Akif Səmədin oğlu: “Atamın dostları da özüylə öldü” - MÜSAHİBƏ

Bu gün tanınmış Azərbaycan şairi Akif Səmədin anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən şairin oğlu Ulucay Akiflə müsahibəni təqdim edir.

 

- Atanı necə xatırlayırsan?

 

- Atamı heç vaxt şair, yazıçı gözündə görməmişəm. Çünki o vaxt onları dərk eləmirdim.

 

- Rəhmətə gedəndə neçə yaşın vardı?

 

- 9. Arada görürdüm ki, gecələr qalxıb masa arxasında nəsə yazır. Şeirlərini də oxumamışdım sağlığında. Bəlkə, şeir oxuyan yaşım deyildi, ona görə. Amma ata kimi mənimlə çox maraqlanırdı. Şahmat oynamağı öyrətmişdi. Axır vaxtlar mənə uduzurdu. Bəlkə də, qəsdən edirdi, bilmirəm. Futbol sevgimi dəstəkləyirdi. Onu şair kimi rəhmətə gedəndən sonra kəşf elədim. Ən çox da anım günlərindən. Onun haqqında danışırdılar, mən də öyrənirdim ki, atam necə şair olub. Ağlım kəsəndən şeir kitablarını oxumağa başladım. Belə-belə mənim də şeirə həvəsim yarandı.

 

- Hə, sən də yazırsan arada.

 

- Yazıram.     

 

- Amma daha çox sərbəst yazırsan...

 

- Niyə, heca da yazıram. İlk yazanda heç ölçüləri də bilmirdim. Amma yazırdım. Yəqin ki, gülməli idi o vaxt yazdıqlarım. Oxuyanlar qüsur da tuturdular. Yavaş-yavaş qaydaları öyrəndim. Yuxarı siniflərdə hiss edirdim ki, yazmağa daxili tələbatım var.    

 

- Sazın var?

 

- Atamın sazı var evdə.

 

- Amma çala bilmirdi...

 

- Çala bilmirdi. Dostları bizə gələndə ifa edirdilər. Yəni, kim bacarırdısa. Atam bacarmırdı.    

 

- Necə oldu sən saz yox, gitara çaldın?

 

- Mənim 11-12 yaşım olanda Bakıda gitara dəbə düşmüşdü. Ona görə. Saza heç əməlli-başlı qulaq asmamışdım. Mühitin rolu böyükdür. Rayonda yaşasam, böyük ehtimal, saz çalacaqdım.

 

- Anan şəhərlidir?

 

- Yox, Füzulidəndir.

 

- Atanla harda tanış olublar, bilirsən?

 

- Atam APİ-də dərs deyən vaxt tələbə imiş. Atam ona dərs deməyib, amma orda tanış olublar.

 

- Ana qohumların hardadır?

 

- Qaçqın kimi Biləcəridə məskunlaşıblar.

 

- Sən indi ata tərəfinlə - Qazaxla çox bağlısan, ya Füzulidən olan qohumlarla?

 

- İş belə gətirib ki, ana qohumlarımla daha yaxın olmuşam. Atam öləndən sonra ata qohumlarım bizə bir az soyuq yanaşdılar. Heç bir kömək və qayğılarını görmədik. Dördümüzü də anam çox böyük əziyyətlə böyütdü. Ona öz anası, bacı-qardaşları kömək elədi. Nənəm bizə çox kömək elədi.

 

Image result for Akif Səməd

 

- O, kəkilinə lağ eləyən nənəndir?

 

- Hə (Gülür). Yazmışdım onu. Məni lağa qoyurdu...

 

- İncə dərəsinə getmirsən?

 

- Gedirəm. Təbiəti elə də gözəl deyil, amma insanları əvəzsizdir. Hamısı da atamı çox istəyir. Düzdü mən ordakı qohumların əksərini tanımıram, amma hansıyla tanış olsam görürəm ki, doğmadır. Qəribə duyğudur bu. Hamısı da atamla qohumluğunu mənə başa salır. Çoxlu dostlarım da var. Ordakı nənəmi də çox istəyirəm.  

 

- Akifin atası da yaşayırdı mən bilən.

 

- Yaşayırdı. İki il öncə rəhmətə getdi.    

 

- Bildiyim qədərilə evinizi tikməyə Akifin qazaxlı dostları və qohumları kömək eləmişdi.

 

- Eləmişdi, amma əziyyətin çoxunu anam çəkdi. Biz balaca idik, ustalarla daşı da o daşıyırdı.

 

- Akif dərviş kimi adam idi... Ev-eşik düşünməzdi o qədər.

 

- Eləydi. Anam olmasa indiki evimiz olmazdı.

 

- İçkiylə aran necədir?

 

- Belə. Aydan-ildən bir dəfə. Toy, ad günü-filanda...

 

- Atanı çox içdiyinə görə qınamırsan ki heç?

 

- Qınamırsan deyəndə ki... Ölümünə səbəb elə içki oldu də. İçməsəydi lap yaxşı olardı. Hər halda tanrının bir yazısı da var. Bilmək olmaz içməyib uzun yaşasaydı yaxşı olardı, yoxsa belə.

 

Image result for Akif Səməd

 

- Dostları da tez unutdu...

 

- Atamın dostları da onunla birlikdə öldü bizim üçün. Elə bil yox imişlər. Tək-tük dostları vardı ki, bizi unutmadı. Məsələn, İlham Pirməmmədov, Naimə Qaramanlı...

