Nənəmin tütün kisəsi - "Ən yaxşı hekayəmiz"


“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Əkrəm Əylislinin “Nənəmin tütün kisəsi” hekayəsini təqdim edirik.

 

Rəhmətlik nənəm tütünü qurtaranda məni evdən çölə buraxmazdı. Yalvara-yalvara deyərdi ki, ay oğul, otur yanımda, səndən tütün qoxusu gəlir. Mən ciblərimi silkələrdim, köynəyimin ətəyini dönə-dönə iylərdim. Tütün nə gəzirdi, iy nə gəzirdi. Mən ömrümdə ağzıma papiros almamışdım. Bəs bu tütün qoxusu nə olan şey idi?

 

Doğrudan da məndən tütün qoxusu gəlirdisə, bəs nə üçün özüm bu iyi hiss eləmirdim? Nənəm mənim gözlərimdən öpərdi, köynəyimin yaxasını açıb döşümü, qarnımı da gözlərinin yaşına batırardı; islanmış burnunu gah üzümə, gah sinəmə sürtə-sürtə məni iyləndi.

Mən ağlayardım, yalvarardım. Deyərdim ki, yalan deyirsən, məndən tütün qoxusu gəlmir. Tütün qoxusu sənin özündən gəlir. Ağzından da, çarğatından da, tükündən də… Deyirdim: əl çək, əl çək məndən!

 

O nə inciyərdi, nə də hirslənirdi. Yavaşca, əlini kənara çəkərdi, üzümə baxardı. Mən də onun üzünə baxardım: görərdim ki, qocalıb, arıqlayıb, tütünü qurtarıb… Ona elə yazığım gələrdi ki, gecəni də yanında yatmağa razı olardım. O, yenə də məni bağrına basaraq iyləyərdi, ağlayardı. Həmişə də eyni sözləri deyərdi. Deyərdi ki, dədənə oxşayırsan, lap çox oxşayırsan, elə bil ki, bir almanı iki bölüblər.

 

Nənəm dodağının altında bayatı deyə-deyə məni sinəsinə basıb hönkürərdi. Deyərdi ki, sən də ağla, qoy dədən səsini eşitsin. Mən ağlamağa çalışardım, ancaq gözümdən bir damcı da yaş çıxmazdı. O ağlayıb mənim də üz-gözümü isladardı, elə bilərdi ki, mən də ağlamışam. Sevinərdi. Məni təzədən oxşamağa başlardı. Doyunca ağlayandan sonra birdən məni buraxardı. Özü özünün üstünə çığırardı. Özü-özünü söyərdi, qarğıyardı. Üzünü mənə tutub özünə: a kaftar, a bədniyyət, niyə ulayırsan, – deyərdi, – belə gül balası olan da ağlayarmı?

 

Nənəm tələsə-tələsə üz-gözünü silərdi. Mənim də islanmış saçımı çarşabının ucuyla silib təmizləyərdi. Sonra gülməyə çalışardı. Cürbəcür ədalar göstərib məni də güldürmək istərdi: – Gül, ay oğul, – deyərdi, – gül, bala, qoy atanın ruhu şad olsun!

 

O durub arxın qırağındakı yekə bel sapını götürərdi. Onsuz da əyilmiş belini bir az da əyib, səsini kişi səsinə oxşadıb, mənim ən çox sevdiyim «Ay əmi, hara gedirsən?» oyununu başlayardı:

- Ay əmi, hara gedirsən?

- Məkkəyə.

- Məkkəyə məni də apar.

- Gülməyini saxlaya bilərsən, gəl.

- Saxlaram.

- Gəl, ancaq onu bil ki, gülsən bu çomaq başına dəyəcək?

O, bel sapını havada yelləyib, qoca kişini təqlid eləyə-eləyə dalınca baxmadan gedərdi. Mən onun arxasınca düşərdim. Bir-iki addım getməmiş birdən pıqqıldayıb gülərdim. Nənəm, bel sapı əlində, məni həyətin o baş-bu başına qovardı. Mən gülərdim, nənəm də gülərdi. Lap bərkdən gülərdi ki, bizim gülməyimizi atam da eşitsin…

 

Belə oyundan sonra mənə elə gələrdi ki, nənəm məndən tütün qorxusu gəlmədiyini bilir. Bilir ki, mən onun tütününü oğurlamıram. Bilir ki, mən də Azər kimi yerdən papiros yığıb çəkmirəm. Bəs bu arvad məndən nə istəyirdi? Nə üçün tütün qurtaranda məni küçəyə buraxmırdı. Yenə üst-başımı iyləyib deyirdi ki, səndən tütün qoxusu gəlir.

