Romanlar modernist “səhv”lərdə TEHRAN ƏLIŞANOĞLU yazır...

İş belə gətirmiş ki, dünya romanının son iki mərhələsi: modernist və post-modern təcrübəyə söykənən romanlar bugün bizdə çulğaşıq şəkildə gəlir – demişdik. Həm də düz on ildir, Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan (2004) başlayaraq, bu sıra həndəsi silsiləylə artır (bu barədə, məsələn, bax: T.Əlişanoğlu, Ən yeni romançılığımız “Yarımçıq əlyazma”dan sonra // Tənqid.net jurnalı, № 8, 2011).

 

Tarixə yanaşmada yeni – dekonstruktiv tərzi davam etdirən son ən uğurlu mətnlərdən birisi Nəriman Əbdülrəhmanlının “Qurban. Yüz ilin “Əli və Nino” əfsanəsi” (Bakı, “Qanun” nəşriyyatı, 2014) romanıdır. Mətnin fəlsəfəsi belədir ki, digər mətnə (“Əli və Nino” romanına), habelə həmin mətnin özü də neçə-neçə mətnlərə ünvanlanaraq son halda çox-saylı, çox-əhatəli faktoloji həqiqətlərə açılır; qeyd-şərtsiz, şərhsiz və tərəfsiz. Bu mənada zahirən ənənəvi “roman-xronika” janrının normaları əsərdə, həqiqətən də, dürüst gözlənilmişdir. Fabula etibarilə roman Yusif Vəzirin uşaqlıq xatirələrini ehtiva edən XIX əsrin 80-ci illəri Şuşa həyatının təsvirindən başlayıb, son tarix: 1992-ci il, Qranadada əsas personajlardan – Leopold Veys – Məhəmməd Əsəd bəyin ölümünəcən, bir-birini əvəz edən illər-talelər- şəhərlər– hadisələri xronikal qaydada izləməklə, məxsusən əsrin birinci yarısı dünya mənzərəsini iki planda: həm dünya miqyasında cərəyan edən ictimai-siyasi hadisələr fonunda, həm də fərdi insan talelərində(n) dinamik, hərəkətdə təqdim edə bilir. Buradaca qeyd etməliyəm: bu, milli insanı, milli varlığımızı qlobal dünya hadisələri içrə predmetləşdirib- dərk etməyə çalışan bəlkə də ilk romanımızdır. Belə ki, romanın əsas qəhrəmanları: Yusif Vəzir və Lev Nussimbaum- Əsəd bəyin həyatının fonunda bugünün oxucusu ötən əsrin bəlası – stalinizm və faşizm mühitinin mənzərələrinə son dərəcə yaxından boylana bilir.

 

Amma tarixin ehtirasları mətndə nə qədər canlı-sirayətedici isə də, romanın başlıca uğuru heç də tarixi hadisələrin passiv obrazını yaratmaqda deyil. Əksinə, adından da göründüyü kimi, roman tarixin fövqündə duran, az qala yüz ilin əfsanəsinə çevrilmiş Qurban Səidin “Əli və Nino” romanının olduqca mübhəm, sirli taleyini araşdırmaq niyyəti güdür, həmincə tarixin köməyi ilə. Bu mənada  “Qurban. Yüz ilin “Əli və Nino” əfsanəsi” eyni zamanda roman-araşdırmadır. Qurban Səid kimdir – Y.V.Çəmənzəminli, yoxsa Lev Nussimbaum? Romanın bugün əlimizdə olan, 1937-ci ildə ilk dəfə almanca çıxmış versiyası necə meydana gəlmiş və necə olmuş ki, dünya səyahətinə çıxaraq, 30-dan çox dünya dilində bestsellerə çevrilmiş...

 

Romançı çox maraqlı bir yolla gedir: arxasında duran tarixi faktlara, tarixin həqiqətinə dekonstruksiya etməklə, “əfsanə”nin üzərindən nəhayət mübhəm örtüləri qaldıra bilir. İnter-mətnliyə burada “Əli və Nino” romanının adı keçdiyi, əhatəsini-aurasını verən nə qədər mənbələr varsa: Y.V.Çəmənzəminlinin başdan-başa, geniş əhatəsilə həyat tarixçəsi; Lev Nussimbaum- Məhəmməd Əsəd bəyin şəcərəsi, doğuşundan ölümünəcən bütün əhatəsilə tam bioqrafisi; paralel müstəvidə başqa bir Muhəmmməd Əsəd bəy- Leopold Veysin, missionerin həyat yolu; romanın müəllifliyinə növbəti iddiaçılar: ilk naşiri xanım Elfrida Ehrenfels və ilk dəfə Məhəmməd Əsəd bəy imzası ilə çap etdirmiş Vakka Bellanın sərgüzəştləri və s.; ümumən yararlandığı xanım Betti Bleyerin tədqiqatları və “Əli və Nino” romanının taleyinə həsr olunmuş digər araşdırmalar... – cəmisinin roman təfəkkürü işığına tutulması ilə nail olunur. Romançının ustalığı eyni zaman kəsimlərini fərqli talelərdə, paralel izləyə bilməsi, vahid süjet axarında təqdimləməsindədir; o şəkildə ki, durmadan illərdən-illərə, talelərdən-talelərə boylanmaq olur; o qədər ki, miflər-əfsanələr dağılır, altından bütün çılpaqlığı ilə, ağrı və acıları ilə başıbəlalı XX yüzil görünür...