 

- Evin böyüyü sənsən?

 

- Ən kiçiyi mənəm. Hamımız bir il fərqlə doğulmuşuq. Böyüyümüz qardaşım Atilaydır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bankda işləyir. Bacılarım “medkolleci" bitirib, işləyirlər. Böyük bacım həm də BDU-nun ekologiya fakültəsində qiyabi oxuyur. Mən də ki, BDU-nun jurnalistikasındayam.

 

- Ailə quranı var?

 

- Yox.

 

- Güzəranınız yaxşı olar indi.   

 

- Yaxşıdır. Bir vaxtlar dördümüz də hazırlıqlara gedirdik. Onda çox çətin idi.

 

- Bəs necə oldu ki, jurnalistikanı seçdin? Atanın taleyinə baxıb seçməməli idin, məntiqlə...

 

- Mən elə atama görə seçdim. Göstərmək istədim ki, Akif Səməd ölməyib. Onu yaşadanlar var. Məni də atam kimi pul-para qazanmaq düşündürmür. Qabiliyyətim varsa yazıb-pozmalı, həm də atamı yaşatmalıyam

 

- Atanla dost idin?

 

- Dost idim. Düzdü, deyirdi, qızlarımı daha çox istəyirəm, amma məncə, məni daha çox istəyirdi. O, həmişə məni müdafiə edirdi.

 

- Anan ondan gileylənmir?

 

- İlk vaxtlar lap ağır idi. Bir də görürdün gecələr ağlayır. Biz də qoşulurduq ona. Zaman keçdikcə öyrəşir adam. Amma indinin özündə də birdən çətinliyə düşəndə atamın qarasına deyinir. Deyir, məni tək qoydun. Məni atama oxşadır. Bizimlə təsəlli tapır. Artıq böyümüşük.   

 

- Atanın ölümünü necə eşitdin?

 

- Anam alış-verişə getmişdi. Biz evdə oturub cizgi filminə baxırdıq. Birdən telefon zəng çaldı. Qardaşım idi. Qonşu zəng eləmişdi. Telefonla danışanda birdən tutuldu və bizə dedi ki, papa ölübdü. İki-üç dəqiqə bir-birimizə baxdıq. Nə baş verdiyini təbii ki, tam dərk eləmirdim. Bir azdan maşınlarda qalstuklu adamlar tökülüb gəldilər. Qonşu qadın bizi evlərinə apardı. Sonra da ailəlikcə yığışıb Qazaxa getdik. O gündən qəribə bir şey yadımda qalıb. Qadınlardan kimsə mənə dedi, Ulucay, atan səni görmək istəyir, gəl, görüş. Mən də getmək istədim, qonşu qadın qoymadı. Bilmədim həmin qadın kim idi. Axı atam ora rəhmətə gedib gəlmişdi, məni necə çağıra bilərdi?    

 

- Bəlkə, məcazi mənada deyib ki, gəlin vidalaşın.    

 

- Yox, mən o yaşda deyildim axı, o cür danışsınlar mənimlə.

 

- Ziyarətinə gedirsən?

 

- Tez-tez gedə bilmirəm. Vaxt az, yol uzaq...     

 

Image result for Akif Səməd

 

- Şeirlərindən əzbər bildiyin var?

 

- Ömrün boyu umdun küsdün,

Dünya sənin nəyindi ki?

Arxasınca asdın-kəsdin

Dünya sənin nəyindi ki?

 

Yan, oduna yanan deyil

Bir dərdini qanan deyil

Atan deyil, anan deyil

Dünya sənin nəyindi ki?

 

Dağlarda qara bax oğlan

Qəlbimdə yara bax oğlan

Ağlama qarabığ oğlan

Dünya sənin nəyindi ki?

 

- Gözəldi...

 

- Gözəldi, hə. Çox şeirini bilirəm.    

 

- Aşıqlar da oxuyur hərdən. Rəhmətlik Aşıq Nazim vardı, çox gözəl oxuyub Akifin gərayılıarından: Amandı, ay gedən, əylən...

 

- Gülə can verən arıyıq

Yönü sevdaya sarıyıq

Ölüm heç nədi, ayrılıq,

Yamandı, ay gedən, əylən...

 

Anama həsr elədiyi şeirlərdəndir.   

 

- Mən də çox bilirəm haaa Akif Səməddən. Ehtiyatlı ol.

 

- (Gülür) Bilirəm.

 

- Qız sevmirsən?

 

- Yox. Elə ən böyük dərdim odu. Sevsəm, ilhamlanıb daha yaxşı yazaram. Məktəb vaxtı qəşəng qız görəndə həyəcanlanırdım. Ürəyim döyünürdü. İndi mənə bu hissi yaşadan qız yoxdu.  

 

- Bəlkə sən zəmanə uşağı olmusan?

 

- Ola bilər, qızları günahlandırmıram.

 

- Cavanlıqda bir şeir yazmışdım, epiqrafda belə bir cümlə vardı: “Rus gitarası üstündə”. Akif Səməd məni xeyli danladı ki, farmazonluq eləmisən. Görən indi sənin gitarana nə deyərdi?

 

- Məncə bir söz deməzdi. O, həmişəki kimi yenə də məni dəstəkləyərdi. Bircə dəfə mənimlə bağlı etiraz eləmişdi. Anam məni rus bölməsində yazdıranda...   

 

- Çıxartdı?

 

- Yox. Anam da ötkəm qadındı. Oxudum. Universitetdə də rus dilində təhsil alıram.     

 

2015

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018