Əncir qurusu - “Ən yaxşı hekayəmiz”

 

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Rəhman Əlizadənin «Əncir  qurusu» hekayəsini təqdim edirik.

 

Bizim kənddəki mədə-bağırsaq sanatoriyasına yollanmaq üçün ikinci Nügədi kəndinin sakini Ömər öz külfəti ilə - yəni bir arvadı və iki qızıyla-öpüşüb xudahafizləşəndə onun təxminən beş saatdan sonra torpağına qədəm basacağı kənddə Kərpəli adında yetmiş altı yaşlı, donqarlaşmış, ovurdları çökmüş, azacıq tüklü sapsarı bənizi qış günlərində göyəmi buludların arxasında mürgüləyən günəşi andıran, gözləri gölmədəki soyuq palçıqlı su kimi adamın ürəyində üşütməli kəsalət doğuran bir kişini dostu kitabsatan Qəzənfərlə böyük oğlu Məmməd qoluna girərək xəstəxanadan əlacsız çıxarıb yay yağışının sədəf damcılarında yuyunan narıncı “Moskviç”ə əyləşdirdilər.

 

Qəzənfər ağır gövdəsini arxa oturacağa basıb köks ötürdü, sonra başını aşağı salıb başladı kəhrəba təsbehini çevirməyə. Məmməd isə cəld sükan arxasına keçib qapını çırpdı. Ipək naxışlı yaylığını cibindən çıxarıb atasının solğun üzündəki özü-özünə qurumaqda olan yay yağışının nəmini qurulamaq istədi. Lakin Kərpəli:

 

- İşin olmasın, ləzzət eləyir mənimçün, - deyib oğlunun canıyananlığını yarımçıq qoydu. Sonra dişləri tökülmüş ağzını açıb xırıltıyla güldü, arxada oturub fikirli-fikirli təsbeh çevirən Qəzənfərə tərəf qanrılıb:

 

- Eyzən özünü təzəcə tanımış görməmiş qızın öpüşləridir bu yay yağışı, - dedi və sözünün tutarlı çıxması üçün sidq ürəkdən Qəzənfərə göz vurdu.

 

Qəzənfərin:

 

- Ay sənin canınacan, Kərpəli, - deməsiylə maşının diyirlərinin fırlanıb gölmədəki bulanıq suyu ətrafa sıçratması bir oldu.

 

Şıdırğı yağışın altında yuyunub işım-işım işıldayan narıncı maşın göyün torpağa minnətsiz bəxş etdiyi şəffaf incə selini yarıb Kərpəlinin iki gündən sonra öz evində xatircəm can verməsi üçün hübablarla dolu cada yolla şütüyürdü. Bu dünyada heç kim bilmirdi ki, düz iki gündən sonra Kərpəlinin evində şivən qopacaq, ağı deyiləcək, Kərpəlini qara torpağa tapşırandan sonra qayıdıb mərhumun öz əlləriylə tikdiyi daş hasarın qarşısında hüznlə dayanıb-duranların ürəklərindən qorxunu, qüssəni yumaqçın ovuclara gülab səpiləcək, mafənin qollarından suluqlamış müxtəlif biçimli ovuclar isə bu ətirli suyu karıxmış, toz-torpaq hopmuş çöhrələrə çəkib tarıma qalmış insan əsəblərini sakitləşdirəcək...

 

Kərpəli özü də bundan xəbərsiz idi, onun üçün də çiynini maşının qapısına söykəyib yağışın maşının damında qoşa-nağara çalmasına diqqətlə qulaq asır, silgəclərin şüşədən suyu qovmasını izləyir, məzəli söz deməkçün məqam axtarırdı.

 

Qəzənfərin:

 

- Ürəyin darıxırsa al təsbeh çevir, - mızıldaması Kərpəli üçün bəhanə oldu. O, təsbehi Qəzənfərdən alıb bir əl çaqqıldatdı, sonra dişsiz ağzını marçıldadıb nəfəsi təngişə-təngişə dedi:

 

Ürəyin darıxırsa təsbeh çevir-dedin-yadıma bir əhvalat düşdü. Rəhmətlik Qumrunu tanıyırdın da? Hacıəlinin siğəsini deyirəm.

 

Qəzənfərin sifətinə bic təbəssüm qondu, baş barmağını iki dəfə boz bığlarının qara ətli dodağı üstə düşən cod tüklərinə çəkib:

 

Xiləli qızını deyirsən də! Hə, əhvallı, xoşətvar cavanəzəndi. Pərvərdigar behişt qismət eləsin ona. Bu dünyada kefi istəyəni elədi, qoy o dünyada da günü xoş keçsin, - dedi və qarsılanmış iri əlini uzadıb Kərpəlinin boynunun ardından yüngülcə çimdiklədi. Bu çimdik deyəsən Kərpəliyə ləzzət verdi, kirpiksiz çəhrayı göz qapaqlarını qırpa-qırpa gülüb dedi:

 

- Hə, günlərin birində rəhmətlik dədəm çağırıb göndərdi məni Qumrugilə ki, təsbehini alım Hacıəlidən-Qumrunun ərindən. Sən demə Hacıəli çayxanada bir hovur çevirmək üçün dədəmdən təsbehini alır, sonra yadından çıxır qaytarsın, qoyur cibinə düzəllənir gedir. Dədəmin də huşundan çıxır, evə gəlir, aləmi ələk-vələk eləyir, amma tapmır. Çox düşündükdən sonra yadına salır ki, təsbehi Hacıəliyə verib, odur ki, məni çağırıb göndərdi təsbehçin. Nə başınızı ağrıdım, dabanəllialtı götürüldüm Hacıəligilə. Küçə qapısından girib bir-iki ağız Hacıəlini səslədim. Hay verən olmadı. Bir də haylayanda tövlədən Qumru cavab verdi:

 

- Ay gedə, kimsən? Danbalanından canavar tutmuş quzu kimi nə mələyirsən?

 

Qəzənfər Kərpəlinin sözünü kəsib xısın-xısın:

 

- Eşitdiyimə görə altdan-üstdən danışan arvaddı, - dedi.

 

- Hə, - deyib Kərpəli boğazını arıtdı və söhbətinə davam elədi:

 

- Qumrunun səsini eşitdikdə elə bil bədənimə bir sürü qarışqa daraşdı.

 

Eşitmişdim kənddə əgər iki xoşəndam, gözəl-göyçək gəlin varsa biri Qumrudur. Maraq güc gəldi mənə. Dizlərim əsə-əsə getdim girdim tövləyə. Nə görsəm yaxşıdır? Qumru tünük cannığının ətəyini dizdən yuxarı çəkib, döşü-başı açıq sallağı oturub inəyi sağır.

 

Söhbətin bu yerində Kərpəlinin bayaqdan kəlmə kəsməyən qaradinməz oğlu Məmməd udqundu və qəsdən maşının sürətini azaltdı. Çünki evlərinə çatmağa az qalırdı, o istəyirdi ki, atasının qanqaynadan, bədən gizildədən, ürək döyündürən şirin söhbətini axıracan dinləsin.

 

Kərpəli oğlunun əməlinin məğzini duydu, ürəyi daha da açıq-saçıq danışmaqçın toxtaqlıq tapdı, diliylə qurumuş dodaqlarını yalayıb yaşladı, qırx il bundan əvvəl baş vermiş hadisəni mümkün qədər yenidən canlandırmaq üçün sağ gözünü qıyıb sol gicgahını sığalladı, amma qırx il bundan əvvəlki rənglərin, qoxunun, həyacanın, ürək döyüntüsünün, həzzin əvəzində gözləri önündə özü də gözləmədən təzəcə qalaylanmış badyaya ağappaq süd cızqıran Qumrunun xallı inəyinin çəhrayı əmcəkləri gəlib dayandı. Kərpəli öz təsəvvürünün kütlüyündən diltəng olub qaşqabağını salladı. Ha səy elədi baş vermiş əhvalatı bütün təfərrüatı ilə vücudunda canlandırsın-bacarmadı.

 

Atasının lüzumsuz sükutuna oğlunun hövsələsi daraldı:

 

- Sonra nə oldu, dədə?-deyə intizarla dilləndi.

 

- Sonra nə olacaq, Hacıəli gəlib çıxdı üstümüzə, Qumru özünü o yerə qoymayıb-yaman fəndgir arvaddı-məni üstündən aşırdı, cəld samanlıqdan qalxdı, pişpişələri, saman çöplərini üstündən çırpa-çırpa dovuxub məhtəl qalmış ərinin üstünə çımxırdı:

 

- Balam, səni sağ iş tutmayasan, axır birovuz almağın olsun, xalxın sovxa təsbehini almısan, qaytar da! Səhərdən zəhləmi töküb ki, verin dədəmin təsbehini, verməsəniz tövlədə nə var hamısını süpürləyib aparacağam. Istəyirdi inəyin olan-olmaz samanını qucaqlayıb aparsın, yıxdım özümü samanın üstünə, dedim, ölsəm də vermərəm!.. Sağ-salamat sən təsbeh çevirməyəsən, axır təsbeh çevirməyin olsun, az qalmışdı heyvan samansız qalsın...

 

Kərpəlinin oğluyla Qəzənfər uğundular, ancaq Kərpəli özü gülmədi. Ona elə gəldi hekayətinin bu yerini çeynəyib-tökdü, duzsuz danışdı. Kərpəli bulanıq gözlərini qara silgəclərin hərəkətinə uyuşumlu tərpədə-tərpədə fikrə getdi:

 

“Deyəsən axır vaxtlar danışanda, zarafatlaşanda şura gəlib coşmuram, duzsuz, istiotsuz danışıram. Deyəsən növbə gəlib mənə də çatdı. Ay oğul Əzrayıl, oğulsan, gəl görək! Kaş səni də lağa qoyub dolayaydım. Yəni nemeslərdən də heybətlisən sən? Axı, mən onları ələ salanda canımı almadılar... Kaş əncir dəyənəcən ölməyəydim, uşaqlıqdan nöüsüm tökülür əncir-üzümçün. Gərək ki, evdə bir torba əncir qurusu olsun. Çatan kimi Xavərə deyəcəyəm, bir dolu nəlbəki qoysun qabağıma. Ay Xavər... Görəsən ehsan canından necə çıxacaq? Cavanlıqdan verimlə arası yoxdur. Alayı arvad olsaydı sonsuz qalardı xəsisliyinin ucbatından, bu isə arsız-arsız iki qarın doğub da. Xavər... O da qocalıb...

 

Məmməd əyləci basdı, maşın əyləndi. Kərpəli baxıb gördü ki, həyətlərindədir, yağış da kəsib.

 

Kərpəli maşından düşüb oğlunun və Qəzənfərin köməyilə yaş pilləkanları qalxanda eyvanın üstünü örtən ağ şanının xal düşmüş salxımlarından yağışın son damcıları damcılanırdı.

 

Nügədili Ömər yumşaq yerli avtobusun qartmaqlı sarı çit pərdəsini çəkdi ki, Abşeronun qızmar yay günəşi onun ağ üzünü yandırmasın. Yaylığını çıxarıb alnının, boynunun tərini sildi, sonra zolaqlı yaylığı səliqə ilə uzununa qatlayıb boynunun ardına qoydu, köynəyinin yuxarıdan iki düyməsini açıb sərinlənmək üçün purcuq-purcuq tərləmiş tüklü sinəsinə ağzından xəfif yel pufladı.

