Çaxırı qurtarmış gürcü sufisi

 

Giya ilə dostluğumun qəribə bir tarixçəsi var. Ailəmizin doğma Başkeçiddən Bakıya köçdüyü vaxtlar idi. Başı bəlalı 90-cı illər.

 

Bakıda heç cür qərar tuta bilmirdim. Bakının istisi də bir yandan. Lələm kənddən anama kağız göndərmişdi ki, Başkeçid kimi dağ yerinin uşağına birdən-birə Bakı çox çətin olacaq, uşaqları istidən qoru, görsən, ürəkləri təntiyir laxankaya su doldurub suya bas.

 

Ruhun şad olsun, ay Lələ!

 

Doğrudan da çox təntiyirdim. Yadıma Başkeçidin təbiəti düşürdü. O, dağlar, dərələr, zümrüd meşələr, güzgü göllər, buz bulaqlar... Dəli kimi darıxırdım. Hər yerdə gözüm Borçalı gəzirdi. Bəzən “Tiflis”, “Borçalı”, “Başkeçid”, hətta “Qazax” və “Tovuz” adı ilə fəaliyyət göstərən mağazalara, kafelərə baxmaqla sanki vətən həsrətimi gidərməyə çalışırdım.

 

Ay gidərdim ha!

 

O dövr adi limonad butulkasının etiketi üzərində gözümə dəyən gürcü əlifbası da mənə Vətən deyirdi. Təskinlik üçün gah metro “Neftçilər”dəki Gürcüstan avtobuslarının duracaq yerinə, gah “Borçalı ocağı”nda Kövrək aşıq Muradın saz emalatxanasına, gah da “Borçalı” qəzetinin redaksiyasına baş çəkərdim. Borçalı adının işığına emalatxanaya və redaksiyaya kimlər gəlmirdi – Şamxəlil Nəsiboğlu, Zəlimxan Yaqub, Knyaz Aslan, İbadət Mövləli, Xancığazlı Azər Ziyadxan (çox şey borcluyam ona), Sadaxlı Aşıq Əhməd, Hamamlı Aşıq Vəkil, Gülabı Xındıməmədoğlu, Elmuraz Köçəri və daha kimlər, kimlər. Və əlbəttə ki, onların arasında öz dadı, tamı, koloriti, hətta rəngi ilə seçilən yetim gürcü Giya.

 

Mən Giyanı bax beləcə Vətən kimi tapmışam. “Vətəndə ikinci vətəndi dostlar” - deyirdi Hüseyn Arif. O Vətən dost məndən ötrü Giyadır. Giya mənim dərvişkönül dostumdur. Giyanı heç bir maddiyyat, heç bir şan-şöhrət bir tük qədər də dəyişə bilməz. Bəzən mənə elə gəlir ki, Giya bu gün o dəyişməzliyinin mübarək əzabını çəkir. Birotaqlı şəraitsiz, darısqal yataqxana küncündə...

 

Həyat yoldaşı Lamara xanımın vaxtsız itkisinin əzabı da bir yandan. Lamara mövzusunda söz açmayacam. Çox ağırdır mənə. Ağır və ağrılı.

 

Bu barədə Giyanın daha orijinal və tutumlu ifadəsi var: “Lamarasız çaxırı qurtarmış gürcü kimiyəm”.

 

Giyanın bəxti gətirən tərəfləri də az deyil. Giyanın hər dəfə etibarda, sədaqətdə imtahandan ağ üzlə çıxan, çox gözəl ruhani bir çevrəsi var. Gözümün qabağına ilk olaraq Qiymət Məhərrəmli, İlham Abbasov, Şamxəlil Nəsiboğlu, Pünhan Şükür gəlir.

 

Milyonların içindən Vətən deyib, pir deyib, mürşüd deyib mən Akif Səmədi seçən kimi Giya da seçmişdi. Giyayla mənim ən böyük birləşmə nöqtələrimdən biri də bu idi - Akif Səmədlə ortaq dostluğumuz. Hacaloğlu Abbas Abdulla deyirdi ki, kimin kəndini görməyə imkanı yoxdursa, gedib Akifi görsün. Həmin Akif Səmədin ölümünə yazdığı “Akif Səməd haqqı” şeri Giyanın Akifi hamıdan daha dəqiq tanıdığının və Giyanın Akifə hamıdan daha yaxın olduğunun isbatıdır. Şeirin adı hər şeyi deyir: “Akif Səməd haqqı”. Onu da deyim ki, bu haqqı itirənlər az olmadı.

 

Haqq itirənə haqq haram olsun!

 

Giyanın nakam şair dostu Fikrət Mursaqulovun ruhu qarşısında öz borcundan necə ləyaqətlə çıxdığının da hamılıqla şahidiyik. Giya o etibarında da hamımıza nümunə oldu. Xüsusən də Fikrətin imkanlı dostlarına...

 

Bu il Giyanın “kalendarnan” 55 yaşı tamam olur.

 

Əlli beş - xurcun dolu əlli beş.

 

Ağrılı, acılı, ağlı-qaralı bir 55.

 

Nədənsə bu doğum tarixləri, ad günləri, yubileylər məni yaman kövrəldir.

 

Dostlar, gəlin Giyadan muğayət olaq. Hərdən mənə elə gəlir ki, Giya uşaq kimi əcəlin əlinnən gizlənir. Özü də bu gizlənmək qorxudan deyil insanlara, dostlara, həyata sevgisindəndir.

 

Əcəba onun kimi biz də onu sevirikmi, sevə bilərikmi, işığımız çatarmı?

 

Seviriksə gəlin boş qoymayaq gürcü sufisinin şərab buynuzunu. /moderator.az/

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018