Can yanğısı – “Ən yaxşı hekayəmiz”

 

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Abdulla bəy Divanbəyoğlunun Can Yanğısı” hekayəsini təqdim edirik.

     

Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. Mən də meşə cığırı ilə boyumdan uca otların arasından şehə bulana-bulana adət etdiyim sabah gəzməyimdən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. Meşənin hələ çoxu oyanmamışdı, quşların bir paraları oxumaqda, o biri paraları  uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qona-qona idarə qayğısında idilər. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idilər. Meşənin çıxacağında təzə tülu etmiş gün, yuxudan oyanmış dilbər kimi üzümə güldü. Onu hər tərəfə sürət ilə cərəyan şüaatından qamaşan gözlərimin önündə dürlü-dürlü rəngli dairəvi şeylər hasilə gəlib, dairələrini gah genişləyə-genişləyə və gah da daralda-daralda və gah da uzada-uzada bir-birini basıb çəkərək oynamağa başladılar. Köçərgi balalarına bu çox ləzzət verir!
     

Bunlar ilə özümü uyuda-uyuda cərgə ilə qurulmuş dəyələrimizin üstündə yastı təpənin belindəki istirahət evimə gəldim. Bura mənim sevimli yerlərimdən biri idi. Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb, özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. Çox vaxt uşaqları başıma yığıb, bunlara nağıl söyləyib və söylədib, mahnılar oxudub, məşğul olurdum. Və yaxud sübh tezdən gəlib xəyalət atına minib, ağıl kəsər-kəsməz və fikrə sığar-sığmaz yerlərdə cövlan edirdim. Amma çox vaxt qərardan usanıb ətrafımdakı gözəl və hissiyyatımı tərpədib ruhumu cuşə gətirən mənzərələrə doyunca aşiqanə tamaşa edib, qəzanın belinə minib, rişxənd oxlarını gözlərinə çaxıb Çətin dağın daş köksünə çalıb, dərə və təpələrdə sürüyüb Göy dağdan o tərəfə Kür çayı kənarına tullayırdım.
   

Səhər saat altı idi. Bir qədər də oturub yenə pəhləvan kimi döşümü gərib sağ tərəfimdə duran Çətin dağa və onun qiblə tərəfindən yapışan Quzu dağına və günbatandan gündoğana cərgələşən xırdaca dağlara tamaşa etməyi qəsd etdimsə, bacarmadım. Aclıq möhkəm bədənimi tutub halımı dəyişdirdi. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım.
    

Şappıltıdan damcılar günün qabağında almaz kimi parıldayırlar. Bulağın yeri çuxur olduğuna, geridən gələnlər burada olan adamı görməzlər idi. Qulağıma bir mahnı oxuyan səs dəydi. Oxuyan arvad idi. Səs gecə ötən qumru kimi oxuyurdu. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. Canı sızıldayır və ağladığı səsinin titrəməsindən anlaşılırdı. Yumru təpənin dalından  Mələk gün kimi tülu etdi: məni görüncə boğanaq kimi döyüb, yaşamağı ağzına çəkib, qönçə dəhanını gizlətdi. Lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. Bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı, hücumla çiyninə atdı, yel kimi təpənin dalına aşdı.
    

Mələyin qəzadan şikayət etməyə böyük haqqı var idi; sevimli nişanlısını toy üstə   gecə oğurluqda* öldürmüşdülər. Qoçaq və işgüzar qızlardan olduğuna görə qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. Mələyin könlü balaca ərinə yox idi. Sonra məlum oldu, aran köçü ikinci düşərgədə**  gecə Mələk itdi (qayıb oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. Və bir az keçməmiş  yəqin oldu. Bu tərəf o oğlanı tanıdı, düşmən oldular...
                                                        
II
   

Aclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurum. "Salam-əleyküm" səsi məni əylədi. Dönüb salama salam verəndə iki qədəm özümdən aralı bir dərviş gördüm. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. Bunu Sibiryadan qaçan hesab etdim. Mənim şəkkə düşməmi anladı. Yoxsa rusca bildiyimi bilib biletinin vaxtını bilmək istəyirdi. Onu başa düşmədim, amma əlini cibinə salıb, topuğunda yavuq oradan bir bilet çıxarıb dinməz və söyləməz mənə uzatdı. Oxuyub yenə bileti özünə qaytardım.
Üzümə baxmayaraq sordu:
   

- Vədə tamamına iki aydan on gün əskiyi var, öylədirmi?
   

- Öylədir, - cavabını məndən aldı.

____________
 * Toy etməkdən ötrü oğurluğa getdiyi üçün
 **Aran köçü ikinci düşərgədə olanda


Biletini bir əskiyə büküb yenə cibinə tulladı. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. Saçları oyum-oyum olub dərvişin alnına tökülmüşdü. Başını yuxan qaldırıb sönmüş gözlərini üzümə dirədi və bir azdan sonra dedi:
     

- Mən acam!
     

- Buyur, ağa dərviş, bizə, Allah verəndən nəyimiz var isə yeyərsən. - Dərvişi öz dəyəmə gətirdim. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə bununla söhbətə başlamaq qəsdi ilə sordum:
    

- Gərək ki, dərvişlər evlənmirlər?
Sözümü tamam etməmiş gördüm ki, dərvişin əlləri yarpaq kimi əsdi. Çörək qisməti siniyə düşdü. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçalanan kimi gözləri məşəlləndi. Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda sıxmağa başladım; bu halda tab etməyib dəyə qapısında duran itə acıqlanıb qovladım. Dərviş cavab verməyib çörək yeməyə yenə dəxi məşğul oldu. Bir-iki stəkan çay içəndən sonra mənim sualıma cavab verdi. Guya ki, sualı buna mən bu saat vermişdim. Səsi bir balaca titrədi:
   

- Onlara heç evlənmək lazım deyil.
   

- Deyirlər ki, evli olmağın, uşaq babası olub, külfət arasında ömür sürməyin özgə bir ləzzəti var.
Binəva dərvişi bu sözlər pərişan edib halını dəyişdi: bərk köksünü ötürüb bir az müddətdən sonra çox bir hiddət ilə məndən sordu:
   

- Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsdi-qərəzin var? Əgər mənim başıma gələndən xəbərin varsa, niyə məni söylətmək istəyirsən... Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı?..
Bu suallar məni xeyli təəccübləndirdi. Dərvişdən belə cavab gözləmirdim. "Dərvişlər bu dünyadan əl çəkib, o dünya üçün çalışırlar" - demək istəyirdim.
   

- Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. Söz dediyin bir quş kimi şeydir, ağızdan çıxdı, tutmaq və yaxud geri qaytarmaq olmaz, ancaq "əfv buyur" deyə bilərəm.
Dərviş başını döşünə salıb qaşqabağını qara bulud kimi tökdü, bir xeyli zamandan sonra yuxudan oyanmış şir kimi saçlarını silkələyib başını yuxarı çəkib başladı:
   

- Ey cavan, otuz ildir, mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. Nə qədər tez üzümə açılsa, o qədər özümü Allahın sadiq qullarından sanar idim. Bu gün-sabah dünya məni məhv etdiyini duydum. Mən adamam, ağıldan və fərasətdən fəyyazi-qüdrət bizi dur etməmişdi. Əzrayıl hərdənbir qanadı ilə məni çaldığını anlayıram.
    

Neçə il bundan əqdəm törəmiş əhvalatı unudub, özüm ilə bərabər dari-bəqayə*   aparmağa qəsd etmişdim. Dünyamı tufan, bədənimi viran edib macəranı sən bir cüft sual ilə mənim gözümün önündən keçirib yaralarımı təzələdin. Böylə sualı məndən soran olmamışdır, olsa idi, səbəbsiz, dərdimi bir kəsə söyləməzdim. Məsəldir: "Qəlb süfrə deyil ki, hər ötən-keçənə acasan..." Dərdim ürəyimdə qalıb paslanmışdı... İndi qulaq ver, gör başıma nə gəlmişdir və insan nələr çəkməyə qadirdir və nələrdən bu şahizəviyyul-həyat**  acizdir?
 

Qulaq ver:
  

- Ürəyimdə bu dərdi uzun müddətlər saxladım. Fəqət indi saxlaya bilmirəm. Çünki yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. Qulaq ver, könlümdə viranələr arasında bəslədiyim, başıma gələn qəzavü qədərlər cuşa gəlmişdir.
   

Dərviş başını aşağı salıb yenə fıkrə getdi. Könül evində keçmişi qarmaqarışıq idi. Haldan düşmüş ixtiyarsız bir qan kələfin ucunu axtarıb tapa bilmədiyi kimi, bu da rəvayətini haradan və nədən başladığını bilmirdi...
 

Birdən dedi:
  

- Hə, qulaq as: qəzadan şikayət və başqaları kimi nifrət etməyi özümə rəva görmürəm. Ömrümün əvvəlində mən çox gözəl şeylər görmüş idim. Cavanlıq bağçamda bir pərizad zinət vermiş idi... Baxıb, həvəs edib, ləzzət qanırdım, birdən... deməyə dilim titrəyir, nəfəsim boğulur, gözlərimə zülmət çökür... (yavaş) birdən... (duruxur), şiddət ilə birdən gülümü üzdüm, tacımı daşa vurdum... sındırdım, ömrümə külüng çaldım, qırdım, gülüstanımı yaxıb-yandırdım, külünü ərşə sovurdum... qaldım viranələr arasında. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, tacisərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi! Ruqiyyə!..

__________
  *O dünyaya
  **Burada “insan” mənasındadır

  

Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... Qəlbimdə bazari-məhəbbət açan, başıma dolanan, dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi! Ruqiyyə!..
Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünü yan, olma biiman, xabi-qəflətdən oyan, - dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə!.. Ruqiyyə məhv oldu, fövt oldu...
Yanım birdən-birə boşaldı, dünya gözümdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı?
    

Bilirsənmi nə qaldı? Əvvəlki halım, əvvəlki biyaban, əvvəl nə idim, kim idim, indi də o oldum! Niyə? Fikrimi ağlıma, ağlımı xəyalıma satdım. Özüm çaşdım, bəxtim oyanmışdı, duymadım. Ruqiyyənin qədrini bilmədim.
Böylə vurdu qəza, halım oldu fəna...
   

Doğrudur, vücudum dolanır, amma bu dünyadan çoxdan ruhum əvdət edibdir  (dayanır). Bu da təbii bir şeydir.
   

Arvad kişiyə və kişi arvada biri-birinə cismən, ruhən bağlıdır. Arvad düçar olan zillətdən kişi, kişi düçar olan zillətdən arvad boyun qaçırmağa qadir deyil... fəyyazi-qüdrət bu iki vücudu bir-birinə tən yaratmış, bir tərəfdən nə törəsə, o biri tərəf ondan xali ola bilməz.

III
  

Neçə il bundan əqdəm osmanlı şəhərlərindən birində qan töküb, hökumət əlindən dağlara qaçdım. Dağlarda fələk ilə əlləşə-əlləşə dolaşırdım. Gündüzlər meşələrdə, gecələr ağac başında və yaxud qayalar qoynunda... göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi... Göy guruldayırdı, şimşək oynayırdı, maral hayqırırdı -səsimə səs verirdilər. Gündüz gün, gecə ay ilə ulduzlar həmdəmim idi.
  

Yağmur başımdan, sel suları ayağımdan vururdu, meşə mənə, mən meşəyə səs verirdim. Ormanlar çadırım, talalar gəzmək yerim idi. Gül gülü çağırırdı, bülbül cəh-cəh ilə oxuyurdu. Göyün qübbəsi tavanım, qara torpaq arxam idi. Fikrim xəyalıma, xəyalım fıkrimə dolaşıq, dünyadan bixəbər, halımdan məlul və pərişan, keçən keçdi, gələcəkdə nə olacağını bilmirdim. Könlüm yaralı maral kimi inildəyirdi. İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdan qayət usanmışdım. Heyvanlar da tək-təkinə dolanmayıb arkadaşlı gəzdikləri halda, mən öz həmcinsimdən cida düşüb ,  ormanlarda, səhralarda  qalmışdım. Heyvanlara səs verməyi özümə adət etmişdim. Zira ağıl dolanırdı, özünə iş axtarırdı və məkanından yatan fikrimi oynadıb uçururdu. Fikir izhar olmaq istəyirdi. Yanımdakı cin və canlı heyvanlar olmağına, heyvan kimi də danışmaq istəyirdi.
  

Axır kəlam, təklikdə davam edə bilməyib "öldürsə də, qoy məni öz həmcinsim öldürsün", - deyə meşəni tərk etdim. Şənlik olan tərəfə rəvan oldum, bir dağın döşündə, yolun qırağında bir bölük köç gördüm, çörək bişirirdilər. Çox zamanlardan bəri tərk etdiyim çörəyin qoxusundan ürəyim yarpaq kimi titrədi.
  