 

Mətndə əsas yeri yazıçı taleyi yaşayan, və məhz bu üzdən zamanın təlatümlərinə düşüb həyatdan istəyincə öc ala bilməyən Yusif Vəzirin romanı tutur. N.Əbdülrəhmanlı bu xətti məxsusi, ustası olduğu psixoloji roman səpkisində fərqləndirib. Və deyim ki, milli insanın, milli xarakterin dərinliyinə çox yaxından boylanan, son dərəcə həssaslıqla qələmə alınmış bu mətni ayrıca, Yusif Vəzir Çəmənzəminli haqqında ən gözəl roman-bioqrafi kimi də alıb- nəşr etmək olar. Bununla belə, roman-xronikada sənədli-macəra tərzində işlənmiş və Lev Nussimbaumun avantür- xəyalpərəst obrazını ortaya qoyan xətt də heç az maraq kəsb etmir. Düşünürsən: bir halda ki, arxasında neft və milyonlar Bakısı və daha geniş planda Şərq-Qərb oyunları durur, nə Lev Nussimbaum- Məhəmməd Əsəd bəydən, nə də onun ədəbi-bədii irsindən imtinamız doğru olmaz. Eləcə də orijinalı (Yusif Vəzir versiyası) əlimizdə deyil deyə, Qurban Səidin “Əli və Nino”sundan. N.Əbdülrəhmanlının, mənimcə, çox uğurlu araşdırma-romanı (roman-xronikası) əslində duyub- bilmədiklərimizə aydınlıq gətirir: Qurban Səidin “Əli və Nino” romanı nədən bu qədər yaxın ikən bizə həm uzaq görünür, doğmalığın və yadlığın payı burda nə qədər və hardandır. Həm də maraqlıdır ki, romançı buna “Əli və Nino”nun mətninə qətiyyən toxunmadan, eləcə “Əli və Nino” əfsanəsini dekonstruksiya etməklə nail olur.

 

Bütün bu “əhsən!”-lərə, pozitivlərə rəğmən, deyim ki, mətndə əlavə bir rakurs, gizli bir pozisiya əməlli-başlı diksindirir. Roman boyu bir yandan total əfsanələri (“XX əsr” deyilən mifi!) dağıda-dağıda, sanki o yandan “gizli bir əl” yeni, daha qorxunc mif-narrativ-şəbəkə qurur, sehr təlqin edir oxucuya: yəhudi masonluğunun qüdrəti!; demə, Tarixdə hünər bildiyimiz nə varsa yalan olub, missioner gizlinləri, oyun-oyuncağından başqa bir şey deyilmiş. Mətnə tədricən, ustalıqla, hiss olunmadan girən və onu ən sonda (“Missionerin ölümü”), hətta “müəllifin ölümü”ndən də sonra tərk edən bu ideya xətti ümumən təzə olmasa da, məhz sirayətedicidir (“Hər halda yaxşı əfsanədi. Əfsanələr elə bu cür yaranırmış”, - qoca beynindən keçirdi”): nə qədər çox (bədii) ifşa olunursa, bir o qədər  də (şüurlara) yeriyir...

 

Aydın Talıbzadənin “Əbu Hübb (Monamor)” romanını (Bakı, “Qanun” nəşriyyatı, 2014) bizdə çağdaş modernist romanın daha bir qələbəsi hesab etmək olar. Bütövlükdə milli varlıq fəlsəfəmiz üzərində düşünən roman ideya planında çoxqatlı, zəngin olduğu kimi, təhkiyə strukturu, poetikası etibarilə də yeni və orijinaldır. Mətn müasirlik mövzusunun lap son həddində nəfəs aldığı kimi, həm də hər cür müasirliyin sonu-sonsuzluğunu ehtiva edir. Çağdaşımız Tuncal rəssamdır, yaşadığı dünyanın-şəhərin- Bakı həyatının bir parçasıdır. İçəri şəhərdə, qədim Qız qalasının ətrafındakı festivallar-oyunlar- hər növ instollyasiyalar da onsuz və ondan yan keçmir, sökülməkdə olan, sökülən və sökülməkdən də öncə içində sökülən köhnə Bakı məhəllələri də. Tuncal iç dünyasında gizlənmiş qədim sufi ilə daim dəyişən, təzələnən, təzələndikcə ölən, özgə olan, özgənin olan- özgələşən dünya arasında ha harmoniya axtarırsa da, tapa bilmir. Ruhsal qatdan düşüncə-mənəviyyat-ictimaiyyat-əxlaq-məişət- ən sonda boğaza dirənən maddiyyat baryerlərinəcən əzabla dəf etdiyi dünyaya, qəhrəman ən nəhayət sevgisini də bağışlayıb, sökülən şəhərin bağrından qopmuş bir daşa başını qoyub, uyuyur. Roman iç aləmində sufi olub, sufi ola bilməməyin ağrılarını fiksə edir. Gerçək dünyada İnsan olmağın məşəqqətindən danışır. “İnsanlara yazığım gəlir...” Bu, mənim taleyimdir, hər birimizin taleyidir. Bu, bizim taleyimizdir.