 

O özünün koma-koma tökülən ağ tüklərini mənim döşümə, başıma, köynəyimə səpələyirdi? Mən də bu tükləri üstümdə məktəbə, küçəyə, dəyirmana aparırdım. Bu tüklərə görə mənə «Kirli Sadıq» deyərdilər, məni ələ salırdılar, hətta deyirdilər ki, Sadıq əl-üzünü yumur. Bu tüklərin üstündə müəllim də məni danlamışdı. Sevil də mənə acıqlanmışdı, demişdi ki, ta səninlə oturmayacağam. O tüklərə görə mən hər zaman əzab çəkirdim.

 

Başımı şır-şırın altına tutub dönə-dönə yuyurdum, köynəyimi var gücümlə eyvanımızın dirəyinə çırpırdım. Ancaq tüklər qurtarmırdı ki, qurtarmırdı. Yenə də müəllim məni danlayırdı, Sevil məndən küsürdü, uşaqlar da mənə «Kirli Sadıq» deyirdilər. Axı onlar haradan biləydilər ki, bu, kir deyil, nənəmin tütünləridir; axı onlar nə biləydilər ki, nənəmin kisəsində yenə bir çimdik də tütün qalmayıbdır…

Elə bil ki, nənəmin ürəyi o tütün kisəsində idi. Tütün kisəsi dolub-boşaldıqca nənəm də dolub-boşalırdı. Tütünə görə əzab çəkən təkcə nənəm deyildi. Mən də əzab çəkirdim, anam da. Mənə elə gəlirdi ki, anam məndən də çox əzab çəkir. Nənəmin tütünü qurtaranda anam həmişəkindən də qaşqabaqlı olurdu. Çay içəndən sonra, heç stəkanları da yumamış evdən çıxıb harasa gedirdi, hər sözbaşı: «Genə arvadın kisəsi boşalıb», – deyirdi. Özü də elə yana-yana deyirdi ki…

Mən bu kisə əhvalatını yaxşı bilirdim. Bilirdim ki, kisə atamınkıdır. Bilirdim ki, o da nənəm kimi papiros çəkərmiş, ondan da nənəm kimi tütün qoxusu gələrmiş. Bilirdim ki, nənəm əvvəllər papiros çəkməmiş. O, papiros çəkməyə atam əsgər gedəndən sonra başlamışdı, özü də fikrini dağıtmaq üçün çəkirdi. Nənəm deyirdi ki, dədənin papiros çəkən arvadlardan xoşu gəlmir. Deyirdi, dədən gələn kimi mən də bunu tərgidəcəm.

 

O, doğrudan da, papiros çəkməyi tərgitmək istəyirdi, ancaq bacarmırdı. Bilirdim ki, o, atamı çox istəyir, lap çox, onun adı çəkiləndə gözünün yaşını saxlaya bilmir. Bəs mən niyə ağlaya bilmirdim? Axı, atamdan danışanda anamın da gözləri dolurdu, bibimin də, lap naxırçı Qaraş dayının da. Bircə mənim, atam üçün ağlamağım gəlmirdi…

 

Mən ağlamaq istəyirdim. Lap ürəkdən, nənəmdən də bərk ağlamaq istəyirdim. Ağlaya bilmədiyimə görə əzab çəkirdim. Heç nə mənə ağlamaq qədər çətin gəlmirdi. Heç nə mənə ağlaya bilməməyim qədər əzab vermirdi: nə tütün kisəsinin boşalmağı, nə də Sevilin məndən küsüb, üzünü o yana çevirməyi…

 

Mən bunun səbəbini bilmək istəyirdim. Nənəmdən də, anamdan da soruşurdum. Nənəm cavab vermirdi. O saat ağlamağa başlayırdı. Anam deyirdi ki, sən uşaq vaxtı çox ağlamısan, daha gözündə yaş qalmayıb. Bilirdim ki, anam düz demir. Axı mən ağlaya bilirdim: nənəm ölməyindən danışanda, Sevil Azərin yanında oturanda, qar ayağıma dolanda…

