Ahmet Kayanın Elza, Elariz qədər olmayan istedadı

 

Uca və rəhmli Allahın adı ilə...

 

Əvvəlcədən deyim ki, vedrə bağlayıb çəpik çalmayasız dalımdan:

 

Bu qaralamanın içində bulunmaqla şərəf qazanan "bizimkilər", "biz" kimi müraciətlərin əvvəlində elə məni görün, "biz" də, "bizimkilər" də başlayır məndən, bitir məndə.

Vəli avtobusdadı. Basabas. Qovhaqov. Şəhərin ensiz küçələrində ilana oxşayan bu mühərrikli tısbağa kimi yeriməkdə. Beqafil düşə əlindən ayfonu bədbəxtin. Xəbər tutacaq hər kəs, çevriləcək də. Di gəl ki, yerə düşənə yox, illah ki, Vəlinin sifətinə tuşlanacaq baxışlar. Uşaqdı bəlkə düşən? And ola ki, biz beləyik.

 

Avtobusdan baxanda adi görünən bu hadisənin dərin psixoloji qatı var.

 

İnsanlar Vəlinin mimikalarına, faciəsinə baxmaq istəyir. Səbəb nə olur-olsun. Yerə düşən hər nədi, fərq etməz.

 

Sözüm onda yox, bu psixoloji ənənəni əldən-ələ, beyindən-beynə ötürən bizimkilərdə incəsənətə, yaradıcılığa verilən qiymət də intellektual emosiya ilə deyil, "yazığı gəlmək", "caan", "ay yazıq", "hiii faciəyə bax" kimi verilir.

 

Ona görə də intellektual mətnə bizimkilərin marağı yoxdu.

 

Ona görə də biz hələ təzəyin-peyinin içində qurdalanırıq.

 

Məsələn, kənd həyatından belə yazmaq olar:

 

Fermadı. Qoyun, keçi. Lap sevgi də qatmaq olar gözünə. Həmin bu səhnələr olur mətnin fonu, yəni xromakeyi. Bu fonda qlobal istiləşmə və insan faktoru problemini qoyursan.

 

Bu da olur intellektual mətn, məsələn, deyirəm.

 

Dünya Ozon qatının zədələnmiş hissəsi ilə bağlı vərəvurd eləyir, bizimkilər urvatsız sevgi əhvalatları barədə, “çobanlar itin qulağını niyə kəsirlər”, “anam öldü” kimi boş və mənasız işlərlə həşir-nəşir olmaqda.

 

Bu ayrı söhbətin mövzusudu, bu yaxınlarda onu da eləyəcəm.

 

Elə-belə giriş elədim ki, məsələ aydın ola.

 

Bu gün doğum günüdü Ahmet Kayanın.

 

Allah cənnətlik eləsin, di gəl ki, sənətkar deyildi rəhmətlik.

 

Ahmet Kaya bizim Elariz, Elton kimi müğənnilərimizdən istedadlı deyil, and ola.

 

Nə səsi ilə, nə ritmi ilə, nə də istedadı ilə.

 

Onu sevdirən mətnlər və solçuluq prinsipləridi.

 

O deyirlər e, filankəs "iç mətni yazıb"- bax eyni zaddı. Ahmet hal musiqisi ifa eləyirdi. Adamlar da faciə üçün ölür axı. Uduzmuş xalqlar ağlamaq istəyir, kövrəlmək istəyir.

 

Elza Seyidcahan - onu ki, vətənin ən istedadlılarından hesab edirəm- Ahmeti musiqi bilgiləriylə, səsiylə kölgədə qoyar. And ola ki, ciddi deyirəm.

 

Təhkiyə formasını dəyişmək lazımdı, dostlar.

 

Bu yazıda böyük məsələlər barədə qaralama elədim, amma bizimkilər intellektual mətnləri heyif ki, qavraya bilmir.

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018