Həyat yoldaşını fotoaparatla tapdı - TANINMIŞ FOTOQRAFLA SÖHBƏT

Kulis.Az 12 iyul - Ümumdünya Fotoqraflar Günü münasibəti ilə fotoqraf Şahin Yüksəllə söhbəti təqdim edir.

 

- Məşhur türk fotoqraflarından biri “Fotoqraflıq sənət deyil” deyib. Siz doğurdanda sənətlə məşğul olmursunuz?

 

- Bu nə deməkdi? Türk qardaşımız çox səhv deyib, fotoqraf, yəni fotoqrafiya çox böyük sənətdir. Fotoqrafiya rəssamlıqla kinonun arasında körpüdür. Bilmirəm, bunu nəyə əsaslanaraq deyib. Mən belə bir fikri heç yerdə oxumamışam. Məsələn, gəlin belə izah edək: bir insan portret çəkdirmək üçün saatlarca rəssamın qarşısında dayanır və nəticədə rəsm yaranır. Fotoqrafiyanın işi isə bu uzun prosesi tezləşdirməkdir. Nə üçün bunu deyirəm? Fotoqrafın da, rəssamın da baxışları eyni olmalıdır. Bədii fotoqrafiya ilə kim məşğul olursa, rəssam necə görürsə, bu da elə görür. Sadəcə rəssam fırçayla çəkir, fotoqraf aparatla. Yəni fotoaparat fikri çatdırmaq üçün vaxtı qısaldır. Foto yaranandan sonra fikirləşiblər ki, bunu hərəkətə gətirsinlər. Bax kino da belə yaranıb. Məlumat üçün deyim ki, kinonu fransız Lyumer qardaşları yaradıblar.

 

- Tez-tez izlədiyiniz fotoqraflardan hansılarının adını çəkə bilərsiniz?

 

- Çex fotoqrafı Jozef Sudek çoxdan rəhmətə gedib, onun fotolarını xoşlamışam. Çox romantik bir fotoqraf olub. Xokkens adlı amerikan fotoqrafı var. Sonra bizim Azərbaycanda çox hörmət etdiyim Fərid Məmmədov gözəl fotoqrafdır. Bizdə Sənan Ələsgərov var, çox yaxşı fotoqrafdır. Beynəlxalq müsabiqələrdə, sərgilərdə qranpirilər alıb. Bizdə sadəcə fotoqrafiyaya caamatın baxışı başqa cürdür. Fotoqraf deyiləndə bir toyda şəkil çəkən, bir də sənəd şəkli çəkən yada düşür. Bədii fotoqrafiyayla bağlı cəmiyyətin anlayışı aşağı səviyyədədir. Hələ indi-indi başa düşüblər ki, fotoqrafiya bu  deyil. Yəqin ki, müəyyən bir vaxtdan sonra cəmiyyət başa düşəcək ki, rejissoru, rəssamlığı, kinonu necə qavrayırlar, fotoya da münasibət elə olmalıdır...

 

- Siz əbədi mühitlə sıx əlaqədə olan fotoqrafsınız. Hansı yazarlarla dostluğunuz olub və siz həmişə onları xoş xatirələrlə yada salmısınız?

 