Gəldim salam verdim. Salamımı bir qoca ağsaqqal kişi aldı. Çörək bişirən arvad da qoca idi. Bunlar heyran-heyran mənə tamaşa etdilər. Başımı aşağı salıb gördüm: alaçığın çətəni  şaqqıldadı, gözümün quyruğu ilə o tərəfə baxdım. Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb məhbut bir halda qaldım. İki gecənin arasından bədirlənmiş ay parası kimi bir hurizadın liqasını  gördüm...
  

- Ey cavan!.. Yoxsa karsan, yoxsa bizim dilimizi bilmirsən, niyə
cavab vermirsən?
Qulağım qocanın sözünü aldı. Qoca dedi:
  - Əyləş Allah qonağısan, Allah verənimizdən yeyərsən. Mən əyləşdim... bağlandım qaldım...
  - Sonra?
  - Qulaq as.
                                                                
IV
   

Dərviş sözünə davam etdi.  

Qoca alaçığa tərəf baxıb səslədi:   

- Ruqiyyə!..
  

Hürkmüş ahu kimi alaçıqdan 16-17 yaşlı, ucaboylu, gözəl qamətli bir qız sıçrayıb çıxdı: qolunda, boğazında, belində, ətəklərində olan gümüş bəzəklərini cınqıldada-cınqıldada, qırmızı və sarı qanovuzdan paltarını xışıldada-xışıldada boğanaq kimi babasına tərəf gəldi. İki dəfə mənə tərəf  baxdı...
 

Gözlərinə dan ulduzu desəm, böyük bir xəta edərəm. Ulduz bir qərar və bir hal üzrə durur və parlamaqdadır, amma bu gözlər! Mənim üzərimdə atəş zərrələri saçan, canıma qayğı salan gözlər min növ hal ilə parıldayırdı. Qəlbi nə desə, könlündən nə keçsə, fikir xəyaldan və xəyal fikirdən nə sorsa, gözlərində o dəxi zahir olurdu.
Qara kirpiklər sayə saldığına gözlərinin işığı dəxi də artırdı. Barmaqları dolu üzük idi. Hər biləyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. Babası dedi:
 

- Qızım! Qonağımıza çörək qoy, yol adamıdır, ac olar!
Qız dabanı üstündə dönüb bir-iki dəqiqənin içində çörək, pendir və təzə yağ gətirib qabağıma qoydu. Bizim gözlərimiz bir-birinə rast gəldi. Ruqiyyə lalə kimi qızardı...
Qoca kişi məndən sordu:
 

- Oğlum, hərçənd qonaqdan sormazlar haralıdır və haraya gedəcəkdir. Allah özü bilir ki, qonağa istər şah, istər gəda olsun, mən daralmamışam və mənim səndən soruşmağımı Allah günah dəftərinə yazmaz... İndi söylə mənə, oğlum, sən haralısan? Haradan gəlib, haraya gedirsən?
Dedim:
 

- Səhradan dağlara, meşələrə gəlmişdim. İndi də dağlardan və meşələrdən səhralara gedirəm.
Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoflanan kimi oldu, dedi:
- Oğlum, sən pərdəli danışdın, sözlərini anlamadım, nə demək istəyirsən?
 

Dedim:
-Pərdəli demədim, dayı... Öylə isə deyim: haradan gəlib hara getməm məlum deyil, əvvəl mənə rast gələn yol haraya aparsa, mən də oraya gedirəm, səmt və soraq gözləmirəm, dağ gəldi dağa, aran gəldi arana gedirəm...
- Bir yerdə qərar tuta bilmirsənmi?
- Tutaram, amma... qoymurlar... Yer ilə göy arasındakı dünyaya gəlməmişəm! Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum... Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm...
Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır.
 

Dedim:
- Dayı, səni and verirəm bizi yoxdan var edənə! Məndən qısqanma, mən çörəyi dizi üstə olan nəməkbəharam adamlardan deyiləm, xəta məni çöllərə və qapılara salıbdır, məndən qorxub hürkməyəsən.
Dedi:
- Oğlum, mən də qoca adamam, dünya görüb təcrübə qazanmışam. Halına baxarsan, fəna adama bənzəyirsən, amma sir-sifətindən adamlıq nişanı yağır və adamın da meyli uçub sənə qonur. Belə saya kimi dolanmaqdan usanmadınmı?
- Usanmışam, dayı! Nə etməli?
- Bir yerdə qal, işlə məşğul ol, dünya var olmasını qanarsan...
- Ver iş, əylə məni dayı... Mən görürəm sənə adam lazımdır, adam da mən, qorxma! Axırda görərsən oğuldan da sənə artıq olaram...
- Oğlum, xasiyyətinə bələd olmadığıma təklifini qəbul edə bilmirəm. Qəlbim bir yandan sənə meyil edirsə, o biri tərəfdən səksənir.
 

İndiyə qədər dinməz oturmuş qoca qarı birdən dindi:
- Yox, balam! Biz səni saxlaya bilmərik. Kişi qoca, mən qoca. Öylə yetişmiş oğlumuz yox, gedək səni hansı kənddə, hansı şəhərdə gəzək?
 

Dedim:
- Ana, mən sənə nə deyim? Ürəyim boğça deyil ki, açıb içində nə var isə - yaxşı və yaxud yaman göstərim! Burada məni tanıyan yox, sizin də mənə inanmamağa  ixtiyarınız var. Mən nə deyim?
Bu səfər qoca səsləndi:
 

- Yox, arvad, sən səhv söyləmə, bu adam haram adama bənzəməyir. Məndən olsa qalsın, bizə bir adam lazımdır. Yaxşı olar, həmişə qalar, pis olar, öz bəxtindən küsər.
Bəxtim oyandı, razı oldular, mən də qaldım. Kim ilə qaldım?
Ruqiyyə məndən qaçaraq dururdu, amma qəlbdən qəlbə yol var. Nədənsə yaxın-uzaq Ruqiyyə mənə vasil olmasını könlüm mənə anlatmışdı, qəlbim duymuşdu, könlüm duyan olacağını mən özüm guya bilirdim. Qaldım... Gecələr, bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. - Qumru kimi səsini, bülbül kimi mahnısını, tifil kimi gülüşünü, nərgiz kimi baxışını, maral yerişini, yürüşünü görmək, eşitmək, pünhanı fıkrini duymaq, əmələ gətirmək, sayə kimi dalınca dolaşmaq mən bədbəxtə qismət oldu.
 

Qərəz, qoca kişi arvadına dedi:
- Arvad, sabah mənim paltarımdan buna ver geyinsin. İndi oğlum, yorulmuş olarsan, yıxıl yat. Ruqiyyə! Ruqiyyə! A qızım, hardasan? Arvad, dur palazdan-pulazdan nəyin varsa, ver... Oğlum, ismin nədir?
- Əhməddir, - dedim.
- Əhməd yatsın, görürəm yatmaq istəyir.
Qoca arvad bir kilim, bir keybənd gətirdi.
Bəli, qaldım, amma axırda peşman oldum.
 

Keybəndi qoydum başımın altına, kilimi də çəkdim üstümə. Qoca kişi ilə arvad da alaçığa getdilər. Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım hərc-mərc, gözlərim ulduzlarda, bir müddət yata bilmədim, xatirim qayət sınıq və pərişan idi. Göydə ulduzlar sayrışırdılar. Ulduzlar ilə söhbət edib, dağdan əsən yellərə dərdlərimi verib başımdan, qəlbimdən sovurmaq istəyirdim. Ağac yarpaqlarının xışıldamasına, meşənin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verirdim... Ocağın alovu sönüb tamam olurdu. Qıraqlardakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. Malların  gövşəyi, atların  nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi.
 

Paltar xışıltısını eşidərək ürəyim qopdu. Ruqiyyə gəlib bir az ocağın qırağında oturub könlünü yəqin, öz məşuqəsinə verdi. Ürəyim qəfəsdəki quş kimi çapaladı. Ruqiyyə başındakı dəsmalların uclarını açıb gərdəninə atdı.
 

Burada dərvişin səsi titrədi, boğuldu. Guya, artıq danışmağa taqəti olmadı. Dayandı, başını buladı, köksünü ötürdü. Gözləri qupquru idi. Əsla yaşarmamışdı... Böylə quru gözlərdən yaş qırağa vurmaz. Su yerin təkinə axıb, sonra buxara dönüb, gurultu ilə yeri dağıdıb asimana çıxan kimi, böylə quru gözlərdən yaş könülə axıb, adamın dumanını odsuz və ocaqsız ərşə bülənd edir. Dışarı çıxan axar yaş dərdi, qəmi, qüssəni də özü ilə bərabər candan çıxarır. İnsanı zəhmətdən bir müddət xilas edir, təsəlli olur. Amma ürəyə axan yaş cana atəş salıb, yaxıb-yandırır.
 

Dərviş bir az sakit olub, yenə başladı:
 

- Ruqiyyə yaralı ahu kimi birdən yerindən sıçradı, ayaq üstə durdu.
 

Ürəyim tutulmuş quş kimi vururdu... Ruqiyyə alaçığa getdi... Canıma atəş düşdü, ürəyim köksümü dəlib çıxmağa hazır idi, başı kəsik toyuq kimi yerimdə part-part partladım... Gecə yandan keçdi, gözlərimə yuxu gəlmədi, kilimi üstümdən atdım... Bilmirdim, axırda necə yatdım.
 

Bir vaxt qoca kişinin səsini eşitdim, gözlərimi açdım: quşlar oyanıb oxuyurdular, dan yeri Ruqiyyənin yanağı kimi şəfəqlənmişdi. Mən də oyandım, ocağı çatdım, göyə qığılcım ata-ata ocaq gümrah yanmağa başladı. Sonra arxacdan malları yemlədim. Dana və buzovları mıxlarından açıb o biri tərəfə otlamağa yellədim. Gün çırtıb çıxdı: Ruqiyyə də çırpınıb alaçıqdan çıxdı və bulağa suya getdi. Əl və üzünü yumuş qızılgül kimi tazə və tər  su güyümü çiynində gəldi. Qoca kişi məndən sordu:
 

- Oğlum, mal, qoyun sağmaq əlindən gəlirmi?
- Çox yaxşı bacarıram, dayı!
- Öylə isə, Ruqiyyə də sənə kömək etsin, tək mal sağmaq çətindir.
 

Nə qədər şad oldum! Ruqiyyənin mənə yar olması ağlıma sığmazdı! Nə isə, könül dediyin bağsız bir quşdur, kefi haraya istər qonar. İstər qızılgül, istər isə qaramıx budağı olsun...

VI

Ruqiyyə inəkləri eydirirdi, mən də sağırdım. Ruqiyyə mənə:
- Sən nə tez sağırsan, Əhməd! Mən eydirməmiş sən sağıb qurtarırsan.
Ruqiyyə adımı çəkdi, səsini eşitdim, qanım oda dönüb axdı, başımdan alov qalxdığını duydum. Cavab verdim:
-Nabələd deyiləm, Ruqiyyə!
 

Mən də bunun adını ürəyimdə yox, dilimdə zikr etdim. "Ruqiyyə" deməm bir ayrı səs ilə olduğunu, əhval-pünhanım  Ruqiyyənin məhəbbət tellərinə toxunduğunu qandım, dedim:
- Sən oynamaqdan gələnə qədər yata bilmədim.
- Əlbət, çox yorğun imişsən...
 

Nə isə südü sağıb ocağın qırağına apardım. Tez sağıb gəlməyimdən qoca arvad xoflandı və dedi:
- Ruqiyyə, bu tezliklə sağılan mal yarı süd verər. Əlüstü bulaqdan su dolduran kimi oldu.
Ruqiyyə cavab verənə kimi qarı qazana baxıb tez mənim üzümə baxdı.
 

Qoca qarı başını bulayıb dinməz alaçığa getdi. Ruqiyyə üzümə baxıb qımışdı; üzərimə sabah günəşi doğan kimi oldu. Gül qönçəsində şəbnəm işıldayan kimi, dodaqları arasında dişləri almaz kimi parıldadı. Bu halda qoca kişi gülə-gülə:
- "Mən sənə demədimmi ki, Əhməd qoçaq oğlana bənzəyir". Doğrudan da, arvadın saçı uzun, ağlı gödək olur, - deyərək alaçıqdan çıxıb ocağın qırağına gəldi.
 

- Əhməd, mənim qarım deyir ki, Əhməd bir saatın içində bir bölük inəkləri sağıbdır. Mən də yarım-yarımçıq sağıbdır sandım və danladım, baxanda mənim özümdən çox sağdığını gördüm, öz-özümə peşman oldum.
- Allah peşman etməsin, atam! - dedim.
İndi söylə görüm, tüfəng atmaq bacarırsanmı?
- Fəmən-yəmən əlimdən gəlir, - cavab verdim.
- And olsun ikimizi yaradana, sən boş adam deyilsən. Ruqiyyə!.. Arvad!.. Bunlar haradadırlar, huy vermirlər?
Qoca kişi özü cilvəli oğlan kimi tərpənib alaçıqdan tüfəngi gətirdi və dedi:
- Al, at, görək necə fəmən-yəmən bilirsən. - Qoca martini (aynalı tüfəng) aldım əlimə, dabanını  aşağı basdım, ağzını əjdaha kimi açdı və patronu uddu. Qoca baltanı götürüb uzaqda duran palıd ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı, gəldi, tüfəngi üzümə qaldırdım, ağartı qaravula minər-minməz şeytana əl atdım, səs saldı... tüstü dağıldı. Ağartının ortasında bir qara gördüm, qoca kişi yüyürdü, oradan bağırdı:
- Lap ortasına!..
 

