Ulduzlu gecələrin Van Qoq əfsanəsi

 

Onun faciəvi həyatı müqəddəs əfsanə kimidir. Tənhalıq, səfalət, məhrumiyyətlər içində keçən həyatı XX əsrdə ümumdünya rəğbətinə çevrildi. Ömrü boyu yalnız bircə tablo sata bilən rəssamın “Doktor Qaşenin portreti” əsəri düz yüz il sonra Nyu-Yorkda, Kristi hərracında 82,5 milyon dollara satıldı. Cəmi 37 illik ömrünün yalnız son 7 ili rəngkarlığa həsr olunub, ancaq onun iki minə yaxın tablodan ibarət olan mədəni irsi heyrətamizdir. Bu, fədakarlıq və qəhrəmanlıqdan doğan incəsənətdir. Onun əsərləri söhbətdir; özü-özüylə, Allahla, dünyayla...         

 

...Dahi holland rəssamı Vinsent Van Qoq Hollandiyanın cənub sərhədinin yaxınlığında, Şimali Brabant əyalətində doğulub. Xaç suyuna salınanda babasının şərəfinə ona Vinsent Villem adını verirlər. Qoq isə sərhədin qonşuluğunda yerləşən şəhərciyin adı idi.

 

Doğum tarixinin özü belə qeyri-adi tale vəd edirdi. Məsələ burasındadır ki, o, 30 mart, 1853-cü ildə dünyaya gəlmişdi, düz bir il əvvəl, eyni ayda, eyni gündə Van Qoq ailəsinin ilk övladları dünyaya gəlmiş, amma tələf olmuşdu. O da Vinsent adı ilə xaç suyuna çəkilmişdi... Belə çıxırdı ki, Vinsent Van Qoq hardasa yarımçıq qalmış bir ömrün davamını yaşayırdı...

 

Birinci Vinsentin məzarı kilsənın yanında yerləşirdi, hər bazar günü Van Qoq onun yanından keçib kilsəyə gedirdi. Bundan başqa, Vinsentin yanında tez-tez ölmüş qardaşının adı çəkilirdi. Gələcək rəssam etmədiyi günahın cəzasını öz içində çəkirdi.

 

Sakit, sözəbaxan uşaq idi, bacı-qardaşlarından qaradinməzliyi, bəzən isə çılğınlığı ilə seçilirdi. Ən gözəçarpan özəlliyi təbiətə vurğunluğu idi, uzun yolları sevər və yolboyu kolleksiyası üçün çiçək yığar, quşları seyr edərdi. Bir də kitab oxumağı sevərdi.

 

16 yaşınacan Vinsent Zündert əyalətindəki məktəbə gedir, sonra onu Zevenbergen şəhərciyinin yaxınlığındakı özəl məktəbə-internata qoyurlar. Bu mərhələ onun xarakterinə böyük təsir göstərir. Bütün həyatı boyu Vinsent o yerlərə sarı can atır, hansısa qüvvə onu o yerlərə çəkir. Bir dəfə, 24 yaşında o, günəşin doğuşunu seyr etmək üçün Zündert qəbiristanlığına gəlir... Sonralar, uzun illərdən sonra o Fransada o öz məşum xəstəliyinin ilk böhranından sonra yazırdı: “Xəstəlik vaxtı mən bizim Zündertdəki evimizin hər otağını, bağımızın hər cığırını, tarlaları, qonşuları, qəbiristanlığı, kilsəni xatırlayırdım, kilsənin önündəki akasiya ağacının təpəsindəki sağsağan yuvasına qədər hər şey bircə-bircə gözümün önündən keçirdi...”

 

Amma görünür, uşaqlıq illəri qovğasız keçməmişdi, onun yaddaşını zədələyən məqamlar da vardı. Çox güman ki, keşiş atasının dəfn mərasimlərində iştirakı həssas uşağa pis təsir edirdi, o melanxoliyaya qapılır, həyat və ölüm haqqında düşünürdü.

 

Ailənin ənənəyə uyğun olaraq iki peşəsi vardı. Van Qoqlar ya keşiş olurdular, ya da sənət əsərləri taciri. Vinsent hər iki yolla getməyə cəhd etmiş, amma hər ikisində də uğursuzluğa düçar olmuşdu. Amma hər iki yolda toplanan təcrübənin onun gələcək seçimində böyük rolu olacaqdı...