 

- Cəhənnəmdir buralar. Iti bağlasan kəmsiyini qırıb qaçar, - deyib yanında oturmuş iyirmi səkkiz-iyirmi doqquz yaşlarında kərpicbığ cavana gileyləndi. Kərpicbığ yanında əyləşəni çəpəki süzüb:

 

- Qədeş, yolun haradır?-soruşdu.

 

- Mərdəkana, sanatoriyaya gedirəm.

 

- Səfalı yerdir, illah dəniz qırağı! Pəh-pəh, çimirsən dənizdə, yeyirsən balıq kababını, içirsən “Sadıllını”, “Mədrəsəlini”, gəlib uzanırsan bağda qarağacın kölgəsində, qurursan maqnitafonu Zeynəb vamla oxuyur səninçün!.. Aləmdir! Ölmək istəyirsən get Mərdəkana.

 

- Yəni deyirsən Mərdəkan bu Sumqayıt düzündən sərindir?

 

- Əşi, heç Mərdəkanı Sumqayıtla müqayisə eləmək insafdandır? Elə güman elə ki, Mərdəkan Parisdi, Sumqayıtsa onun yanında hara olsa yaxşıdır, hə, Kərbəla düzü! Qonşu heç Kərbəlada olmusan?

 

- Yox, olmamışam.

 

- Mən də olmamışam. Amma rəhmətlik babam Nikolay vaxtı iki dəfə olub. Kişi Xorasanda da olmuşdu. Rəhmətlik nəql eləyirdi ki, ilanmələyən yerdi.

 

- Yəni deyirsən Mərdəkanla Sumqayıt arasında bu qədər fərq var?

 

- Hə, yerdən-göyəcən təfavüt var.

 

- Ola bilməz.

 

- Nöşün?

 

- Aralarında neçə saatlıq məsafə var ki?

 

- Uzağı saat yarımlıq.

 

- Yəni deyirsən saat yarımdan sonra biz cəhənnəmdən çıxıb cənnətə düşəcəyik?

 

- Eh, qonşu, sən deyəsən axı, dünyadan bixəbər adamsan, - deyib kərpicbığ Öməri istehza ilə süzdü, sonra nalayiq iş tutmuş uşağa öyüd verirmiş kimi davam elədi:

 

- Qulaq as, əminövəsi, lazımın olar. Bakı öz otuz-otuz beş kəndi ilə səhv eləmirəmsə dünyada yeganə yerdir ki, hər yüz metrədən bir həm torpağının rəngi dəyişir, həm ab-havası, həm də adamlarının sir-sifətləri ilə xasiyyətləri, sən öləsən, özüm ölüm belədir! Bax, Mərdəkanda yağış yağanda Türkanda gün çıxır, Şağanda çovğun-boran olanda Nardaranda camaat bürküdən nəfəs ala bilmir. Hə, canım sənə desin, Zuğulbada camaat zəfəran qoxusunu ciyərlərinə çəkib həzzyab olanda Suraxanıda nöyüt iyindən beyin çatlayır. Zirədə iki mənim başımcan qarpız yetişəndə Ramanada allahın vəzərisi də hasil olmur. Əlqərəz, uzun haqq-hesabdır, danışmaqla qurtaran deyil.

 

Qonşusunun bu söhbəti deyəsən Ömərin marağına səbəb oldu, nigarançılıqla döyünən ürəyi də, çox ehtimal, bir balaca sərinlik tapdı:

 

- Bura bax, qonşu, bəs adamları necədir bu yerlərin?-soruşub gözlərini dikdi kərpicbığın kürən, ətli sifətinə. Kərpicbığ müdrik adamlar kimi bir gözünü qıyıb zəndlə Ömərə baxdı, sonra, Ömərdən yaşda çox kiçik olmasına baxmayaraq, nazik qaşlarını düyünləyib ağzını nırçıldatdı və dedi:

 

- Hə, bacıoğlu, adamlara gəldikdə, Novruz bayramında xonça tuturlar a, görmüsən?

 

- Hə, görmüşəm!

 

- Bax, eyzən həmin xonça kimi bir şeydirlər; yəni biri fındıqdır, o biri innab, biri qozdur, o birisi xurma, birisi püstədir, digəri əncir qurusu, əlqərəz dadları da, rəngləri də başqa-başqadır bunların. Qoy xırdalayım, aydın olsun səninçün; bax, nardalanlılar əsasən kürən olurlar, özləri də yaman muğamatbazdırlar. Onların bir addımlığında olan maştağalılar isə qapqaradırlar, elə bil Mozambikdən tökülüşüb gəlib zalım uşağı. Hamı da məməyeyəndən pəpəyeyənəcən, sinədən meyxana deyəndirlər.

 

Dartaram qulaqlarını uzundraz əmələ gələr,

Soyunaram köynəyimi bir fantamas əmələ gələr!

 

Əladır! Əşi, qiyamətdilər, başdan-ayağa zurna-balabandılar. Bax, novxanılılara adamcıl deyirlər, suraxanılılara başkəsən.

 

- Nə başı?

 

- Nə başı rastlarına düşdü, ağına-bozuna baxmadan, tutub kəsirlər, it başıyla adam başında bir gilə fərq qoymurlar zalım uşağı. Xiləlılər... Deyəsən onların xüsusi əlamətləri yoxdur... Yox, yalan mənə, var-onlar gözəl, nazlı, ceyran qızları ilə mən deyərdim, bəlkə də dünyada birinci yer tuturlar, aləm qızları var o kəndin.

 

- Bəs mərdəkanlılar, onlar hansı məziyyətləri ilə məşhurdurlar?-deyib Ömər istədi ki, kərpicbığ gəlib çıxsın mətləb üstünə, çünki Öməri başqa kənd yox, məhz Mərdəkan maraqlandırırdı, çünki o düz iyirmi dörd gün orda qalası olacaqdı. Ömər danışmaq istəyən kərpicbığın sözünü ağzında qoyub:

 

- Mərdəkan sözündən belə görünür ki, orda yaşayanların hamısı mərd, cəsur, qorxmaz adamlardırlar, - əlavə elədi.

 

Bayaqdan dil-dil ötən kərpicbığ bu yerdə bığını qaşımalı oldu. Birdən-birə sifətinə həlimlik çökdü, sonra üzünün cizgilərini güc-bəla əvvəlki-özündən razı vəziyyətə salıb dedi:

 

- Adamdılar da, mərdi də var, namərdi də! Hər yerdə olduğu kimi. Durum deyim, hamısı mərddir, onsuz da özün gedib görəcəksən. Əsasən yaxşı adamdılar, çox yaxşı adamdılar. Ən yaxşı cəhətləri qəribnəvaz olmalarıdır. Bir yaxşı cəhətləri də var, dinc camaatdır, quzu kimidilər. Bax, bu son altı ildə hər kənddə cürəbəcürə köpəyoğlu əhvalat olub, birində ev yarıblar, o birində adam öldürüblər, nə isə növbənöv iyrənc, cüvəllağı işlər tutublar, orda isə - Mərdəkanı deyirəm-heç pişiyin də xətrinə dəyməyiblər; çox mədəni, farağat camaatı var o kəndin. Hə, kəndi istirahət evləri, sanatoriyalar üzük qaşı kimi araya alıblar. Sayuzun da hər nöqtəsindən cürbəcürə, rəngbərəng adamlar gəlirlər ora. Elə ki, axşam oldu kənd dönüb olur zırpı filarmoniya! “Vağzalı” “Barina”ya qarışır, vals tanqoya, bıstırı-medlinniyə, baston trikoya! Aləm yerdir, gedib öz gözlərinlə görəcəksən. Başuvu ağrıtmadım ki?

 

- Xeyr, nə danışırsan, maraqlıdır söhbətin mənimçün. Yaxşı, müalicə necədir orda, sağalan olur, - deyib Ömər mədəsinin üstünü ovxaladı.

 

- Əlbəttə, sağalanı da olur, özünü əncir ağacından asıb vığ-vığ can verəni də.

 

Ömər tum gözlərini bərəldib dodağı əsə-əsə soruşdu:

 

- Nə üçün? Niyə asırlar özlərini?

 

Kərpicbığ “asırlar” sözünün yanındakına pis təsir etdiyini duydu. Səhvini düzəltmək niyyətilə əlini yüngülcə Ömərin çiyninə qoyub nəvazişlə:

 

- Sən ürəyini buz kimi saxla, hamı özünü asmır ki! - dedi. Sonra bic-bic gülümsədi, sağ əlinin içini sol əlinin üstünə çırpıb dodaqlarını marçıldatdı:

 

- Əşi, bir də nə müalicə, nə dava-dərman? Bu saat ora doludur ağappaq, şaqqalı-əndamlı marallarla. Birisini basarsan bağrına, bu da sənin müalicən!

 

Kərpicbığın bu sözləri Ömərin qaşlarının düyününü açdı, çöhrəsinə xəfif qızartı çəkdi, bayaq heyrətdən bərəlmiş tum gözlərini xumarlandırıb yox elədi. Ömər üzündə utancaq təbəssüm nazik dodaqlarını bir-birindən aralayıb qeyri-ixtiyari:

 

- Pis olmaz, - dedi. Sonra ürəyində dürlü-dürlü incə niyyətlər dazlaşmış başını söykədi avtobusun kirli çit pərdəsinə və düşündü:

 

“Deməli qadınla doludur oralar, özləri də ağmatan, gözəşirin. Mənim incəbel, qartalburun, qəmzəli, ağırxasiyyət gürcü qızlarından xoşum gəlir. Onlarla söhbət  edəndə özün də hiss etmədən bir də görürsən məğrur, ökbəli olmusan. Hər halda bunlar da pis olmaz. Bir də lap cəhənnəmdə də zərif cinsin olması məsləhətdir, adamın ürəyi darıxmaz. Arvadlarla dilxoşluğun ləzzətinə ləzzət çatmaz dünyada.”

 

Kərpicbığ da Ömərin xəyala cummağından istifadə edib yoldaşını birinci kərə əməlli-başlı təpədən dırnağacan süzdü və gördü ki, yanında əyləşən əlli-əlli beş yaşında, ortaboy, başının tükləri xeyli tökülmüş uzunburun, tumgöz, çəlimsiz bir kişidir. Başını rişxəndlə tərpədib haqqında heç nə bilmədiyi bu adamı ürəyində lağa qoydu:

 

“Buna bax da, gör nə ölür özüyçün, təhər-töhürvü yeyəsən. Xumarlan! Bu saat elə Mərdəkanda arvadlar hamısı pişvazına çıxmaq üçün bəzənib-düzənirlər.”-Sonra yenə qonşusunun üzünə baxıb öz mühakiməsinə düzəliş verdi: “Baxma, canı suludur, buna da məhəl qoyan tapılar. Bir də dünyada hərənin öz babı var.”

 

Birdən kərpicbığın gözləri Ömərin qəhvəyi köynəyinə sataşdı, qaşqabağını sallayıb doluxsundu.

 

“Ay biçarə dədə, yazıq dədə! Sənin də təzə köynəyin eyzən bundandır. Özün almışdın bir ay əvvəl. Kaş ölməyəydin, kaş həzər-minnətlə tapdığım otlar sənə şəfa verəydi...”-düşünüb ümidsiz “ah” çəkdi.

