İsgəndərsayağı çözüm Mətanət Vahidin yazısı

Kulis.Az Mətanət Vahidin “Ədəbiyyat qəzeti”ndə çap olunmuş  “Qan Turalının İsgəndərsayağı çözümü” məqaləsini təqdim edir.

 

 

 

 

İlk romanından sonra artıq Qan Turalıdan yaxşı bir roman gözləmirdim. Son vaxtlar yazdığı bir neçə hekayəsindən, xüsusən, “Gecə zəngi”ndən sonra isə belə qənaətə gəldim ki, o artıq nəsrdə sözünün “Mustafa”sını deyib qurtarıb. Elə “sobadan yenicə çıxmış” “Fələk qırmancı” da əlimə gəlib çatmamış haqqında tənqidi fikirlər eşidib düşündüm ki, doğrudanmı yenə alınmayıb? Di gəl ki ədəbi zövqünə və bir o qədər də ədəbi vicdanına güvəndiyim  gənc yazar “fərasətli şairin resenziyası kitabından əvvəl çıxar” misalı “Fələk qırmancı”nın çapından xeyli əvvəl yazdığı resenziyasında əsəri “qırmanc kimi roman” adlandırırdı. Bu tanıtım olmasaydı, bəlkə də, artıq Qan Turalıdan növbəti bir əsər oxumaq istəyim də olmazdı.

  

“Fələk qırmancı”nda dərhal diqqəti cəlb edən əsas cəhət – yeri, məqamı gəldikcə digər mətnlərlə dialoqa girərək “mətndən ibarət bir dünya” (J.Derrida) yaradılan romanın postmodern gedişləri haqqında məndən öncəki yazarlar artıq bəhs ediblər. Elə müəllif özü də müsahibəsində oxucuya əməlli-başlı ipucu verir. Bununla bağlı bir haşiyəyə çıxım: bu esseni təzəcə bitirib saytlara göz atırdım ki, Qan Turalının yeni romanı haqqında müsahibəsini gördüm. Oxudum və... yazımdakı xeyli məqamların müsahibədə şərh olunduğundan müəllif “mənim fikirlərimdən yola çıxıb” iddiasında olmasın deyə, cümlələrimi ixtisar etməli oldum. Mənmi gecikmişdim romandan yazmağa? Məncə, müəllif tələsib müsahibə verməyə.

    

Ümumiyyətlə, bəzi yazarların hər yazdıqlarına az qala, hamıdan əvvəl şərh vermə həvəsini heç cür anlaya bilmirəm. Mətnə müstəqil həyatını yaşamağa, oxucuya onu özününküləşdirə, tamamilə mənimsəyə bilməyə şans vermirlər, “bu mənim mətnimdir” deyib ikiəlli yapışırlar romandan. Doğrudur, geniş yayılmasa da, əsər haqqında müsahibə vermək dünya praktikasında da var. Amma mən bu təcrübənin - oxucunu yazının mətbəxinə daxil etməyin qəti əleyhdarıyam. Aydın Talıbzadənin də “Əbuhübb” romanı haqqında müsahibəsini oxuyub beləcə məyus olmuşdum. Müəllif öz romanı haqqında danışanda o mətn bütün mübhəmliyini itirir. Yazar mətnin nəzərdə tutduğu kimi anlaşılmamasından “qorxmamalıdır”, oxucunun hər cür şərhinə, interpritasiyasına hazır olmalıdır.

   

Aydın Talıbzadənin “Kəpənək modeli.102” romanı həyatım boyunca qısa zaman kəsikləri ilə ard-arda 4 dəfə oxuduğum yeganə əsərdir. Artıq yazmaya bilməyəndə roman haqqında təfəkkürümün yetdiyi qədər bir esse yazmışdım. İndi üstündən təxminən 6 il keçdikdən sonra romanı xatırladıqca beynimdəki suallar daha geniş üfüqlərə yol açır və “indi olsaydı, daha fərqli yazardım” deyə düşünürəm. Demək, əsər beynimdə hələ də öz həyatını yaşamaqdadır, o, mənimçün bitməyib – bəlkə də, ona çox illər sonra yenidən qayıdacağam. Mətnə bu “sərbəst yaşamaq” haqqını təqdim etmək lazımdır, müəllif şərhləri ilə “həyatını yönləndirmək” yox.