- Dostlarım çoxdu. Yazarlardan Əlsəmid Kür, Murad Köhnəqala, Həmzəli İlyas, Cəlil Cavanşir, cavanlardan Mövlud Mövlud, Ayxan Ayvaz. Heç vaxt dostluqda yaşa baxmamışam. Məndən 20 yaş da böyük olan dostlarım da var. Onların arasında rəssamı da var, musiqiçisi də. Mərhum bəstəkar Rəşid Nəsiboğlu var idi. “Liman” mahnısı indi də dinlənilir, şedevr bir əsərdir... Rəhmətlik publisist Vilayət Rüstəmzadə var idi. Onunla yaxın dost olmuşuq. Kələntər Kələntərli mənim atamla dost olub, sonra da mənimlə dost olub. Demək, bir gün, Sovet hökumətinin vaxtında araq tapılmayan zamanıydı. Məndən yaşca böyük dostlarımla içmək istəyirdik. Birtəhər, çətinliklə də olsa araq tapa bildik. Süfrə açdıq, dostlarımdan ikisi əl-üzünü yumağa getdi. Digər dostumla mən arağa diqqətlə baxırdıq. Sonra necə oldusa mənim əlim dəydi, butulka aşıb yavaş-yavaş boşalmağa başladı. Dostumla mən sadəcə arağın necə yerə boşalmasını seyr edirdik. Əl-üzünü yuyan dostlarım gəlib “hə, süzün araqdan, içək” deyən anda, onların da nəzəri arağa yönəldi. Sükut içində baxırdıq, səssizliyi mən pozdum, arağı götürüb qaldırdım. Dibində 150-200 qram araq qalardı (gülür).

 

- Hansı tanınmış adamların fotosessiyasını etmisiniz?

 

- Bir dəfə türk müğənnisi Çelik Bakıya gəlmişdi. Məndən xahiş etdilər ki, onun fotosessiyasını edim. Mən də razı oldum. Çelikin fotolarını necə lazımdı çəkdim. Fotosessiya qurtarandan sonra Çelik mənə “nə qədər pul verəcəm” dedi. Mən də “siz bizim misafirimizsiniz” dedim. O da mənə “Türkiyədə sənin kimi fotoqraflar çox bahalıdır” dedi. Sonra müğənni Faiq Ağayevin ilk fotosessiyalarını mən etmişəm. Bir dəfə də çox hörmət etdiyim tanınmış bir insanın fotosessiyasını etmək üçün yanına getdim. Qarşıma onun mühafizəçisi çıxdı və fotoaparatıma nəzər yetirdi. Aparatın üstünə “Pentaqon” yazılmışdı. Şübhələndi və “Bu nədir belə?” dedi. Mən də firmanın adı olduğunu qeyd etdim. Sonra foto çəkməyə başladım ki, aparatdan səslər çıxdı və həmin an mühafizəçi mənə yaxınlaşaraq onun bomba olacağından şübhələndiyini bildirdi (gülür.)

 

Bir çox tanınmış müğənni və aktrisalarla fotosessiylarım olub.

 

- Sizi Azərbaycanın bir nömrəli fotoqrafı adlandırmaq olar?

 

-  Yox... Heç bir sənətdə bir nömrə yoxdur. Çünki zövqlər müxtəlifdi. Fotoqraf var ki, portret janrını daha yaxşı işləyir, amma yenə də deyə bilmərəm ki, bu portret janrında bir nömrəli fotoqrafdır. Çünki başqa bir fotoqrafın portretləri var ki, o da yaxşı çəkir. Tək bu sənətdə deyil, başqa sənətlərdə də “filankəs bir nömrəli rəssamdı, filankəs bir nömrəli rejisordur” söhbətlərinə qətiyyən fikir vermirəm.

 

- Harda təhsil almısınız və tələbəlik illərini necə xatırlayırsınız?

 

- Tələbəlik illəri deyəndə ki, o vaxtı Azərbaycanda fotoqrafiya ilə bağlı ciddi bir təhsil ocağı olmadığına görə 5 nömrəli peşə məktəbində təhsil almışam. Düzünü danışsaq, orda məni o qədər də yaxşı öyrətmədilər. Yəni hər gün foto ilə məşğul olmurduq. Müəllimlər, pedaqoqlar dərslərə ciddi yanaşmırdılar. Fotoqraflar gedib atelyelərdə işləyib pul qazana bilirdilər, amma bizə təhsil vermirdilər. Bir ayda aldıqları maaşı bir günə qazanırdılar. Oxuduğumuz vaxtda əlimizə lom verirdilər ki, gedin divarı sökün. Pedaqoq yox idi ki, bizə fotoqrafiaynı öyrətsin. Bizim müəllimimiz tamam başqa sahənin adamı idi... Tarixçi idi.