 

Öz yerini tapmaq cəhdi ilk dəfə 1869-cu ildə özünü bəlli edir. Vinsent Sent dayının köməyilə Paris incəsənət firmasının Haaqadakı filialına işə düzəlir. Gələcək rəssam ilk dəfə rəngkarlıqla qarşılaşır və zəngin təcrübə toplayır. Eyni zamanda muzeyləri gəzir və mütaliə edir.

 

1873-cü ildə Van Qoq London filialına keçir və iki il orda yaşamalı olur. Vinsent bu şəhərdə təkliyə tab gətirə bilmir, qardaşına bir-birinin ardınca kədərli məktublar yazırdı. Ən ağrılısı isə o idi ki, qaldığı pansionatın sahibəsinin qızına aşiq olan Vinsent rədd cavabı alır. Bu, onun hisslərinə kölgə salacaq həmin o mümkünsüz əlaqələrin ilk məyusluğu idi.

 

 

“Mən insan gözlərini çəkməyi təmtəraqlı binaları, kilsələri təsvir etməkdən üstün tuturam. Çünki gözlərdə elə bir şey var ki, onu təmtəraqlı və nəhəng kilsələrdə tapa bilməzsiniz. İnsan ruhu,- qoy o lap dilənçi olsun,- qat-qat maraqlıdır.”

 

Təklik Van Qoqu sarsıdır, haldan salırdı. İçində gerçəkliyin mistik dərketməsi baş qaldırırdı. Bu hisslər onun dinə meylini artırırdı. Sent dayının onu Paris filialına geri qaytarması da vəziyyəti xilas eləmir. Van Qoq artıq öz dini missiyası haqqında düşünməyə başlayır və Kem kəndinin yaxınlığında bir müddət vaizlik eləyir.

 

Amma incəsənət hansısa qüvvə ilə onu özünə çəkirdi. Əslində rəngkarlıqla məşğul olmaq kitab oxumaq kimi adi bir iş idi. İlk növbədə insanlara və Allaha olan məhəbbəti incəsənət vasitəsilə öz təcəssümünü tapırdı. “Böyük sənətkarların şah əsərlərinin mahiyyətində olan Sözü dərk etmək lazımdır”,-o deyirdi,- “Və sən orda Allahı tapacaqsan”.

 

Vinsent incəsənət məktəbinə daxil olur, ancaq az sonra oranı tərk edir, rəngkarlığı reproduksiyaların köməyilə öyrənməyə başlayır. 1881-ci ildə ilk iki rəngkarlıq əsərini yaradır.

 

Hər şey yaxşılığa doğru gedirdi, amma onun üsyançı xarakteri, insanlara yovuşa bilməməyi ailədə problemlər yaradırdı. Hələ onun xalası qızı Keeyə olan birtərəfli məhəbbəti!..

 

Ailədə ondan başqa daha 5 uşaq var idi, amma onlardan yalnız biri Van Qoq üçün böyük anlam daşıyırdı. Bu, Van Qoqun həyatı ilə faciəli surətdə bağlı olan kiçik qardaş Teo idi...

 

1883-cü ilin axırlarında ailənin yükü daha da ağırlaşır. Teo ondan üz döndərməyən yeganə adam idi; o, qardaşını dilə tutur ki, burdan uzaqlaşıb özünü tamamilə incəsənətə həsr etsin.

 

Vinsentlə Teo Hollandiyanın şimalında yerləşən Drentedə yalqız həyat sürürlər. Bir müddət sonra Van Qoqun ailəsi Şimali Brabanta köçür, qardaşlar da həmin şəhərə daşınırlar.

 

Burda o iki il ərzində yüzlərlə tablo çəkir, hətta tələbələrə rəssamlıq dərsləri verir. Bundan başqa, o özü musiqi dərsləri alır, çoxlu mütaliə edir.

 

O, daha çox kəndlilərin və toxucuların obrazlarını yaradırdı, bu həmin o zəhmətkeş xalq idi ki, rəngkarlıqda və ədəbiyyatda avtoritet saydığı Zolya və Dikkenz onu öz əsərlərində tərənnüm edirdilər.