Qonşulardan da neçə adamlar gəldilər, qoca kişi qayıtdı:
- Lap ortasına! Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu, çox hesab ilə vurdu!
Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim. Ruqiyyə idi. Qızlar ilə söhbət edirdi. Qonşulardan bir qoca kişi dedi:
- Gülləsi dəyən yerə bir daha başqa güllə yapışdırsa, vurucu olduğunu sübut edər.
Qoca kişi mənə ümid bağlamışdı, dedi:
- Mərcə girərsənmi?
Qonşu cavabında:
- Girərəm, - dedi.
- Bir at! Qoyma, oğlum, at, sənindir.
Ruqiyyə dal tərəfimdə mələk-ül-hifz  kimi durub vücudu ilə mənə ürək verirdi. Baxdım, üzümə qımışdı. Qoca martin yenə meşəyə gurultu saldı, tüstü dağıldı, gözümüzü oraya zillədik...
"Afərin, afərin!" səsi ağızlardan birdən qopdu. Nöqtə yenə bir idi.
Mən dedim:
- Baxınız, bəlkə, güllə yan ötübdür.
- Doğrudur, - dedilər.
Qoca baltanı götürüb qonşu ilə getdi. Ruqiyyə lap şadlığından az qalırdı ki, ağlasın. Mənim belə deməyim bir az kefini pozdu...
Qoca kişi səsləndi:
- Bir deşikdə, ikisi də bir deşikdə!
Ruqiyyə yenə də gül kimi açılıb güldü.
Mənim adım düşdü dillərə. Oğlanlar, qızlar, gəlinlər və qocalar məni gördükdə "gülləni gülləyə yamayan bu hərifdir", - deyib biri- birinə göstərirdilər.
Qarı da isinişdi, məni şirin buyurub sayrıyırdı.

 

VII

Qoca kişi ilə arvad axşamlar tez yatırdılar. Ruqiyyə ilə mən ocağı qalayıb gecənin bir müddətinə qədər söhbət edirdik. Mənim nə halda olduğum Ruqiyyəyə məlum deyildi və aləmi-məhəbbətdən buna bir kəlmə də deməzdim. Belə məsum cənnətdəki huri kimi bir zatə məhəbbətdən söz deyib könlünü bulandırmağa cürət etmirdim. Başım bəlalı idi. Bəlalı başıma gələndən söyləyirdim, diqqətlə qulaq asırdı və can yaxan yerində özünü saxlaya bilməyib ağlayırdı.
Ruqiyyə ağlayırdı... Bəli, Ruqiyyə ağlayırdı.
 

Zalımlar əlində sıxıntımı, namus və qeyrətimin ləkələndiyini, qan ilə onu təmizlədiyimi eşitdikdə, bir necə dəfə dedi: "Yazıq Əhməd, yazığım necə gəlməsin... axırda ürəyim yandı..."
 

Zindana düşüb əlim, ayaqlarım zəncirdə, qaranlıq, rütubət bir küncdə ac və susuz işlədiyimi eşitdikdə dedi:
- Ciyərim başı yandı, az qaldı ki, ağlayım...
Bu zindandan o biri zindana keçən vaxt yolda gecə vapordan   suya düşüb, üzüb çayın kənarına çıxana qədər dalımcan tüfənglər atıb, məni fəna halda yaraladıqlarını, sonra üç gün, üç gecə səhralarda qalıb, ölüm ilə əlləşdiyimi biləndə tab eləməyib "füqəra, zavallı oğlan, məni ağlatdın", - deyib ahəstədən ağlamağa başladı...
- Bizim aramızda belə zülmü özünə iş-peşə edən adam yoxdur, - dedi.
- Ruqiyyə, elə fikir etmə ki, başqa yerdə adamlar zülm, zillətdən qeyri özgə bir şey bilirlər... Siz burada Allahın qoltuğunda, dağların başında hər kəs özünə şad kimi dolandığı halda, orada "varlılıq, yoxsulluq" bir-birinə dolaşaraq əhalinin bir hissəsini edib soltan, o biri hissəsini qul, möhtac... bundan da zülm törəyir. Bu səbəbə adam adamı canavara dönüb yeyir, - dedim.
Ruqiyyə cavab verdi:
 

- Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür...
Bir necə gün bundan sonra Ruqiyyə ilə ocağın qırağında söhbətə məşğul idik, birdən Ruqiyyə məndən sordu:
- Əhməd, sən öz vətəninə gedəcəkmisən?
Sözümü deməyə, ürəyimdəkini açmağa yaxşı məqam düşdü, dedim:
- Sənə bağlıdır...
Ruqiyyə təəccüblə dedi:
- Necə mənə bağlıdır? Kef sənindir.
- Xeyr, əzizim, Ruqiyyə, mən sənə bağlıyam. Bu bağı kəssən, gedərəm. Yox daha məni bərk bənd etsən, qalaram.
- Mən anlamayıram nə deyirsən, Əhməd...
- Mən səni çox-çox istəyirəm...
- Mən də səni çox istəyirəm. Nə olsun?
- Mənə yar ol, Ruqiyyə...
Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı.
- Böylə sözü qızamı deyərlər? - deyib durdu ki, getsin, mən əlindən tutub əylədim.
- Ruqiyyə, mən deməyirəm ki, ana və babansız mənə yar ol... Bir söylə, gözəlim, baban izn versə, mənə gələrsənmi?
Ruqiyyə gözlərini yerə dikib xeyli müddət cavab vermədi, axırda iki gül dodaqlarının arasından bu kəlmə çıxdı:
- Babam verirsə, mən...
 

Ruqiyyənin yarpaq kimi titrək əlindən mənim əlimə bir atəş və yaxud göydə oynar şümşada bənzər bir şey keçib varımı yandıra- yandıra ürəyimdə yanan alova qarışdı. Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. Bir azdan kişinin gülüşünü eşitdim. Qulaq verdim. Qoca kişi: "Allah belə yazıbsa, mən nə deyim", - dedi.
Görünür, Ruqiyyə əhvalatı atasına deyibdir, şadlığımdan az qaldı ürəyim partlasın. Qoca kişi çıxdı:
 

- Oğlum! Ruqiyyəyə "mənə gəl" demisən, onun da sənə meyli var. Mənim də sözüm yoxdur. Təəccüb qalmadınmı? Sizlərdə qərib bir adama qız verməzdilər. Amma bizlərdə görürsən, verirlər. Bizim üçün şah və gəda təfavütü yoxdur. Bunların mənası nə olduğunu bizlərdə tək-tək bilən var, o da bu axır zaman şəhər ilə bizim aramızda əlaqə düşəndən bəri bizim də aralığımızda adamdan adama təfavüt qoymaq hasil olur... Ruqiyyə sənə gedir, həmişə qalarsan, Ruqiyyə arvadın olar, gedərsən, kağızını verərsən. Biz sənə ixtiyar işlədə bilmərik.
Şadlığımdan gözlərim yaşarıb bir kəlmə söz deməyə qüdrətim çatmadı. Qocanın əlindən öpüb kənarda dayandım. Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə!..
Məhəbbət coşdu, məni bürüdü, "Ruqiyyə! Ruqiyyə!" dedirtdi. Ömrümün şişəsi Ruqiyyə idi. Ruqiyyə... sınar isə xakistər olaram, fikrimdə idi. Bəli!.. Ömrümün şişəsi sındı. Amma mən...
Qəzanın işi, çərxi-fələk peşəsi! Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır: qanxor, rəhmsiz, ikibaşlı əjdahadır, - deyib bağırırıq. Bağırmağa haqqımız varmı? Mən özüm-özümə etdim, buna qəza nə etsin?             
                                                     
VIII

Qulaq as, gör, özüm-özümə nə etdim.
 

Dərviş dayandı, könlü təlatümə gəlmiş dərya kimi daşıb nitqi bağlandı, boğazı boğuldu, nəfəs nəfəsə macal vermirdi, kəsilə-kəsilə zor ilə qəlbindən çıxırdı.


Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi, başladım qaşıq ilə içməyə. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə də danışmağa başladı:
- Bilirsən canımda nə yanğın var? Ruqiyyə məni, mən Ruqiyyəni gündən-günə artıq bir-birimizi sevirdik. Məhəbbət gülü könül bağında dərin kök atdı, nə mən, nə də Ruqiyyə buna mane olmadıq. Zəhmətimiz əfvayi getmədi. Dilədiyimiz arzuya nail olduq. Bir gün Ruqiyyə mənə birdən-birə dedi:


- Babam sənə söylədi razıdır, məni al, mən sənə gedirəm.
Mən mat-məbhut qaldım. Bilmədim röyamda bunu görürəm, yaxud zahirdə qulağım səsə düşdü? Ətrafa boylandım. Dünyanın üzərinə südrəngli ağ pərdə çəkilmişdi. Aya baxdım. Ay gülümsünürdü. Ulduzlara baxdım, yerlərində oynaşırdılar. Ocağa baxdım, qəhqəhəli gülürdü, alovumu oynadırdı. Meşə, gecə. Sirləri örtən, günah işi basdırıb dəfn edən gecə birdən-birə qulağıma pıçıldadı: "Durma, hərif, məhəbbət bazarı açılıbdır, bəxtin yuxudan oyanıbdır, tez xiridar ol."
Ruqiyyənin üzünə baxdım. Yanaqları rəng verib rəng alırdı. Köksü yuxarı qalxıb aşağı enirdi, bədəni əsim-əsim əsirdi.
"Səni aldım, yarın oldum" - qışqıraraq ağuşumu açdım. Ruqiyyə ilan kimi qolumun arasından züyüldəyib çıxdı və ilan kimi ayaq üstə durdusa da, ləngərləyib qucağıma yıxıldı. Lakin tez ayağa sıçrayıb durdu və çıxıb getdi.
Özümü itirdim, nə etməliyəm bilmədim, əhvalım təğyirləşdi, huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum. "Ruqiyyə!" deyib bağırdım. Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin, ocağın qırağında qaldım...
Ay qara buludun dalına girdi, yenə qara pərdə çəkildi, ocağın alovu söndü, meşədə xışıltı artdı, quşlar sakit oldular.
Bir zaman eşitdim:


- Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər!
Bu, qoca kişi idi, durdum. Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. Qoca kişi ilə qoca arvad ocağın qırağında oturmuşdular. Kefləri yox idi, nə var idisə, ürəyimə qan damdı, qoca arvad mənə dedi:
- Balam, Ruqiyyə naxoşlamış, güyümü apar bulaqdan su gətir!
Ruqiyyə günortaya yaxın durdu, amma kefi yox idi.


Üzünə baxdım, üzümə baxmayırdı. Üç gün kefsiz dolandı. Gecələr oynamağa gedirdi. Amma oynamazdı, gülməzdi, köksünü ötürürdü. Yoldaşı Ayişənin "Ruqiyyə, niyə kefin yoxdur?" - sualına "Sonra sənə söylərəm", - cavab verirdi. Ruqiyyənin belə süst halı qarını qorxudurdu. Ruqiyyəyə cin dəymiş hesab edirdi. Evdə davam edən belə bir hala tab eləməyib, bir sabahı mal arxacının qulağında fıkrimə nə gəldisə, birdən-birə qoca kişiyə dedim:
- Dayı, mənə rüsxət ver, mən gedim, - və özüm də təəccüb etdim. Amma söz ağzımdan çıxmışdı. Fəqir kişi lap mat qaldı:
-Necə, oğlum? Burda məgər... Mən anlamayıram.
- Yox, dayı, sizdən mən çox razıyam. Atadan, anadan görmədiyim hörməti, məhəbbəti mən sizdən gördüm.
- Özgə nə səbəb var isə söylə!
- Səbəbi özünüzə məlumdur.
- Məndən aşan iş isə, oğlum, qət-ümid olub, bizi atıb getmə.
- Bəxtimə ümidim yoxdur, dayı. Bəxt dediyin kəsilməmiş, zahiri gözəl bir almadır, birdən çürük çıxdı. Onda sən nə edəsən, mən nə edim?
- Burdan getmək sənə bəxt açan isə mən nə deyə bilərəm, oğlum, ixtiyarın var.
Evə gəldik. Ruqiyyə də evdə idi. Qoca kişi arvadına dedi:
- Əhməd gedir.
- Hara gedir?
- Vətəninə gedir.
- Hara gedir?
- Bilmirəm. Bizi qoyub gedir. Hara gedir, özü bilir, Allah yaxşı yol versin!


Ruqiyyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaş ilə dolub həlqələndi, rəngi-ruhu qaçdı. Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldadı. Az qaldı canıma yanğı düşsün.
Qoca arvad dedi:
-Qoyma getsin, üzümüz-gözümüz öyrənibdir. Oğul gözündə görmüşük, biz ki ona bir yamanlıq etməmişik, niyə gedir?
- Kefi elə istəyir, mən nə eləyim?
Mən istədim ki, "salamat qalasınız" deyim, yaş məni boğdu, deyə bilmədim, ağladım. Qoca kişi də, qarı da ağladılar. Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. Qoca kişi də, qarı da oraya yüyürdülər. Mən də özümü oraya saldım... Ruqiyyə yaralı ahu kimi özündən getmişdi.
Ruqiyyə özündən getdi...
Qoca qarı özünü yola-yola mənim qabağımda dayanıb dirənmiş, lap gözümün içinə baxdı və sonra dedi:
- Səs ver, səs ver, cana gəlsin...
Özümə gəldim, toxtaqlanıb özümü Ruqiyyənin üstünə saldım, əlimi aynalıya uzadıb dedim:
- Dayı, dur məni öldür, dur məni buna qurban elə, mənim qanım, canım Ruqiyyənin yolunda qurbandır!
Qoca kişi geriyə sərpilib əqli başından sıçramış, təngildəyə-təngildəyə dala duraraq əlini belindəki əyri xəncərə uzatdı.
- Əlini saxlama dayı, öldür məni...
- Yavaş! Yavaş! Ya yuxudayam, ya divanəyəm. Yavaş! Yavaş!
- Ya öldür məni, yaxud Ruqiyyəni mənə ver. Bu ikisindən biri olmasa, dünya mənə haramdır!
Qoca kişi qeyzə gəldi:
- Nəməkbəhəram, şeytan, dala çəkil!
Xəncəri çıxardı.


- Ruqiyyə mənə qismət deyil, öldür...
Başımı Ruqiyyənin döşünə qoyub ölümümü gözümün altına gətirdim, qoca xəncəri endirən zaman qarı qolundan yapışdı:
- Qoca kafır, saqqalını qana bulamaqda nə var?
Ruqiyyənin bəxtinə çıxıbdır, ver getsin.
- Qoca şeytan, dala dur, səni öldürərəm!
- Öldür, amma özün fikir elə, bir həftə bundan qabaq Ruqiyyəni Əhmədə verək deyən sən deyildinmi? Əhməd qızını intihasız, hədsiz-hesabsız sevibdir. Sidqi dildən gələn məhəbbət ağaclar dibində, kol dalında burma qaranlığından izah olmayıb, igid oğlu kimi meydana çıxdı. Əhməd Ruqiyyənin kişisidir.
Qoca kişi əllərini saldı, xəncər əlindən yerə düşdü. Ruqiyyəni özünə gətirdikdən sonra bizi qucuyub "Allah sizə yar olsun, Allah sizə pənah olsun", - deyib bizimlə bərabər ağladı... Ruqiyyə ağladı... Mən ağladım... Dördümüz də ağladıq. Bu ağlamaq ayrı ağlamaq idi... Belə ağladıqca yenə ağlamaq istəyirsən, yaşın hər bir qətrəsi sənə təsəlli verir. Yağış nə qədər gurultulu yağsa, sonra hava o qədər xoş və aydın olur...

IX

Dərviş bir stəkan da çay istədi və söyləməyə davam etdi. Dünyanın yolları çırpılı, işdəkləri çəlpə  şəkillidir. Düz yol ilə getdiyin yerdə dünya ağzını yoxuşa salsa yaxşıdır. İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır. Böylə zəhmətə dayanmaq mümkündür. Yox, adamı gətirib qayaya dirəyir. Burada nə etməli? Nə çarə var? Gərək qayaya da dırmaşasan, daş altında yatmaq ölülərə yaraşar. "Bir canım var, ruhum var, sahibi ixtiyaram", deyən kəs daş dibində oturub, daş başına gözünü dirəməz. Ağıl azır, göz kor olur, daş qopub başımıza düşür. "Qəzadandır, olacağa çarə yoxdur" və yaxud "Çıxan qan damarda durmaz", deyib özümüzü təskin edirik. Mən də öz əlim ilə daşı öz başıma salıb, "qəzanın təqdiri imiş", xalqlar kimi deyib, uzun-uzun müddət özümü təskin edirdim. Sonra ağlım tarazüləndikcə ağlın çaşması qəza imiş. Mənim də ağlım çaşdı, olmazmı olar, oları olmaz tanıdım, gözümə dəyən tərsinə göründü. Arzusunu çəkdiyim zad məni doldurdu, könlüm usandı, özgə bir ərməğan axtarmaq xəyalından nə xilas və nə də doya bildim.


Vətən... Əvvəl dünyanı gördüyüm yer, əvvəl canım, ruhum və bədənim gün-gündən açılıb, düzəlib, doğrulub, var-yoxu, dünyanın dadını və ləzzətini duyduğum, növbənöv duyğuları və rəngbərəng sifətləri hifz edib, zehnim aləmimdə və işıqlı dünyada kara mindirdiyim məkan, Ruqiyyənin mahi-liqasına, günün şəfəqinə boyanmış al-qırmızı içərimə çəkdi. Ruqiyyə əvəzində duman arasında sayə gördüm... Məni qınamağa ixtiyarın var... Hərçənd batini axtarsan, insanın hissiyyat tərəfinə nəzər atsan, məni qınamağı özünə bilmərrə haqq-hesab eləməzsən... Nə deməkdir, vətənim yadıma düşübdür... Çox da vətənim mənə zillət verdi; zəhmət çəkdirdi, axırda didərgin saldı, çöllərə buraxdı, qürbət qapısını üzərimə açıb məni qərib etdi! Nə etməli? Balası yolunda canını oda yaxsa, "uf' deməz ana, acığı tutanda, canı-ciyəri, ruhu olan, qanından olan, cismindən hasil olan, fərzəndini döyür, yenə sonra ağuşuna çəkir... Vətənim anamdır, incitdisə, indi ağuşunu açıb "gəl" deyir. Mən getməzdim, amma qan çəkirdi, qan aparırdı, ruh parübal açmışdı, könül cuşa gəlmişdi, qəlbim "vətən, vətən" vururdu.
 

...Getdikcə qəm qəlbimə uğradı. Ruqiyyədən gizlədim, istədim vətən məhəbbətini Ruqiyyə məhəbbətində qərq edim, bacarmadım. Vətən məhəbbətini Ruqiyyə eşqi-atəşində yandırmaq istədim, qəsdim yerimədi, Ruqiyyənin zülfləri ilə dolaşmadı, tora düşmədi.


Hər növ xilas olmaq fıkrinə düşmüşsə, daha da artacaq. Daha da hirslə vətən məni özünə tərəf çəkirdi... Fikrim-zikrim Ruqiyyədən vətənə getdi... Mən də məğlub oldum. Vətən məhəbbəti aşıb-coşub ləpəsi məni arxasına aldı. Qəm və qüssə canıma düşdü, Ruqiyyə agah oldu.

X

Bir dəfə dedi:
- Nədir dərdin, Əhməd? Dərdinə məni də şərik et.
Əvvəl bir istədim deyəm ki, bir dərdim yoxdur, amma aldatmağı rəva görmədim və dedim:
- Dərdim böyükdür, sən çəkə bilməzsən.
Cavabında:
- Səninlə bərabər birə on da olsa, taqətim var, - dedi.
- Böylə dərd üçün yaranmayıbsan, əzizim, sən dərd bilməz idin, mən səni dərd bilən etdim. Bu özü böyük xətadır, - dedim.
- Yox, özgə bir dərdin olsa idi, deyərdin... Sən məni dəxi sevmirsən, - deyib əlləri ilə üzünü tutub ağladı. Barmaqlarının arasından mərmər arasından su tökülən kimi yaş axdı. Ürək verib, Ruqiyyəni kiritdim...
- Ruqiyyə, mənim vətənim yadıma düşübdür, divanə olmuşam, amma sən məni zəncir ilə bağlanmış kimi bağlayıbsan, - dedim.
- Vətən... orada kimin var?
- Heç kəsim, Ruqiyyə! Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də "bəsti" deyib, ona həmdü səna dedim...
- Bəs belə olanda səni oraya nə çəkir? - deyə sordu.
- Havası, suyu, dağları, daşları... torpağı... ömrümün ibtidası, nə bilim səbəbi nədir, anlamıram... Mən gedəcəyəm, Ruqiyyə, - dedim.
- Bəs mən nə qayırım?
- Sən də gedək!
- Mən də gedim? Necə ola bilər?
- Gördün, Ruqiyyə? Vətənindən, bu dağlardan, bu daşlardan ayn düşmək fikri necə səni yaman xofa saldı...
- Atam, anam var, - dedi.
- Sən elə xəyal edirsən ki, mən buranı qətiyyən tərk edirəm? Nahaq! Buranı mən tərk edə bilərəmmi? Özün fikir elə!
- Burada nəyin var? Var-yoxun bir mənəm, məndən də usanıbsan, məhəbbət atəşi sönübdür, - dedi.
- Ruqiyyə! Ruqiyyə! Böylə demə, demə. Burada, Ruqiyyə, canımın yarısı var! Canımın bir hissəsi vətənimdə hasil olubsa, o biri ləzzətli, dadlı hissəsi bu dağların aralarında mey verib, kök atıbdır! Bunu bil ki, yarı hissəm buraya, yan hissəm oraya bağlıdır. - Ciyərimdən bağlıyam, qoparmaq istərsəm, ömrüm bitər, həyatım uçar, viran olar. Bir tərəfdə vətən isə, o biri tərəfdə mənim dayanacağım: ömrümün dirəyi, həyatımın işığı, günəşi sənsən, Ruqiyyə... Gedək, üç, dörd aya səni buraya gətirərəm. Gəlməz isəm də, bu yerlər, bu dağlar məni çəkib gətirəcəkdir. Çünki səni mən burada tapmışam. Mən sənə bağlı, sən də bura bağlı. Sən mənə bağlı, mən də oraya bağlı.
Vətən məni çəkəndə, sən gedəsən, səni çəkəndə, mən gedəm. Sən olan tərəzi ağırdır... Mənimlə gedərsənmi, gözəl yarım?
Dodaqları açılar-açılmaz sabah yeli dəymiş gül yarpağı kimi tərpəndi.
- Gedərəm, - dedi.
- Qalma, yarım, qalma, qalsan, bivəfa yar deyərəm, - deyə ürək verdim.
- Qala bilmərəm, qala bilmərəm, qalsam səndən ayrı olaram, - deyib Ruqiyyə gülümsündü, sonra boynumdan qucaqlayıb zar-zar ağladı.
O yaşlar indi də o yan-bu yana axıb ürəyimi yandırır!
Yaşın içərisində hıçqıra-hıçqıra dedi:
- Apar, haraya aparırsan apar! Amma məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm.
- Həvva anamız bilsəydi ki, nəvəsi mənim əlimdə zəlil və miskin, ixtiyarıma bağlı, əmrimə müti, hökmüm yanımda müqəddəs olacaqdır, yəqin ki, babamız Adəmin başına elə bir qəziyyələr gətirərdi ki, arvadlar həmişə bizim üstümüzdə sahibi-ixtiyar olardılar...


Ruqiyyə məlul və məhzun evə getdi. Bunun pərişan halını anası görüb, xəbər aldısa, bir şey duya bilmədi. Mən də məqam axtarırdım ki, fikrimdə olanı bir yol ilə qoca kişiyə deyəm... Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. Bu binəvaların övlad sarıdan tək bir qızları var idi... Bunu da mən əllərindən alıb, aparsam, bunlar dərdü qəmdən və qüssədən təklikdən məhv olarlar deyirdim. Ömrümü Ruqiyyənin ömrünə bağlayaraq dünyanın var-yoxunu duyduğum yurddan daşınıb, meşənin başını yurdda dəyələri düzmüşdük.


Vətənin "gəl, gəl" sədası qulaqlarımda zəng kimi çalınırdı, "gedimmi, getməyimmi?" sualından daşınıb "gedirəm" qət etmişdim.


İşin gedişi qoca kişi ilə arvadına qəsdimi söyləmək idi... Bu da çox çəkmədi.
Sabah idi, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına gəlirdilər. Ruqiyyə ilə mən də gələn inəkləri sağırdıq. Ruqiyyə özünün inəklərindən Qaragöz adlı inəyi eydirdi. Buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi, mən domuşub sağmağa başladım.
- Bu inəyi çox artıq həvəslə sağıram, - dedim.
- Niyə? Mənimdirmi, deyin?
- Həm sənindir və həm də yadındadırmı, bu inəyi sağarkən  bir- birimizin adını çəkdik?
- Yadımdadır!