 

Sənətkar taleyində bütünlükdə insanlığın aqibəti ümumiləşir. Tuncalın Qız qalası festivalında yaratdığı bir əsər var: Qız qalası çadralanıb, əlində çətir tutub; daha sonra çadranın altından qurd obrazı çıxır, Xəzərin sahilində tənha ulayan qurd, üfqi qoyulmuş təkər... – romanda bütün bu şifrələrin birbaşa və eyhamlarla açıqlanması var... Bunlardan biri də mətndə tale romanı – “Monamor”a müvazi gəlişən “Əbu Hübb” romanıdır. Bəs ki, qürurundan sevgisinəcən gerçək dünyanın namərdliyindən qaçıb özünə-içinə sığınan Toltı bəyin pritçası bizə nələri deyir. Bu bizim orta çağlar həyatımızdır. Mənə elə gəlir, Aydın Talıbzadə romanda məlum Qız qalası əfsanəsinin dekonstruksiyasını verir. Turuk oğlu Toltı bəy Cingöz xanın himayəsində gözləri görə-görə qadınını, qızını, malikanəsini, xanədanını, büsbütün həyatı-varlığını itirir, itirə-itirə içindəki sufiyə çıxır; və sufi ola bilməməyin əzabını yaşayaraq sevgidən doğulan övladını da gah görünüb- gah itən, səhrada yeriyən Pünhaniyyə şəhərinə buraxıb, tənha qalır. Görünür, sahilində qurd ulayan həmən şəhərlərdən biri də Tuncalın daşına baş qoyduğu şəhərdir... “Əbu Hübb (Monamor)” – sevgi romanıdır və sivilizasiyaların bəlasından söz açır.

 

Romanın modernizmini də məhz bu – iç dünyasına adekvat fərdin- İnsanın sivilizasiya ağrıları, yaşamları diktə edir. Roman olduqca özəl mətn texnikası ilə qələmə alınıb; burda təsvir də, təsvirin mənası da, müəllifsizlik və müəllif ironiyası da, öz sözün və intermətnlik də, polemika da – dialoq da, personaj da və personaja kənardan baxış da, iç də – ətraf aləm də, ritorika da – metafora da, səhnə də və aksessuar da, hərəkət də – ricət də, dil də - dilin dekonstruksiyası da, son dərəcə təbii adekvatlıq da və teatrallıq da və s. və i. – eyni zamanda, az qala bir sintaqm daxilində yerləşir, nəfəs alır; ideya-mətləbin daşıyıcısı olur. Bütün bu məqamlara dair, təbii ki, misallar söyləmək olar, amma bu, ayrıca yazının predmetidir. Burda onu da vurğulamaq lazımdır ki, təhkiyə poetikasının belə çoxqatlılığı sanki mətnin əlahiddə yüklənməsi kimi görünür: deyək ki, poeziya ilə, ya kino effekti ilə, yaxud da elə teatrallıqla. Hətta nəsr təhkiyəsi baxımından səhvlər də tutmaq olur: deyək, təhkiyə personajın iç nəzərlərinə kökləndiyi halda, qəfil dayanıb məqamdan nəşətlənən müəllif ricətlərində davam tapır... “Yad” müdaxilədən diksinirsən, amma “səhvlər”in sonra da təkrarlandığını görüb, romanın ümumi ideya planına daxil priyom olduğuna mültəfit olursan...     