 

“Kartof yeyənlər”(1883) əsərindən başlayaraq sadə, unudulmuş adamlar mövzusu onun bütün əsərlərindən ana xətt kimi keçirdi. Əsas vurğu ifadəli səhnələrin və fiqurların üstündəydi, rəng palitrası tünd çalarda idi.

 

 

 

Bu mərhələnin şedevri- “Kartof yeyənlər” hesab olunur. Bu, kəndli həyatından adi bir səhnə idi. O adətinə xilaf olaraq, kəndlilərin şəkillərinin, məkanın, ayrı-ayrı detalların əvvəlcədən eskizini hazırlamışdı.

 

1887-ci ildə Parisdən bacısına yazırdı: “Mənə elə gəlir ki, mənim kartof yeyən kəndlilər haqqında olan əsərim indiyə qədər çəkdiklərimin ən yaxşısıdır”.

 

“Rəsm çəkmək getdikcə mənim ehtirasıma çevrilir. Bu ehtiras bilirsiz nəyə oxşayır? Dənizçilərin dənizə qarşı hiss etdiklərinə. Anton Mayve mənə yeni yol göstərdi, bu yolda təzə nələrsə etmək olar- mən akvarellə çəkilən rəsmləri deyirəm. İndi mən bütünlüklə bu işlə məşğulam-oturub çəkirəm, sonra çəkdiklərimi silib yenidən nəsə yaratmağa cəhd edirəm... Bir sözlə, axtarışdayam. Təbii ki, işlər sürətlə və hamar getmir. Mayve dedi ki, mən fırçayla işləməyi öyrənənə qədər yüzlərlə rəsm korlayacam. Amma bunun arxasında gözəl gələcək var. Ona görə mən soyuqqanlılıqla işləyirəm, səhvlərə yol versəm belə, məyus olmuram. “

 

1885-ci ilin martında Van Qoq Antverpenə köçür, yerli incəsənət mühiti ilə qaynayıb-qarışır. Yerli incəsənət məktəbinə daxil olur, muzeyləri gəzir, Rubensin işlərinə heyranlıqla tamaşa edir və özü üçün yapon qravüralarını kəşf edir. O, təhsilini məktəbin yuxarı kurslarında davam etdirmək arzusundaydı, ancaq onu məyusluq gözləyirdi, imtahanlarda uğursuzluğa düçar olan gənc rəssam özü də bilmirdi ki, adi karyera onun üçün deyil.

 

Van Qoq bu qərara gəlir ki, rəssamın yaşayıb-yaratması üçün yalnız bir şəhər mövcuddur-Paris. Və 1886-cı ildə yenidən Parisə qayıdır.

 

Həmin il paytaxtın sənət həyatı hadisələrlə zəngin idi. İmpressionistlərin Lavrit küçəsində baş tutan sərgisi də əhəmiyyətli hadisələrdən idi. Bu sərgidə Sera “Hrant-Jat adasında gəzinti” əsərini birinci dəfə nümayiş edirdi, Sinyak da əsərləri sərgilənən müəlliflər sırasında idi, nəticədə onların hər ikisi postimpressionizm hərəkatına başçılıq edirdilər, bu isə impressionizmin son mərhələsi demək idi.

 

Van Qoq evində ona yer vermiş qardaşı Teonun köməyilə fəaliyyətə başlayır. 1886-cı ildən 1888-ci ilə qədərki vaxt ərzində o, müasir rəngkarlıqda texniki axtarışlar aparır və müqayisələr edir. İki il ərzində 230 tablo yaradır.

 

“Bəlkə də məndə orijinallıq var, amma bugünkü publikanı mənim işlərimlə tanış etmək faydasızdır. Axı bir çoxları hansısa özəlliyinə görə (məsələn yaxmaların hamarlığına görə) məndən üstündür. Amma mənim günahım yoxdur. Əsas səbəb açıq havada işləməyimdir, əgər külək, mənfi hallar və mənim yoxsulluğum olmasaydı, mən daha çox iş görə bilərdim. Amma mən özümü dəyişmək fikrindən uzağam, əgər gələcəkdə də belə qalsam, çox xoşbəxt olaram.”

