Mirzə Cəlilə harda uduzuruq - Sevinc Elsevər yazır

 

Bu gün rəssamlıq sənəti fotoqrafiya sənəti ilə yarışdadı. Avropada elə rəssamlar, qrafiklər yetişib ki, onların çəkdiyi rəsmləri foto ilə səhv salırsan. Azərbaycandakı professionallar belə o rəsmlərin rəssam əlindən çıxıb-çıxmadığını ayırd edə bilmir.

 

Vaxt vardı rəssamlıqda dadaizm, sürrealizm kimi cərəyanlar cövlan edirdi. Bu cərəyanların da meydana çıxmasına səbəb rəssamlıq sənətinin reallıqla yarışması idi. O dövrdə rəssamlıq fotoqrafiya sənəti ilə yarışacaq gücdə deyildi. Məhz bu dövrdə Salvador Dali, Pikasso kimi ağıllı adamlar fotoqrafiya sənəti ilə yarışmağın yolunu tapdılar. Gerçəkliyi  deformasiya olunmuş şəkildə göstərməyə başladılar.

 

Rəssamlıqda yaranmış bu cərəyanlar sonralar kinematoqrafiyaya da keçdi. Kinematoqrafiyada bu cərəyanlar o vaxt bərqərar oldu ki, I Dünya müharibəsi başa çatmışdı. Fransada Jermena Dülakın, Abel Hansın kinoya gətirdiyi avanqard cərəyanların məqsədi insanları az da olsa, reallıqdan uzaqlaşdırmaq idi.

 

Bu filmlərdə də deformasiyaya uğramış, gerçəklikdən uzaqlaşmış kadrlar görünürdü.

 

İkinci dünya müharibəsi bitəndən sonra isə dünya kinosunda realizm yenidən dirçəldi. Bu yenidən canlanan realizmi - “neorealizm” adlandırdılar. Neorealistlər müharibədən çıxmış İtaliyada baş qaldırdılar. Həyatın son dərəcə reallıqla əks olunması, çirkli küçələr, köhnə, yapalaq daxmalar, sosial çətinliklər, işsizlik, yoxsulluq bu filmlərin göstərdiyi əsas şeylər idi.

 

Bir müddət sonra elə həmin bu neorealizmdə parlamış rejissorların bir çoxu - Federiko Fellini, Viskonti, Antonioni, Pazolini və başqaları tənqidi realizmə keçdilər. Tənqidə realizmdə isə insanların mənəvi yoxsulluğu, mənəvi boşluğu, mənəvi böhranı  araşdırılmağa başladı. Bu filmlər cəmiyyətin üzünə şillə kimi dəyirdi. Müharibədən sonrakı böhranı adlamaq üçün bu filmlər insanlara çox yardım elədi.

 

İkinci dünya müharibəsindən sonra Fransada “Yeni dalğa” cərəyanının yetirmələri, Almaniyada isə “Gənc kino qrupu”nun üzvləri müharibədən çıxmış Almaniyanı olduğu kimi, mənəvi, iqtisadi böhranlarıyla göstərməyə başladılar. Almaniyada Fassbinder, A.Klüge, Verner Hertsok, Fransada J.L. Qodar, Klod Şabrol, Alen Rene və başqaları müasirlərinin problemlərindən danışırdılar öz filmlərində.

 

Bu mənzərədən həm də o görünür ki, bütün izmləri şərait yetişdirir. Süni şəkildə izm-zad yaratmaq mümkün deyil. Harda, nəyə münbit şərait varsa, o da yetişir. Özümüzü min ildir öldürürük, ölkəmizdə banan yetişdirə bilmirik. Məcburuq xaricdən gətirək. Lənkəranda banan ağacları boy atır, yarpaqlayır, meyvə gətirir, amma meyvələri cır olur, yetişmir.

 

Biz hansı tarixi dövrdə, hansı şəraitdə yaşayırıqsa, dərdlərimiz-ağrılarımız nədirsə, ədəbiyyatımız da onu yazacaq. Özümüzü öldürməklə deyil ki! 

 

Qodar kimi rejissor  belə deyirdi: “Mən ona görə öz filmlərimdə burjua tarixçələrindən söz açırdım ki, özüm həmin sinfə mənsub olmuşdum. Əgər kəndli oğlu olsaydım, məni başqa  mövzu maraqlandırardı”.

