Qabil, çıx stolun altından! – GİZLİN ƏDƏBİYYAT

 

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Boş oturmayanlar” yazısını təqdim edir.     

                                                                                                        

                                             

I hissə

        

Onlar cavanlıq dostları idi – Sadıq Murtuzayev, Gəray Fəzli və Əliağa Kürçaylı. İnstitut illərində ev kirələyib bir yerdə yaşamışdılar. Eşitdiyimə görə, o zamanlar hətta kirə haqqını verə bilməyəndə Murtuzayev ata-baba yurdu Zaqataladan qoz-fındıq gətirər və üç dost bunu orda-burda xırıd eləyib kirayə pulu düzəldərdilər. Amma, bu sıxıntılı günlər onları ruhdan salmır, münasibətlərinə xələl gətirmirdi. Üçü də ailəliklə dostluqlarını davam etdirir, çətinliyə, darlığa baxmayaraq günlərini zarafatla, gülüşlə keçirirdilər.

         

Sonra illər ötdükcə əlləri pula çatmış və üçü də şəhərin müxtəlif yerlərində ev alıb ailələriylə həyatlarını sürürlər. Amma bir-birindən ayrılmırlar, tez-tez gah birinin, gah o birinin evində yığışıb məclis qurur, yeyib-içib o yandan-bu yandan söhbət edir, zarafatlaşırlar. Hələ ki bu zarafatlar zərərsiz-xətərsiz ötüşür, kəskin şəkil almırdı. Son belə zarafatlardan biri Gəray Fəzligildə olur. Hər üç ailə şairin evinə ad gününə yığışırlar. Şair Qabil də dəvət olunur. Məclisin şirin yerində qonaq otağına daxil olan Nuriyyə xanım (Gəray Fəzlinin həyat  yoldaşı) qışqırır: “Qabil, bəsdi, çıx stolun altından!..” Tikəsi ağzında qalan şair Qabil özünü itirir, gözünü döyərək “Nuriyyə bacı, nə danışırsan, mənim orda nə işim var?” deyir. Nuriyyə xanım gülə-gülə “Sənə demirəm, ay Qabil, uşaqnanam” söyləyir. Elə bu vaxt böyük oğlu Qabil masanın altından çıxır. Hamı gülüşür. Bir azdan böyüklər yığışıb məclisin davamını hardasa keçirmək üçün getməyə hazırlaşırlar. Qapıdan çıxanda həlim xasiyyətli Gəray Fəzli birdən ciddiləşir və uşaqlarına səslənir: “Bax, Qabil, şuluqluq salma!” “Oldu, ata” deyir böyüyü Qabil. “Sən də, qızım, vaxtında yat!”. “Yaxşı, ata” deyir ortancılı. Körpəsi Elmar görür ona heç nə demədilər. Yazıq-yazıq soruşur ki, bəs mən nə edim, ata? Bir söz tapmayan Gəray Fəzli “Sən də get çibinləri qov” deyir. Uşaq bu tapşırığa məəttəl qalıb key-key baxır. Gülüşüb çıxıb gedirlər.

            

Lakin gün gəlir, 60-cı illərin ortalarında hər üç dost Goradil bağlarında torpaq götürüb, ev tikib bağ salmağa başlayırlar və o vaxtdan hər şey dəyişir. Həzin zarafatlar forma dəyişikliyinə uğrayaraq get-gedə şiddətlənir, bəzən hətta amansız şəkil alır.