 

Holland mühitinə xas olan realizmdən impressionizm və postimpressionizmə keçid onun natürmortlarında özünü göstərir. “Anyerdəki körpülər” əsəri bu peyzajlar sırasındadır. Bu əsər onun rənglərlə təmasını daha da dolğun edir. “Anyerdə gördüyüm rəngləri mən başqa heç yerdə görmədim”,-o deyirdi.

 

Parisdə Vinsent daha çox sənətkarlarla ünsiyyətdə olur; rəssamlarla görüşür, sənət adamlarının yığışdığı yerlərə gedir. Belə yerlərdən biri Monmartrda yerləşən“Tamburin” idi. Kafenin sahibəsi keçmişdə Deqanın modeli olmuş italyan gözəli Aqostina Seqatori ilə Van Qoq arasında romantik hisslər yaşanır.

 

Parisdə rəqabət və gərginlik hökm sürürdü. “Uğur qazanmaq üçün şöhrətpərəst olmaq lazımdır, bu isə mənə yaddır”, - Vinsent qardaşına deyirdi. Üstəlik çılğın xarakteri və heç vəchlə güzəştə getməməsi onu intriqalara cəlb edirdi. Hətta qardaşı Teo da bacısı Villemineyə yazdığı məktubda gileylənirdi ki, onunla bir yerdə yaşamaq artıq qeyri-mümkündür.

 

Van Qoq özü də hər şeydən bezmişdi. Cənuba qaçıb getmək, harayasa uzaqlara sığınmaq istəyirdi.

 

O belə də edir. 1888-ci ilin fevralında Provansın isti ağuşuna- Arla gedir.

 

“Təbiət burda qeyri-adi dərəcədə gözəldir”,- Vinsent qardaşına yazırdı.  Arla gedəndə qışın oğlan çağı idi, budur, hətta qar da yağıb. Amma cənubun işığını və rənglərini duya bilmək çətin deyil...  Bir vaxtlar Süzann və Renuar da bu yerlərin əsirinə çevrilmişdi...

 

Teo ona  yaşaya və işləyə bilmək üçün hər ay 250 frank göndərirdi. Vinsent bu pulun əvəzini çıxmağa çalışır və ona öz tablolarından göndərirdi.

 

Arlda yaratdığı əsərlərin arasında çiçəkləyən ağac təsvirləri daha çoxdur. “Bu yerlərdə havanın şəffaflığı və nikbin rənglərin oyunu mənə Yaponiyanı xatırladır”,- o qardaşına məktubunda yazırdı. Burdakı işlərində  yapon qravüralarından bəhrələnirdi, Lanqlua körpüsünün bir neçə variantı Xirosiqe peyzajlarına bənzəyirdi. İmpressionizm və Paris mərhələsinin divizionizmi arxada qalmışdı.

 

“Mən fərqinə varıram ki, Parisdə öyrəndiklərim yoxa çıxır və mən impressionistlərlə tanışlıqdan əvvəlki, təbiətdən əxz etdiyim fikirlərə qayıdıram”.

 

 

Paris təcrübəsindən ona qalan sarı rəngə sadiqliyi və açıq hava altında işləməyi idi. Sarı rəng günəbaxanlar kimi isti və parlaq çalarlarda xüsusi təsir gücünə malik idi, gözqamaşdıran işığı sanki təsvirin dərinliyindən baş alıb gəlirdi.

 