   

Qayıdaq “Fələk qırmancı”na: roman Qan Turalının nəsri üçün xarakterik olan sentimentallıq, məişətlə bağlı təfərrüatçılıq, publisistiklik, bədii enerjinin zəifliyi və bir sıra digər qüsurlarına baxmayaraq, kifayət qədər uğurlu estetik yapısından söz açmağa imkan verir. Eyni zamanda, sosial, psixoloji, fəlsəfi, estetik qatlarda ortaya xeyli sual qoyur  və hər cür çözümə də açıqdır.

 

“Onun şəhərdəki iziylə” adlı ilk fəsli roman üçün uğursuz başlanğıc hesab edirəm. Nəyin nə olduğunu ayırd edənə kimi Zeynəbin lirik-sentimental notlara köklənmiş bəsit çıxışı oxucunu kitabı tezcə bir kənara qoymağa sövq edir; yaxşı ki, roman həmin tempdə davam etmir. Əvvəlcə hərənin öz səsi, öz sözüylə daxil olduğu romanda sonradan danışmağı yaxşı bacaran Mehdilərdən başqa hər kəsin danışmaq hüququnun əlindən alınması doğru deyildisə də, ürəyimcə oldu.

        

“Mən bir əsir idim, azad olmaq istədim.” - roman və Zeynəbin söylədikləri Ə.Ağaoğlunun əsərindən bu cümlə ilə başlayır. “Sərbəst insanlar ölkəsi”nin davamında deyilir: “Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım... Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram: Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur.” Romanı oxuduqca qərara gəldim ki, Zeynəb kənddən qurtulub şəhərə gələrkən seçdiyi sağ tərəfə gedən yol olub - düşüncəsindəki azadlığa qovuşsa da, o, bir əsarətdən qurtulub başqa birinə sığındığının fərqinə varmır. Zeynəb barədə bir az sonra.

  

“Fələk qırmancı” bizi yazır – böyük iddialarla ədəbiyyata gəlib bir müddət sonra səssizliyi ilə üsyan edənləri, mübarizənin yel dəyirmanı ilə döyüşmək kimi mənasız olduğunu anlayınca “silahı” əldən qoyanları, özünə çəkilib çevrəsinə çəkdiyi cızığın içərisində yaşayanları, meydanı kəmalə həssaslara buraxanları... Romanın sonunda şərin təntənəsi gurlayır başımızın üstdə. Doğrudanmı xilas yoxdur? Doğrudanmı yalnız qaçmaq, tənhalığa çəkilmək, ölümə üz çevirməklə qurtulmaq olar? – suallar dolu kimi yağır oxucunun üstünə. Müəllif yazıçı Mehdinin seçdiyi bu sonluqla onun ədəbiyyata, sənətə yanaşmasına ironiya edir. Özünü xilas edə bilməyən bəşəriyyəti xilas etmək iddiasını ağlının ucundan belə keçirməməlidir. Yalnız qurtulmaq istəyən qurtular və müəllif əlindəki səlahiyyətdən istifadə edib Mehdiyə ikinci yazar həyatı bəxş edə bildiyi halda, onu öz gerçəkləri ilə baş-başa qoyur – polifonik romanın tələblərinə uyğunlaşaraq, seçimi qəhrəmana buraxır.