 

Mən bunu Qaraş dayıdan da soruşdum. «Kişi ağlamaz!» – demişdi. Ancaq Qaraş dayının özü mənim yanımdaca ağlamışdı.
Təskinlik tapacağım bircə şey vardısa, o də atası əsgər gedən uşaqlar idi. Onların da atalarına yazığı gəlmirdi. Küçə başına yığışıb hərəmiz öz atamızı tərifləyəndə, heç kəsin gözündən yaş çıxmırdı. Bircə Azər əlləri ilə üzünü tutub gözlərini ovuşdururdu. Azərin gözləri qıpqırmızı olurdu, ancaq onun da gözlərindən bir damcı yaş çıxmırdı. Bir dəfə mən Azərin xəlvətcə gözlərini tüpürcəkləndiyini də görmüşdüm. Yalan deyirdi, o da ağlaya bilmirdi…

 

Bəzən mənə elə gəlirdi ki, uşağam, ona görə ağlaya bilmirəm. İnanırdım ki, böyüyəndə, atamdan ötrü ürəkdən ağlaya biləcəyəm. Ancaq vaxt keçirdi, tütün kisəsi dolub-boşalırdı, nənəmin beli daha da əyilirdi. Anamın saçları ağarırdı, mən isə hələ də ağlaya bilmirdim.

 

***

 

Mənim qəşəng nənəm bir yay axşamı samovarımız təzəcə dızıldamağa başlayan vaxt öldü. Evimizə yığışan adamlar sanki ağlaya bilmədiklərinə haqq qazandırmaq üçün ölümün adını çəkmədilər. Asta-asta başlarını tərpədib, hamısı bir ağızdan: «Arvad rəhmətə getdi», – dedilər. Ancaq mən buna inanmadım. Bildim ki, arvad rəhmətə getmədi, mənim qəşəng nənəm, arıq nənəm, yazıq nənəm, sadəcə olaraq, öldü!..

 

Hamının sözündən belə çıxdı ki, nənəm hələ ölməməli imiş. Dedilər ki, arvad tez öldü, vaxtsız öldü. Nənəmin ölümü haqda həkimin özü də belə dedi. Dedi ki, bu arvadı tütün öldürdü. Bunu deyən təkcə həkim olsaydı, məni o qədər ağrıtmazdı. Ancaq anam da qəbir üstündən qayıdıb, nənəmin yorğan-döşəyini sandığımızın dalına yığanda eyni sözləri dedi: «Arvadı tütün öldürdü…»

 

Yox, onların heç biri nənəmin nəyə görə öldüyünü bilmədilər. Nənəmi tütün öldürmədi, atamın dərdi öldürdü. Bunu isə təkcə mən bildim. Axı, o tütünü də nənəm atamın dərdindən çəkirdi. Atam gələn kimi elə tərgitəcəkdi ki, o, nənəmin papiros çəkdiyini heç vaxt görməyəcəkdi. Axı mənim atamın papiros çəkən arvadlardan xoşu gəlmir.

 

Nənəm atamın gedəndə dolu qoyub getdiyi, tütün kisəsini boşaltmağından qorxurdu. Ona həmişə elə gəlirdi ki, bu saat atam davadan qayıdacaq, tütün kisəsinə baxacaq, nənəmin papiros çəkdiyini biləcək, kefi pozulacaqdır.

 

Ölməyinə bircə gün qalanda da nənəm elə bil təkcə bunu düşünürdü. Anamdan xəlvət mənə demişdi ki, mən öləcəm, bazardan tütün alıb kisəni ağzınacan doldurarsan, özü də elə doldurarsan ki… lap ağzınacan.

Nənəm taxçanı da, mıxçanı da mənə göstərmişdi. Bir dəfə yox, on dəfə yox…

 

Xeyr, nənəmi öldürən tütün deyildi.

 

***

 

Qapı açıldı. Atam içəri girdi. Mən sıçrayıb onun üstünə atılmaq, atamı qucaqlamaq, günahlarımı yumaqdan ötrü, onu bağrıma basmaq istədim. Ancaq nə yerimdən tərpənə bildim, nə də ağlaya bildim.

 

Birdən nənəmin vəsiyyəti yadıma düşdü. Ayağa durub, hələ də boş qalmış tütün kisəsini götürüb gizlətmək istədim. Yenə də tərpənə bilmədim.