1888-ci ilin sentyabrında Van Qoqun həyatında əlamətdar hadisə baş verir- onun dəfələrlə evinə dəvət etdiyi Pol Qogen Arla gəlir. Əvvəl hər şey yaxşı idi. Ancaq az sonra təbiətcə bir-birlərinə əks adamların  (təlaşlı, narahat, dağınıq Van Qoqun və özünəəmin, xırdaçı Pol Qogen) arasında başlayan adi mübahisə dava-dalaşa çevrilir. Qogenin dediyinə görə, Vinsent ülgücü götürüb onun üstünə hücum çəkir, Qoqen qorxub evdən qaçır və mehmanxanada gecələyir. Van Qoq isə qəzəb içində özünün sol qulağının sırğalığını kəsir və kağıza bükərək sevgilisinə hədiyyə aparır. Rəssamı qan içində görən dostları onu təcili şəhər xəstəxanasına çatdırırlar. Bir neçə gündən sonra o özünə gəlir və evə buraxılır. Amma bir neçə gündən sonra yenidən tutmaları başlayır. Müalicə üçün Van Qoq öz istəyilə xüsusi xəstəxanaya yatızdırlır. Rəssama müəyyən azadlıq verilmişdi, hətta açıq havada nəzarət altında rəsm də çəkə bilərdi. Beləcə fantastik şedevrlər  “Ulduzlu gecə”, “Sərv ağaclarının və ulduzların müşayiət etdiyi yol”, “Zeytun ağacı, göy dəniz və ağ bulud” əsərləri ərsəyə gəlir.

 

Bu kətanlarda sərv və zeytun ağacları əyilmiş budaqları ilə ölümün müjdəçisi kimi peyda olur- Van Qoq rəngkarlığının simvoliik dəyəri göz önündədir.

 

San-Remidə aktiv həyat və dərin depressiya bir-birini əvəz edir. İohanne Bongerlə evlənən qardaşı Teonun  köməyilə Paris Salonunda 1889-cu ildə müstəqil rəssamların sərgisində iştirak edir. 1890-cı ildə  Brüsseldə keçirilən sərgidə əsərləri nümayiş olunur və kifayət qədər yaxşı qiymətə- 400 franka “Arlda qırmızı üzümlüklər” tablosunu satır.

 

“İnsanların gözündə mən kiməm? Cəmiyyətdə yeri olmayan və olmayacaq qəribə, xoşagəlməz, gərəksiz adam. Tutaq ki, bu belədir. Amma mən öz işlərimlə göstərmək istədim ki, bu əcaib adamın ürəyində nələr gizlənir...”

 

Mart ayında Paris salonunda sərgilənən Müstəqil Rəssamların əsərləri arasında onun da işləri var... Bu ərəfədə Teo Parisdə dostor Qaşe ilə tanış olur və qardaşına müalicə olunmaq üçün Parisə gəlməyi təklif edir. Vinsent Parisə yola düşür.

 

Bu ərəfədə çəkdiyi əsərlərdə xəstə şüurun özünü bərpa etmək cəhdləri var, o yeni başlanğıclara ümid edir, emosiyalarına nəzarət etməyə çalışır, hisslərini kətanda dəqiq və harmonik təsvir etməyə səy edir... (“Doktor Qaşenin portreti”, “Madmuazel Qaşe piano arxasında” əsərlərini xatırlayaq).

 

Amma son iki ayda daxilində özü-özüylə gedən savaşı boğa bilmir, emosiyaları onu harayasa sürükləyir və məhv edir. Bu ziddiyyətlər onun son əsərlərində də özünü biruzə verir. “Çörək talasının üzərində qarğa dəstəsi” əsərində qaçılmaz ölümün əlamətləri görünür.

 

İyulda rəssamın qayğılarına ailə problemləri də əlavə olunur: Teo xəstələnir. (Vinsentdən bir neçə ay sonra o da dünyasını dəyişir).

 

İyulun 27-si Vinsent açıq havada işləmək üçün evdən çıxır. Qayıdanda onun halsız görünüşündən təlaşa qapılan pansionat sahibinə deyir ki, o özünü gülləylə vurub.

 

Dərhal köməyə gələn doktor Qaşe Teoya xəbər verir. Teo da qardaşının yanına tələsir. Amma artıq gecdir. Van Qoq öz müqəddaratını həll edib. Həmin gecə böyük Van Qoq 37 yaşında dünyasını dəyişir.

 

“Əsas odur, hər şəraitdə, hər yerdə və hər zaman Allahı xatırlayasan və onun haqqında daha çox bilməyə çalışasan. Nə yaxşı olar, əgər həyatda hər şeyin gözəl olduğuna inanasan, çünki bu inamda həqiqət var. Nə yaxşı olar, həmişə namuslu, vicdanlı qalasan və xeyirxah ürəyə sahib ola biləsən,-  lap bu xeyirxahlığı hərdən gizlətməyə məcbur olsan belə...”

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018