 

Ömər lapdan dönüb kərpicbığdan soruşdu:

 

- Yaxşı, bəs özün hardansan?

 

Kərpicbığ yerində qurcalanıb: - mərdəkanlıyam, - deyəndə avtobus-kərtənkələ rəngində təpələrin arxasına çəkilən günəşin qürubundan saralıb-qızaran aləmi öz kirli çit pərdəli pəncərələrinin ləkəli şüşələrində əks etdirib düz cada yolla Bakıya çatmaq üçün şütüyürdü.

 

Kərpəli üstündə qırmızı güllü, yerliyi abı yorğan, başında çəhrayı şarqat, iki yaşıl üzlü tüklü balışı kürəyinə söykək eləyib nikeli qopub tökülmüş, başlarındakı dörd qozadan ikisi əməllicə əzilib əvvəlki şəklini tamamilə dəyişmiş köhnə çarpayıda taqətsiz uzanıb, tuşundakı miyanə pəncərədən həyətə baxırdı. Həyətə baxırdı deyəndə ki, pəncərədən ancaq pəncərənin çalın-çarpaz dəmir milləri, əncir ağacının yaşıl qablalı budağı, bir də çöhrəsində tünd qırmızı, bənövşəyi, sarı zolaqlar olan püstəyi səmanın bir parçası görünürdü.

 

Kərpəli düşünürdü: “Elə bil kimsə göyü gəzəgənliyinin üstündə tatarıyla döyüb”. O, yorğanın üstündə qıvrılıb dövrə vurmuş qara təsbehi əlinə alıb istədi çevirsin, ancaq həvəsi gəlmədi, düzü heyi çatmadı. Yüngül kəhraba təsbeh Kərpəlinin arıq, uzun barmaqlarının arasından sürüşüb düşdü yorğanın üstünə, yenə də qıvrılıb dövrə vurdu.

 

“Yadımdan çıxdı qaytarmadım Qəzənfərə. Yaxşı ki, nə tövləmiz var, nə də ki, Xavərlə Qəzənfər cavandılar”-fikirləşib Kərpəli öz-özünə güldü. Sonra əlini qaldırıb çarpayının yanından asılmış, hələ də öz nəfisliyini qoruyub saxlamış qədimi saçaqlı xalçanın naxışlarının üstündə gəzdirdi. Kərpəlinin quruyub ağaca dönmüş əli titrəyirdi. Amma o, əlini xalçanın üstündən götürmürdü. Xalçanın narın tükləri kələ-kötür ovcunun içini qayaxınası kimi qıdıqladığından Kərpəli ovcundakı xoş gicişmədən nəşələnirdi.

 

“Bu xalça qocalmayıb, onunçun adamın ruhuna bir hovur da olsa məzə verə bilir. Gah o divardan asılıb, gah bu divardan... Məmə rəhmətə gedəndə yerə də sərmişdik. Deyəsən mənim ehsanıma da bunun üstündə bardaş qurub daraşacaqlar. Vəsiyyət eləyəcəyəm qırxım çıxanda aş bişirsinlər, xalçanın üstündə bardaş qurub zəfəranlı aş aşırmağın misli yoxdur. Bu xalça... Hə, qardaşımın altından zorla çəkib gətirdim onu evimə. Mərəkə salıb dalaşdım da bunun üstündə. Amma imansızlıq elədim ona. Dədənin vəsiyyətinə görə ona çatası idi bu xalça. Eh, nahaq əzişdirdim onu o vaxt. Yox, yerində əzişdirdim! Löhməqarının biri, löhməqarın! Dədədən də insafsızdır, qəddardır vicdansız! Məni indiyəcən dədə yandırır-öləndə axırıncı çöpünü də bu şalqarına tapşırıb öldü. Görəsən niyə zəhləsi gedirdi məndən? Insafa qalsa onun da, məxluqun da dadına molla Həsəndən çox mən gəlirdim! Niyə həlakdı löhməqarın Həsənçün dədə? Daşı daşın üstünə qoymazdı, mənimsə əllərim daş-kəsəkdən parça-parça idi, həyətdəki bütün tikililəri bu yazıq əllərimlə tikmişəm! Indi yəqin Həsən evində küftəbozbaşını yeyə-yeyə qulağı səsdədir, gözləyir ki, kimsə içəri girib mənim keçindiyimi ona xəbər verəcək! O da tullana-tullana durub gələcək meyidimin üstünə cüz oxumağa, cənazəmi evdən çıxaranda damımıza dırmaşıb arsız-arsız salavat çəkəcək, camaatı acgözlükdən, paxıllıqdan, iyrənc işlərdən saqınmağa çağıracaq! Ay sənin özcə təpənçün! Vəsiyyət eləyəcəyəm evin həndəvərinə də buraxmasınlar səni! Şalqarının biri, şalqarın! Çıxmadığı dam yoxdur kənddə! Elə bil qırçı Fərəclə bəhsə girib zalım oğlu!..”

 

Kərpəli əlini xalçadan çəkib soxdu yorğanın içinə, dönüb bir də pəncərəyə baxdı. Artıq qaş qaralmışdı. Ulduzlar pəncərənin içində bir-bir yanıb sönürdülər.

 

“Bir azdan Ay da çıxacaq, harda olsa gec-tez gəlib sallanacaq pəncərənin boz millərindən. Belə gecədə də adam ölər? Heç inanmağım gəlmir ölməyimə... Ay Kərpəli, yekə kişisən, məgər bilmirsən ki, ha gəldiylə öldüyə çarə yoxdur. Əşi, dünyaya gələndə qabağını kəsib səni saxlayan oldu ki, indi gedəndə də tutub saxlasınlar? Buna bax a, lap ağlamaq tutdu məni, sən demə mən də dünyaya gəlmişəm, iməkləmişəm, nəvəm kimi ayaq açmışam, dil açmışam. Əşi, lap gülməlidir... Mən boyda kişi haçansa nənnibeşikdə yatıb, yerini bulayıb, döş üçün zırıldayıb...”

 

Bu vaxt otağın qapısı açıldı, Xavər iki oğluyla içəri girib hənirtisiz, qəmiltisiz qapının ağzında dayandılar. Xavər dönüb ehmalca qapını örtdü, amma qapı yenə də ac adamın mədəsi kimi biixtiyar curuldadı.

 

Xavər:

 

- Kərpəli, yatmamısan?-pıçıldadı.

 

- Yox, işığı yandır, - deyib Kərpəli yanağındakı göz yaşlarını yorğanın ucuyla sildi.

 

Kərpəlinin böyük oğlu Məmməd yaşıl çanaxlı cərəyan açarını çaqqıldatdı, kiçik lampadan otağa nur yağdı... Əvvəlcə Kərpəlinin gözləri qamaşdı, ona görə də gözlərini yumub üzünü qırışdırdı.

 

Xavər:

 

- Əhməd gəlib çıxıb, - deyəndə Kərpəli gözlərini güclə açıb qapıya zillədi. Qapının ağzında onun böyük oğluyla kiçik oğlu kərpicbığ Əhməd işi əskik adamlar kimi dayanıb gözlərini döyürdülər.

 

- Nə söngüyüb durmusuz qapının ağzında, keçin yanınızı verin yerə. Deyəsən əziyyət verirəm sizə, hamınızı iş-gücdən qoymuşam. Neynim, bala, dünyanın gərdişini pozmaq əlimdə deyil. Insan gələndə də əziyyət verir, gedəndə də. Eybi yoxdur, bir balaca səbriniz olsun, bu gün-sabahdayam, inşallah az qalıb, canuvuz qurtarar, - deyib Kərpəli öskürdü.

 

Əhməd elə bil atasının bu sözlərinə bənd idi, içini çəkib hönkürdü, dolu bədənini yırğalaya-yırğalaya atasının çarpayısına tərəf cumdu, özünü bütün cüssəsilə basdı çarpayının ayaq tərəfinə. Onun ağırlığından çarpayının yayları üç-dörd dəfə cırıldayıb Kərpəlini yırğaladı.

 

Əhməd:

 

- Nə danışırsan, dədə, nöşün belə danışırsan, dədə?! Sən yüz il də yorğan-döşəkdə olsan, yenə də cəzana gəlmərik əlindən. Qubadan səninçün ot gətirmişəm, məmə qaynadar, içib sağbasağ olarsan, - deyib canfəşanlıq edirdi ki, Qəzənfər özündən savayı iki nəfər adamla girdi içəri.

 

Evə yad kişilərin girdiyini görən Xavər kəlağayısının ucunu ağzına tutub yaşındı. Qəzənfər:

 

- Əşi, hönkürtüyə gəlmişik, elə bildik Kərpəli xudahafizləşib getdi dünyadan, - deyib təklifsiz keçib əyləşdi yumşaq səndəllərin birində, özüylə gətirdiyi adamlara da: - Keçin əyləşin, oturub bir az sör-söhbət eləyək, - ərkləndi. Hamı səndəl çəkib əyləşdilər Kərpəlinin çarpayısının qənşərində. Kərpəlinin adamların gəlişindən deyəsən kefi duruldu, balışa dirsəklənib: - Ay Xavər, pəsməzarım üçün saxladığın Hindistan çayından dəmlə, gətir, içək, - deyib arvadıyla zarafatlaşdı da.

 

Xavər:

 

- Yaxşı, - deyib otaqdan çıxdı.

 

Qəzənfərlə gəlib Kərpəlinin çarpayısının qənşərində əyləşən iki nəfərdən biri Kərpəlinin qapıbir qonşusu dovşandodaq, qarayanız, qara parlaq gözlərindən cin çıxan, sağ yanağı çapıq qırçı Fərəc idi. Bu kişi yaşda Kərpəlidən böyük olsa da çox qıvraq idi. Bu adam kənddə tərsliyi, qaraqabaqlığı ilə məşhur idi. Deyilənə görə, Fərəci ömründə cəmi iki dəfə güldürən olub-bir qırx-qırx beş il əvvəl Qəzənfərin toyunda lotu Cabbar, bir də inişillərdə Kərpəli. Ikincisi isə Kərpəlinin kiçik qardaşı molla Həsən idi ki, Qəzənfər zorla qolundan dartıb gətirmişdi ki, ölüm ayağında qardaşı ilə barışıb halallaşsın. Molla Həsən gödək gözləri vələmbəli, tosqun, qırmızısifət, göygöz bir kişidir ki, o olan yerdə adamın qulaqlarında xəfif bir fısıltı səslənəcək.

 

Qəzənfər peysərini qaşıyıb ortalığa çökmüş fısıltılı sükutu pozdu:

 

- Hə, işlər necədir, Əzrayıl hələ gəlib çıxmayıb ki?

 

- Yox, xətakardan hələlik soraq yoxdur.

 

Qəzənfər zarafatcıl olmasa da ölüm yatağında olan Kərpəliyə ləzzət verməkçün dedi:

 

- Vallah, səndə ki, o şakər var, yazıq Əzrayılı o qədər lağa qoyarsan ki, qaragün çaşbaş olar gedər bu bədniyabəd Fərəcin canını alar.

 

Fərəcdən başqa hamı güldü. Ancaq Fərəc gülmədi. Istədi gülsün, amma əksinə, özü də istəmədən gözlərini ağartdı Qəzənfərçün.