 

Atam buna görə incimədi. Sakitcə, yavaş-yavaş mənə tərəf gəldi, tüklü üzünü üzümə sürtüb, iri isti dodaqları ilə alnımı öpməyə başladı. Mən onun qoynuna sığındım, cod, qara bığlarını dönə-dönə öpdüm. Ağzımı ağzına söykəyib tütün qorxusu gələn nəfəsini hərisliklə sinəmə çəkdim. İlahi, bu necə nəfəs idi?..

Sonra atam özü ilə gətirdiyi qırmızı çamadanı açdı. Mən də təzə kostyum geyəcəkdim, ay camaat!..

Bu necə gəliş idi? Bu necə sevinc idi? Bu boyda sevincə dözməkmi olardı? «Sənə qurban olum, ay dədə, gələn sənmisən, ay dədə?»

 

Mən ona çox söz demək istəyirdim, ancaq heç nə deyə bilmirdim. Sanki birdən-birə nə isə yadına düşdü. Mən nə üçün dayanmışdım? Niyə qaçmırdım? Nə üçün küçəbəküçə gəzib: «Dədəm gəlib, ay camaat, mən daha yetim deyiləm», – deyə bağırmırdım.

 

Birdən ürəyimdə küçəyə qaçmağa elə bir həvəs duydum ki, atamın qüvvətli qollarını var gücümlə kənara itələdim. Mən qaçmaq istəyirdim. O kostyumu bu dəqiqə geyinmək, alnımdakı, üzümdəki, başımdakı öpüş yerlərini qurumamış camaata göstərmək: «ay camaat, ay uşaqlar, ay Sevil, ay çaylar, ay meşələr, mənim dədəm var!» – deyib, var səsimlə bağırmaq, bu xəbəri bütün dünyaya car çəkmək istəyirdim. «Niyə soruşmursunuz, ay camaat? Daha mənim dədəmdən niyə söhbət salmırsınız? Dədəm gəlib. Dədəm evimizdədir. Dədəm həyətdə odun yarır. Dədəm rayona gedib. Dədəm hələ işdən qayıtmayıb…»

 

Ancaq mən atamın qolları arasından çıxa bilmədim, kostyumu da geyə bilmədim, küçəyə də qaça bilmədim. Atam mənim bu hərəkətimə görə gülümsündü. Qalın dodaqlarını alnıma dayayıb, məni bir də öpdü… Gözlərimi açdım, anam alnımdan öpə-öpə məni yuxudan oyadırdı.

 

Əgər mən bu yuxunu bir dəfə görmüş olsaydım, həmin dəqiqə: «Dədəm hara getdi, ay ana» – deyərdim. Ancaq mən bu yuxunu birinci dəfə görmürdüm. Bu öpüşləri, bu kostyumları, bu qələmləri, bu tütün qoxulu nəfəsi çox görmüşdüm. O qədər görmüşdüm ki… Mən bu gün rayon mərkəzinə getməli idim. Qıcı dayının yanına girib, əvvəlcə salam verməli idim (o saat da papağımı çıxartmalı idim), sonra yavaşca: «Çörək yemirsiniz ki, Qıcı dayı?» – deməli idim, çünki çörək vaxtı adam yanına girmək yaxşı düşməzdi.

 

Əgər o məni çağırsaydı, başımı qaşımadan, burnumu qurdalamadan, əllərimi cibimə qoymadan əhvalatı ona danışmalı idim: «Bu ay bizim təqaüdümüz bir balaca yubanan kimi olub (təqaüdümüzün vaxtından düz bir ay keçirdi), zəhmət olmasa (bunu mütləq deməli idim), xahiş eləyirəm, anam xəstədir, gələ bilməyib, baxıb görəsiz, niyə belə olub. Bəlkə idarədə pul qurtarıb? Anam deyir ki, eybi yoxdur. Bizə görə özünə əziyyət verməsin…»

 

Qıcı dayı dəftərini açıb baxacaqdı. Görəcəkdi ki, bizim adımıza pul yazılıb, ancaq yenə də Zərifə «kvitansiyanı» itirib. Məni onun yanına göndərəcəkdi (ona da salam verməli idim). Zərifə «kvitansiyanı» tapıb, məni Səlim dayının yanına aparacaqdı. Mən qol çəkib, Səlim dayıdan yüz qırx manat pul alacaqdım. Kağızda yüz qırx dörd manat yazılmağına gərək fikir verməyəydim, çünki «dörd manatın özü nədi ki, sözü nə olsun».

