Öpmək yox, qoxlamaq istəyəsən – GÜNÜN ŞEİRİ

Bu gün gənc şair Alik Əlioğlunun doğum günüdür. Kulis.az bu münasibətlə gənc şairi təbrik edir və onun "Yad şəhərdə" şeirini oxucuların diqqətinə çatdırır. 

 

Səhərlər durub tanımadığımız

Bir şəhərin dar küçələrini süpürürük,

zibilini daşıyırıq

 

Gecələr

Oyanıb dərisini gün yandırmış

Qıvrım cod saçlı yetim uşaqlara

Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

 

Kimsə gəlməlidir.

Günlər uzanır və heç kəs gəlmir.

 

Geriyə baxmaq dəhşətlidir.

Görürsən ki,

İllər öncə qulağını qatar relsinə dirəyib

Qatarın səsini dinləməklə

Uzaqlar arzusunda yaşadığınçün

Səni gətirib uzaqlara atıblar...

 

Görürsən ki, yiyəsizsən...

 

Görürsən ki, bu amansız məhəllədə

Günbəgün itlər də yoxa çıxır,

Pişiklər də...

Bilmirsən öldürürlər, ya azdırırlar...

Və sən

Bilmirsən hönkürüb ağlayasan

Ya sadəcə kədərlənəsən...

 

Elə bir doğma adam gəlməlidir ki,

Onu öpmək yox, qoxlamaq istəyəsən.

Yanında olduğuna əmin olmaq üçün

əlini üzünə qoyub yoxlamaq istəyəsən...

 

Günlər uzanır, heç kəs gəlmir...

 

Və sən bir-bir ölürsən...

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017