Kulisin Mirzə Cəlil sevdası

 

Tənqidçi Əsəd Cahangirlə tam razıyam-indi “poçt insanı” dövrü deyil, indi “post insan” dövrüdür.

 

***

 

Ancaq gəlin Kulisçilərin Mirzə Cəlil sevdasını gözardı etməyək. Buna hörmətlə yanaşaq.  Demək,  Şimalı Azərbaycan ədəbiyyatında indi ciddi cəbhələşmə  prosesi gedir. Demək, bu ədəbiyyatda indi dərin qütbləşmə çatları, xəndəkləri, istehkamları yaranır. Cəbhənin o tayındakılar - yəni Kulisçilər, hələ də 18-ci əsr fransız maarifçilərinin vulqar materializm girdabında ilişib qalıblar. Bu səbəbdən öz ənənəvi isti yerlərindən - Axundovun, Cəlilin isti qucağından aşağı düşüb müasir həyata qatılmaq fikrində deyillər. Bu tayındakılar isə, tənqidçi Əsəd Cahangirin simasında tamam fərqli zövq nümayiş etdirərək uzaq üfüqlərdə “post insan” bayrağını dalğalandırmağa başlayıblar.

 

Gördüyümüz kimi mübarizə iki əks insan modeli - poçt insanıyla post insan modeli ətrafında qızışıb alovlanır. “Poçt insanı”nın kim olduğu hamıya aydındı – bu, həm öz eşşəyi ilə, həm öz savadsızlığı ilə tanınan bədbəxt Novruzəlidir. Azərbaycanlılar üçün rəmzi məna daşıyan “Novruz, Əli” simvolları məncə, bu məxfi kodda xüsusi ustalıqla şifrələnib. Göndərilib altşüura. Ümummilli məzhəkəyə çıxarılıb.

 

Yaxşı, kimdir bu gün, Rəsulzadənin təbirincə desək “Zəmanəmizin Səyavuşu” - ağzına oksigen maskası taxılaraq eşşəyi ilə birgə reanimasiya palatasına göndərilmiş untermenş Novruzəli? Yoxsa,  Nitşenin ubermenşini, yəni fövqəlinsanını xatırladan post insan surəti?

 

Burda, gəlin azca səbirli olub dünya ədəbiyyatı, kinematoqrafı təcrübəsinə müraciət edək. Görək orda indi  Novruzəli kimi untermenşlər qalibdi, yoxsa Hörümçək İnsanı xatırladan cinbala ubermenşlər?

 

***

 

Amerika rejissoru Frensiz Koppolanın kinolentlərinə fikir veribsiz heç? O, həmişə öz filmlərində yeni insan tipi yetişdirir.

 

Əvvəlcə onu sənətdə yaşadır. Sonra, fikir veribsinizsə, həmin qəhrəman, kinolentlərdən ayrılaraq reallıqda, gerçək həyatda zühur edir. Belələrindən biri, razılaşın, məşhur “Xaç atası” filmindəki mafioz Vito, Maykl Karleone surətləridir. “Xaç atası” filmi, 1972-ci ildə mavi ekranlara çıxdığı vaxt, mafioz qanqster ailə modeli,  insan tipi elə ancaq Amerikaya xas bir hadisə sayılırdı. Filmin ümumdünya şöhrətindən sonra bu tip insan, ailə modeli bütün dünyada yayılaraq aparıcı xəttə çevrildi.

 

Tovratda deyilir ki, “əvvəl Söz olub”...

 

Frensiz Koppola bunu müasir dilə belə çevirir: “Əvvəl Hollivudun kino qəhrəmanı olur”.

Sonra o, virtuallığını itirərək reallığa çevrilir. Razılaşın, Maykl, Vito Karleona surətləri bu gün artıq virtuallığını tam itirib. Dönüb tam reallığa. İndi, ailələr nədi - dövlətlər, millətlər bu model əsasında təşkilatlandırılıb idarə edilir.

 

Ancaq, bütün bunlar ötən əsrdə qaldı. 21-ci əsr reallıqları artıq Vito, Maykl Karleone kimilərinə ehtiyac duymur. Yaxalarına inventar nömrəsi yazıb onları arxivə göndərir.