 

Pulu alandan sonra dükandan kilo yarım qənd, üç manat on qəpiklik qutu çay, bazardan isə yarım kilo lobya və bir girvənkə ət almalı idim. Özü də ət alanda qəssaba mütləq deməli idim ki, quyruğundan da bir balaca qoysun.

Əl-üzümü yuyub qayıtdım. Otağımız ala-qaranlıq idi, çünki günəşin çıxmağına çox qalırdı. Samovarımız öz köhnə mahnısını oxuyurdu, çünki özgə mahnı bilmirdi. Anamın qanı qaralmışdı. Ona görə ki, bu gün mən doyunca yata bilməmişdim.

 

Mən bir fincan çay içənəcən anam samovarımızın içində bişirdiyi iki yumurtanı soyub səliqə ilə lavaşa bükdü, axşamkı sözlərini bir də təkrar elədi, üstəlik təzə tapşırıqlar da verdi:

- Utanıb eləmə acan kimi get otur bağların birində, çörəyini ye. Dəsmalı elə aç ki, duz tökülməsin. Duzu kağıza bükmüşəm, yumurtanı duzsuz yemə, gələndə maşınla gəl. Ağac altından keçəndə başını əy aşağı. Bilsəm ki, bazarın suyundan içmisən, evə gəlmə. Susuzlasan, get çayçı dükanına çay iç. Bir də o çayı heç içməsən yaxşıdır. İndi doyunca iç (anam qənddanda qəndin qurtarmağına baxmadan, fincanı ikinci dəfə ağzınacan doldurdu), gələndə də çayımız hazır olacaq. Oturub ana-bala doyunca içərik…

 

***

 

«Bu nə pul idi? Bunu nə üçün bizə verirdilər? Gah artırdı, gah azalırdı, indi isə tamamilə kəsildi… Sənə qurban olum, ay dədə, sən hardasan, ay dədə?»

Mən balaca şəhərin dar küçələri ilə hara getdiyimi bilmədən gedirdim, nə haqda düşündüyümü bilmədən düşünürdüm:

«- Familiyan nədir, bala?

- Səlimov.

- Daha atan sənə pul verməyəcək.

- Kim?

- Deyirəm, böyük kişi olmusan, pulu özün qazanmalısan. Daha atanla alış-verişin qurtardı».

 

Doğrudanmı bu pulları mənə atam verirdi? Doğrudanmı bir vaxt mənim də atam olmuşdu?

- Sənə qurban olum, ay dədə, sən hardasan, ay dədə?

 

Mənə elə gəlirdi ki, atam elə bu gün, onca dəqiqə əvvəl ölmüşdür. Gözümün qabağında ölmüşdür: «Daha atan sənə pul verməyəcək». Qıcı dayıda ürək yoxdumu? O nə üçün bu sözləri belə sakit dedi. Axı, mən qənd, çay, ət almalıydım.

Birdən-birə gözlərim yaşardı, ürəyim doldu. Nənəmin tütün kisəsi yadıma düşdü. Mən nə üçün indiyəcən o kisəni doldurmamışdım? Pulumu yox idi? Nənəmin ölümündən sonra nə qədər pullar gəlib getmişdi. Yox, iş pulda deyildi. Mən atamın qayıdıb gələcəyinə inanmırdım. Görəsən, niyə inanmırdım?..

 

Atamın yoxluğu hər şeydən bilinirdi: anamın ərsizliyindən, mənim yetimliyimdən, nənəmin tütün kisəsindən, damımızın qabağındakı uçuqdan… Görünür, atam olmuşdu. O, var idi. Hər yerdə atamın yeri görünürdü.

 

Mən hara getdiyimi bilmədən şəhərdən uzaqlaşıb, kənd yoluna çıxmışdım. Evəmi gedirdim? Bəs anama nə cavab verəcəkdim. Necə deyəcəkdim ki, daha bizə pul vermirlər?