               

Hər üç bağ bir-birinə bitişik idi və təzə-təzə aralarında çəpər-zad da yox idi. Üç ailədə doqquz uşaq vardı – bizdə iki, Gəray Fəzlidə üç, Murtuzayevgildə dörd uşaq. Kim harda oynayırdısa, yeməyini də orada yeyirdi. Murtuzayevin artıq qıtlıq keçirdiyi, qoz-fındıq gətirib kirə pulu ödədiyi vaxtlar özünə də yuxu kimi gəlirdi – Abşeronun birinci katibi idi. Gəray Fəzlinin boğazının müharibədə düşmən gülləsinə tuş gəlməsi, səs tellərinin zədələnməsi və nəhayətdə hərbdən qayıdar-qayıtmaz “Mənim səsim” adlı kitabını buraxması keçmişdə qalmışdı – televiziyada məsul vəzifədə çalışırdı. Əmək qəhrəmanına yazdığı şeirinə mahnı da bəstələnmişdi. Hərdən bir biz uşaqlar bağda ikən mahnı radioda Yaşar Səfərovun ifasında səsləndiriləndə səs-səsə verib ilk misranı gülə-gülə oxuyardıq:

              

Yazıram mən sənə şanlı məktubu, aaay Tubu!

                

Mahnının “Aaay Tubu” yeri nəyə görəsə bizi şənləndirirdi. Əliağa Kürçaylı (müəllifin atası – red.) isə artıq çox məşhur idi. O qədər ki, həmişəki kimi rəsmi heç bir yerdə işləməməsinə baxmayaraq, ölkənin hər yerində, Türkmənbaşıdan tutmuş qeyrilərinədək çoxlu dostları var idi və hər yerdə sözü keçirdi. Ona görə çox vaxt Goradildə olanda belə qonaq-qara əlindən tərpənmək olmurdu. Bu səbəbdən həyətdə evin dalında dəmir tordan divara dayalı, üstü kirəmitli bir hin düzəltmişdi. Bağ mövsümü başlayan kimi hansısa sovxozdan biri bir manata bir- iki aylıq cücələri alıb gətirər, hinə doldurardı, özü də yüz ədəd. Qəfil qonaq gələndə məəttəl qalmayıb tez üçünü-dördünü kəsib bişirtdirərdi. Cücələrin adını da qoymuşdu “təcili yardım” – yəni tut, kəs, bişir hazır olsun. Elə bağda həyata keçirilən ilk qəribə zarafat da hinlə bağlı olmuşdu.

              

Günlərin bir günü iki-üç günlük şəhərə gedib yenə bağa qayıtdıq. Gəlib nə görsək yaxşıdı? Hinin torpağı neçə yerdən dəmir torun altından eşilib. İçəridə toyuq qalmayıb. Yalnız küncdə-bucaqda beş altı boğulmuş cücə yerə sərələnib. Kürçaylı çox bikef oldu, “Görəsən kim qıyıb bunlara?” dedi. Bir az keçmiş qonşu həyətdən çıxan Murtuzayevi gördük. Düz bizim evə sarı gəlirdi. Yaxınlaşıb hal-əhval tutdu, oturub çay içə-içə zənnlə baxıb “Əliağa, sözlü adama oxşayırsan, bir şey olmayıb ki?” soruşdu. Kürçaylı dedi ki, yox, ay Sadıq, salamatlıqdı, amma qəribə bir iş olub, ağla gələn şey deyil, gəl sən də bax. Murtuzayevi apardı evin dalına. Sadıq müəllim hinin altına atılmış lağımlara və ölü cücələrə baxıb soyuqqanlılıqla “Hə, tülküdü. Yediyini yeyib, apardığını aparıb, apara bilmədiyini də boğub atıb” dedi. Kürçaylı soruşdu ki, ay Sadıq, neçə tülkü olub ki, bu boyda hini boşalda bilib? Lap mat qalmalı işdi... “Sən tülkünü nə bilmişdin?! Ağzında tülkü deyirsən, fikir eləmə” deyib qımışaraq sağollaşıb getdi. 

           

Üç-dörd gündən sonra yenə şəhərə gedəsi olduq. Qayıdanda evin əhəngli, ağ divarında kömürlə çox iri hərflərlə yazılmış üç bəndlik şeir gördük. Son bənd indiyəcən yadımda qalıb:

             

Boş qalıbdı hinim mənim,

Yaman keçir günüm mənim,         

Axır oldu himnim mənim,

“Ay mənim cücələrim,                

vay mənim cücələrim!”