 

Fikriniz bizim yazarlara, siyasi xadimlərə getməsin. Bizimkilərə imkan versən öz ədəbi qəhrəmanlarını məhşər gününədək yaşadarlar. Koppola qətiyyən belələrindən deyil. Ədəbi qəhrəmanlarının ölümünü hamıdan tez məhz özü hiss edir. Başlayır yeni insan modeli “Post insan” ətrafında gərgin axtarışlara. Nəhayət 2007-ci ilin noyabrında öz pərəstişkarlarını, rumın yazarı Mirçe Eliadanın eyni adlı əsəri əsasında çəkilmiş “Youth Without Youth” kinofilmiylə xeyli sevindirir.

 

Koppolanın budəfəki qəhrəmanı - filologiya elmləri üzrə professor Dominik Matey, 1938-ci il Rumınyasında yaşayır. Filmin ilk kadrlarında o, hələlik “post insan” deyil, sadəcə adi insandır. 70 yaşını haqlayan qocaman professor bir gün ötən həyatından küsür. Qərara gəlir Pasxa günü intihar etsin. Ancaq həmin gün Dömeniki özü deyil, başqa qüvvə - ildırım vurur. Nəticədə ölüm dirilmə ilə əvəzlənir. Professor Domenik Mateyin köhnə dişləri yerində təzələri bitir. Saç örtüyü tam təzələnir. Qısası, qocaman professor dönür tam gənc post insana. Başlayır qədim yunan, sanskrit, Misir dillərində sərbəst danışmağa. Alimlər konsilium çağırıb bu fenomenə “ksenoqlossiya” adını verirlər.

 

Bəxtə bir bax - adi filologiya alimi cildindəykən Domenik, bu ölü dillərə o qədər də yaxşı bələd deyildi. Amma, ildırıma tuş gəldikdən sonra o, bu dillərdə bülbül kimi ötməyə başlayıb hamını heyran qoyur. Sonra özündə öncəgörmə istedadı aşkarlayır. Başlayır qumarda hamını udmağa və s. i. və i. a. Xeyli cavanlaşır. Fenomenal elmi ixtiralara, kəşflərə imza atır.

 

Gördüyümüz kimi, rejissor Frensiz Ford Koppola artıq ənənəvi insan modellərindən əlini üzərək yeni insan tipinə - post insana müraciət edib. Bu insanın saçları da, dişləri də, dırnaqları da, beyni də tam yenidir. İldırım onun atasıdır. Külək isə, anası.

 

“Xaç atası”nın müəllifi , Maykl, Vito Karleone simasında vaxtiylə necə yeni insan modelini yaratmışdısa, indi də Domenikç Matey nümunəsində yeni insan modeli yaradıb. Gözləyin. Tezliklə bu yeni insan tipi öz vitualllığını itirib tam reallaşacaq. Bu, bilirsiz həm də nəyi xatırladır? - Alman yazıçısı Qustav Meyrinqin məşhur “Qolem” romanını. Həmin romanda bir orta əsr kimyagəri növbəti təcrübə zamanı təsadüfən süni insan yaradıb adını “Qolem” qoyur. Bir gün həmin eksperimental süni insan, öz müəllifinin ixtiyarından çıxır. Qaçıb gedir bir Allah bilir hara. Başlayır köhnə Praqa küçələrindəki tənha piyadaları öldürməyə.

 

***

 

Beləliklə, ədəbi qəhrəmanların öz virtuallığını itirib reallığa çevrilmək nümunələri bir deyil, iki deyil. Sırada, növbədə indi Kulisin dediyi kimi “poçt insanı deyil”, “post insan” modelidir. Qəti əminəm - bu  yeni, yaxud qədim insan növü elə ancaq bədii qiraət nümunələrində, kinolentlərində qalmayacaq. İpini qırıb qaçacaq Meyrinqin “Qolem”i kimi. Kütləviləşəcək. Sayı artacaq.