 

Bu pulun hesabına biz neçə illər yaşamışdıq… Evimizə çörək almışdıq, nənəmə tütün almışdıq… Bu pul mənim adıma yazılmışdı. Onu mənə verirdilər. Mən də bu pula özümə dəftər, qələm, kitab alırdım. Mən atanın nə olduğunu bilmədən, on il ata pulu ilə oxumuşdum.

 

…Gedirdim, hara getdiyimi bilmirdim. Birdən dayandım. Yuxudan ayılan adamlar kimi gözlərimi ovuşdura-ovuşdura qarşımdakı ikimərtəbəli binaya baxdım. «İctimai təminat şöbəsi». Axı mən nə üçün təzədən buraya qayıtmışdım? Qıcı dayı məni burda görsəydi, nə deyərdi? Qaçmaq lazım idi.

Mən qaçırdım…

 

***

 

Nə salam verdim, nə də papağımı çıxartdım. Üstəlik, çörək yeməyinə də baxmadım. Birbaş onun yanına girdim. Zavodun direktoru buna görə əsla incimədi. Sakitcə mənə yer göstərdi.

- Buyur, oğul, əyləş, – dedi.

- Mən işləmək istəyirəm.

- Əcəb eləyirsən.

Direktor ayağa durub əlimi sıxdı.

- Deməli, sizin zavodda mənə görə iş…

- Bizim zavodda «bayevoy» oğlanlar üçün həmişə iş var.

Mən sevincimdən durub qaçmaq istəyirdim.

- Hansı kənddənsən bala!

- Söyüdlüdənəm.

- Kimin oğlusan?

- Səlimənin.

Mənim bu sözümdən sonra əvvəlcə direktorun dodağı qaçdı, sonra yavaş-yavaş nə düşündüsə, bərkdən gülməyə başladı.

- Deməli, Səlimənin oğlusan, vay səni!..

Direktor pərt olduğumu görüb, tez ciddiləşdi:

- İncimə, oğul, ona gülürəm, – dedi, – yadıma bir ayrı şey düşdü.

 

Direktorun niyə güldüyünü mən birdən başa düşdüm. Kimin oğlu olduğumu soruşanda mən gərək atamın adını deyəydim. Elə bil ki, direktor da mənim ürəyimdən keçəni bildi.

- Bala, soruşanda ki, kimin oğlusan, atanın adını deyərlər.

- Axı, – dedim, – siz mənim atamı tanımırsınız. Atam əsgər gedib… Ölüb.

- Ölüb?..

 

Direktor gözlərini mənə zillədi. Elə bil ki, məni indicə görürdü. Elə bil ki, mənimlə zarafat eləməyinə peşman olmuşdu. Mən özümü itirdim.

Sonra mənə elə gəldi ki, direktor nə isə soruşmaq istəyir, ancaq ürək eləmir. Buna görə də, vəziyyətdən çıxmaq üçün lap bərkdən:

- Nəcəfin oğluyam! – dedim və direktorun üzünə baxdım.

- Hansı Nəcəfin? Olmaya bənna Nəcəfin oğlusan?

- Bəli…

Bu sözdən sonra direktorun sifəti daha da ciddiləşdi, papirosunu yandırıb, otaqda gəzinməyə başladı.

- Mən sənin atanı yaxşı tanıyıram, bala. Əvəzsiz adam idi!
Mən nə edəcəyimi bilmirdim. Durub gedimmi? Necə gedim?

 

Anamın yanına nə üzlə gedim? Nəhayət, var gücümü toplayıb, bayaqdan məni düşündürən şeyi demək istədim:

- Sizdə qabaqcadan…

Dalısını deyə bilmədim. Görünür, direktor heç bu sözləri də eşitməmişdi. Mən onun fikirli olduğundan istifadə elədim:

- Zavodda işləməmişdən yüz manat avans almaq olarmı? Maaş alanda çıxarlar, – dedim və qorxa-qorxa direktorun üzünə baxdım.

 

O mənim sözlərimi eşitməmişdi. Nə yaxşı ki, eşitməmişdi!..

- Deməli, Nəcəfin oğlusan?

- Hə.

- Bu zavodu sənin atan tikib, oğul!..

O, stolun üstündəki karandaşı götürüb yenə də yerinə tulladı.

- Getmək olarmı? – dedim. – Sabah gəlimmi?

Direktor fikirli-fikirli:

- Hə, olar, get, – dedi.

