Satqınlıqdan Sovet İttifaqı Qəhrəmanlığına yüksələn tatar şairi

 

Gilyotinlə boynu vurulanda onun cəmi 42 yaşı vardı. Almanlar tatarlardan təşkil edilmiş İdil-Ural Legionun qurucusu Musa Cəlilin xəyanətini bağışlaya bilməmişdilər...

 

Tatar xalqının böyük şairi, alovlu kommunist

 

İkinci Dünya Savaşının sona çatmasından 70 il keçməsinə baxmayaraq hələ də on minlərlə insanın taleyi üzərindən sirr pərdəsi qalxmayıb. Xüsusən faşist düşərgələrində can verən minlərlə insanın taleyi sirri-müəmmadır. Tatarıstanda milli qəhrəman kimi qəbul edilən şair Musa Cəlilin də əsirlikdəki fəaliyyətinə bu gün də aydınlıq gətirmək olmur. Əsir düşərgəsində başqa ad-familiya ilə qeydə alınan şair Musa Cəlilin faşizmə dəstək verməsi, sovetlərə qarşı döyüşməsini də, İdil-Ural Legionunu və Şpandaudakı əsirləri üsyana təşviq etməsi və edam olunması da yazırlar. Ona görə bəzi tatar millətçiləri də onu birmənalı qəbul etmirlər. Amma bir fakt danılmazdır və hamı tərəfindən qəbul edilir: Musa Cəlil şair idi...

 

Böyük tatar şairi Musa Cəli (Musa Mostafa ulı Cəlilov) 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa Cəlil 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə Mədrəsəsində oxuyub. İlk şeirlərini 9 yaşında yazmağa başlayan Musa Cəlil 13 yaşında artıq “Qızıl yıldız” adlı cəbhə qəzetində çap olunurdu. 1919-cu ildə komsomola daxil olub Rusiyadakı vətəndaş müharibəsində iştirak edib. 1922-ci ildə Tatarıstanın paytaxtı Kazana gələn Musa Cəlil qəzetlərdə müxbirlik etməyə başlayır. 1923-1925-ci illərdə Tatar İşçiləri Fakültəsində təhsil aldıqdan sonra alovlu kommunistə çevrilib. 1925-ci ildə partiyanın dəstəyi ilə ilk kitabı – “Biz gedirik” şeirlər toplusu çap olunan şairi Orenburqa komsomol komitəsinə işləməyə göndərirlər.

 

İki il Orenburq və Orskidə komsomol işində çalışan şair 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin Ədəbiyyat Fakültəsində təhsil alır. Moskvada oxuduğu illərdə komsomolun mərkəzi komitəsinin orqanı olan “Kiçik qardaşlar”, “Oktyabr balaları” jurnallarında redaktor kimi fəaliyyət göstərib və 1929-cu ildə “İptaşka” adlı ikinci şeir kitabı çap olunub. İkinci kitabının çapından sonra yolları daha da açılan şair 1933-1934-cu illərdə Moskvadakı “Kommunist” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik edir, “Ordenli milyonlar” şeir kitabı çap edilir.

 

1935-ci ildə onu, Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasına dəvət edirlər. Studiya 1938-ci ildə Tatarıstana köçürülür və Musa Cəlil də Kazana gəlib və ədəbi hissə müdiri vəzifəsində çalışmağa başlayır. Tatar Opera Studiyasında işlədiyi müddətdə 4 libretto yazır və 1939-cu ildə Sovet Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçilir. Musa Cəlil peşəkar ədəbiyyatçı olmaqla yanaşı rəssamlıq və musiqiyə də meyl göstərirdi. Bəzi şeirlərinə tatar xalq mahnıları üslubunda musiqilər yazmaqla yanaşı, hərdən rəsmlər də çəkirmiş. O, eyni zamanda partiyanın fəal təbliğatçılarından biri idi.