   

Qan Turalının yazdığı romanın içində bir də Mehdinin yazdığı “Fələk qırmancı” var və bu mətn özünün cəsarətli həqiqətləri ilə çıxır qarşımıza. Daşlaşmış stereotiplərə alışmış oxucu üçün bu həqiqətləri həzm etmək, özününkünə çevirmək çətindir. İnsanlar “hazır həqiqətlərlə” yaşamağa elə alışıblar ki, sığışdırıldığı çərçivədən qoparılmağa risk etmirlər. Məsələ burasındadır ki, oxucunun bələd olduğu bir sufilik yolu var və ondan fərqlisini qəbul edə bilmir – necə ki, sufi  Mehdinin fikirlərini Molla Sadiq qəbullana bilmirdi. Lakin bu, bir bədii əsərdir – hər şeydən öncə, uydurmadır. Odur ki, orada gerçəklərin axtarışına çıxmaq yox, sualların ardınca düşüb öz həqiqətinin ipindən tutaraq quyuya enmək lazımdır – quyudan hansı cavablarla qayıtmaq isə oxucunun zəkasına, təfəkkürünə bağlıdır.

       

Roman içindəki romanda sufi Mehdi kimsənin fikrinə, münasibətinə məhəl qoymadan öz yolunu – özünü xoşbəxt hiss edəcəyi azadlığı seçir: illərlə yaşayıb ibadət etdiyi və nəhayət, şeyxlik məqamına yetdiyi təkkəni dağıdıb adi, insani sevgini dadmağı üstün tutur. Sufilik anlamaqla deyil, duymaqla gedilən yoldur. Lakin uzun illərin bəndəliyinidən, dərvişliyindən sonra Mehdi məhz bir qadının xəyali varlığı ilə məntiqi düşüncələrə varır, suallar qoyur və cavabları seçdiyi sufilik yolunun xeyrinə olmur.

     

Bəzən hislərə qapılaraq, aşırı sevgidən, bəzən qorxudan, yaxud sayğıdan özünə sual verməyi qadağan edən nə qədər insanların yerinə, o, seçim edir. Dinlər sual verməyə bir yerə qədər imkan verir və müəyyən məqamdan sonra verilən suallar insanı dinsizliyə, çox dərinə gedilsə, hətta inkara aparıb çıxarır. Mehdi ağıllı insan kimi sualların yalnız azadlığı üçün yetəri olduğu qədərini verir və cavabları ona azadlığı bəxş edir.

      

XXI əsrin Mehdisi üçün XIX əsrin “Danabaş kəndinin əhvalatları”ndan, “Mürafiə vəkillərinin hekayəti”ndən çıxıb gəlmiş hüquqları tapdalanmış Zeynəb onun xilaskarı idi - tənhalığını dolduran, nazını çəkən, anlayanda da, anlamayanda da qəbul edən, ürəyində nə qədər çəksə də, xəyanətini üzə vurmayan, ciddi münasibətlər tələb edib, onu buxovlamayan və yəqin ki, bütün bu xüsusiyyətləri ilə əksər yazarların, ümumiyyətlə, sənətkarların ideal qadın arzusudur – ideal sevgili, ideal oxucu... Zeynəb əsarətdən qurtulub azadlığa nail olmaq istərkən dalana dirənir. Onun üçün azadlığın yolu özünütəsdiqdən keçmir – əsarətin cəngindən dartıb çıxardığı özünü gətirib Mehdidə gömür. Çünki Zeynəbin azadlıq düşüncəsi şəhərdə yaşamaq, pivə içə bilmək, rahat-rahat gəzə bilmək  qədər bəsitdir. Onun əsl arzusu əsarətdən qurtulmaq, azad olmaq deyil, sevdiyinə qovuşmaqdır – sonu nə olursa, olsun. Müəllif onların hərəsinə özünə, düşüncələrinə layiq bir sonluq biçir.

     

Orta əsrlərin Mehdisi də əsir idi - əvvəllər kor-koranə qəbul etdiyi, tapındığı, uzun illər sonra tərk etdiyi təkkənin, inancın əsiri. Lakin onun romanı çağdaşımız Mehdinin romanı kimi faciə ilə bitmir. Çünki onun silahı emosiyaları deyil, düzgün istiqamətdə işlətdiyi ağlı, zəkası idi. Demək, müasirlik dönəmdə deyil, düşüncə tərzində, təfəkkürdədir. İnsanın azadlığı öz içindən başlayır və daxilən  buxovlarından qurtula bilməyən insan gec-tez məhvə məhkumdur – fiziki mövcudluğunu davam etdirsə də, mənən heçdir.