 

Azərbaycan ədəbiyyatında bu gün nəyin davası gedir? Hər kəs qarşısındakına diktə edir: mən  hansı mövzudan yazıramsa, sən də o mövzudan yaz. Mən Bakıdan yazıram, sən niyə Şəkidən yazırsan? Mən varlıların həyatını yazıram, sən niyə kasıbların həyatını yazırsan? Mən fəlsəfi mövzularda yazıram, sən niyə sosial mövzularda yazırsan və s.

 

Ədəbiyyat isə bu ağız-ağıza verib bir-birini qıranlara Mövlanənin təəbirincə deyir: “Kim olursan ol, gəl!”

 

Bəli, ədəbiyyat üçün fərqi yoxdur, sən sarayda yaşamısan, saray həyatından yazırsan, yaxud tövlədə yaşamısan, qəhrəmanın inəklərdi? Yazdığın ədəbiyyatdı, ya yox. Ədəbiyyat bunu saf-çürük edir.

 

Sən içində çoxlu kitablar olan evdə böyüyə bilərsən. Başqasının isə ailəsi kitab oxuyan olmayıb. O, gah bu kitabxanadan götürüb oxuyub, gah o kitabxanadan. Bir dəfə mağazadan kitab oğurlayıb.  Universitetdə oxuyana kimi mənim kitabxanam olmayıb. Anamın iki-üç kitabı vardı. Əlibala Hacızadənin romantik romanları, Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsəri və s. Evimizdə kitab adına bunlardan başqa heç nə yox idi. Heç dini kitablar da yox idi.

 

Mən məktəbin kitabxanasından kitab götürüb oxuyurdum. Belə çıxır ki, yazıçı olmaq haqqım yoxdu? İndi evimdə təxminən iki yüz kitab var. Bu o demək deyil ki, uşaqlarım yazıçı olmağa məcburdurlar.

 

Kitabdan, yoxsa həyatdan ədəbiyyata gəlmək fikri qədər də mənasız fikir yoxdur yer üzündə. Homer hansı kitabları oxuyub ədəbiyyata gəlmişdi? Yaxud Dədə Qorqud kimi bildiyimiz “Kitabi Dədə Qorqud”un yaradıcısı hansı kitabları oxuyub saz çalıb söz qoşmuşdu?!

 

Ədəbiyyata hardan istəyirsən, necə istəyirsən gələ bilərsən. Dünyaya doğulanda necə gəlmək problemdi. Başıaşağı gəlməlisən! Amma ədəbiyyatda belə tələb yoxdu. İməkləyə-iməkləyə, başayaq, ayaqları üstə, başın öndə, sağda, solda və s. şəkildə ədəbiyyata gəlmək imkanın var.

 

Azərbaycandakı bugünkü ədəbi mühit qədər adamı heç nə iyrəndirmir. Şou-biznes mühiti yalan olub. Hamı “mənəm-mənəmlik” iddiasındadır. Təvazökarlığı sevir halbuki ədəbiyyat.  

 

Hərə bir izmi ortaya atıb “Bu izmdə yazmırsansa, yazıçı deyilsən”, “Bu cür yazmırsansa, yazıçı deyilsən, o cür yazmırsansa, yazıçı deyilsən ” kimi hökmlər verir. Yaxşı, mən yaza bilmirəm, sən yaz, əzizim.

 

Yaz! Vallah, nə qələmini, nə kompüterini əlindən almamışam.

 

Yaz, çıx dünyaya. Açıl açıq dənizə. İstəməyinin gözü çıxsın!

 

Bu gün Rasim Qaracanın naturalizmi məni daha çox təəccübləndirir. Nəinki Tarkovskinin “Stalkeri”... Tarkovski sosrealizm cərəyanının yalanlarından qaçmaq üçün “Stalker”i çəkirdi. Bəs bu gün bizi reallıqdan qaçmağa nə vadar edir? Özümüzün özümüzə qoyduğumuz senzuramı, yoxsa başqasının?   Məncə, hərə öz senzurasının hardan, necə qaynaqlandığını araşdırmalıdır. Onda özünü də, başqalarını da başa düşəcək.

 

Senzura hamıda var. Sadəcə biri səmimi şəkildə bunu  boynuna alır, digəri boynuna almır, özünü qəhrəman göstərmək istəyir. “Mən göylərdə gəzirəm, ona görə ki, əsl ədəbiyyat göylərdədi. Siz isə yerdə sürünür, yerdəki ötəri, fani problemlərdən yazırsınız” -  kimi hökmlər verir. İndi heç kimi aldatmaq olmur. Əgər sənə həqiqəti demirlərsə, bu o demək deyil həqiqəti bilmirlər. Çox vaxt adamlar nəyin doğru, nəyin yalan olduğunu bilirlər. Sadəcə susurlar. Yeri gəlmişkən, “Susmaq” mövzusu da ədəbiyyatda bir vaxtlar çox dəbdə olub. Sonra kinematoqrafiyaya keçib. Jermena Dülak, İnqmar Berqman bu mövzunu eninə-uzununa işləyiblər. 

