Bircə tilsimin var... - Günün Şeiri

Bu gün mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür. Onun 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə Ramiz Rövşənin ona həsr etdiyi şeiri təqdim edir. 

 

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

 

Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

 

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.

 

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

 

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018