Qan Turalı ilə muğam söhbəti

 

“Azneft”  meydanından günbatana tərəf şütüyən maşınların səs-küyü yuxulamaq istəyən havanı yatmağa qoymurdu.

 

Göyərçinlər elə ağır-ağır qanad çalıb uzaqlaşırdılar ki, elə bil heykəllərin çiyinlərindən yapışıb, özləriylə göyə qaldırmaq istəyirdilər. Qağayıların qanadları bitməkdə olan günü dənizin dalğalarına çırpırdı - göydələnlərin pəncərəsindən düşən işıqlara layla çalan dalğalara...

 

Zibil qutularının ətrafındakı sellofan torbaların əlindən tutub havada rəqs elətdirən külək hardansa qızardılmış kartof qoxusu səpələyirdi meydana.

 

Elə sakitlik idi ki, elə bil hava qəflətən yer üzündən çəkilib qeyb olmuşdu, səslər ölmüşdü... Hətta öz ürəyimin döyüntüsünü hiss etmirdim.

 

Şəhərin qulaqbatırıcı sükutunu Qan Turalının zəngi pozdu:

 

- Ömər, bilirsən ki, darıxan adamam,  Ömər, darıxmaq  payız dumanı kimi çöküb üstümə. Payızdı indi ruhum bütün, Ömər.

 

Dedim, nə darıxmaq, nə payız, ay Tural.

 

Dedi, bax elə belə də dedi:

 

- Könül Xasıyevaya qulaq asıram. Dilkəş təsnifi oxuyur. Segaha ayaq verəndə  Kafkavari qorxu bürüyür içimi. Tarın simləri kəndir kimi dolanır ruhumun boğazına, çəkir içimdən məni.

 

Dialoqdan keçərdi hardasa iyirmi dəqiqə, görüşdük Turalla.

 

- Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq.

 

- Küri ahıyla qurutdu salı yandırdı muğam!

 

- Yox, yaxşısan, tutdun söhbəti. Ömər, könlümə Rast düşüb.

 

- Mən sənə əlbəttə imdad elərəm.

 

Şəhər gecəni yorğan kimi üstünə çəkib yatırdı...

 

Dəniz kənarında oturduq - səkinin üstündə.

 

Hərəyə bir siqaret yandırdıq.

 

Az keçmişdi ki, adını bilmədiyim xanəndənin ifasında Rast muğamının sədaları dalğaların həzin melodiyası fonunda eşidilməyə başladı Turalın telefonundan.

 

- Fikir verirsən? Mən sənə deyim ki, Üşşaq şöbəsi Bayatı Kürd muğamının uzaq düşmüş balası kimidi. Diqqətlə qulaq as, Ceyms Coysın "Ullis" romanındakı şüur axını burdakı  boğazlarda sujetləşir. Burasına diqqət et, dəhşətdi.

 

Rastın o yeri idi ki, xanəndə Xocəstədən Şikəsteyi-Farsa keçirdi.

 

- Görürsən? Rak-Xosrovanidən Saqinaməyə sonra da Əraqa keçir... Bu ruhlar aləmi, ana bətni və doğuluş yolundakı ilahi nizamın musiqiylə qulaqdan ruha ötürülməsi kimidir.

 

Dəniz seyrək dumana bürünmüşdü. Şəhərin uzaq tərəfindəki göydələnlərin öləziyən işıqları dumandan süzülüb Turalın dediklərinə sehr qatırdı, nağıl kimi...

 

Birdən ağlamağa başladı... Hər şey bir anda baş verdi. Göz yaşları yanaqlarından süzülüb ayağımızın altında rəqs eləyən dalğalara axdıqca, dəniz qaranlıq tövlədə bəslənmiş, aylardan sonra gün üzü görən at kimi fınxırmağa, kişnəməyə başlayırdı...

 

- Mən indi yerdə deyiləm, Ömər... Məni yerə ancaq ritmik bir rəng qaytara bilər.

 

Tez telefonunu götürdüm, Məsnəvi yerini ötürdüm, birdən ağlıma gəldi o da, yadıma düşdü ki,   ondan sonra Zəngi-Şötərə ayaq üçün rəng var.

 

Rastı saxlayıb, növbəti siqaretini yandırdı.

 

- Qarabağ segahı ilə, Şirvan muğam məktəbinin segahı fərqlidi axı. Məsələn, Arif Babayevin segahı ağladır, Ağaxanın segahı xoş hal gətirir. Əsl Mənsuriyyə havasıdı, Yaqub dədə möhürünü vurub da, allah rəhmət eləsin o kişiyə.

 

Mənsuriyyə başlayan kimi  soyuq bir gizilti keçdi içimdən, tüklərim iynə-iynə oldu.

 

- Mənsuriyyəyə qulaq asanda  yulğunlu çöllərdə at sürən şahzadə kimi hiss edirəm özümü. Nənəmin Hindistan çayı "Seylon" qutusundan bir düymədanı vardı, üstündə ağ paltarlı bir şahzadə şəkli, oturub at belində. Həmişə düymələri qabağıma töküb, yaddaşımın dərinliklərinə enirdim. Həmin şahzadəyə çevrilib, üstünü toz basmış xatirələrə səfər edirdim. Mənsuriyyə məni ora qaytarır, o dərinliklərə, o xatirələrə...

 

Mənsuriyyə bitəndən sonra dərindən nəfəs aldı.

 

- İnsanlar muğamdakı sevgini, ilahi çağırışları hiss etsəydilər bu qədər müharibələr, qətliamlar olmazdı, Ömər. Ozon qatı bilirsən niyə zədələnib? Bu, Alimin səsindəki ilahi kodların təsiridi. O səsiylə allahın qapısını döyür sanki...

 

Birdən-birə göy guruldadı. Dəniz qabardı, az qaldı dalğalar başımızın üstündən aşsın.

 

Bu vaxt telefonuma zəng gəldi:

 

- Habil Əliyev vəfat etdi...

 

Xəbəri Turala necə deyim bilmədim. Cəhd elədim, amma alınmadı.

 

Tural siqaretini yerə atdı, sol əlini sinəsinə qədər qaldırdı, sağ əlini soldan bir az aşağıda havada üzdürməyə başladı.

 

O, kamança çalırdı... Hə, hətta səsini eşitdim... Qəmli havaydı...

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018