Məktub gözləyə-gözləyə ölən rejissorlarımız

Bu gün rejissor Nicat Feyzullayevin ölüm günüdür...

 

Azərbaycan kinosunda rejissorlar bir neçə halda film çəkə bilir. Bir qisim rejissor Mədəniyyət Nazirliyinin kino şöbəsinə ssenarisini yollayır, cavab gözləyir... və ya nazirlik özü rejissora film təklif edir.

 

Nazirlikdən əlini üzənlər isə alternativ yollar axtarır.

 

Alternativ yolla da film iki halda ərsəyə gəlir.

 

Populyarlıqları hesabına sponsor tapmaq onlar üçün problem olmur, xüsusən, son bir ildə çəkilən komediya filmlərinin müəlliflərini nəzərdə tuturam.

 

Kütləvi mədəniyyətdə populyar olmayan rejissorlar isə dostlarının, tanışlarının texniki, maddi dəstəyinə söykənir.

 

Dünən dünyasını dəyişən rejissor Nicat Feyzullayev də Mədəniyyət Nazirliyindən cavab gözləyə-gözləyə ömrünü başa vurdu.

 

Əgər istedadsız rejissor bu taleyi yaşasaydı, yazını yazmazdım.

 

N.Feyzullayev isə çox istedadlı rejissor idi. Sənədli filmləri, “Mozalan”da çəkdiyi süjetlər bir yana, onun filmoqrafiyasında milli kinonun bir neçə dəyərli bədii filmi var: “Yaşa, qızıl balıq”, “Toy”.

 

“Yaşa, qızıl balıq” qısametrajlı filmində əhvalat avtobusda baş verir. Rejissor kiçik qapalı məkanda, 15 dəqiqə ərzində ən müxtəlif insan xarakterləri ilə cəmiyyətin simasını ustalıqla yaradır.

 

“Toy” isə mentallığın güzgüsüdür və bu gün də çox aktualdır.

 

Hərçənd, “Küçələrə su səpmişəm”i onun ən uğurlu filmi saymıram. Çünki rejissor tamaşaçı yozumuna yer qoymur, hər şey 2 üstəgəl 2 qədər sadə, bəsitdir.

 

Amma onun mövzuya əxlaqlı yanaşması, səmimiyyəti filmi xilas edir.

 

Hə, onu da yada salım ki, “Küçələrə su səpmişəm” rejissorun son bədii filmi oldu.

 

2004-cü ildən bu yana ona film verilmədi.

 

N.Feyzullayev son müsahiblərindən birində - bu, yanılmıramsa, keçən ilə təsadüf edir, demişdi ki, nazirliyə ssenari göndərib, hələ də cavab gözləyir.

 

Bir neçə ay öncə ondan müsahibə almaq istəyirdim. Aliyə məsləhət görmədi, “Çətin müsahibə versin, incikdir”,-dedi. O, isə “Film gözləyirəm, ona görə müsahibə vermək istəmirəm”,-demişdi.

 

“Müsahibə vermək istəmirəm” ifadəsinin altında o məna yatırdı ki, birdən müsahibədə emosiyalarını cilovlaya bilməz, kino sahəsinə məsul olan məmurların ünvanına nəsə tənqidi söz deyər və film verməzlər. Amma, elə ya belə film verilmədi.

 

N. Feyzullayev kimi məktublarına cavab gözləyən rejissorlar çoxdur, onlar gözləyir, gözləyir, gözləyir....

 

N.Feyzullayev sovet dövrünün adamı idi. Sovet dövründə filmi maliyyələşdirən yeganə ünvan dövlət olmuşdu. O dövrdən qalma stereotip var ki, kino böyük büdcə tələb edir və ona ancaq dövlət dəstək ola bilər.

 

N.Feyzullayev və onun kimi düşünən rejissorlar başqa şərtlərdə, cəmiyyətdə doğulub yaşasaydılar, alternativ yollara yəqin ki, onlarla film lentə alardılar. Necə ki, film çəkməyə pul tapmayan, Amerika müəllif kinosunun pionerlərindən biri Con Kassavetes radioda tamaşaçılara müraciət etmişdi ki, fərqli film görmək istəyirsizsə, iki dollar yollayın.  Amma təbii ki, ora Qərbdir, onların dəyərləri, sistemi, qanunları, düşüncəsi də başqadır.

 

Məni düşündürən odur ki, Eldar Quliyevə, Oqtay Mirqasımova, Fikrət Əliyevə filmlərinə maliyyə ayıran nazirlik məgər N.Feyzullayev üçün də bunu edə bilməzdimi? Məgər onun çəkəcəyi film açıq aşkar fiasko olan “Dərvişin qeydləri”ndən, “Axırıncı dayancaq”dan daha pis film olacaqdımı? Yoxsa, Samir Kərimoğlunun, iki-üç əsgərin ora-bura addımlamasından, süjeti anlaşılmaz qalan “Mən evə qayıdıram”dan bərbad olacaqdı? Əminəm ki, yox, N.Feyzullayevin daha keyfiyyətli iş ortaya qoya biləcəyinə şübhə eləmirəm.

 

Yeri gəlmişkən, müəllif kinosunun əhəmiyyətli nümayəndəsi Hüseyn Mehdiyevə də uzun müddətdir film verilmir. 2004-cü ildə lentə aldığı “Məkanın melodiyası”ndan bu yana o da nazirlikdən film gözləyir....

 

“Gəldi kosa”, “Münəccimin şagirdi”, “Yatmaq vaxtıdır” cizgi filmlərinin rejissoru, animator Arif Məhərrəmov da gözləyir... Hətta bildiyimə görə yaradıcı prinsipləri uğurunda mübarizə apara-apara insult keçirib...

 

Bu yerdə saytımıza müsahibə verən sənədli filmlər rejissoru Tahir Əliyevin fikirlərindən uyğun parçanı sitat çəkmək istəyirəm: “Mən axı həyatımı mənə büdcə ayırsınlar deyə bu mübarizəyə sərf edə bilmərəm. Mən o prosesləri Bakda yox, Yevlaxda, Mingəçevirdə, Gəncədə həyata keçirirəm. Daha az büdcə ilə işləyirəm. Rejissorlar nazirlikdən filmi almırlar. Filmləri rejissora verirlər. Çünki nazirlikdən film almaq üçün onlar kimi düşünməlisən, onlar kimi yeriməlisən, onlara oxşamalısan. Düşüncə ayrılığı ola bilməz”.

 

Sözü və istedadı olan Azərbaycan rejissorlarına mövcud vəziyyətdə kino məmurlarından (kino və məmur- necə də təzadlı sözlərdir) nəsə gözləməməyi, yaxşı mənada səbirsiz olub mümkün olmayan bütün imkanlardan istifadə edib film çəkməyi arzulayıram. Ki, Nicat müəllim kimi sözünüz ürəyinizdə qalmasın.

 

05.05.2015

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018