Getmək istəmədən yavaş-yavaş qapıya tərəf addımladım. Mənə elə gəlirdi ki, bu saat direktor məni geri çağıracaq. Belə də oldu. Mən qapıya çatmamış dalımca səsləndi:

- Hara gedirsən? Deyəsən, bir ayrı sözün də vardı… Gərək ki, pul istəyirdin…

Birdən-birə cəsarətləndim.

- Hə, avans istəyirəm, – dedim. – Yüz manat olsa bəsdir. Evimizə şey-şüy almalıyam.

Elə bilirdim ki, direktor kassiri çağıracaq, ərizə yazılacaq. Mən bu yüz manatı alınca yüz yerə qaçmalı olacam. Ancaq belə olmadı.
Direktorun cibindən yüz manat pul çıxarıb verməyi ilə mənim bazara qaçmağım bir oldu.

Direktorun o biri sözlərini mən zavodun həyətində eşitdim.

 

- Səkkizdə burda ol! Kərimin şagirdi olacaqsan. Səkkiz yüz manat pul alacaqsan.

 

Yarım saatın içində yüz manatın hamısını xərclədim. Sonra evə qayıdırdım. Sevincimdən nə edəcəyimi bilmirdim. Qaçırdım, tullanırdım, fıştırıq çalırdım…

 

Zavodun yanından keçəndə, istər-istəməz dayandım: Bu hündür, bu böyük binanı doğrudanmı mənim atam tikmişdi? Binaya baxa-baxa elə bil birinci dəfə atamı gördüm. Kövrəldim. Sonra xəlvətcə kəndin yolunda sevincimdən hönkür-hönkür ağladım… Ömrümdə birinci dəfə idi ki, mən atam üçün ağlayırdım.

 

Kəndimizin qəbiristanlığına çatanda artıq qaş qaralmışdı. Naxır gəlmişdi. İnəklər, buzovlar mələşirdi. Ömrümdə ilk dəfə qəbiristanlığı qorxmadan keçdim, nənəmin başdaşının üstünə bir xətt də çəkdim: «Nənə, – dedim, – işə girmişəm. Eşidirsənmi, nənə, işə girmişəm…»

 

Bu saat evə çatacaqdım. Qapını açıb kişi kimi içəri girəcəkdim. Əti sandığın üstünə qoyacaqdım. Anam baxıb görəcəkdi ki, bir girvənkə deyil, çoxdur. O, əvvəlcə hirslənəcəkdi. Sonra mən hər şeyi danışacaqdım. Anam sevinəcəkdi.

Ancaq belə olmadı. Mən küçəmizə çatan kimi anamı yolun başında gördüm. O dayanıb məni gözləyirdi.

- İndiyəcən harda qalmışdın, – dedi. Torbanı əlimdən aldı…

 

…Sonra biz evimizdə idik. Çırağımız yanırdı. Samovarımız qaynamışdı. Anam hər ikimizə çay tökdü. Mən anamın torbanı nə vaxt açacağını gözləyirdim. İndicə anam heyrətlənəcəkdi. «Əti niyə çox almısan?» – deyəcəkdi.

- Evin yıxılsın, bala, bu nədir?.. Bu nə tütündür?..

Mən hövlnak geri dönüb, torbaya baxdım. Qənd tütünə, tütün lobyaya, lobya ətə qarışmışdı. Xəcalətimdən nə edəcəyimi bilmədim. Bütün sevincim bir andaca alt-üst oldu. Anam gözlərini hələ də mənim üzümə zilləmişdi.

- Bu nə tütündür, bala? Bunu sənə kim veribdir?

Mən dinmədim. Anam da dinmədi.

Evimizdə tam sakitlik idi. Uzaqda kimsə, nəsə oxuyurdu. Ay pəncərəmizdən içəri düşmüşdü. Anam mənə baxırdı, mən – taxçamızdakı tütün kisəsinə…

 

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal" 

Y.Səmədoğlu "Astana" 

Ə.Haqverdiyev "Bomba" 

Anar "Gürcü familiyası" 

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib" 

S.S.Axundov "Qaraca qız" 

Ə.Haqverdiyev "Mirzə Səfər" 

Ə.Əylisli "Nənəmin tütün kisəsi" 

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək" 

Qan Turalı "Şaxtababanın qətli" 

Anar "Asılqanda işləyən qadının söhbəti" 

 

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017