             

Beləliklə, məsələnin kimdən keçdiyi məlum oldu və Kürçaylı gedib yenidən yüz cücə alıb hini doldurdu.

            

Ümumiyyətlə, şeir hamının canına sirayət eləmişdi. Elə “Heydərbabaya salam” o qədər deyilmişdi ki, uşaqdan böyüyə hamı əzbər bilirdi. Yemək yeyəndə də, dənizdə çiməndə də, həyətdə işləyəndə də kimsə bir bənd söyləyəndə, o biri ikinci bəndi gətirir, üçüncüsü davamını deyirdi. İş o yerə çatmışdı ki, şeirə qəti meyli olmayan Puşkinin (indiki Biləsuvar) birinci katibi Nağı Axundov bu üçlüyə qoşulub dostluq binası qurmaq istəyəndə kişinin qabağına şərt qoyub “Heydərbabaya salam”ı əzbərləməyə məcbur etmişdilər. O da sürücüsü onu maşınla Puşkindən Bakıya və Bakıdan Puşkinə aparıb gətirəndə çarəsizlikdən boş oturmayıb bütün yolu şeir əzbərləyərdi. Nəhayət, Nağı kişi “Heydərbabaya salam”ı da, hələ üstəlik bir neçə başqa şeiri də yerli-yataqlı əzbərləyib bağdakı məclislərdə şəstlə deməyə başlamış və dəstənin tamhüquqlu üzvü olmuşdu.

             

Demək olar hər gün ya bizdə, ya Murtuzayevgildə yığışıb, kababdan-zaddan bişirib yeyib-içir, deyib-gülürdük. Murtuzayevgilin də evi tikilib qurtarmışdı, bizimki də. Gəray Fəzlinin isə evi qəzalı vəziyyətdə idi. Həyətində Nuh əyyamından qalma iri, hündür bir çərhovuz vardı. Şair mütləq evini onun üstündə inşa etmək fikrinə düşmüşdü. Dostları ona nə qədər “Çərhovuzun bünövrəsi olmaz, ev uçar” desələr də Gəray Fəzli heç kimə qulaq asmayıb tikilinin üstündə ikinci mərtəbəni qaldırmağa başlamışdı. Məqsəd, guya daşa qənaət etmək idi. Əlbəttə, dostları çox istəsəydilər onu fikrindən daşındıra bilərdilər, amma onda nə Murtuzayev Murtuzayev, nə də Kürçaylı Kürçaylı olmazdı. Tikili hər dəfə bir daş qalxanda onlar gizlicə gəlib baxır, işin axırını gözləyirdilər. İşin axırına isə çox qalmamışdı. Nəhayət, ikinci mərtəbə tikilib qurtardı. Gəray Fəzli bununla kifayətlənməyib, hələ yan tərəfdən çox böyük bir eyvan da çıxartdı, özü də sağlam gövdəli, yekə əncir ağacının üstündən. Şair havayı qaraj əldə etmək üçün çərhovuzun qabaq divarını da sökdürmüşdü. Nəhayət dam da hazır oldu, ev içəridən və çöldən suvandı da, qapı-pəncərə də yerinə qoyuldu və bir gün göz görə-görə dostların gözlədiyi hadisə baş verdi – ev tən ortadan çat verməyə başladı. Proses get-gedə dərinləşir, çat böyüyürdü. Çatın hər iki tərəfi günbəgün bir-birindən uzaqlaşırdı. Hələ bu azmış kimi əncir ağacı da altdan öz işini görür, asta-asta boy ataraq eyvanın taxta döşəməsini özüylə qaldırırdı. Heç  nə kömək eləmədi – ev aralandı, eyvan isə azman əncir ağacının fərasətindən qövs şəklinə düşdü.

 

Murtuzayevlə Kürçaylı hər darıxanda gəlib Gəray Fəzlinin bu əcayib, aqibətsiz tikilisinə baxır, gülməkdən uğunub gedirdilər.                               

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018