Ruqiyyənin gözləri süzüldü, özü də xəfif  köksünü ötürdü. Badya doldu. Köpüyü aşıb yerə tökülə-tökülə südü qazana tökdüm. İnəyi sağarkən dedim:
- Ruqiyyə, səndə eşq, məhəbbət, inəyində süd həddən ziyadədir. Sənin kimi arvadı, Qaragöz inəyi kimi inəyi olana bəxtəvər demək həmişə yaraşar.
Ruqiyyə cavabında bunu söylədi:
- Bir aşıq bizim yurdumuza gəlib çıxmışdı. Kişilər getməyə qoymadılar. Gecə qaldı, mərəkə yığıldı, bu da aşıq Qəribdən, Koroğludan, Kərəm ilə Əslidən danışıb türkü söylədi. Hərdənbir aşıq söyləyirdi: "Məhəbbətin toru var, düşən çıxmaz". O zaman mən balaca idim, məhəbbətdən, yardan, yoldaşdan xəbərim yox idi. Bu sözlərin məzmununu qanmadım, amma nə isə, bu ana qədər fikrimdə davam edir. Səni sevdikdə məhəbbət nə imiş qandım və toru olduğuna da inandım. Amma bu axır zaman məhəbbətin toru yox imiş. Var isə davamsızdır...


Artıq deyə bilmədi. Səsi boğuldu, amma ağlamağını mənə bildirməmək istədi. Ruqiyyənin nə demək istədiyini qandım.
-Ruqiyyə, and olsun o günün şöləsinə! Bu malın bərəkətinə! And olsun o gözlərindən axan yaşlara!.. Ruqiyyə, Ruqiyyə, məni yandırma... canımdan əl çəkərəm, səndən əl çəkmərəm. Sən mənim ruhumsan! Kim ruhuna qəsd eylər? Səninlə gedib, səninlə gələcəyəm.
- Onda ban tez gedək ki, tez də gələk, - dedi.
- Bu gün qoca dayıma deyərəm, - dedim.
Buna Ruqiyyə cavab vermədi. Atasından, anasından ayrılmaq Ruqiyyəyə ölümə bərabər idi. Məndən ötrü böylə bir artıq zillətə Ruqiyyə razı oldu.


İnəkləri sağıb üç qulplu qazanı doldurduq, hərəmiz bir qulpundan yapışıb, qazanları ocağın qırağına gətirdik. Qoca arvad ilə qoca kişi bizə baxıb fərəhlənirdilər.
- Qoçaq qızım, ərindən cansız deyilsən!
Həqiqətdə Ruqiyyədə bir pəhləvan qüvvəti var idi. Bir dəfə meşədən bir maral vurmuşdum, yekə buğa kimi bir şey idi. Ortasından şaqqaladım, yarısını Ruqiyyə, yarısını da mən dalımıza alıb evə gətirdik. Söyləyirdilər ki, Ruqiyyə toyda özü yaşında canlı dayısı oğlunu yıxmış. Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. Düyün atın boğazında irəlidən hazır idi. At nə ki gücü var idi dartındı. Ruqiyyə ayaqlarını yerə dirədi, atı geri çəkdi, at dal ayaqları üstündə göyə qalxdı, ona qədər özümü yetirib atı tutdum. Ruqiyyə belə Ruqiyyə idi.
Qərəz, qoca arvad qızının üzünə baxdı, tez halı pərişan oldu. Ruqiyyənin kefsiz olduğunu ana gözü seçdi. Sordu və dedi:
- Ruqiyyə, qızım, səndə nə var, kefin yoxdur?
Onun əvəzində qoca kişi:
- Nə var, əlbət, əri ilə dalaşıbdır, - dedi.
- Yox, əri ilə dalaşana oxşamır.
- Bir şey yoxdur, ana can, - dedi.
- Allah elə eləsin, balacığım!..


Ruqiyyə alaçığa getdi, ocağı  qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq, üçümüz də əyləşdik. Qoca arvad yenə dedi:
- Əhməd də kefsizdir, üzünə baxanda ürəyimə qan damdı. Bunlarda nə var isə, xeyir işə, xeyir xəbərə bənzəmir.
Mən dedim:
- Hə var, anam? Mən bir vətəni yoxlamaq istəyirəm.
- Bu azından bir ay çəkər, belə uzun ayrılığa necə dözək!
Qoca kişi pozuldu, tükləri qabarıb biz-biz oldu, qaşları  sürüşüb az  qaldı gözlərini örtsün. Arvad heyran-heyran baxırdı, bir xeyli müddətdən sonra dedi:
- Axırı belə olduğunu mən özüm yaxşı bilirdim...
Qoca dillənmədi. Ürəyim vurunurdu, gözlərim qocanın ağzında idi, axırda dedi:
- Get, biz səni güc-bəla ilə saxlaya bilmərik...
- Dayı, mən tək gedə bilmərəm.
- Yoxsa, Ruqiyyəni də aparmaq istəyirsən?
- Bəli!
Kişi qəti surətdə:
- Ola bilməz, baxıb-baxacağımız bir qızdır. Onu da sən apar qürbətə tulla... Yox, oğul, dilim quruyar, buna "hə" deyə bilməz, - dedi.
- Bir aya qədər ikimiz də qayıdıb gələrik.
- Yox, qızımı bir gün də desən gözümdən o yana buraxa bilmərəm. Bizim həyatımız ona bağlıdır, dartıb üzməyə bizdə nə ixtiyar var, nə də güc var!
Qoca qarı tab eləməyib ağladı. Kişi dedi:
- Ağlama, ağlama, Əzrayılın özü Ruqiyyənin canını almağa gəlsə, onun özünü də yaxın qoymaram.
Bu əsnada Ruqiyyə kirpiklərini aşağı salmış, yavaş-yavaş qədəmini ata-ata gəlib dayanaraq:
- Baba, məni öldür, amma Əhməddən cida salma, ayrılığına dözə bilmərəm, - deyib çəkildi.
Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar, qoca arvad bağırmış dedi:
- Allah amandır! Ruqiyyə, belə söz!
Qoca kişi acıqdan əsdi, bir söz deməyə nə qədər qəsd etdisə, nitqi bağlandı. Xeyli vaxtdan sonra özünü yığıb bir dəfə "Ruqiyyə adlı balam yoxdur", - dedi.
Ruqiyyə bunu alaçıqdan eşitdi.
- Allah, hay dur!


Səsi bizim qulağımıza gəldi, qarı balasının imdadına çatmaq qəsdi ilə timsindi. Amma qoca kişi əli ilə işarə etdi, arvad yerində qaldı. Qulağımıza xırıltı gəldi, qoca qarı "biinsaf, balam ölür, mən necə baxmayım", - deyə alaçığa yüyürdü.
Alaçıqda sürüntü bərkidi. Bir də qarı özünü eşiyə saldı.
- Ruqiyyə boğulur! - deyərək bağırdı.
Məndən qabaq qoca kişi özünü yetirdi. Nə var, nə yox bilmədim, ancaq onu gördüm ki, qoca kişi xəncəri çəkdi, qaldırdı ki, endirsin, dal tərəfdən xəncərin tiyəsindən yapışdım, iki-üç dəfə dartındı, tiyəni əlimdən buraxmadım və bağırmış dedim:
- Qoca, nə qayırırsan, əvvəl məni öldür!
- Oğlan, burax, balam ölür! - dedi.
Birdən gördüm Ruqiyyə alaçığın sənəcəsindən çatı ilə asılıbdır. Qoca xəncəri endirdi. Ruqiyyə qucağıma yıxıldı. Bir neçə gün Ruqiyyə özünə gəlmədi. Düşəndə sayıqlayırdı. Can yanğısından atım-atım atılırdı, ovçu əlindən qurtaran maral kimi döyünüb töysünürdü. Gecələr çalım-çalım çalxalanırdı. Qoca arvad lap özünü itirmişdi. Qoca kişinin də özündən xəbəri yox idi. Qulağının dibində top atılsa idi, əsla qırpınmazdı. Mən özüm yuxuda idim, süst idim. Gözlərimiz qupquru qurumuşdu. Can evimiz elə bir mərama düşmüşdü ki, ətrafımızı qaplayan kainatdan bir əsər duymayırdıq. Bu törəmə, hətta qonşuların da hallarını pozub xarab elədi.


Bizə baxaraq heç kəs bir şey deməzdi, hamı məndən üz döndərirdi. Qız və gəlinlər rast gələndə, qorxa-qorxa mənə baxıb tez keçirdilər.
Hamının məndən zənd ilə zəhləsi getmişdi... Deyirdilər, bu hərifdən sakın dolanmaq lazımdır, bundan xəta əskik deyil!
Ruqiyyənin yaxın bacılıqlarından biri olan Ayişə rast gələndə məni dindirmirdi. Bir dəfə mən onu danışdırmaq istədim, olmadı. Bir qoca qarı öz gəlini ilə bulaqda mənə rast gəldi. Gəlin mən tərəfə baxmadı, baxmağı o yana dursun, hələ bədəni irpə getdi, deyəsən, sinəsinə xəncər çaxdılar. Qoca arvad nuru sönmüş gözlərini örtər-örtməz mənə sarı oynadıb dedi:
- Bu adam gələn yollara niyə daşlar döşənmədi?
Mən də eşitdim.


Ruqiyyədən çəkinməsəydilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. Onlar deyirdilər: "Nə qədər olsa, yenə Ruqiyyənin əridir..." Bundan çox əziyyət çəkirdim, canım qayət sıxılırdı və gah-gah da gözlərimə zinrik çökürdü, başım gicəlib hərlənirdi...
Bu dəliqanlılar məni dərimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım... Hərdənbir elə bir fəna hala uğrayırdım ki, az qalırdı deyim: "Allahını sevən, məndən bir qırıq qurğuşunu əsirgəmə..."
Ruqiyyənin yanında məlul, miskin başına pərvanə kimi dolanırdım...
"Ruqiyyəmi, vətənimi?" sualı ürəyimin tellərindən bir cürə səda ilə qopurdu. "Əlbəttə, vətən" cavabı şiddətlə cismi-canım evində dövran edirdi. Amma "Ruqiyyə" cavabı viranəyə dönmüş könlümün uzaq bir guşəsində zar-zar zarıldayırdı...
Yavaş-yavaş Ruqiyyə özünə gəldi, gözlərini açdı, məni gördü, gözlərini yenə yumdu. Gül kimi solmuş dodaqlan tərpəndi, amma söz deməyə qüdrəti olmadı. Bunun sabahkı günü Ruqiyyə yenə gözlərini açdı, məni görcək gözlərindən gülümsündü və zəif səs ilə dedi:


- Mənim arzum ölmək idi, bu da başa gəlmədi. Mən Əzrayıla qismət deyilmişəm.
- Yox, Ruqiyyə, sən tək mənə qismətsən.
- Öylə imiş, yoxsa mən fikir edən kimi olardım.
Çox qismətlərimi qəza mənim əlimdən alıbdır. Və çox gözümü dikdiyim qismətlərdən, murazlardan məni binəsib ediblər. Daha bəsdir, nə xəbərdir? Zillətlər ilə mən muraz bəsləyəcəyəm, arzu gözləyəcəyəm, o da ümidim evini bərbad edəcəkdir? Mənim ömrüm mübarizə meydanıdır. Qəzanın işi-peşəsi mənim ömrümdə cövlan edib, mənim ilə cəng və cidalə çıxıb pişik siçan oynadan kimi oynatmaqdır. Bəsdir, artıq dözməyə məndə nə səbir var, nə də qərar. Durmuşam fələyin qabağında, səni mənə rast gətirdi, istədi sənə göstərib, mənə bir gözəl ümid bağçası bağışlayıb, yenə onu od vurub yandırsın  mənə can ağrısı versin, məni can yanğısına salsın... Fələyin böylə fikri başa gəlmədi, çünki mən də cana doymuşam.
- Səni qəzanın əlindən dartıb aldım, sən oldun mənim. İndi başıma bir ayrı fənd qurur, ayrı dolamalı yollara salır. Mənim bir tərəfimdə vətən, o biri tərəfimdə sən... Ruqiyyə, vətən könlümü... yox cəmi varımı tutubdur... Vətən coşur, daşır, Ruqiyyə! Coşur, yandırır, vətən qanıma vurub, Ruqiyyə, vurub ürəyimə!
Ruqiyyə gözüyumulu idi, nəfəsi tez-tez işləyirdi, sözlərim bir az onu pərişan elədi. Dayandım, gözlədim, Ruqiyyə gözlərini açmadı.


