20 Yanvarda şəhid olmuş şairin ŞEİRLƏRİ

 

Kulis “20 Yanvar şəhidi” Ülvi Bünyadzadənin şeirlərini təqdim edir.

 

QOCALMAZ, SEVGİ QOCALMAZ

 

Sevgi dolu, kədər dolu,

Aylar, illər ötür keçir.

Özümüz də heç bilmədən,

Ömrümüzdən ömür keçir.

 

Cavanlaşır balacalar,

Qocalansa cavanlardı.

Bu dünyada qocalmayan,

Eşq yolunda yananlardı.

 

Qocalmaz, sevgi qocalmaz,

Ürək, ümid qocalmasa.

Qocalmaz, sevgi qocalmaz,

Onu qocaldan olmasa.

 

HEYİF Kİ...

 

Ürəyim sevməyir, sevməyir səni,

Günahı gözümdə görürəm yalnız.

Hər dəfə qarşıma çıxanda, məni

İzinsiz özümdən alırsan, ay qız.

 

Ürəyim deməyir gözüm deyəni,

Baxma ki, eşqini gözündən alıb.

Bəlkə də sevərdim, ay gözəl, səni,

Heyf ki, ürəyim erkən ovlanıb.

 

 

***

 

Mən düşdüyüm oda bir gün,

Sən də düşüb yanasan.

Dönüb bir ağ göyərçinə,

Çiynim üstə qonasısan.

 

Gənclik idi mənim lə'lim,

İndi gümüş olub telim.

Sən heç kəsin deyil, gülüm,

Öz əlimin xınasısan.

 

Dedim: "Sonam, getmə dayan",

Dedim: "Bəxtim, yatma oyan".

Dedim: "Köçsəm bu dünyadan",

Köks ötürüb anasısan.

 

Qayıdıbdı sevda dəmim,

Ürək həmin, arzu həmin,

Sən heç kimin, heçcə kimin,

Tək Ülvinin sonasısan.

 

 

OLAYDIM KAŞ...

 

Qönçə idin pardaxlandın,

Elə qönçə qalaydın kaş.

Dönüb bir ağ göyərçinə,

Çiynim üstə qonayd ın kaş.

Günəş oldun yolum üstə,

 

Ay günüzlü, boyu bəstə.

Sən də olub mən həvəsdə

Sorağımı alaydın kaş.

Gül verərdim gülərdin sən,

 

Niyə üzün döndü birdən.

Səni canım bilirdim mən,

Mən də sənin olaydım kaş.

 

MƏN GÖRÜŞƏ TƏLƏSƏNDƏ

 

Bir adətmi, yoxsa nədir?

Ay buludda düşür bəndə.

Göylər baxır, qəh-qəh çəkir,

Mən görüşə tələsəndə.

Qəlb döyünür, qol usanır,

Bir tutqunluq görcək səndə.

Elə bil ki, yol uzanır,

Mən görüşə tələsəndə.

 

Sığal çəkib qara telə,

Gəl dayanma, məndən gendə.

Pıçıldaşır sular belə,

Mən görüşə tələsəndə.

 

Nəfəsinlə isinirəm,

Dan yerindən bad əsəndə.

Bir dünyayam, bir aləməm,

Mən görüşə tələsəndə.

 

 

BU QIZ GÖRƏN HARA GEDİR?

 

Nəğmə

 

Baxışları sirli nağıl

Gözlərindən alov yağır.

Tez-tez sola-sağa baxır,

Bu qız görən hara gedir?

 

Dabanları asfalt dəlir,

Birdən durur, birdən gülür.

Bu qız görən hardan gəlir?

Bu qız görən hara gedir?

 

Elə bil ki, dağ çayıdı,

Çay nədir ki, selə taydı.

Kaş xatası çıxmayaydı,

Bu qız görən hara gedir?

 

 

MƏNİ TƏNTİTMƏYİN

 

Məni təntitməyin yemək

yeyəndə; Ay anam,

ay bacım,

 

bir dözün axı,

bir axşamçağı

bir parça uşağı

Niyə təntidirsiz, axı

bu qədər? Guya

bir qismət

artıq yemək

Məni yekəldib pəhləvan edər?

 

Bilirəm məni çox istəməkdən

danlayırsız yer-yerdən:

«Tez ol, pendir götür,

Lavaşdan kəs.

Xörək  də soyudu,

Ay bala,

Meyvə kasada qaldı, bəs».

 

Siz allah,

qoyun udum ağzımdakı tikəni,

- Sonra yığın başıma

bütün bu ölkəni.

 

Məni təntitməyin yemək

yeyəndə, Onsuz da

qabaqda çox təntiyib

 

Ora-bura vurnuxacağam.

Siz deyəntək yeyənlərə

Gendən durub heyran-heyran baxacağam.

hələ bunlar harasıdı…

Torpaq yeyən,

dağ-daş yeyən əcdahalar var deyirlər.

Deyirlər ki, adamların

ürəyini yeyirlər.

Arzusunu, diləyini yeyirlər,

Şirin-şirin danışdırıb qılıqlayıb

əvvəl-əvvəl

şam aşını yeyirlər.

Doymayanda ev-eşiyi,

üz-başını yeyirlər.

 

Məni təntitməyin yemək

yeyəndə; Qoyun fikirləşim

Nə olacam bu yeməklə.

Yox, əl çəkin,

Yeməyəcəm hər deməklə.

Özüm bilən kimi

çörəyimi yeyəcəm,

Sonda göyə üz tutub Allah,

sənə çox şükür,

min-min şükür deyəcəyəm.

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018