 

- Canın çıxar gülsən, azzar alar səni gülsən? - deyib Qəzənfər ağzını əydi Fərəcçün.

 

- Bu qaragün ömründə iki dəfə gülüb, bir lotu Cabbara, yaduvuzdadır, Qəzənfərin toyunda tumanını çıxarıb qarnının yeliylə şamları söndürdü-bir də Kərpəlinin özünə, - deyib molla Həsən şaqqıldayıb göy gözlərini dikdi xalçaya.

 

Yenə hamı güldü, Fərəcdən başqa.

 

- Gülməz, söz verib ki, bütün adamlar dönüb meymun olsalar da dodağı dodağının üstündən tərpənməyəcək, - deyib Kərpəli bulanıq gözlərini zillədi qardaşının xalçanı süzən göy gözlərinə.

 

“Hə, yadından çıxmayıb olub-keçənlər. Mən güman edirdim məni bu halda görüb ürəyin durular mənə qarşı. Amma yox, sən elə haramzada deyilsən ki, ölən günümdə də məndən əl çəkəsən”-fikirləşib Kərpəli öz qardaşını sancmaq qəsdiylə nəsə demək istəyirdi ki, Qəzənfər:

 

- Yaxşı, ay Kərpəli, sən onda nə eləmişdin ki, ya bu allahın ruhu balqabaq bəndəsi gülmüşdü, lap yadımdan çıxıb, - soruşdu.

 

Qəzənfər yalan danışırdı - Kərpəlinin Fərəcin gülüşünə səbəb olan əməli onun hafizəsində idi, amma özü qəsdən belə deyirdi ki, Kərpəli qardaşını acılamaq fikrindən daşınsın, çünki Kərpəlinin ikrahla qardaşına baxdığını sezmişdi. Kərpəli Qəzənfərin əməlini başa düşdü, amma özünü o yola qoymayıb gözlərini qardaşının hələ də xalçaya müştəri gözüylə baxan göy gözlərindən çəkib dedi:

 

- Əşi, heç nə, bu inişillərdə bazardan dörd-beş yumurta almışdım. Ittifaqən yanımda heç nə olmadığından qoymuşdum pencəyimin ciblərinə. Gəlib əyləşdim çayxanada ki, bir-iki stəkan çay içəm. Bu Fərəcnən mənimlə nemeslərə plen düşmüş ölüyuyan Bəhram da orada idilər. Bəhram əvvəlcə başladı nemescə qardı-qurdu eləməyə. Sonra birdən dönüb dedi ki, adam yumurtlaya bilər, ya yox? Dedim: - Adam istəsə yumurtlar da, hələ üstəlik cücə də çıxardar. Dedi: - Nayn! Nayın! Dedim: - Yumurtlar! Dedi: - Sübut elə! Mənim də şit xasiyyətimi bilirsiz, eləmədim tənbəllik, əlimi cibimə atıb yumurtalardan birini xəlbəti götürüb apardım arxama, başladım atılıb düşə-düşə qaqqıldamağa. Yalan mənə, azı iki-üç dəqiqə tullanıb-düşüb həşir qopartdım çayxanada. Toyuq yumurtlayanda necə qaqqıldayır a, bax, eyzən elə qaqqıldayıb əlimi çəkdim arxamdan, dedim:

 

- Budur, aç gözlərini bax, bu da yumurta! Sağ olmayasan, məcbur elədin yumurtladım! Bəhramın gözləri çıxdı kəlləsinə. “Nayn” “Ola bilməz”-deyib qalxdı ayağa. Camaat başladı gülməyə. Bu Fərəc də güldü. Bəhram camaatın hırıltısından cinnənib çığırdı:

 

- İndi ki, yumurtlamısan, cücə də çıxart!-Mən də qayıdıb dedim ki, mənim işim-gücüm başımdan aşır, yumurtladığımı verirəm sənə, apar qoy arvadının altına, mən zamin ki, bir həftədən sonra hökmən cücə çıxaracaq.

 

Bu yerdə Fərəc özünü saxlaya bilməyib pıqqıldadı:

 

- Bəhram da yumurtanı alıb var gücüylə çırpdı Kərpəlinin başına, - dedi və əhvalata xitam verdi.

 

Hamı gülürdü, Fərəc də...

 

Qəzənfər:

 

- Hə, Fərəc üçüncü kərə güldü, allah xeyrə calasın, - deyəndə Xavər içəri girib məcməyiyə düzdüyü pürrəngi çayla dolu stəkanları bir-bir götürüb qoydu mizin üstünə.-Bu saat qənddanı da gətirərəm, - deyib çıxdı. Bir an çəkmədi ki, qənddanı da gətirib qoydu mizin üstünə. Qonaqlara:

 

- Buyurun, için, - deyə xoşhallıq eləyib çıxıb getdi.

 

Qonaqlar bir müddət çay içə-içə keçmişdən, hal-hazırdan söhbət eləyib məzələndilər, axırda Kərpəliylə qardaşı molla Həsəni barışdırıb Kərpəliyə can sağlığı, şəfa diləyib getmək istəyirdilər ki, Kərpəli kandara qədəm qoymaq istəyən Həsəni xırıltılı səslə hayladı:

 

- Həsən, düzdür barışdıq, halallaşdıq, amma səndən bircə ricam var-meyidimə yaxın düşmə! Atam oğlu, xahiş edirəm, nə mənimçün cüz oxu, nə də damıma çıxıb salavat çək, nə də torpağa tapşırmaqçün ölü namazı qıl! Inanmıram nə sənə, nə də sənin oxuduğuna!-Sonra kövrək səslə Qəzənfərə dedi: - Qəzənfər, sən atovun goru, işdi-şayət ölüb-eləsəm, birinci cümə axşamımda bu allahın yazıq bəndəsi Fərəci də tut qolundan gətir qəbrimin üstünə, gözünə döndüyüm, ağrısını aldığım Füzulinin döşüvə yatan qəzəllərindən birini avazla oxu. Vallah, Quran da ordadır, salat da, zakuska da!

 

Molla Həsən qapını çırpıb getdi. Qəzənfər:

 

- Qəm yemə, ay Kərpəli, sən ölən şey döyülsən, bu dünyada bir Əzrayılı dolamamısan, inanıram, onu da dolayacaqsan, bu Fərəcin canına and olsun ki, həqiqi sözümdür, - deyib Fərəcin də qolundan dartıb eşiyə çıxdı.

 

Kərpəli onların dalıyca bağlanan yaşıl qapıya qərəzsiz istehza ilə baxıb özlüyündə gedənlərin xoş rəftarlarının məğzini saf-çürük elədi:

 

“Deməli, işlər şuluqdur... Bunlar mənə sağlığımda baş sağlığı verməyə gəlmişdilər. Ona görə də göygöz şalqarınla məni barışdırdılar. Zalım oğlu ilan kimi fısıldayır... Bəhanələri də bu oldu ki, bu yaxında oğluyçun elçiliyə gedəcəklər, mənim də iştirakımı vacib bilirlər. Ay tülkülər... Eh, dünyanın işinə bax, mənə də ürək-dirək, təskinlik verərmişlər. Hər şeyi-allahdan tutmuş göy satanacan lağa qoyan Kərpəlini də ölümdən qorxmamaqçın güldürməyə, əyləndirməyə cəhd edərmişlər... Ancaq deyəsən ölüm yaxınlaşdıqca ürəyimi vahimə bürüyür. Görəsən necə can verəcəyəm əzab-əziyyətlə, yoxsa rahat? Kaş asan öləydim. Deməli, Kərpəli adında adam olmayacaq dünyada. Hər yerdən adımı pozub yazacaqlar başdaşıma. Ah, yazıq məmə, yaxşı ki, məndən qabaq rəhmətə getmisən, yoxsa mənim ölümüm də bir dərd olardı səninçün”.

 

Kərpəli əncir qurusu götürməkçün əlini səndəlin üstündəki nəlbəkiyə uzadanda qapı açıldı, Xavər əlində tünd sarı su ilə dolu zər cızqılı stəkan içəri girib ona yaxınlaşdı, hələ də kirpikləri tökülməmiş ala gözlərini Kərpəlinin əncir qurusu tutmuş damar-damar əlinə zilləyərək laqeydliklə:

 

- Al iç, - dedi.-Əhməd gətirən otların suyudur, qaynatmışam, inşallah şəfa taparsan.

 

Kərpəli əncir qurusunu nəlbəkiyə qoydu, əli titrəyə-titrəyə stəkanı aldı:

 

- Çıxmayan cana ümid yoxdur, - deyib, suyu içib üzünü turşutdu. Stəkanı Xavərə qaytarıb utancaq-utancaq:

 

- İşığı söndür, özün də soyun gir yanıma, - dedi, - yaman üşüyürəm, Allah kərimdir bəlkə qızındım.

 

Xavər elə zənn elədi ki, Kərpəli qorxur, buna görə bir söz deməyib işığı keçirdi, üst paltarlarını soyunub ərinin yanına girmək istəyirdi ki, Kərpəli dili topuq vura-vura xırıltıyla astadan:

 

- Tamam soyun, - deyib Ayın gümüş işığında məhtəl dayanıb, ərinin zarafat etdiyini və yaxud ciddi danışdığını dərk etmədiyindən, tərəddüd göstərən Xavəri intizarla süzərək nəfəsi darıxa-darıxa təkrar elədi:

 

- Zarafat eləmirəm, çılpaq ol, istəyirəm son dəfə duyum bədəninin məhrəmliyini.

 

Xavəri həya təri basdı. Ona elə gəldi əri xərifləyir.

 

Artıq altı il var idi ki, Xavər əriylə bir yastığa baş qoymurdu, işdi əgər evə qonaq-qara gələndə təsadüfən bir yorğan-döşəkdə yatırdılarsa da, amma yavuqluq edib həmağuş olmurdular. Bu yaşında ərinin qabağında çılpaq dayanmaq onun qəlbində ərinə və özünə qarşı ikrah doğururdu. Həm də Xavər hiss elədi ki, ölüm yatağında olan ərinin qoynuna girməkdən həm qorxur, həm də çiyrənir.

 

Xavərin qəlbində Kərpəliyə qarşı həm şəfqət, mərhəmət hissi yarandı. Ayın gümüşü işığında ürəyi döyünə-döyünə soyunub varlığını çuğlamış təlaş və vahimə ilə çarpışa-çarpışa ərinin ölüm yatağına girmək üçün özünü səfərbər elədi. Xavər qırx il bundan əvvəl on altı yaşında bakirəliyini Kərpəliyə bəxş etmək üçün gərdəyə uzananda belə həyacan keçirməmişdi, belə qızarıb ismət təri tökməmişdi...

 

Ay bürkülü yay gecəsində hamıdan yüksəkdə dayanıb bütün kəndi gümüşü nuruyla yuyurdu. Bu bürkülü yay gecəsində evlərin qır damları da, damlarda uşaq kimi ağlayan pişiklər də, meynələrdən sallanan sulanmış salxımlar da, nar ağaclarının xırda yarpaqlarından boylanan şıltaq narların tacları da, əncir ağaclarının burnu sarı yaşıl qablaları da, insanlara əyləncə bəxş etməkçün damlarda çarmıxa çəkilmiş televizor antenaları da, qızları-oğlanları bir-birinə calaşdıran rəqs meydançaları da, kəndin günbatan əlindəki köhnə qəbristanlığın o dünyadakı insanın bu dünyadakı şan-şövkətindən, qədr-qiymətindən xəbər verən, günçıxana üz tutan bahalı-ucuz baş daşları da Kərpəlinin şam kimi əriyib-əriyib indi son şəfəqini verməkdə olan qəlbinin bütün insanlara məxsus olan hissləri, düşüncələri hərc-mərcliyindən xəbərsizdilər.