Axşam düşdü, yerə qaranlıq çökdü, qoca kişi ilə qoca qarı  namaz qılmağa məşğul olanda, alaçığa girdim. Ruqiyyə sordu:
- Əhməd, sənsənmi?
- Mənəm, - cavab verdim.
- Bu sabah dediyin sözlər məni pərişan elədi. Fəna bir halda olduğunu anladım... Zərər yoxdur, nə etməli? Arvad deyən bitməyibdir, nə deyəsən, razıyam, nə dərəcədə zəhmətlərə buyursan, düçar olmağa hazıram. Bu gündən sonra Ruqiyyə sənə pərvanədir, yandır, yax, qovur, hər nə bəlalar olsa, hər nə xətalar olsa, hər nə əziyyətlər olsa, boynuma alıb, sənin uğrunda durmuşam.
Dərvişin dili dolaşdı, əlilə gözlərini örtdü, əlini gözlərindən çəkməyib dedi:
- Görən ins və cins arasından arvaddan yazıq, hər dürlü dərdlərə, azarlara qarşı bir zəvəyyül həyat varmı?.. Əşhədü billah, əgər var isə... Tez dişarəyə baxdım. Qoca kişi ilə arvad hələ namazdan fariq olmamışdılar.
- Haraya gedirsən?


Qayıtdım. Ruqiyyə oturmuşdu, qara şəvə kimi zülfləri ətrafına tökülmüşdü, yanında əyləşdim.
Dedi:
- Haraya istəyirsən, məni özünlə apar, səndən cida düşməyə məndə hərəkət görmədim, özümü həlak etmək qəsdinə düşdüm, amma bu sabahdan bəridir ki, nə burada qalmaq ilə və nə də özümü vurub öldürmək ilə səndən ayrı düşmək mümkün deyil, anlamışam... Gərək mən sənin yanında olam, hicran atəşinə dözəcək hal məndə yoxdur, apar öldür... Sən öldür.
Ruqiyyə başını çiynimə söykədi... Bir-iki günə özünü lap düzəltdi, durdu. Qoca arvad bir az açıldı, üstünə gün düşmüş kimi oldu. Amma qoca kişi kefsiz idi, qaşqabağı yer ilə gedirdi, rəng-rəmzindən zəhər damırdı.

 

XI

Ruqiyyə əvvəl babasına yaxın düşmək bilmədi. Amma sonra yavaş-yavaş onun qulluğunda bulunmaqda oldu. Getdikcə axşamlar hamı ocağın qırağında əyləşib söhbətə məşğul olduq. Doğrudur, əvvəl qoca kişi lap kələcindən qaçaraq dururdu. Ruqiyyənin kefi açılmağı, keçmişdəki təki gülüşü, oynaqlığı onun üzərinə çəkilmiş qara çadırı rəf etdi, amma arası mən ilə sazlanmadı, bu da məni incidirdi...


Bir gün yenə ocağın qırağında yığılıb oturmuşduq. Nə tövr oldusa, söhbətin bir ucu Ruqiyyənin qərarına gəlib keçdi. Ruqiyyə lap arxayın dedi:
- Babam, Əhmədi tutub sizdən ayrılsam, sizdən keçməyib Əhməddən ayrılsam, necə dözüm, necə dayanım? Özümü həlak etmək istədim, amma əcəl gəlməyibmiş, mən də salamat qaldım.
Qoca kişi gözünün altından qızma diqqət ilə baxırdı. Deyəsən, təzəcə görmüşdü. Amma Ruqiyyə babasının  üzünə baxmamağa səy edirdi. Qoca kişi "him", - dedi, Ruqiyyə başladı:
- İndi fikir edib anladım ki, özümü öldürsəm, Əhməddən ayrı düşərəm, qiyamət ayrısı olaram. Özümü həlak etməkdən bilmərrə daşınmışam. Əhməd hayana gedərsə, o yana gedəcəyəm fikrində bərk qərar tutmuşam...
Qoca kişi başını qaldırıb:
- Ruqiyyə! Səni mən tanımaz olmuşam və yaxud sən əvvəlki Ruqiyyə deyilsən! - deyib bağırdı.
 

Ruqiyyə cavabında:
- Babam, səbəbi nə olduğunu bilmirəm, amma onu yəqin bilirəm ki, Əhməddən ayrılsam, ölümə vasil olacağam.
Qoca kişi bağırmış dedi:
- Öl, ölüm bundan yaxşıdır.
- Baba...
- Kəs! Sən mənim balam deyilsən! Sən bəlasan, bala deyilsən!
- Baba, rəhm et!
- Kimə? Atadan, anadan keçib yol ilə gedənə qoşulub gedən qızamı?
Ruqiyyənin yaş ilə dolu, kövrəlmiş gözləri anasına tərəf baxdı. Bu gözlərin "ana, durma hayıma çat" dediyini qoca qarı anladı.
- Ey, qoca kafir, saqqalın ağarıbdır, amma ağlına heç dən də düşməyibdir. Ruqiyyəni evdə qatıq iyməsinə tay tutmayacaqsan ki... Dəliqanlılardan biri tərlan göyərçini çalan kimi çalıb götürəcəkdir. Ruqiyyə sənin alt çənəni kəsib oturmayacaqdı. Bu zavallı qızın bəxtinə bu zavallı oğlan çıxıbdır. Ver, hər yana istəyir, aparsın. Nə qara tikan olub, bu ikisi bir-birinə meyil salıb sarmaşmaq istəyən güllərin arasında bitibsən?
Qoca kişi dərin fikrə getdi, sonra özünə zor verib dedi:
- Qoy sabah getsinlər.
 

Qoca kişi durub təngildəyə-təngildəyə alaçığa getdi. Ruqiyyə ağlayırdı, qoca qarı da ağlayırdı. Amma mən... yox. Sabah açıldı, inəklər sağılıb sürüldü, qoca kişi bizim hamımızı alaçığa çağırıb yığdı və məndən sordu:
- Gedirsənmi?
Mən dinənməyib başım ilə işarə elədim. Xeyli müddət heç kəsdən bir səs çıxmadı, atasından anasına, anasından atasına heyran-heyran Ruqiyyə gözlərini dolandırırdı. Anasına baxanda Ruqiyyə aman istəyirdi, amma atasına baxdıqda onun üzündə, gözlərində dəhşət vaqe olduğuna vahimə duyurdu.
Qoca kişi barmağını mənə tərəf uzadıb Ruqiyyəyə dedi:
- Bu hərif ilə gedəcəksənmi?
- Bəli, baba, istəyirəm...
 

Cavabını Ruqiyyə öylə qəti bir surətdə verdi ki, qoca kişinin əlləri yanına düşdü. Bir dəqiqə keçmədi, bayaqkı aslan kimi tüklərini biz-biz edib məhabətli duran qoca, indi quzuya döndü... Fəqir, miskin, məzlum, can yandıran can yanğısından qoyşurula-qoyşurula gah mənim, gah Ruqiyyənin və gah da qoca arvadın üzünə boylanırdı.
Dinmədim. Gözlərimi yerə dikdim... Qoca kişi öz-özünə yuxuda sayıqlayan kimi deyirdi:
- Tək qaldıq, tək qaldıq. Qaldıq tək... Qəzadan imiş, qismət imiş, belə olacaqmış. Bilsəydim ki, bu tövr olacaqdır, Ruqiyyəyə bunu göstərərdimmi? Qarı, olmaya bu şeytandır, iblisdir! Ruqiyyə belə deyildi, yaxşı qız idi. Qızı olanlar bizə küsənirdilər... Yox, yox böylə olmaz idi. Bu, iblis özüdür. Ruqiyyə Allahın yaxşı bəndəsidir, gəldi, aldatdı... Yox... yox, bu hərif iblisdir, iblisdir, iblisdir!
Qoca qarı qorxmuş mənə tərəf baxdı. Dodaqları dualar zikr edirdi. Qoca əsdi, Ruqiyyə ilə qoca qarı onu tutdular. Özümü qocanın ayağına saldım. Ayaqlarından öpməyə başladım.
              
XII

Hamımız, qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. Çoxdan tərk etdiyim vətənin havasını ürəyimə çəkib doldurdum, amma vətəndaşlarım mənim gəlməmə açıqqabaq göstərmədilər. Şad olmaqları və məmnuniyyətləri o yana dursun, bəziləri hətta mənim gəlməyimə təəccüb edirdilər. Bundan mən çox incidim. Öz ürəyimdə dedim: “Gəlmişəm bir, gedərəm iki.” Atamdan qalan yarısı uçuq damı tapıb sakit olduq.


İkinci  gün Ruqiyyə şəhər dolanmasından usandı. Amma məndən gizlədirdi. On gün keçməmiş qoca kişi dedi:
  -  Böylə yerdə partlaram, mən gedəcəyəm.
     Mən dedim:
- Dayı, biz az da qal, şəhər məişətinə isinişərsən.
- Yox balam, yox, mənə təsəlli vermə. Qara meşə qabağımda göy dağ başımın üstündə olmasa, qara naxırın, ağ sürünün mələrtisini eşitməsəm mən dolana bilmərəm. Bunlarsız dolanma mənə haram olar. Burada mən yata bilmərəm. Niyə? O yanda malın göyşəməsi, ilxının oxrantısı, qulağıma gəlmir, burda qalım? Necə qalım? Başım üstündə yarpaq-yarpaq ilə danışırmı? Yox, yox mən qala bilmərəm. Bir az da qalsam yəqin çatdayıb ölərəm. Qızım, sevgili balam.
   

Ruqiyəyə  tərəf baxdıqda gördüm ki, Ruqiyyənin gözlərindən yaş sel kimi axır.
  

- Ruqiyyə, sən də darıxırsanmı? Ahu kimi seyr etdiyin otlaqlar, dırmaşdığın qayalar heç yadına düşməyirmi?
Ruqiyyə cavab verməyib məlul-məlul, miskin-miskin, gözüyaşlı dodaqları və yanaqları titrər,  mənim soyuq üzümə baxdı nə baxdı... O baxış məni o zaman hirsləndirdisə, qəlbimi cəhənnəmə döndərdisə, amma indi  o baxış yadıma gələndə vicuduma  bir yanma düşür ki...yanıb partlayıram, dudi-dumanım ərşə dirək olur. Dayan, yenə yanğı canıma düşdü, qoy özümə gəlim... ah, ah, ah!
  

Dərviş iki əli ilə başına vurub yumruqlarını gözünün qabağına dayadı, özü də o yana, bu yana bir neçə dəfə ləngərlədi, sonra dedi:
  - Nə olaydı, bu baxışı sənə göstərə biləyim. O zaman o nə əsər, nə yanğı olduğunu cavan qəlbin anlardı. O baxış elə bir baxış idi ki, cəllad görsə idi xəncərini yerə atardı. Hərami görsə idi  əl ayağı bağlanardı... Bu baxış nə deyirdi? O baxış deyirdi: “Öldürmə əfv et! Öldürürsən qanım halal!...” O baxışı onda mən qapmadım. Ruqiyyə ağlayırdı. Qoca kişi dedi:
-  Görürsən? Çallı-çəmənli, gur bulaq,göy dağlar, sarı qayalar yadıma düşübdür, ağlayır
Mən cavabında dedim:


- Çox fikir etmə, dayı. Arvad yaşı, bahar yağışı, yağar-yağar gün işıldayan kimi quruyar.
- Yox, yox, sən deyən kimi deyil. O yaş quruyan yaşlardan deyil, gözlərindən yaş soğulsa, qan axar, qan soğulsa, qan ağlar. Ruqiyyə, qızım, qızlar oğlanlara, oğlanlar da qızlara qismətdirlər. Sən də bunu sevdin, öz canına bədəl bildin. Bizi, vətəni tərk etdin. Qəzadan bu iş böylə törəyəcəkmiş, törədi. Təğdirə təğyir yoxdur... Əhməd səni sevir, istəyir, yandım-yandım deyir. Əhməd sənə nə qədər yarım desə, qərarım desə, balü  pərim desə, yenə qoca atanı unutma. İşdir, xudanəkərdə dara düşsən, cana yetsən, yarın əğyar olsa, "qoca babam, hardasan, durma, harayıma çat", - de. Yerlər qulaqlıdır, deyərlər. Dadın qulağıma çatar.


Ruqiyyə işqıra-işqıra ağlamağa başladı.
- Ruqiyyə, sən lap dəli imişsən! Ərə gedən atadan, anadan keçməzsə, necə olar? - Qoca Ruqiyyəni barmağı ilə göstərərək, - böylə olar!
Burada mən istədim ki, söhbəti zarafata salam, dedim:
- Qız anasından olanda bacalarına baxıb deyir, bu baca bizim baca deyil. İndi sənin bacan budur.
Əlim ilə pəncərəni göstərdim, amma zarafatımdan da bir şey çıxmadı. Qoca kişi bir azdan sonra dedi:
- İndi gedəsi oldum. Sağlıq ilə qalasan, qızım.
Ruqiyyə özünü atasının üstünə salıb, ata-qız qol-boyun olub ağlaşdılar. Amma mən yox. Ağlamadım. Hələ həyasızlığım o dərəcəyə çatmışdı ki, acığım da tuturdu. Deyəsən, ata və bala vidalaşmağa haqları yox idi. Qoca kişi o günü axşam yola düşdü, bu tezliklə gəlməyini vədə verdi.