 

Səfərbərlikdən əsirliyə uzanan yol

 

Dünya Savaşı Musa Cəlilin həyatını cığırından çıxarır. Tatarıstan Yazıçılar İttifaqına rəhbərlik etməsinə və Tatarıstan Dövlət Opera Balet Teatrında ədəbi hissə müdiri işləməsinə, Sovetlərin yorulmaz təbliğatçısı olmasına baxmayaraq Musa Cəlili də səfərbərliyə alıb döyüş bölgəsinə göndərirlər. Onu Leninqrad, yәni San-Peterburq cəbhəsinə göndəriblər. 1941-ci ilin yayından Musa Cəlil “Otvaqa” cəbhə qəzetinin hər nömrəsində hərbi müxbir kimi əsgər və zabitləri ruhlandıran məqalələr yazmağa, yenilməz sovet əsgəri haqqında çıxışlar etməyə başlayır. Sovet ordusu məğlub olub geri çəkildiyi günlərdə belə Musa Cəlilin qəhrəmanları yenilməz və mübariz idi. Və cəmi bir il sonra, 1942-ci ildə Musa Cəlilin qəhrəmanları Voloxov cəbhəsində məğlub olub geri çəkilərkən yaralı şairi səngərdə qoyub qaçırlar...

 

Legionerlikdən edama

 

Musa Cəlil digər əsirlərlə birlikdə Şpandau əsir düşərgəsinə göndərilir və şair burada öz həqiqi ad-familiyasını gizlədərək Qumerov familiyası ilə qeydə alınır. KQB-nin istintaq materiallarına inansaq Musa Cəlil Polşadakı Edlino düşərgəsində olub və tatar-başqırd əsirlərdən hazırladığı İdil-Ural Legionunda xidmət edib. Məhz bu səbəbdən sonralar onun ailəsi sürgün edilib və təqiblərə məruz qalıb. Amma bu faktın doğruluğunu təsdiq edənlər azdır. Ehtimal edirlər ki, 1943-cü ilin yayında Radom hərbi əsir düşərgəsindəki gizli təşkilatın rəhbərləri həbs edilib və işgəncələrə tab gətirə bilməyən üsyan rəhbərləri Musa Cəlili ələ verib. Məlum olub ki, düşərgədə yayılan antifaşist şeir və nəğmələrin müəllifi Musa Cəlildir. Onu Radom hərbi əsirlər düşərgəsindəki Berlin yaxınlığındakı Moabit düşərgəsinə göndəriblər. Şairin əsirlikdə yazdığı ilk şeirlərin bir qismini milliyyətcə başqırd olan Təlqət Gimranov qoruyub saxlaya bilib. Moabit düşərgəsində Musa Cəlil antifaşist kimi tanınıb. Onun şeirləri və mahnıları dildən-dilə dolaşır, özü isə düşərgədən qaçışla bağlı təşkilatı iş aparırdı. Onun marqarin yağı bükülən kağızlara yazdığı şeirlər düşərgədə üsyan ovqatı yaradır, əsirləri ruhlandırırdı. Amma Musa Cəlilin bu fəaliyyəti də uzun sürmür, faşistlər qaçış planın üstünü açır və şair uzun dindirmələrdən və işgəncələrdən sonra Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişləbirlikdə gilyotində boynu vurularaq edam edilir.

 

Vətən xaini qəhrəmana necə çevrildi?

 