 

Belələri, tezliklə bizim sıralarımızda, ədəbiyyatımızda da aşkarlanacaq, görərsiz. Əslində oxşar ədəbi qəhrəmanla bizlər lap çoxdan, hələ sovet zamanlarından tanışıq. O, rejissor Tarkovskinin “Stalker”idir.

 

Yəni, “post insan” modeliylə tanışlığımız hələ sovet vaxtları baş versə də, biz həmin fenomeni ancaq indi-indi dərk etməyə başlamışıq. Bu gecikmiş tanışlığın ilk qaranquşları artıq ədəbiyyatımızda mövcuddur. İsa Hüseynovun “Məşhər”, Anarın “Göz muncuğu”, Elçinin “Baş” romanlarında, Əsəd düz buyurur, artıq bu yeni insan tipinin Azərbaycan oxşarları var.

 

Bəs niyə görə Kulisçilərin daim gecikən zövqü bu gün bizə, ədəbi həyatımıza köhnə Novruzəli surətini, “poçt insanı” modelini sırımağa çalışır, hə, soruşuram hamınızdan?

 

Sualımın cavabını vermirəm. İstəyirəm özünüz, məhz özünüz tapasız bu sifarişli müəmmanın cavabını.

 

Məncə, Kulisçilər öz Mirzə Cəlil sevdalarına elə uyublar ki, dünya-aləm gözlərindən silinib.

Mənsə, bu azmışları reallıq hislərini bərpa etməyə çağırıram. Barı, gözünüzü açıb Cəlilə bir başqa gözlə də baxmağı bacarın da...

 

Heç olmasa bircə dəfə...

 

Əvvəla, Cəlil heç vaxt orijinal olmayıb. O, daim təsir altında yazıb-yaradıb. Əvvəl Qoqoldan təsirlənib, “Dəli yığıncağı”nı yaradıb və s. Sonra, Belçika dramaturqu Qustav  Meterlinqin “Le Miracle de saint Antoine” ( Müqəddəs Antoninin möcüzələri”) pyesinə 1907-ci ildə Tiflisdə, rejissor Meyerxoldun təqdimatında  baxıb. Əsəri, demək olar ki, tam köçürdüb özünün “Ölülər” tamaşasına.

 

“Danabaş kəndinin əhvalatları” əsərindəki Məhəmmədhəsənin itmiş eşşək mövzusu ilə də o, ilk dəfə Qoridə, gürcü yazarı Yeketerina Qabaşvilinin “Maqdananın göygözü” povestində tanış olub. Tələbə olub o vaxt Qori müəllimlər seminariyasında. Görünür sinifdəki gürcülərdən həmişə öz dəftərinə nəsə köçürdüb... İştah diş altındadır... Orda da bax bu Qorili qadın yazarla görüşüb... Əsərləriylə tanış olub...

 

Ordakı bəzi epizodları götürüb köçürüb “Danabaş kəndinin əhvalatları” əsərinə.

 

Qeyd edim ki, Yekaterina Qabaşvilinin “Maqdananın göygözü” povesti əsasında 1955-ci ildə məşhur gürcü rejissorları Tengiz Abuladze, Revaz Çxeidze film çəkib onu Kann kinofestivalına təqdim etmişlər. Kulisçilər Qabaşvilinin povestiylə tanış olmaya bilərlər. Ancaq  bu əsərin əsasında çəkilmiş məşhur filmə bələd olmamaq, hə, onlar üçün bağışlanmaz günahdır.

 

Belələri sorğu keçirib cəmiyyətdə ədəbi rəy formalaşdırmamalıdır.

 

O ki, qaldı “Molla Nəsrəddin”dəki lətifələrə, felyetonlara, hə, onlar da rus dövrü mətbuatının tərcüməsidir, vəssalam.

 

Bu, elə “Poçt qutusu” hekayəsinə də aiddir.

 

Belə getsə bir gün biz bu əsərin də ilkin olmadığını görəcəyik, inanın. Hə, bax o vaxt mərəkə qopacaq. Məlum olacaq ki, gör hansı əsərə bizim ədəbi münsiflər heyəti birincilik qazandırıb...

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017