Ruqiyyə bir neçə gün bihuş, sayə kimi dolandı, işi ağlamaq idi, evin bir tərəfində oturub, gözlərini uzaqda görünən qarlı dağlara zilləyib gömüldənirdi və pünhan ağlayırdı. Məni görcək göz yaşını silib üzümə gülümsəyirdi. Görürsənmi, bizə xoş gəlməkdən, bizə yaranmaqdan ötrü binəva arvadlar özlərinə nə zor verirdilər? Böylə şey, özünə zor vermək, adama qayət çətindir. Amma mən... Ona da mənim acığım tuturdu. Gizli ağlamağa da ixtiyar vermirdim...
Ruqiyyə gün-gündən gül kimi solmaqda idi. Ürəyi darıxdığı, mənə aşkar idi. Bir dəfə dedim:
- Ruqiyyə, çoxmu darıxırsan?
Kefım açıq olduğunu bilib gülə-gülə dedi:
- Şəhər-şəhər deyib söyləyirdilər, mən də cənnət kimi bir yer olduğunu hesab edirdim. Şəhəriniz cənnət deyilmiş, cəhənnəm imiş. Burada Tanrının havası da yoxdur ki, nəfəs alasan... Sən yanımda olmasa idin, indiyə qədər ölmüşdüm. Mənə can verən bir sənsən...


Bu dağ çiçəyi bir əldən solmaqda idi. Evə girmək istəməzdi. Sabahdan axşama qədər qapımızda olan söyüd ağacının altında oturub qarlı dağlara baxırdı. Hərdənbir soruşurdum:
- Ruqiyyə, niyə eşikdə oturubsan? Evdə otursan yaxşı olmazdımı?..
- Evdə xəfə var, qaranlıqdır, otura bilmirəm. Eşikdə oturmaq şəhərdə eyibdirmi? Eyib isə, bundan sonra çıxmaram. Amma bu ağacın altında oturmaq mənə qayətdə xoş gəlir. Yarpaqlar xışıldayır, ürəyim tel-tel olur. Vətənim...
 

Ruqiyyənin könlü vətənini döyürdü. Gurultu yağmur yağanda pəncərənin qabağında oturub tamaşa edirdi. Bir dəfə belə yağmurda tab edəmməyib, evdən dışarıya çıxıb, yağış altında dolanmağa başladı. Yerə çekçərmə çökəndə Ruqiyyə eşikdən evə gəlmək istəmirdi. Qapımıza bir buzov gəlmişdi. Ruqiyyə onu tutub iki qucağında sevdi...
Ruqiyyə bir tərəfdən solurdu, saralırdı. Əvvəlki Ruqiyyədən bir səs qalmışdı, bir də saçlan idi...
Ruqiyyə əlimdən gedirdi.
 

- Əhməd, mən təngnəfəs oldum, nəfəs almağa burda hava da yoxdur, mən darıxıram.
Ruqiyyənin sözlərinə belə cavab verdim.
- Allahı sevirsən, başımdan əkil! Xəlqə yarayan hava buna yaramaz oldu. Səndən ötrü burda bir ayrı havamı lazımdır? Get, harda ölürsən, öl. Mənim başımı, beynimi aparma...
Axır sözləri dəxi acıqlı dedim.
Ruqiyyə bir söz deməyib gözlərini aşağı dikdi... Oxa dönmüş qara kirpikləri gözlərinin üstünə kölgə saldı. Bir dəqiqə keçməmişdi ki, yaş Ruqiyyənin burnunun ucu ilə şoralanıb töküldüyünü gördüm... Bu isə mənə xoş gəlməyib də dedim:
- Dee! Yenə başladı. Ağlaya-ağlaya məni öldürüb ağlar qalarsan.
Ruqiyyə yaşlı gözlərini qaldırıb mənə ötərgi baxdı və işqıra-işqıra mənə cavab verdi:
- Səndə insaf əli yoxmuş...
Bundan artıq bir söz deməyə qadir olmadı, Ruqiyyə eşiyə çıxdı. Bəli, məndən insaf əli xırpadan kəsilmişdi. Bundan özümdə əsər görmürdüm. Ruqiyyə o saat yanımda ölüb dəfn olsa idi, bir zərrə qədər də qulağıma girməzdi. Hələ, bəlkə, ürəkdən bir az şad olardım.
Nə isə, Ruqiyyədən doymuşdum, usanmışdım. Hətta ayrı bir arvad almağı hərdənbir könlümdən keçirirdim. Öz-özümə deyirdim:
- Bu nə idi alıb gətirdim? Tanrının heyvanı məndən başqa bir zad bilmir. Get bilmir, gəl bilmir. Anrı yox, bəri yox. Başıma bəla gətirdim. Mən buna rast gələn günü niyə dünya viran olmadı?
                
XIII

Böylə-böylə fikir və xəyaldan sonra məhəlləmizdə və qeyri məhəllələrdə olan qızları və dul arvadları bir-bir fikrimdən keçirirdim. Görürsənmi... necə vəfalı idim? Ruqiyyə kimi arvadın üstünə qeyri bir arvad almaq istəyirdim.
Bir mən böylə deyiləm ki, bizim çoxumuz, bəlkə də, hamımız böyləyik. Bugünkü arvad sabah üçün yaramaz, gərək ayrısı olsun. İşim tərəqqiyə minmişdi, əlimdə pul görünürdü. Pul da adam azdıran olur, məni də azdırdı. Əvvəl azmağım arvad gəzməyim oldu. Ruqiyyəni bir tövr başımdan rədd etmək xəyalına düşdüm. Bir dəfə ona dedim:
 

- Gəl səni evinizə göndərim.
Ruqiyyə soruşdu:
- Özün getmək istəmirsənmi?
Mən cavab verdim:
- Gedərdim, amma burada işimiz-gücümüz var. Bunları kimin üstünə töküm gedim?
Doluxsunmuş dedi:
- Mən də sənsiz öldürsən də, getmərəm. Səndən ayrı dözüb dura bilmərəm.
Özünü saxlaya bilməyib yenə ağladı. Mənim lap acığım tutdu:
- Sənin ağlamağın məni lap təngə gətirdi. Bu nədir? Səni dindirmək də olmur!
 

Amma Ruqiyyə darıxırdı, sıxılırdı. Evdə tutulmuş ahu kimi vurnuxurdu. Divarlar onu basıb əzirdi. Gahdan qıraq bağlara gedirdi, bunda gül kimi açılırdı. Rəngi-rəmzi düzəlirdi. Amma qeyri zaman solurdu. Ceyran kimi çölləri, maral kimi kolları, keçi kimi qayaları, quş kimi ağacları, yağış və yağmur altında gəzən Ruqiyyəni dörd divarın arasına salmışdım...
Şəhərdən qıraq böyük bir ağaclıq meşə var idi. Bu da bizim evin pəncərəsindən görünürdü. Evimiz ucda idi. Bura Ruqiyyənin tamaşa yeri idi...


Əlimdə qaçaq mal tutulmuşdum. Qurtarsam, Ruqiyyə ilə yaxşı rəftar etməyi özümə əhd etdim. Cərimə cəhətdən xilas oldum. Lap kefi kök evə gəldim. Ruqiyyə də açıldı. Meşəyə aparmağımı söz verdim. Ruqiyyə uşaq kimi danışıb-gülməyə və gülüb-danışmağa başladı. Bir az qaldı ki, sevindiyindən durub oynasın.
Bir necə gün böylə Ruqiyyə üçün xoş keçdi. Sınan şey bitməz, nə idisə mənim qəlbim Ruqiyyədən sınmışdı. Gör bu Ruqiyyəyə nə zülm etdim?


Yoldaşım ilə pozulmuşduq. Kefı xarab, qaşqabaqlı evə gəldim. Ruqiyyə xəbərsiz idi. Qabağıma çıxıb, qollarını boynuma salıb məni sevmək istədi. Amma mən... nə etdim? Ruqiyyənin yarasını təzələdim, sinəsinə çal-çarpaz dağlar çəkdim... Nə etdim? Məhəbbət şüşəsini vurub sındırdım, qəlb evini yıxdım. Ruqiyyəni güc ilə itələyib bir şillə üzünə vurdum. Nə tövr şillə? Qapının  ağzında yıxıldı.


Dərviş ara verib kəsdi. Ürək coşmuşdu, danışmağa onda ixtiyar qalmamışdı.
Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. Bu balaca qurut qoruqçusu oturub, əlindəki uzun çubuq ilə yerə vura-vura ağlına gələni mahnı qaydasında düzüb oxuyurdu.


Şikəstə havasını bayatı havasına, bayatı sözlərini segah havasına, segah sözlərini şikəstə havasına qoşub, halyanı çalyana, çalyanı halyana qatıb hərc-mərc bir şey edərək özünün gününü keçirirdi. Bu vaxt qoruqçunun dal tərəfində eşşək saymazyana otlayaraq başını eşidilər-eşidilməz qırpıda-qırpıda, addım-addım sevdiyi qurutlara yaxınlaşırdı.
Qabaqdakı  dəyədən bir səs uşağı xəbər etdisə, uşaq öz küy-kələyindən bir şey eşitmədi. Eşşək öz qoduğu ilə yaxınlaşdı, tələsik ağzını uzadıb bir necə qurut götürdü. Bunları ağzının dal tərəfinə itələyən kimi bir dəxi ağzını uzatdı. Bu halda haman qabaqdakı dəyədən qızın səsi arvadın səsinə, arvadın səsi qızın səsinə qarışaraq bir hay qopdu: "Ay gədə... ay gədə, qoyma! Toş-toş! Qoyma qurutu eşşək yedi..." Bu səslərə qonşu arvadların səsləri qarışdı: "Qoyma eşşək, ay gədə, toş-toş" sözləri və itlərə "qıs, qıs" səsi və itlərin səsi bir-birinə qarışdı, bir hay oldu.


Sayıq qoruqçu dönüb geri baxdı, oğrunu görcək başdan-ayağa qeyz ilə doldu.


- Ay sənə çər dəysin, - deyib qoyununa canavar düşmüş çoban kimi yerindən sıçrayıb durdu. Eşşək düşmənin ayıq olduğunu bilib, qulaqlarını qırpıdıb başı aşağı dala qınc ata-ata dərə aşağı qopdu. Uşaq bunun dalınca düşdü. Harada var, harada yox, qurut sərgisinin yanında iki başqa uzunqulaq hazır oldu. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qaçışdılar. Yenə "toş-toş", "qıs-qıs" səsi biri-birinə qarışdı. Əvvəl itlər çatıb eşşəklərin dalından dəydilər. Uşağın anası bağırdı: "Bıy səni Allah öldürsün, Qasım... Bıy!.. Bıy!.. Görürsənmi, qurutun bir tərəfini çər dəymişlər köçürüblər... Allah sizin yiyənizin evini yıxsın. Mazarat oğlunun eşşəkləri kimin imiş? Gördünmü başımıza gətirdiklərini, ay camaat!.. Ah, Qasım da... bir var ki, yaxan əlimə keçməyə..."


Qasım yaxınlaşdı. Arvad başını qaldırıb bunu gördü, durdu. Qasım səfeh deyildi. Eşşəklər qaçıb canını qurtaran dərə ilə bu da bayaq qaçdı. Arvadın əlindən yamanca çıxdı. Dərə başı aşağı yel və quş kimi getdi.
Bu törəyən əhvalatdan dərvişin xəbəri olmadı. Özünün ürəyindəki qalmaqal həddən ziyadə idi. O qalmaqalın hay-huyundan ətrafda olan qalmaqalı dərviş eşidə bilmədi.
              
XIV

Sondan-sona başladı:
- Ruqiyyə daha da soldu, yandı, qaraldı. Gül kimi solan Ruqiyyə qara kömürə döndü, gah xəstə, gah canı zarı yıxıla-yıxıla evdə sayə kimi dolanırdı, yeməkdən-içməkdən kəsilmişdi. Hərdənbir öskürürdü, mən də... mən biinsaf bundan qulluq tələb edirdim. Qulluq etməyə taqəti yox idi, amma nə durmağa və nə oturmağa qoymurdum. Özündən gedirdi. Gözləyirdim özünə gələndə daha artıq, ağır qulluğa buyururdum. Bihuş olurdu, gözləyirdim huşu gəlirdi, bir ayrı iş buyururdum. Axırda durmağa taqəti kəsildi, yerindən dura bilmədi. Bir qız bələdləmişdim, elçi göndərdim, aldım. Üç gün toy edib evimə gətirdim. Ruqiyyənin yerini aldı. Ruqiyyə bir söz demədi, öz canının hayında idi, gecə sabaha qədər zar-zar ağlayırdı. Can ağrısından, can yanğısından dəxi betər yata bilmirdi. Ah çəkirdi, qan, yəqin... lap gerçəkli qan tüpürürdü.
Bu, təzə arvadımın xoşuna gəlmirdi, yenə nə qədər olsa arvad idi, zarıltı onu pərişan edirdi. O ki qaldı mənə, deyəsən, bu zarıldayan sevdiyim, can verib can aldığım və yaxud can verib can alan, uğrumda bu tövr zəhmətlərə düşən Ruqiyyə deyildi. Ruqiyyədən gələn ah-zar, ufultu bir çibin qədər də qulağımda vızıldamayırdı.
Bir də gələndə gördüm ki, təzə arvadım atamdan qalan köhnə toyuq damını təmizləyir. Mən sordum:
 

- Nə qayırırsan?
- Buranı təmizləyirəm ki, Ruqiyyəni buraya qoyaq, yoxsa orada lap zənn ilə zəhləmi apardı.
Bu mənə əsla əsər etmədi, dedim:
- Yaxşı sözdür, qoy burada yatsın, heç atası-babası da belə təmiz yerdə yatmayıbdır. Keçə altında yatan bir köçəri qızıdır, bu ona lap padşah evi kimi olacaqdır.
 