 

Rasim Qaracanın sonuncu “Mənim həyatımı yaz” hekayəsində yazıçı audiovizual  əsərlərlə yarışa girir sanki. Hekayə sənədli film təsiri bağışlayır. Yazıçı reallığı nə qədər çox təsvir edə bilirsə, məni  o qədər heyrətləndirir. Necə ki, fotoqrafiya sənəti ilə yarışan rəssamlar heyrətləndirir.

 

Reallığı fotoqrafiyadan daha dəqiq göstərmək istəyi hakimdir həmin rəssamlara. Onlar hətta eksperimentlərini də elə edirlər ki, foto kimi çıxsın. Sən gözünün qabağında canlanan şəklin gerçək olduğuna inanasan.

 

Orxan Pamuk da Nobel nitqində  təxminən elə bunu deyirdi: “Yazıçılıq hamının bildiyi, amma bildiyini bilmədiyi şeylərdən söz açmaqdı...” Məncə, ədəbiyyatın bundan yaxşı tərifi ola bilməzdi.

 

Bu gün dünyanın ən nüfuzlu festivallarında İran filmlərinin uğur qazanmağının da səbəbi məhz budur. Bəzən elementar məişət probleminin üzərində qurulan film bizi “ulduz müharibələrindən”, “apokalipsis” mövzularından  daha artıq heyrətləndirir. “Necə də dəqiq göstərib!” nidaları qopur dilimizdən...

 

Bəli, Qodar dediyi kimi, səni nə narahat edirsə, sən hansı sinfə mənsubsansa, o sinfin dərdlərini yazacaqsan.

 

Nərmin Kamal şəhərli qızdı, şəhər adamlarının həyatını yazır, Şərif  Qarabağ köçkünüdü, Qarabağ köçkünlərini yazır, mən əyalətdən şəhərə köçən ailədə böyümüşəm, əyalətdən şəhərə köçən adamlardan yazıram daha çox. Bu, olduqca təbiidir.

 

Koppola büdcəyə işləyən fantastik süjetli filmlərini çəkəndə Amerikada “autsayderlər” sadə amerikalıların gündəlik qayğılarından, problemlərindən, sıxıntılarından bəhs edirdilər. Bu filmlərdə həyatda müəyyən yeri olmayan, tez-tez peşələrini dəyişən, ruhi harmoniya axtaran kiçik amerikalıların obrazı yaradılırdı. 

 

Nəhayət: Mirzə Cəlil niyə sevilir? Çünki o, 100 il əvvəlki həyatımızı sanki lentə köçürüb, fotoya köçürüb bizə təqdim edir. Üzümüzə ayna tutur. Sovetlər dağılandan sonra da Cəlil Məmmədquluzadənin yazdıqları aktualdır. Ona görə ki, Sovet İttifaqı qurulandan sonra proses dondurulmuşdu.

 

Maarifçi deyə “küçümsədiyimiz” yazıçılar 100 il bundan əvvəl yarımçıq qalmış işi davam etdirirlər. Buna ehtiyac var, şərait belə tələb edir, deməli. Şərait olmasa, bir buğda dəni belə cücərməz.

 

Danimarkalı məşhur rejissor Lars fon Trier “Doqvil” adlı eksperimental film çəkdi. Həmin filmdə hər şey şərti idi. Hətta filmdə iştirak edən it də tabaşirlə yerə çəkilmişdi. Doqvil adlı  uydurulmuş şəhərcikdə baş verirdi hadisələr. Bu şərtiliyin içində belə cəmiyyətin real eybəcərliklərini açmağa müvəffəq olmuş rejissor bir ömür boyu bu şərtiliyin içində film çəkə bilməzdi... Baxırsan, başqa  filmlərində  naturalizm o qədər güclüdür ki, qəhrəmanları naturalistcəsinə öyüyür, qusur, sevişir, tualetə gedir və s. Naturalizmdən diksinirsən hətta.

 

Nə isə... Mən dünyada realizmdən güclü cərəyan tanımıram. Çünki realizmin bir adı da həqiqətdir. 

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017