 

Pəncərənin dəmir şəbəkələrindən süzülüb içəri girməyə can atan Ayın işığında mavi uzun saçlarını güllü yorğanın üstünə sərmiş, gözləri yumulu halda ərinin yanında səksəkəli uzanıb karıxdığından ara-sıra udqunan Xavər də, Kərpəli ilə qırx il sərasər bir damın altında ömür yoldaşı olmasına baxmayaraq, duymurdu ki, Kərpəlinin varlığında nələr baş verir.

 

Kərpəli arvadına tərəf çönüb əlini Xavərin çiynində gəzdirdi. Ayın işığı onun dərisi aşkar sallanmış qarabuğdayı kürəyini işıqlandırıb Kərpəlinin yadına haçansa tarım, təravətli olan bu kürəyi salanda Xavər ürəyində özü-özüylə mübahisə edirdi:

 

“Zalımsan Xavər, it kimi kinlisən. Axı, o sənin iki oğlunun atasıdır. Heç olmasa axır günlərində həlim ol onunla, axı qonaqdır, gedəcək. Qoy xatircəm getsin. Olan olub, keçən keçib... Eh, neyləyim, ürəyim birinci gündən isinmədi bu yazığa. Qırx il bir evin içində birovuz dolandıq. Nə o mənim xətrimi istədi, nə mən onun. Təqsir məndə oldu, özümü ilk gündən soyuq apardım. Necə də aparmayaydım?.. Xoşuma gəlmədi də! Özündə də az deyildi. O qədər şitlik eləyirdi ki, kənddə itin yanında da hörməti yoxdu. Kim gəldi dolayırdı barmağına. Yerli-yersiz ağzına gələni söyləyib hərzəkarlıq edirdi. Küçənin ortasında kim muşqurtsa şıllaq atır, arvad paltarı geyib arvad toylarında min cürə hoqqa çıxarırdı. Ona özü kimi sırtıq, yelbeyin arvad qismət olmalıydı, mən qismət oldum, ancaq istiqanlı adamdı qaragün. Məni qüssələnməyə, fikir eləməyə qoymazdı. Elə ki, gördü ovqatım təlxdir mütləq bir oyun çıxarıb kefimi duruldardı. Yazıqdır, qoy dönüm, son nəfəsdə öpüm üzündən, ürəyi sakit olsun. Yox, onun özcə təpəsi üçün, az atamı-anamı söyməyib! Az sözümü ağzımda qoymayıb...

 

Kərpəli də üzünü arvadının kürəyinə xəfifcə toxundurub özünü bu dünyada sonuncu kərə məzəmmət eləyirdi:

 

“Bu da azdır sənə! Xavər kişi qızıdır ki, bu qırx ildə sənin hər cürə səfehliyinə, dəmdəməkliyinə, bambılılığına, arsızlığına, xülasə zırramalığına dözüb! Başqası olsaydı çoxdan cəmdəyinə tüpürüb getmişdi. Çox qeyrətli və namuslu arvaddır Xavər. Onunçun da yarımadı məndən. Həmişə ləktələrin, dübülüşlərin suyu şirin olur bu fani dünyada. Kim ki, xoşbəxt olmaq istədi lazımdır zahirini arsızlıq, füzulluq rəngi ilə rəngləsin. Çox mənfəətli rəngdir bu rəng. Əvvəla, dünyanın hər cürə qəmini, kədərini, insanların naqis əməllərinin şüalarını qalxan kimi dəf edib içəri buraxmır, ikincisi, bir köpəyoğlu sənin ürəyini oxuya bilmir. Eh, əgər camaat məni olduğum kimi tanısaydı, lağa qoyub çoxdan dəli eləmişdilər. Necə ki, beş il bundan əvvəl Ağagülü dolaya-dolaya gic elədilər. Təqsir özündə oldu-öz nadir ağlına ürəyindəki tünük məcazlara it dərisindən məhfəzə tikmədi, onunçun da naçar qalıb asdı özünü əncir ağacından. Məhrum oldu əsl, qanuni ölümün ləzzətindən! Məncə, əsl insan ömrünün son anınacan yaşamalıdır, çox ola bilər hansı dərənin quşu olduğunu can verəndə dərk edə biləsən...”.

 

Kərpəli dodaqlarını arvadının kürəyinə toxundurub pıçıldadı:

 

- Xavər, halal elə məni! Bəlkə qəziyyə elə gətirdi yatdım, durmadım.

 

- Günahın varsa Allah keçsin günahından, mən sidq ürəkdən halal eləyirəm səni, - deyib Xavər qəhərləndi, sonra çevrilib Kərpəlinin üzündən öpdü.

 

- Çox sağ ol, Xavər, mən də səni halal eləyirəm. Məmməddən xatircəmam, ailəsini dolandırmaq üçün başını aşağı salıb bir parça çörəyini qazanacaq. Gözün Əhmədin üstündə olsun, harsı-parsı bilən deyil, danışanda da həmişə başından böyük danışır, böyüklə kiçikdə fərq qoymayır.

 

Xavər əvvəlcə istədi desin-“Sənə oxşayıb”-amma bu istehzalı atmacasından vaz keçərək gülümsədi:

 

- Yəhərlənib-yüyələnməyib, ona görə harın at kimi hara gəldi şıllaq atır, evlənəndən sonra yel-qozu yatar, - deyib Kərpəliyə təskinlik verdi.

 

- Görəsən gözaltısı var?

 

- Bilmirəm. Him-cim eləməyib mənə.

 

- Bacarsan ilim çıxan kimi evləndir. Yaşı otuzu keçsə evlənmək istəməz, qırışmal.

 

- Yaxşı...

 

- Çalış öz kəndimizdən evlənsin, qız üçün dağa-daşa düşməyin. Əslini, zatını tanıyın. Indiki qızlar firəng olurlar.

 

- Yaxşı, yat. Çox danışmaq zərərdir sənə, mənim də yuxum tökülür.

 

- Yat, gecən xeyirə qalsın, - deyib Kərpəli arvadının yanağından öpdü.

 

Xavər əsnəyib:

 

- Sən də yat, - pıçıldadı və gözlərini yumdu.

 

Kərpəli:

 

- Yaxşı, yatıram, - deyib arxası üstə çönərək uzandı, amma yatmadı, gözlərini zillədi pəncərəyə. Xırda-xırda parlaq ulduzlar ağ şanının kəhrəba gilələri kimi pəncərənin millərinin dibsiz oymalarında sayrışırdılar.

 

Kərpəli:

 

“Bəs Ay hanı? Sovuşub gedib. Görəsən indi kimin pəncərəsində küllənir. Eh, Aya nə var, məndən də arsızdır, gözümü dünyaya açandan onu belə görmüşəm. Düzdür, gah kökəlir, gah iynə yemiş itlərə dönür, gah qızarır, gah saralır, amma nə naxoşlayır, nə də qocalıb canıyçın əsir. Aləm dağılsa da məsiməyir. Davada görmüşəm, onun bulqar, siyapur sifətini-məxluq al qanında yuyunanda da, bağırsaqlar cəmdəklərə dolaşanda da zalımın balası öz işində idi”-deyə düşünüb gözlərini otaqda gəzdirdi.

 

Pəncərədən otağa qəribə mavi işıq axırdı. Belə yarıqaranlıq birdən-birə Kərpəliyə həm tanış gəldi, həm də çox əziz. Bu qaranlığın qoxusunu da Kərpəli haçansa ciyərlərinə çəkmişdi.

 

Kərpəli təəccüblə:

 

“Ola bilməz! Ilahi, tünük peyin iyi nə gəzir otaqda?” - düşündü. Sonra dərindən nəfəs alıb göz qapaqlarını endirdi...

 

Qumru ulduzla dolu tövlənin içində sallağı oturub inəyi sağırdı. Inək buynuzlarında rəngbərəng çiçəklərdən hörülmüş çələng, ayaqlarında zınqırovlu xalxallar, boynunda yeddi sap mirvari, gözlərində sədəfi eynək, dodaqlarında qırmızı boya gövşək gətirdi. Tövlənin dəfnə yarpaqları ilə haşiyələnmiş qapısından düşən mavi işıq Qumrunun mavi cannığının içində cilvələnən xoşəndamını daha da cazibədar göstərirdi.

 

- Dədəmin təsbehi səndədir?..

 

- Xətakar, məgər arvaddan təsbeh istəyərlər?

 

- Bə-s nə istə-yərlər, qon-şu?..

 

Qumru dolu, sağlam, təravətli bədənini qıvrıldıb qıncanır, arxası üstə qızıl samanların üstünə uzanır.

 

Tövlədə cövlan edib sayrışan ulduzlar gözəl hurilərə dönüb qıvrışa-qıvrışa Kərpəli ilə Qumrunun başına gümüş gülabpuşlardan şərab çiləyirlər. Bu vaxt inək eynəyini gözündən çıxarıb böyürür:

 

- Qaçın! Qaçın gizlənin! Almanlar!..

 

Kərpəli gözlərini açdı, əlini üzünə tutub istədi salavat çevirsin, ancaq birdən yadına düşdü ki, salavatın sözlərini bilmir. Məyus olub ürəyində özünü danladı:

 

“Bu dünyada nə öyrəndin, nə də öyrətdin-təkcə özün bildiyin kimi yaşamağı bacardın. Allahın salavatını da bilmirsən. Eh, bəlkə də elə yaxşı eləmisən bihudə şeyləri öyrənməmisən. Amma yox, Kərpəli, axı deyəsən çox şey öyrənmisən bu dünyada: bənnalıq öyrənmisən, adama sürtüşmək öyrənmisən, şorgözlük, paxıllıq, atandan ağacları qələm eləmək öyrənmisən, xülasə çox şey öyrənmisən. Sadalasan bir araba çıxar. Bəs kimə nə öyrətmisən? Ha, burda deyəsən məsələ tuldur. Amma yox, çox güman heç özümdən də asılı olmayaraq kiməsə hardasa, yalandan da olsa nəsə öyrətmişəm”.

 

Birdən Kərpəlinin yadına qələbədən bir gün sonra Berlində dərzi qadın Bertaya qüsl-təharət öyrətməsi düşdü. Sonra bir hovur çimir eləyəndə inəyin: - Qaçın, almanlar!-böyürməsini yadına salıb gileyləndi:

 

“Bu namərd uşağı nemeslər hardan gəlib çıxdılar ixtilatın şirin məqamında?! Zındıq oğlanları! Qurumsaqlar!”

 

Bürkülü yay gecəsində ölüm yatağında yatan Kərpəli özü də istəmədən bir şeyi kəşf elədi:”Lənət sənə kor şeytan, sən demə mən dünyada bir nəfəri ömrüm uzunu sevib ürəyimdə gəzdirmişəm; o da cəmi bircə kərə tövlədəki samanlıqda həmağuş olduğum Qumrudur”.