     

Məqalələrindən birində “Ölmək yaşamamağın yeganə yolu deyil” yazan Mehdi, əslində, yaşamadığının fərqində idi. Ona görə onun üçün həyatın heç bir dadı-duzu yox idi. Əsərin finalına doğru qaranlıq məqamların yuxugörmə vasitəsilə aydınlanması kimi “mistika”, qərarın bu yuxuya görə, hətta yuxunun içində verilməsinin romanın ideoloji yükünə xələl gətirdiyini düşünmək olardı. Amma bunu da mətnin ironiyası kimi qəbul edirəm. Məncə, Mehdi kimi düşünən, yaşayan bir adam üçün hərəkətlərini məhz bu mistik işarələrə görə idarəetmə normaldır.   

    

Yazıçı Mehdi yanlış olaraq düşünür ki, yazmaq anlamaq cəhdidir. Əgər o qəbul etsəydi ki, yazmaq anlamaq cəhdi yox, anlamağın, sirri paylaşmağın özüdür, onda özünü bu qədər bədbəxt və lazımsız hiss etməzdi. Sufi Mehdi təkkədə ibadətlə yanaşı, həm də bədii ədəbiyyat oxuyur; hətta çilədə olanda Quran oxumaqdan yorulanda, ya da oxuya bilməyəndə anasının bayatılarını, dastanlardan hissələri xatırlayıb əzbər danışır öz-özünə. Onu əsarətdən qurtaran ədəbiyyatın öyrətdikləri olur. Bəlkə, yazar Mehdini də ədəbiyyat ölməyə qoymazdı - əgər o, yazmaqdan imtina etməsəydi. Lakin unutmayaq ki, sufi Mehdinin romanını da müasirimiz Mehdi yazır və ona azadlıq, xilas şansını da Qan Turalı deyil, yazar Mehdi verir. Bununla belə, mətnindəkini həyatına tətbiq etməyə gücü yetmir. Biz beləyik: yazdıqlarımızda daha cürətli, daha ağıllıyıq. Molla Nəsrəddin demişkən,  “nəzəriyyəsi ilə əməliyyəsi düz gəlmir.”

     

Qan Turalı əməlləri iddialarını doğrultmayanların dərdini yazır; amma onlara gülərək deyil, halına yanaraq, gözünün yaşını silərək.  Mən romandakı yazıçı Mehdi obrazını mərhum Mehdi Bəyazidin prototipi kimi qəbul etmirəm. Fikrimcə, müəllif sadəcə onun özünün və romanının adından, həmçinin yazmamaq qərarının verdiyi ideyadan yola çıxaraq orijinal bir roman yazıb. Ümumiyyətlə, əsərdə prototip axtarışına çıxmaq, onu kiminləsə müqayisə etmək, kiminsə həyatına bənzərliklər, göndərmələr axtarmaq mənə görə, mənasız bir məşğuliyyətdir. Şəxsi münasibətlər müstəvisindən yanaşmaları bir kənara qoyub, romanı sadəcə mətn kimi oxumağın, elə bu şəkildə də dəyərləndirməyin tərəfdarıyam.

          

“İnancdan güclü olan arzularla mübarizənin axırı zəlalətdir” deyən sufi Mehdi məhz inancdan daha güclü arzusunun olduğu üçün qurtula bilir. “Fələk qırmancı” – “mütləq” deyə bir həqiqət yoxdur”, “öz gerçəyini özün yarat” deyir. Roman “inanclardan qaç” mesajı vermir, “heç olmasa düşün, kor-koranə təslim olma, arzularına inan” mesajını ötürür. Bu baxımdan müəllifin ideyasını romanın içindəki roman kifayət qədər uğurla əks etdirir. Düyünlər mütləq açılmalıdır, Qan Turalı bunun isgəndərsayağı çözümünü seçir. Bu çözümü qəbul edib-etməmək isə oxucunun seçimidir.

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018