Arvadımın xoşuna gəldi, güldü.
 

Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı.
Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən götürüb Ruqiyyəni toyuq damına gəldik. Bizim qəsdimizdən xəbərdar olan Ruqiyyə başını döndərib bir müddət mənim üzümə baxdı, gözləri yaş ilə doldu, dodaqlarını tərpətdi. Nə demək istəyirdisə də, deyə bilmədi, dodaqlarını yenə acmaq istədi. Nə idisə də deyəcəkdi, yaxud ahmı çəkəcəkdi, bilmirəm... ah da çəkə bilmədi. Ruqiyyənin nə baxışına, nə də löbüddi hərəkətlərinə tab edəmmədim. Harada isə də, nədən isə də könlümə... qara küfr ilə dolu könlümə bir az mürüvvət şöləsi düşüb, məni canı yanan, mürüvvətli etmək qəsdinə düşdü, haradan isə rəhmdən bir qığılcım qəlbimə düşmüşdü...
 

Ruqiyyənin başı üstə doğru durdum. Ruqiyyə o yana, bu yana susuz ilan kimi taqətsiz yalmandı. Axır öz-özünə güc verib başını yenə mənə sarı döndərib gözlərini gözümə dikdi...
 

Bu baxışda, həm məzəmmət, həm məhəbbət və həm də rişxənd var idi. Bundan böyük nə qədər zəhmətlər mənə versəydi, haqqı var idi. Amma belə haqqı bilən kimdir, bildirən kimdir? Güc ilə zor haqqı məqamındadır. "Haqqın var" desən, zor azar, "zorun var" desən, haqq batar. Zor ilə haqqı bir yerdə görmək çətin bir işdir. Zorum var idi, haqqı, gün kimi parlaq haqqı zorun qara çirməsində gizlətdim. Bunu bulmağa Ruqiyyədə nə taqət və nə qüvvət var idi.
 

Binəvanı zor əzdi, dünyadan rədd etdi... qabaq-qabağa Ruqiyyə ilə durmağa işarə elədi. Amma gözünün evində gizləndim. Ruqiyyə əlini yuxan qaldırıb şarpadan yanına saldı, dizinə vuracaqdı, bacarmadı. Əli qalxdığı kimi yanına düşdü. Biçarə başını yastıqda o yana, bu yana buladı, gözlərini yumdu. Mən elə bildim ki, canını tapşırdı, amma döşü zəif-zəif qalxıb düşürdü. Arvadım toyuq damında nə lazım isə düzəldib dışarı çıxıb dedi:
 

- Az qalmışdı ki, iydən boğulam.
 

Ruqiyyə gözlərini açdı, günüsünün üzünə dirənmiş baxdı, gözlərini dolandırdı mənə baxsın amma mən daldalandım. Ruqiyyə gözlərini yenə yumdu. Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən yapışdıq ki, Ruqiyyəni toyuq damına qoyaq. Bu halda cansız-cəsədsiz Ruqiyyədən dəhşətli bir səs çıxdı ki, mənim qollarım boşaldı, Ruqiyyəni götürməyə taqət qalmadı. Arvadım üzümə pis-pis baxdı, dodaqaltı söyləndi, mən cavab vermədim.
Ruqiyyə iki dəfə o yana, bu yana çapaladı, bir dəfə xırıldadı, süst düşdü. Döşünün qalxması artdı, can boğaza toplanırdı.
 

- Molla, molla!
Birdən-birə yuxudan sərsəm oyanmış kimi bərk-bərk bağırdım, arvadım səksəndi.
- Tez molla! Mollasız tamam olur...
 

Bunun cavabında arvadım "Yasini-şərif”i başladı. Hələ başdakı "türcəun"a gəlmişdi, Ruqiyyə ruhunu tapşırdı. Quru bədən od kimi yanıb, qığılcımı ilə xalqı yandıran bədən, indi buzlar kimi qabağımda uzanmışdı.
Gül kimi rəng verib, rəng alan sifət saralıb-solmuşdu.
Məhəbbət bağçasında bülbüllər kimi cəh-cəh edən dil lal oldu...
Ruqiyyədən nə qaldı? Heç zad!
Gözlərimə qaranlıq endi, başım hərləndi, az qaldı yıxılım, əyləşdim, durdum, yenə başım hərləndi, yenə əyləşdim, başım döşümə düşdü... Keçmişlər Ruqiyyə ilə bərabər gözümün qabağında dolandı...
Bəli!.. Ruqiyyə yenə yadıma düşdü.
                                                                     
XV

Dərviş başını əllərinə söykədi. Bu qərar üzrə bir necə dəqiqə qaldı. Bəlkə, dəxi artıq qalaydı, amma bu halda dağın dalında göy guruldadı, dərviş başını qaldırıb qulaq verdi, təhqiq etmək qəsdi ilə məndən sordu:
 

- Deyəsən, göy guruldadı?
Başım ilə işarə etdim. Bu əsnada bir daha güclü guruldadı. Dərviş irpə getdi, gözləri o yana döndü, gövdəsində vahimə var idi. Göy guruldayıb cənuba tərəf aşdı və Dəlidağın başında uzaq top kimi partlayıb, göyə səs sala-sala dağların dalında kəsdi.
 

Dərviş bir dua zikr etdi və sonra dedi:
- Böylə bir gurultu onda, Ruqiyyə can verəndə də oldu. O gurultu mənim canıma elə bir fəna qorxu salıbdır ki, əvvəl gurultu canıma vahimə salır, amma sonra bərkişəndə qorxu çıxır... Ruqiyyə məni belə gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə yanğı, könlümdə yanğı, gözlərimdə yaş qoyub getdi... Ruqiyyə öldü, köhnə eşq, köhnə məhəbbət oyandı...
Göy bir də daha bərk guruldadı. İndi gurultu məğribdən məşriqə keçdi, bir karvan yel gəldi. Mələk bir uşaq ilə arxacdan körpə buzovları gətirməyə gedirdi, yel bunun donu ilə oynayıb zülflərini dağıdıb ötdü, ruzigar buludlaşdı. Çətin dağın dalında xırıltı başladı, bizim qarabaş qız sığırçımızı (malotaran) oyadırdı:
 

- Əli, a gədə, dur, dolu gəlir. Körpə buzovları gətir, dolu döyüb aparar, qayadan-qafqacdan salar...
Gör, gör ki, Əli durmaq istəmirdi, qız bunu qorxuya saldı:
- Dur, vallah, xanım gələr, gözlərini tökər...
 

Bir arvad qız ilə qurutu yığmaqda idilər, bir karvan da yel gəldi, güclü idi. Alaçıqların və dəyələrin ətəklərini oynatdı və yenə Mələyin donuna qanad çaldırıb keçdi, göy iki dəfə bərk-bərk bir-birinin dalınca şaqqıldadı. Çətin dağdan Sarı bulağa adladı, xırıltı bərkiməkdə idi. Yenə bərkişdi, bir necə damcı yağış dəyədə tappıldadı, bir ağ noğul kimi şey dəyəmin qabağında yuxarı hoppanıb əvəliyin arasına düşdü. Bunun dalınca bir neçələri hoppanmışdılar və bu tərəfdə çətəni şaqqıldatdılar. Dəyədən baxdım, göy guruldayırdı və Çətin dağın döşündən dolu aşıb gəlirdi... Göy qoşa şaqqıldadı, dərviş qorxmuş, çətənə qısıldı. Bu ötməmişdi ki, bir də daha bərk çataqlı şaqqıldadı. Dərviş küncdən çıxdı, dizi üstə qalxdı, "yahu" - deyib zəncirini cınqıldatdı... Dolu gəlib çatdı, qoşa və yaxud tək gurultu bir-birinə macal vermirdi, yel qıjıldayırdı, dərə guruldayırdı, dolular şıqhaşırıq çətənə dəyirdilər...
 

Dərviş eşiyə çıxdı.
- Ağa dərviş, hara? - Mənim səsimi çataqlı gurultu basdı, dərviş nə münacat isə başladı, gurultudan və xırıltıdan sözlərini seçə bilmədən, ancaq beytlərin axır kəlmələrini eşidirdim, o da iki gurultunun arasında xırıltı bir az ara verəndə qulağıma gəlirdi... "Mustafa haqqı... Kərbəla haqqı... Rza haqqı... dua haqqı. Rah bir çarə yarəb... duayə..." bu kimi sözlər də göy gurultusu ilə bərabər dəyəyə dolurdu.
 

Baranimi çiynimə atıb dərvişin dalınca çıxdım, amma yalın ayaqlarım doluya tab edəmmədiyindən yenə dəyəyə girdim, ayaqqabılanmı geyinib yenə çıxdım... dərviş yavaş-yavaş, dolu başından vura- vura enişdən enirdi.
 

- Ağa dərviş! Ağa dərviş!
Qoşa-qoşa gurultu səsimi çıxmağa qoymurdu, baranimi çiynimdə güc ilə saxlayırdım. Dolu quş yumurtası yekəliyində olardı. Əllərimə dəydikcə əllərim ağrayırdı, əynim qalın idi, mən də dərvişin dalınca endim, bir də dalda səs eşitdim:
- Ay ağa, xanım deyir haraya gedir?
- Get de, bir yana getmirəm, dərvişi qaytarmaq istəyirəm.
- Sən getmə, mən gedim qaytarım, - deyə Əli qopdu.
 

Dərviş dolunun arasından bir az görünürdü, Əli çatana qədər gözdən itdi. Amma münacat səsi yerdən ərşə, gurultuya qarşı gedirdi. Dal tərəfimdə bərk tappıltı eşitdim, baxdım, qoyunlar büküm-büküm olub dərə başı aşağı axıb gəlirlər. Mən bunun qabağında idim, yerim xatadan sakın deyildi. Qoyunlar məni basıb əzə bilərlər. Dağa qaçdım, çoban bağırırdı: "Ha, qoyun... hey..." Qoyun sözünə baxmayırdı, çoban dalınca yüyürürdü. Qoyun ötdü, şaqqıltı şiddətləndi. Amma dolu xırdalaşdı. Hərdənbir yel hücumu ilə məni bir necə qədəm irəli atırdı... göy guruldayırdı, dərviş guruldayırdı, sel qıj-qıj qıjıldayırdı, sanki yer ilə göy bəhsə girmişdi. Əli gəldi, mən sordum:
 

- Dərviş hanı?
- Nə qədər elədim gəlmədi, yolu əlinə tutub getdi.
 

Xeyli durdum... göy guruldadı, yel guruldadı, sel qıjıldadı, amma dərvişin səsi, ha qulaq verdim, qulağıma gəlmədi. Bir az dayanıb yenə qulaq asdım... Göy qoşa-qoşa şaqqıldayırdı, dərələrdə sel qıjıldayırdı, vızıldayırdı, odlu şimşəklər qara buludları şaqqalayırdı, amma dər- vişdən xəbər yox... adamdan səda yox idi. Adam ölmədi, itmədi, məhv olmadı, insan kainata qarışdı. İnsanı kainat qucdu. İstirahəti yox, uyuya bilməz.

 

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal" 

Y.Səmədoğlu "Astana" 

Ə.Haqverdiyev "Bomba" 

Anar "Gürcü familiyası" 

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib" 

S.S.Axundov "Qaraca qız" 

Ə.Haqverdiyev "Mirzə Səfər" 

Ə.Əylisli "Nənəmin tütün kisəsi" 

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək" 

Qan Turalı "Şaxtababanın qətli" 

Anar "Asılqanda işləyən qadının söhbəti" 

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl" 

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun İncə dərəsində yaz çağı” 

Yaşar Tabut

Əbdürrəhim bəy Haqverdiyev Şeyx Şəban

Elçin Parisdə avtomobil qəzası

Kamal Abdulla Səhvlərimizin qrammatikası

Şərif Ağayar "Şəkil"

Elçinin Qatar. Pikasso. Latur. 1968.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017