İkinci Dünya Savaşı faşist Almaniyanın məğlubiyyətilə yekunlaşsa da, faşizmə qarşı mübarizə başqa mübariz insanlar kimi, Musa Cəlilin də xidməti araşdırılmır. 1946-cı ildə Sovet KQB-si, Musa Cəlilin işi üzrə istintaqa başlayır və şairin antifaşist fəaliyyətini, dəhşətli edamı nəzərə alınmayaraq, əsir düşərkən özünü öldürmədiyinə, almanlarla əməkdaşlıq etdiyinə görə “xalq düşməni” və ən qatı cinayətkar elan edilir, ailəsini də sürgünə göndərilir. Onunla eyni düşərgədə olmuş milliyətcə başqırd olan Təlqət Gimranov da “xalq düşməni” kimi Tyanşandakı həbs düşərgəsinə göndərilir və yeganə şahid də susdurulur. Amma bu ədalətsizlik uzun sürmür, 1949-cu ildə belçikalı antifaşist Andre Timmermans Musa Cəlilin Moabitdə yazdığı 115 şeirin qorunduğu cib dəftərcəsini Brüsseldəki Sovet konsulluğuna gətirir və onlara şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə də boynunun vurulduğunu bildirir. Həmin cib dəftərcəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilsə də Stalinin ölümünə qədər bu məsələ araşdırılmır. Stalinin ölümündən sonra Musa Cəlilin işi araşdırılır və gizli antifaşist təşkilatlarında Sovetlərin öndə olduğunu göstərmək üçün Musa Cəlilə ölümündən sonra, 1956-cı illərdə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Əsirlikdən bəraət alıb qayıdan Təlqət Gimranov da onun şeirlərini mətbuata təqdim edir və Musa Cəlil bir anda qəhrəmana çevrilir, şeirləri dünya dillərinə tərcümə edilir. Beləliklə Təlqət Gimranovun və Andre Timmermansın səyləri nəticəsində Musa Cəlil satqından qəhrəmana çevrilir və “Maobit dəftəri” şeirlər toplusuna görə ona ölümündən sonra Lenin mükafatı verilir.

 

Yeni qalmaqal: Musa Cəlil əslində kim idi?

 

Amma soydaşlarının heç də hamısı Musa Cəlili qəhrəman hesab etmir. “Tatar millətçilərinin nənəsi” adlandırılan və “Mühacirətdəki Tatarstan hökuməti”nin üzvü olan Fauziya Bayramova millətçi saytların birində çap etdirdiyi “Gələcəyə hazırlaşmaq lazımdır!” başlıqlı məqaləsində o, Qarif Sultan haqda danışır. O, Qarif Sultanı “Musa Cəlillə birlikdə alman ordusundakı İdil-Ural legionunda xidmət edən şəxs” kimi təqdim edir. Fauziya Bayramovanın yazdıqlarına görə Qarif Sultanı əfsanəvi şəxsiyyət, Azadlıq Radiosunun “tatar-başqırd” redaksiyasını yaradıcısı və Musa Cəlil haqqında əsl həqiqəti söyləyən insandır. Fauziya Bayramova Qarif Sultana yazdığı məqalədə Musa Cəlili “qorxaq və satqın” kimi təqdim edir, şairin yalnız müharibənin sonunda, özü də Berlinə yaxınlaşan sovet qoşunlarının qorxusundan nasistlərə qarşı mübarizəyə qoşulan bir şəxs olduğunu iddia edir.

 

Eyni zamanda Tatarıstanda çap olunan “Miras” jurnalının baş redaktoru filologiya elmləri doktoru, professor Minaxmet Saxapov Esfir Yaqudinlə birlikdə yazdığı və 2009-cu ildə çap etdirdiyi “”Barbarossa”nın məhvi” pyesində Musa Cəlilin satqın obrazını yaradıb. Böyük qalmaqala səbəb olan bu pyesdən sonra Saxapov Tatarıstan Yazıçılar Birliyindən qovulub. Musa Cəlilin qızı Çulpan Cəlilova isə Saxapovun məsuliyyətə cəlb olunması üçün Tatarıstanın o zamanki prezidentinə müraciət edib. Bu günlərdə keçirilən məhkəmədə Saxapovun ruhu cəhətdən sağlam olmadığı elan olunub.  

 

Görünən odur ki, “Musa Cəlil müəmması” İkinci Dünya Savaşının bitməsindən 70 il sonra da çözülməyib və Musa Cəlil hələ də müəmmalı şəxsiyyətdir.

 

Cəlil Cavanşir

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018