 

Modernist romanın daha bir uğuru – Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” (“Azərbaycan” jurnalı, 2014, № 9) barəsində söhbəti də təhkiyə texnikasındakı aşkar “səhv”dən başlamaq istərdim. Hadisələr romanda Bulud müəllimin iç nəzərlərindən, qəfil, başına gələnlər kimi nəql olunur, bütün süjet boyu qəhrəmanın hərəkətlərinə (başqaları ilə münasibətdə), düşüncələrinə (özü ilə söhbətdə, xatirələrə daldıqda) tən, ölümünəcən nəzər-nöqtəsini dəyişmir. Burda bir qəbahət yoxdur; əksinə, ekzistensial romanlarda fərdin iç dünyasına varmaq, varlıq fəlsəfəsini duymaq üçün bu, ən əlverişli nöqtədir. Günlərin bir günü Bulud müəllim səhər gözlərini açıb dünyanı sarı rəngdə görür və bu mərəz onu ölümünəcən tərk etmir; əslində, bu, dərdin rəngi olub ona ölüm-uçmaq-cənnət, uçub dünyadan qurtulmaq xəbərini gətirir. Yeniyetmə çağlarında Bulud göyərçin saxlar, göyərçinlərdən uçmaq dərsi alardı; indi qəfil qarşısına çıxıb gözlərinə çırpılan axsaq göyərçin də ona bu xəbəri (ölüm-uçmaq) verir; uzun katarsis yolu keçib görüşünə tələsdiyi sarı çəpkən gülü də... Xırda-para günahlarını anmasa, sanki qəhrəmanın ölüm mərəzinə tutulmasının mətndə elə bir əsası yoxdur; doğrudur, qadınını erkən itirmiş, amma əvəzində iki savadlı oğlu var, Moskvada bizneslə məşğuldurlar, atalarını da əlini ağdan qaraya vurmağa qoymurlar. Qardaşı Umud kənddə özünü az-çox tutub və təsərrüfatını inkişaf etdirməkdədir. Realistik məntiqlə yanaşanda dərdin sarı çəpkəni Buludun tələbə dostu Əlövsətə daha çox yaraşır, 1990-cı illərdə müxalifətdə olmuş, abrına və olmazın kasıblığına sığınıb yaşadığı Güləmirzə kəndindən məhz müxalif düşündüyünə görə bir gün də polis nəzarəti əskik olmur...

 

Məsələ də burasındadır ki, səbəb-nəticə təhlili üzərində qurulmuş realistik nümunə olmayıb, romanda sarıya boyalı dünyanı bizə bütünlükdə tanıdan elə qəhrəmanın iç dünyası, ekzistensial varlığıdır. Fərdin həqiqi yaşamları (ölüm əsəri) çox maraqlı bir ekstremal situasiyada açılır. Xəstəliyin məğzi üzə çıxan kimi, bəlli olur ki, bütün dünyada vur-tut altı belə xəstə var, Bulud müəllim yeddincisidir; üstəlik vaxtilə həmin xəstəlikdən əziyyət çəkən bir yapon xanımının təsis etdiyi fond ölümündən sonra da bu xəstəlik daşıyıcılarını himayəsinə almış. Demə sarı rəng həm də kapital rəngi, dünyanı sarıya boyayanların rəngiymiş: “Bəli, mən – kolxozçu, tərəkəmə, ovçu, şələbığ Məbud kişinin oğlu, beləcə rəsmi milyonçu oldum, amma hələ o hiss məndə yoxuydu...” Doğrudan da, milyonlar qəhrəmana xoşbəxtlik gətirmir; böyük oğlu Sarvan bahalı Qərb həyatına uymaqla, kiçik oğlu Şirvan isə, əksinə, həyatdan bıqıb Suriyada vuruşanlara qoşulmaqla (ifrat Qərbçilik və ifrat islamçılıq rənglərinə baxırsızmı?!) atanın ölümünü daha da yaxınlaşdırırlar...

 

“Səhv”ə qayıdaq; təhkiyə əgər qəhrəmanın iç nəzərlərindən (üstəlik birinci şəxsdə, özü özü haqqında) aparılırsa, oxucu əmindir ki, qəhrəman sağdır; danışırsa, gec-tez gedib hekayənin, romanın söyləndiyi nöqtəyə-məqama çıxacağıq. Hazırkı halda bu, ekzistensial dərk məqamıdır; amma romanın sonundan belə məlum olur ki, ölümünü də, hətta uçduğu cənnətə qovuşmağın təəssüratını da qəhrəmanın iç nəzərləri bizə xəbər verir (“Elə bu sevgiylə də Şəfiqənin əlini əlimə alıb, laylanan nur qatlarının içiylə doğmalarıma sarı yola  düzəldim. Onun əli çox soyuq idi. Amma soyuğu elə istiydi ki...”) “Səhvdir”, amma şərti səhvdir. Çün romanın lap əvvəlindən, ilk cümlələrdən bilirik ki, bu, “tula misallı gərdişdən heç nə gözləməyən” qəhrəmanın “gül kimi pak ruhunun” söylədikləridir; çirklənmiş dünyadan silkinib özünə qayıdan ruhun romanıdır. Fəlsəfə təzə olmasa da, mündəricəsi təzədir.

   

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018