 

Kərpəli dərindən nəfəs alıb evdəki yüngül peyin qoxusundan xoflandı:

 

“Yaxşı, bu peyin iyi niyə əl çəkmir yaxamdan?! Yuxudan ki, oyanmışam! Bəs bu tövlə iyi hardan gəlir? Bu nə sirdir görəsən?”-fikirləşdi.

 

Kərpəli bir istədi Xavəri oyadıb onun da burnunun iy çəkib-çəkmədiyini soruşsun, amma arvadını narahat eləməyə qıymadı. Burnunda bu dünyanın daha bir sirli qoxusu, bu dünyada daha bir gecə də yuxu tapdı.

 

Ancaq bu peyin qoxusunda heç bir sirr-filan yox idi; oğlu Məmməd, ağcaqanadlar gənc və gözəl arvadını dişləyib bəyaz bədəninə qırmızı çillər səpməsinlər deyə, həyətin düz ortasında təzək yandırmışdı...

 

Ömər həmxanasının zəhlətökən xorultusundan gözlərini açanda Günəş yenicə çıtlayaraq iki çarpayılıq səliqəli otağın arxadan azacıq tozlanmış geniş pəncərələrində parıldayırdı.

 

Ömər gözlərini ovuşdurub əsnəyərək:

 

- Zalımın balası, guya müalicəyə gəlib. Gecə düd deyənəcən içib, indi də donuz kimi xoruldayıb baş-beynimi aparır, - dodaqucu deyindi və çönüb baş tərəfindəki dolabçanın üstündə astadan çıqqıldayan qırmızı qınlı saata baxdı; altıya beş dəqiqə qalırdı.

 

Ömər:

 

“Buna bax ə, hələ altı olmayıb, gün isə adamın üzünü isidir. Günorta istidən adamın bağrı çatlar ki! Deyirlər, burda əla çimərlik var; gərək tibbi müayinədən sonra dükanlara baş çəkəm, özümə bab bir üzgüçü tumanı alam, yoxsa bu uzun dizlikdə çimsəm, məxluqu güldürrəm özümə...”-deyə ürəyində götür-qoy edəndə onun həmxanası ləzzətlə elə bir xorna çəkdi ki, Ömər diksindi. Bu qafil səksəniş Ömərin beynini əməllicə çalxalayıb başındakı fikir axınını pərən-pərən saldı. Ömər yerindən dik qalxdı.

 

“İndi mən neyləyim? Tibbi müayinəyə hələ üç saat var. Bəs bu üç saatı nəyə sərf eləyim? Bunun xorultusundan yatmaq mümkün olmayacaq. Gərək xahiş eləyim yerimi dəyişsinlər, yoxsa bunun xorultusu məndə sağalmaz azarlar əmələ gətirər”.

 

Ömər həvəssiz çarpayısına uzandı. Gözlərini yummaq istəyirdi ki, dəhşətli xorna səsi qulaqlarını cingildətdi.

 

Ömər:

 

- Yox, bu olmadı! Bu əməlli-başlı təhqirdir, - çığırıb hiddətlə çarpayısından qalxdı.-Buna dözmərəm! Cırmaqlayanı didməsən, deyər əli yoxdur!

 

Ömər hirsli-hirsli gəlib dayandı xoruldayanın başının üstündə. Nazik, uzun barmaqlarını həmxanasının sarı tüklü yumru çiyninə astaca toxundurub boğazı quruya-quruya pıçıldadı:

 

- Daraqoy, ay daraqoy...

 

Xoruldayan heç məsimədi də. Daha da şiddətli bir xorna çəkdi. Ömər hövsələdən çıxıb var gücüylə onun ətli sifətinə şillə çəkdi və elə o an da otağın qapısına qısılıb adamları köməyə çağırmaq üçün çığırmağa hazırlaşdı. Xoruldayan heç gözlərini də açmadı.

 

“İlahi, bu necə adamdır? Bu necə xorultudur? Yəni mən bədbəxt iyirmi dörd gün bunun çıxardığı dəhşətli səslərə qulaq asmalı olacağam? Yox, çarə lazımdır! Mən deyirəm, xoruldama, o isə səhər yeməyinin vaxtını soruşur. Zalım uşağının yarı canı yeməyin yanındadır, bir də araq zəhrimarının!”

 

Sonra Ömər balışı başından götürüb çarpayısının içində durub oturdu. Ləzzətlə fısıldayan həmxanasına qanlı-qanlı baxaraq qəti qərara gəldi ki, nəyin bahasına olursa-olsun bu gün otağını dəyişməlidir.

 

Günortaya yaxın Ömər həkimin müayinəsindən çıxıb sanatoriyanın girəcəyində olan su ilə zümzüm edən hündür, iri, dairəvi hovuza tərəf gedəndə kefi kök idi; deyəsən hələ üstəlik çəhrayı dodaqlarını şəkləyib fit də çalırdı. Onun kefinin saz olmasının iki mühüm səbəbi var idi; baş həkim Ömərin təsadüfən yerlisi çıxdığından onu çox mehribanlıqla qarşılamış, olmazın hörmət göstərmiş-hətta bir stəkan pürrəngi çaya da qonaq eləmiş və onu əmin eləmişdi ki, Ömərdə ciddi heç bir xəstəlik yoxdur, sadəcə olaraq mədə şirəsi bir balaca aşağıdır və bundan ötrü çoxlu əncir yemək lazımdır. Həkimin nəvazişlə dediyi xoş sözlər onu öz səhhətinə qarşı olan bədgümanlıqdan, şək-şübhədən xilas etmişdi. Bu, Ömərin ləzzətlə fit çalmasının birinci səbəbi idi. Ikinci səbəbi isə bu idi ki, artıq heç vaxt Ömərin qulaqları xorultu, fısıltı səsinə məruz qalmayacaqdı. Baş həkim ona söz vermişdi ki, hökmən nahardan sonra otağını dəyişəcək. Buna görə Ömər fıştırıq çala-çala hovuza tərəf gedirdi.

 

Ömər uşaq cəldliyilə tullanıb hovuzun pillələrini çıxdı, bir balaca nəfəsini dərib hovuzun üstündə qoyulmuş skamyaların birinə yanını basdı. Bir müddət hovuzun qırçın-qırçın dalğalanan gömgöy suyuna, suda ara-sıra şappıltı salan balıqlara, hovuzun düz ortasında əllərində üzüm salxımları tutmuş üç arvadın heykəlinə fərəhlə baxdı. Bu fərəh onunçun kifayət eləmədiyindən çömbəlib əllərini suya saldı və başladı suyu şappıldatmağa. Bir an çəkmədi ki, əllərinin dövrəsinə irili-xırdalı rəngbərəng balıqlar yığıldılar. Hətta balıqlardan biri zirəklik eləyib onun barmağını yüngülcə dişlədi də. Ancaq bir az çəkmədi ki, balıqlar şappıltı salaraq suyun dibinə çəkildilər. Deyəsən balıqlar başa düşmüşdülər ki, bu adamın onları yemləmək fikri yoxdur; bekarçılıqdan onlarla əylənmək istəyir. Balıqların isə çox güman daha maraqlı əyləncələri olduğundan Öməri saya almadılar.

 

Ömər bu günəşli yay günündə xoşbəxt idi. Çünki üç-dörd gün əvvəl ölümün yaxında olması haqda yazıq-yazıq düşünməsinin əleyhinə olaraq, o çox yaşayacaqdı. Lap çox! Belə ki, iki sevimli qızını zurna-balabanla ər evinə yola salmağa, bir az pul toplayıb evin avadanlığını təzələməyə, yenicə özülünü qoyduğu hamamxananı tikib qurtarmağa, aqronom işlədiyi sovxozun alma bağında öz əlilə qələm elədiyi ağacların bəhərini nübar eləməyə, xülasə, baş həkimin dediyinə görə lap azı otuz il yaşamağa ömrü olacaqdı.

 

Dünyanın işinə bax; üç-dörd gün əvvəl bir il yaşamağa gümanı gəlmədiyi halda, indi Ömərə azı otuz il ömür boyun olurlar.

 

Ömər fövqəladə nikbinlik və sevinclə qollarını açıb çığırdı:

 

- Deməli, səksən beş yaşınacan ömür sürəcəyəm!

 

Uzaqdan baxanda elə gələrdi ki, o hovuza tullanmaq üçün sıçrayışa hazırlaşır. Düzünə qalsa hovuzda çimmək qadağan olunmasaydı Ömər məmuniyyətlə şalvarını, köynəyini soyunub belə günəşli yay günündə zümzüm eləyən hovuza baş vurar, balıqlarla oynaşardı. Çünki Ömər bu saat həddindən ziyadə bəxtəvərdi.

 

Yanbızlarını basa-basa hovuzun üstünə çıxan kök qadını görəndə Ömərin bəxtəvərliyi birəon artdı. Qadın gövdəsini oynada-oynada gəlib Ömərlə çiyinbəçiyinə dayandı. Ömərə elə yavuq durmuşdu ki, hətta bir-iki dəfə dolu döşləri Ömərin çiyninə xəfifcə toxunub Ömərin bədənini gizildətdi də.

 

Ömərin fikri isə tamam başqa yerdə idi: “Həkim neçə kərə təkrar eləyib dedi ki, çalış çoxlu əncir ye, həm təzəsini, həm də qurusunu. Təzə əncirin dəyməsinə hələ iki ay var. Bura əncirin məskənidir, gedim gəzim dükan-bazarı bəlkə bir torba qurusunu tapdım...”.

 

Qəzənfər piştaxtanın üstündəki sumağı cildli kitabı vərəqləyib-vərəqləyib nəhayət beş barmağının beşini də qoydu bir səhifəyə, eynəyini alnına qaldıraraq bayaqdan onun Füzulidən oxuduğu qəsidələri həvəslə dinləyən həmsöhbəti qırçı Fərəcin küt üzünə nüfuzedici nəzərlərlə baxıb çılğın-çılğın dedi:

 

- Yoxdur! Babam Ərvahına and olsun ki, yoxdur! Yalan deyirəmsə, Günəşin işığını görməyim, quşların civiltisini eşitməyim! Yoxdur! Füzulidən ana bir kərə doğub. Əşi, bir qulaq as gör kişi nə əcəb deyib; - Qəzənfər şəhadət barmağını toxundurdu eynəyinin qulaqlığına, eynək alnından sürüşüb oturdu onun istidən tərləmiş iri, ətli burnunda. Qəzənfərin eynəyinin şüşəsində böyümüş qonur gözləri bir-iki dəfə o yan-bu yana hərəkət edib nəhayət bir nöqtəyə zilləndi.

 

Qəzənfər seçdiyi qəsidənin:

 

“Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər,

 

Təqalibi-zaman izhari-süni-kirdigar eylər”-beytini bəlağətlə oxuyub, yenə eynəyini qaldırdı alnına. Sınayıcı nəzərlərlə Fərəcin daha da kütləşmiş üzünü süzüb:

 

- Hə, aşna, necədir?-soruşdu, yaylığını çıxarıb əvvəlcə boynunun, sonra da ülgüclə qırxılmış başının tərini sildi.

 

Fərəc əvvəlcə istədi soruşsun ki, “təqalibi-zaman”, “izhari-süni-kirdigar”ın mənası nədir, amma Qəzənfərin onu kəmsavad, qanmaz adlandıraraq lağa qoyacağından çəkinib:

 

- Əşi, aləmdir! Dəryadır! Halal olsun ona, - dedi və burnunu çəkə-çəkə Füzulini tərifləməkdən savayı çarə bulmadı.

