyəm? Yad əllərdə qalmağa layiq yerdimi?! Allah bunu götürməz! Heç vaxt götürməz!”

 

Belə...

 

Rəhmətlik Sücaətin yuxarıda iki misrasını qeyd etdiyim “Kəlbəcər” şeiri bu bəndlə bitir:

 

Sücaət, neyləyək baxt belə baxtdı,

Darıxma hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər!  

 

İndi dünyada olmayan şairin ürəkdən söylədiyi bu sözlərə inanmamaq olmur.

 

Kəlbəcərdə görüşmək arzusuyla...

 

Lent.az, 02.04.2014 

 

LENT

19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017