 

Qəzənfər yenə də eynəyini burnunun üstünə endirdi, elə istəyirdi qəsidənin mabədini oxusun, kitab dükançasının taybatay açıq qapısından Ömər oğrun-oğrun girdi içəri. Dükana xam-xam nəzər salıb tərəddüdlə Qəzənfərə tərəf addımladı. Ağ titrək barmaqlarını pianino çalırmış kimi ehmalca piştaxtanın üstündə gəzdirib nigarançılıqla pıçıldadı:

 

- Qəzənfər sizsiniz?

 

Qəzənfər eynəyini qaldırıb qarşısında karıxdığından əzilib-büzülən, ondan səbrsizliklə cavab gözləyən bu balacaboy cılız adamı təpədən qurşağacan süzdü; Ömər piştaxtaya çox yaxın olduğundan Qəzənfər qurşaqdan aşağı heç nə görə bilmədi. Qəzənfər bir gözünü qıyıb:

 

- Bəli, mənəm, - cavab verdi və başladı eyzən onun kimi piştaxtanın üzərində barmaqlarını gəzdirməyə.

 

Ömər Qəzənfərin rişxəndsayağı təqlidini deyəsən duydu, buna görə də əllərini piştaxtanın üstündən yığışdırıb aşağı saldı və elə o an ağ barmaqlarını bir-birinə keçirib qəflətən özü də istəmədən şaqqıldatdı. Qəzənfər şaqqıltıdan gözlərini qırpdı. Ömər özünü itirib əvvəlcə bu yersiz hərəkətinə görə üzr istədi, sonra yavaşca soruşdu:

 

- Sizdə əncir qurusu var?

 

- Nə, əncir qurusu?-deyib Qəzənfər qalın qaşlarını düyünlədi.

 

- Hə, əncir qurusu. Hər yanı gəzmişəm, heç yanda yoxdur. Bazarda bir kişi mənə dedi ki, olsa-olsa Qəzənfərdə olar. Sizin dükançanın səmtini mənə nişan verdi, - deyib Ömər ümidlə Qəzənfərin gülümsəyən üzünə baxdı.

 

- O adamın-səni bura göndərəni deyirəm-nişanələri necədir?-deyə Qəzənfər maraqla soruşdu.

 

- Saqqalı var. Bazarda göyərti satır. Gözləri də deyəsən göydür.

 

- Molla Həsəndir! Başımla zamin ki, molla Həsəndir! Ay səni, göygöz vələduzna!-deyib Fərəc istədi əyləşdiyi kətildən qalxsın. Qəzənfər ona xəlvəti göz vurub üzünə ciddi görünüş verərək:

 

- Bilirsən, əmioğlu, - dedi.-Məndə quru əncir var idi, uşaqlar qışda muşqulat eləyib çıxdılar axırına. Olsaydı müzayiqə eləməzdim. Yoxsa min lənət! Ancaq naümid olma. Bu dünyada bir ölümə əlac yoxdur. Əgər hökmən lazımındırsa, məhtəl dayanma, burdan düz get Kərpəligilə, onda mütləq olar.

 

Ömər udqunub:

 

- Kərpəli kimdir?-soruşdu.

 

- Kərpəli bu kəndin cürəbəcürə meyvə qurusu satanıdır. Onda lap can dərmanı da tapılar. Bax, bu küçəylə düz getsən onların evlərinin həndəvərinə çıxarsan. Evlərini kimdən soruşsan nişan verər, - deyib Qəzənfər bir də Fərəcə göz basdı və bayaqdan əlində tutduğu sumağı cildli kitabı büküb qoydu rəfə.

 

Ömər sadəlövhlüklə Qəzənfərə:

 

- Çox sağ ol, - deyə təşəkkür edib çıxdı küçəyə.

 

Fərəc bir müddət qanlı-qanlı Qəzənfərin gülümsəyən gözlərinə baxıb zil qara gözlərini bərəldərək özündən çıxdı:

 

- Kişi evdə şirin canının həşirindədir, sən isə zarafat eləməyə məqam tapmısan. Öləndə də bir-birinizi dolamaqdan, ələ salmaqdan həzz alırsız. Mən səni belə imansız bilməzdim.

 

Fərəc küsmüş adamlar kimi arxasını Qəzənfərə çevirdi və şəst ilə pencəyinin cibindən qəlyanını, bir də “Zolotoe runo” tütününün qutusunu çıxardı. Əsəbləşdiyindən əlləri əsə-əsə başladı qəlyanını doldurmağa.

 

Qəzənfər gözlərini döşəməyə səpələnmiş xoş ətirli qızılı, qıvrım tənbəki saçaqlarından çəkərək darçını papağını başına qoyub piştaxtanın arxasından çıxdı və gəlib dayandı əda ilə qəlyanını tüstülədən Fərəcin qənşərində.

 

- Dəxli yoxdur, lap xor-xor qəlyan da çəksən, bu dünyaya xər gəlmisən, xər də gedəcəksən, - deyib zarafatla Fərəcin çənəsindən çimdiklədi. Sonra piştaxtanın üstündən qıfılı götürüb:

 

- Lövbərini qaldır, dur gedək, - deyərək yanlarını basa-basa küçəyə çıxdı.

 

Fərəc acıqla kətildən qalxdı. Küçəyə çıxanda dönüb tərs-tərs Qəzənfərə baxaraq dedi:

 

- Bütün kənd səni sadəlövh, ürəyitəmiz sayır, ancaq səndən xudpəsəndi, haramzadəsi varsa, o da sənsən!

 

Qəzənfər qara qıfılı qapının dəmir qulplarına salaraq açarı çaqqıldatdı, dönüb təəccüblə soruşdu:

 

- Nə olub ki, nə haramzadəlik eləmişəm?

 

- Bilmirsən? Sən əvəz çıxırsan Kərpəlidən!

 

- Nə əvəz? Nəyin əvəzini?

 

- Özünü tülkülüyə qoyma, özün əla bilirsən! Bərəkallah, əntiqə fürsət tapmısan hayıf çıxmağa!-deyə Fərəc ağzı köpüklənə-köpüklənə çığırıb istədi düzəlsin yoluna. Qəzənfər iri əlləriylə Fərəcin çiynindən yapışdı:

 

- Oxu atıb yayını gizlətmə, de görüm nəyin hayıfını çıxıram Kərpəlidən! Deməsən əzib muma döndərərəm sənin quleybanı cəmdəyini, - deyib əməlli-başlı silkələdi Fərəci.

 

- Burax çiynimi, öküzün biri, öküz! Burax deyirəm! Sən ananasın hayıfını çıxırsan ondan, - deyib Fərəc güc-bəla ilə çiyinlərini Qəzənfərin əllərindən xilas elədi.

 

Qəzənfər təəccüblə ətli dodaqlarını şəkləyib soruşdu:

 

- Nə ananas? Ananas nədir?!

 

- Yadından çıxıb? Inişil Kərpəli sənə iki şitil verib dedi ki, ananasdır. Sən maymaq da hırnan-zırı bir-birindən ayırd etmədiyindən həmin şitilləri torpağa basdırdın. Düz iki ay bəslədin, nazlarını çəkdin, aləmə də car çəkdin ki, ananas əkmisən! Axırda da üç dənə xırda-xırda badımcan dərdin! Bax bunun əvəzini çıxırsan Kərpəlidən!-deyib Fərəc əvvəlcə çımxırdı Qəzənfərə, sonra birdən pıqqıldayıb hırıldadı:

 

- Öz aramızdır, zırramanın zırpısısan! Çünki bu yaşa çatmısan, amma badımcan şitililə ananası bir-birindən seçə bilmirsən.

 

Qəzənfər əvvəlcə pərt olub pörtmüşdü, sonra o da gülüb dedi:

 

- Sarsaqlama, gəl gedək! Mən ki, Kərpəlini tanıyıram, elə adam zarafatdan inciməz-hamını öz arşınınla ölçmə - biləks son nəfəsdə də hökmən bir hoqqa çıxarar.

 

Qəzənfərlə Fərəc bir-birlərinə qoşulub nigarançılıqla Kərpəligilə yollananda köhnə kəndin evlərinin, hasarlarının dibində bir qarışdan artıq kölgə olmazdı.

 

Bayırda istidən nəfəs tutulmasına baxmayaraq, Kərpəlinin üstünə iki yun yorğan salıb üzü gündoğuşa uzandırmışdılar. Evdəkilər, qohum-qonşular nə qədər yalvarıb-yaxarmışdılar, dil-ağız eləmişdilər, müsəlmançılıqdan dəm vurmuşdular ki, Kərpəli üzü qibləyə - cənuba-uzansın, amma Kərpəli onların hər cürə tövsiyələrini, öyüd-nəsihətlərini, nəhayət behiştdəki göyçək hurilər haqqında şirnikləndirici vədlərini, cəhənnəmdəki ağzından od püskürən əjdaha ilə hədə-qorxularını gülə-gülə rədd edib:

 

- Mənimçün dünyanın hər cəhəti müqəddəsdir, - demişdi.-Çünki dünyanın hər tərəfində, hər bucağında heç olmasa bir aramgah-qibləgah mövcuddur ki, insan adlanan ya bunların hamısına düşünmədən müstəqil səcdə etmişdir, ya da bunların müqəddəsliyinə şübhə etdiyi üçün ağına-bozuna baxmadan bütün qibləgahlara dirsək göstərməlidir. Dünyada yeganə səcdəgah varsa o da gündoğuşdur. Çünki gözləri olanların hamısı bilir ki, həqiqi Günəş təkcə ordan doğur!

 

Oğlu Məmmədin:

 

- Axı, dədə, qayda hamısı üçün birdir, - məzəmmətinə Kərpəli başını azacıq qovzayıb inadla:

 

- Kərpəlidən başqa, - demişdi.-Kərpəli istədiyi kimi yaşayıb, istədiyi kimi də can verəcək!

 

Məmməd atasıyla mübahisənin səmərəsiz olduğunu anlayıb səssiz-səmirsiz otaqdan çıxaraq getmişdi məscid həyətindən mafə-tabut gətirməyə. Məmməd əmin idi ki, daha buna atası etiraz eləyə bilməyəcək.

 

Kərpəli evin ortasında üzü gündoğuşa uzanıb son çağlarını yaşayırdı. Artıq o özü də ağır-ağır nəfəs alaraq son işığını verən canıyla hiss eləmişdi ki, yaşamasına az qalıb. Kərpəli göz qapaqlarını güclə qaldırıb başının üstündəki ağımtıl tavana baxdı:

 

“Hələ sağam. Görürəm. Bir azdan ya hər tərəf ağaracaq, ya da biləks qatı zülmət olacaq. Görəsən hansı yaxşıdır? Qəribədir bu dünya, sən demə ağın üzünü ağardan qaradır, qaranı qaraldan ağdır. Ağsız qaranın bir qəpiklik qiyməti yoxdur, qarasız da ağın! Bəlkə də dünyanı sevimli, gözəşirin edən ağnan qaranın olmasıdır? Əlbəttə! Bir qadın başdan ayağa ağ olsa ona kim yaxın düşər? Vay-vay, qadının hər yeri ağappaq, gözləri də, saçları da, dodaqları da, qaşları da, kirpikləri də... Tfu... Yaxud əksinə! Iki qat tfu! Deməli, biz ölümdən ona görə qorxuruq ki, ölüm yekrəngdir... Deməli, birazdan hər şey bir rəngdə olacaq! Hə, Kərpəli, burda zarafat, lağ deyəsən dadına çatmayacaq! Deməli, mən bütün ömrüm uzunu bu günçün yaşamışam. Ölməmişəm ki, indi öləm... Axı mən otuz yeddi il bundan qabaq otuz doqquz yaşında da ölə bilərdim. Amma onda ölmədim. Zarafatla canımı qurtardım güllədən.”

 

Kərpəli otuz yeddi il əvvəl baş vermiş əhvalatı xatırladı. Azacıq gülümsədi. Kərpəli son nəfəsdə anladı ki, otuz yeddi il əvvəl almanları lağa qoyub etdiyi zarafat onun ömrü uzunu etdiyi zarafatların ən sanballısıdır. Birdən Kərpəli duydu ki, təkcə bu zarafatı eləməkçün dünyaya gəlməyə, yaşayıb ölməyə dəyərmiş:

 

“Axı, belə gözlənilməz, ağlasığmaz zarafatı eləməyə hər adam özündə cəsarət tapa bilməz. Belə zarafatı eləməkçün mütləq lazımdır Kərpəli olasan! Həndəvərində baş verənlərə Kərpəli kimi münasibət bəsləyəsən! Axı, Kərpəlidən başqa kim ona tuşlanmış faşist avtomatlarına qarşı qəflətən çömbəlib gücü gəldikcə biədəb səs çıxara bilər bu dünyada?! Düzdür bu biədəb hərəkətimə görə almanlar məni huşumu itirənəcən əzişdirdilər, amma öldürmədilər”-deyə Kərpəli qürurla düşündü.

 

Kərpəli otağın ortasında üzü gündoğuşa uzanıb bir şeyə təəssüflənirdi:

 

“Adamların hamısı məni zarafatçı, şit, lağlağı bir adam kimi yad edəcəklər həmişə. Onların heç birinin ağlına gəlməyəcək ki, Kərpəli ürəyi incə hisslərlə çırpınan bir şair idi. Kimə dönüb desəm ki, mən əsl şairəm, amma şeir yazmaq əlimdən gəlmir, deyəcək: - Kərpəli ölüm ayağında da sayaqlayır, ya da bizi həmişəki kimi dolayır barmağına. Eh, adın çıxınca canın çıxsın bu dünyada.”

 

Kərpəli gözlərinin yummaq istəyirdi ki, oğlu Əhməd içəri girib astadan pıçıldadı:

 

- Dədə, bir nəfər qərib gəlib, səni görmək istəyir. Yaxşı adamdır, Qubadan gələndə mənim yol yoldaşım olub.

 

- Qoy gəlsin...

 

Ömər çəkinə-çəkinə içəri girib:

 

- Kərpəli sizsinizmi?-soruşmuşdu ki, Qəzənfərlə Fərəc də tövşüyə-tövşüyə gəlib çıxdılar.

 

Kərpəli:

 

- Hə, mənəm, - deyib başı dumanlana-dumanlana yenicə içəri girmiş Qəzənfərlə Fərəcə zənn ilə baxdı.

 

Ömər yazıq-yazıq:

 

- Sizdə əncir qurusu var? Varsa heç olmasa bir kilo verin mənə, - dedi.

 

Kərpəlini gülmək tutdu, istədi olan-olmaz gücünü toplayıb qəhqəhə çəksin, amma minnətdarlıqla Qəzənfərin üzünə baxıb gülümsədi. Çünki o saat duymuşdu ki, ölüm ayağında tanımadığı qəribin ondan əncir qurusu istəməsinin səbəbkarı Qəzənfərdir.

 

Kərpəli bir istədi tanımadığı adamı son nəfəsdə lağa qoyub həmyerlilərinin kefini durultsun. Amma yadına düşdü ki, evdə bir torba əncir qurusu var. Ömrünün son dəqiqələrində Kərpəlinin ağlına qəribə fikir gəldi:

 

- Əhməd, Xavərə de, əncir qurusu olan torbanı gətirsin. Özün də həyət-bacada, ara-məhəllədə şalqarın Həsəndən savayı kim var çağır gəlsin. Deyinən gəlib görsünlər Kərpəlinin son hoqqasını.

 

Əhməd cəld otaqdan çıxdı.

 

Kərpəliyə elə gəldi ki, kim isə ürəyindən bumbuz əllərlə yapışıb vamla sıxır.

 

“Hə, deməli ölüm belə olur”-deyə Kərpəli düşünüb astadan zarıdı. Bu vaxt Xavər əlində kiçik bir torba içəri girdi, onun dalısıyca Əhməd və beş-altı adam da otağa daxil olub intizarla Kərpəlinin ağarmış bənizinə baxdılar.

 

- Bura ver torbanı, - deyib Kərpəli nıqqıldadı.

 

Əhməd içini çəkə-çəkə torbanı anasından alıb atasına uzatdı.

 

Kərpəli ürəyində son dəfə özünə təskinlik verdi:

 

“Hə, Kərpəli, dünyaya gələndə təkcə ata-ananı sevindirmişdin, gedəndə isə bu evdəkilərin hamısını şənləndirməlisən. Yoxsa haram olsun sənə anandan əmdiyin süd!”.

 

Kərpəli səs-səmirsiz Ömərə işarə elədi ki, yaxın gəlsin. Ömər dovuxmuş halda gəlib çömbəldi Kərpəlinin başının üstə.

 

Kərpəli:

 

- Bacıoğlu, sən mənim sünnət toyumda əl-qol açıb rəqs eləməmisən, düzdür?-soruşub gülümsədi.

 

Otağa cəlb olanların hamısı şaqqanaq çəkib güldülər. Ömər də güldü. Çünki hiss eləmişdi ki, onu dolayan can üstədir.

 

Ömər:

 

- Düzdür, Kərpəli əmi, - deyib gülə-gülə qəhərləndi.

 

- İndi ki, düzdür, düş ortalığa, bir dənə “Qoçəli” oyna. Oynadın, oynamadın bu bir torba əncir qurusu sənindir, amma oynamağın məsləhətdir.

 

- Axı, çalan yoxdur, Kərpəli əmi, - deyib Ömər karıxdı.

 

- Çalan var, biri Qəzənfərdir - əla zurna çalır, birisi də Fərəcdir-o da qəşəng dümbəy çalır. Xahiş eləsək çalarlar.

 

Otaqdakılar yenə də güldülər.

 

Kərpəli hiss elədi ki, bir azdan canı çıxacaq. Ona görə də Əhmədə işarə eləyib yanına çağırdı.

 

- Qaldır məni, - deyərək bütün qüvvəsini cəm edib başını qovzadı.

 

Əhməd atasının xasiyyətinə bələd olduğundan etiraz eləmədi. Ehmalca atasını qoltuqlayıb ayaq üstə qaldırdı.

 

- Hə, çalın görək...

 

Qəzənfər iki əlini ağzının qabağında yumruqlayıb başladı ağzıyla “zurna çalmağa”. Qəzənfərin “zurna çaldığını” görən Fərəc də cəld kətil qapıb döyəclədi.

 

- Hə, bacıoğlu, süz görək, - deyib Kərpəli gülümsədi.

 

Ömər bu qəribə vəznli oyun havası sümüklərinə düşməsə də qollarını qaldırıb düşdü ortalığa.

 

- Bərkdən çalın! Ay məni istəyən, düş ortalığa! Sən də oyna Xavər!..

 

Hamı oynayırdı... Təkcə Xavər kandarda dayanıb kəlağayısının ucuyla göz yaşını silirdi.

 

Birdən Əhmədin yanıqlı-yanıqlı:

 

- Dədə! Ay dədə!..-çığırıb ağlamasından hamı quruyub dayandı. Otaqdakılar Kərpəlinin başına cəm olanda Kərpəli iki əncir qurusunu ovcunda sıxıb keçinmişdi...

 

İsti və küləksiz bazar günü olduğundan Xəzərin bir balaca sahilində yerləşən çimərlikdə adam əlindən tərpənmək olmurdu. Uzaqdan baxana elə gəlirdi ki, bütün Bakı istinin əlindən qaçıb sərinləşmək üçün, dənizdə çimib bədənini günə vermək üçün, rəngbərəng sayəbanların altında uzanıb söhbət-ixtilat eləmək üçün, bir neçə saatlığa dünyanın hər cürə qayğısından azad olmaq üçün soyunub bura gəlib. Arvadlı-kişili, qızlı-oğlanlı yarıçılpaq adamların arasında paltarını soyunmayanlar da var idi. Bunlardan biri də bir neçə cavanla dövrə vurub voleybol oynayan nügədili Ömər idi. Onun başı Kərpəlinin dəfninə qarışdığından macal tapıb üzgüçü tumanı ala bilməmişdi. Ömər yerə düşən qəhvəyi dərili topu qaldırıb oyuna atmaq istəyirdi ki, yaxınlıqdakı sayəbanın altında zolaq-zolaq qırmızı məhfəzənin üstündə qarnıüstə uzanıb kitab oxuyan tanış kök qadın onu ərknazla səslədi:

 

- Ömər, Ömərcan, ağrın alım, gəl mənə əncir qurusu ver.

 

Ömər topu oyuna atıb cəld sayəbanın altına qaçdı, yarı olmuş torbadan bir ovuc əncir qurusu götürüb qadına uzatdı, nəzakətlə:

 

- Pajalüstə, - deyərək dişlərini ağartdı.

 

Qadın əncir qurusunu alıb işvə ilə:

 

- Payın artıq olsun, - dedi və Ömərə mavi gözlərilə göz vurdu.

 

Onlardan bir az aralıqda oturub stəkanla “Ağdam” şərabının son damlasını sıxan Ömərin keçmiş həmxanası ucadan cəm halında qəliz bir ana söyüşü söydü. Ömər kitab oxuya-oxuya əncir qurusu yeyən qadını bic-bic süzərək:

 

“Əşi, qoy tıxır, onsuz da bu quru əncirlərin hayıfını bu gecə onun yumşaq canından iki qat çıxacağam”-düşündü və çömbəlib qadının qulağına nəsə pıçıldadı. Qadın çönüb “Ağdam”la dolu stəkanı başına çəkən Ömərin keçmiş həmxanasına baxdı, cingiltili bir qəhqəhə çəkərək Ömərin uzun burnundan nəvazişlə çimdiklədi.

 

Elə bu vaxt kəndin girəcəyindəki köhnə qəbristanlıqda Qəzənfərlə Fərəc qəbirlərin arasıyla gəlib əyləşdilər təzə bir qəbrin yanındakı ağ daşların üstündə. Qəzənfər sumağı cildli kitabı açıb üzünü tutdu əvvəlcə Fərəcə, sonra da Kərpəliyə:

 

- Hə, qulaq asın, - deyərək Füzulinin:

 

Səcdədir hər qanda bir büt görsəm ayinim mənim,

 

Xah mömin, xah kafir tut, budur dinim mənim – mətləyilə başlanan qəzəlini “Şur” üstündə avazla oxudu.

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017