 

- Fotoya istedad lazımdımı ?

 

-  Bəli, əlbəttə, fotoqrafiyaya istedad lazımdır. Fotoqrafın da baxışı rəssamın baxışı kimi olmalıdır. İstedadın yoxdusa, ən bahalı fotoaparatla çəksən də yenə şəkil zəif alınar.

 

- Həyat yoldaşınızla ilk tanışlığınız necə olub?

 

 - Bir qadın dostum rəfiqəsinin fotosessiyasını etməmi istədi. Mən də razılıq verdim və qızı görəndə tutuldum, bəhanə gətirərək işi təxirə saldım. Belə-belə bəhanələr edərək fotosessiyanı təxirə salırdım və sonda qıza sevgimi bildirdim. Axırda da ailə həyatı qurduq. Hal-hazırdakı həyat yoldaşım, qızların fotosunu çəkdiyim üçün qısqanır. Qısqanclıq həyatda ən acığım gələn və ən nifrət etdiyim bir şeydir. Bu qısqanclıq halları mənə sıxıntı gətirir. Fikrimdə tutduğum şeyləri çəkə bilmirəm.

 

- Uşaqlarınızla necə maraqlanırsınız və onların gələcəkdə fotoqraf olmasını istərdinizmi?

 

- Yox, istəməzdim... Qızlarımın marağı var idi. Böyük qızım hal-hazırda evlidir. Ailə qurmamışdan qabaq mənə dedi ki, bu sənəti öyrənmək istəyirəm. Mən də dedim ki, ay bala, sən qız uşağısan, fotoqrafiyaya münasibət hələ Qərbdəki kimi müəyyən bir səviyyəyə gəlib çatmayıb. Qızların fotoya maraq göstərməsinə qarşı deyiləm. Qadın sürücü olursa, fotoqraf qız niyə olmasın ki? Sadəcə bu rus dilində desək daha yaxşı çıxar: “neblaqadarnı” sənətdir. Yənə deyirəm, rəssamlığa necə baxılırsa, fotoqrafiyaya da nə vaxtsa yuxarı səviyyədə baxılacaqsa, onda razılıq verərəm. Oğlum da var. O, da bu sənətə bir az maraqlıdı. İlk rəsmini Qala divarlar olan yerdə küləkdən qəddi əyilmiş bir ağacın fotosunu çəkmişdi. O fotonu mən internetə qoymuşdum, hələ də o şəkil qalır. Oğlumun ilk fotosu. Yəqin ki, evdə bir fotoaparat varsa, mütləq ona müəyyən bir maraq olacaq, amma yenə də istəməzdim ki, fotoqraf olsun. Bəlkə oğlum böyüyənə qədər, fotoqrafiya sənətinə münasibət yüksək olanda, bax onda olar. Bizim xalq bu sənətə ciddi baxmır. Deyirlər ki, bir dənə “çık” elyirsən, vəssalam. Amma bunu bilmirlər ki, burada beyin işləyir, axtarır ki, “çık”ı hardan edim ki, şəkil xoşa gələn olsun.

 

- Fotoqraf dostlarınız var. Çəkdiyiniz istedadlı rəsmləri onlarla paylaşırsınızmı və onların buna reyaksiyası necə olur?

 

- Reaksiyaları yaxşı olur. Fotoqraf dostlarım var: Babək Quliyevdi, Elçin Həsənovdu. Onlarla bir yerdə  şəkil üzərində müzakirələr edirik. Bir şəkli çəkəndə onlar öz fikirlərini mənə bildirirlər, yəni ki, burda məsələn işıq az olub bir az artıq olsa daha yaxşı olar. Biz dostuqsa. mütləq öz səhvlərimizi bir-birimizə deməliyik. Ona görə ki,  gələn dəfə belə səhvlər etməyək.

 

- Fotoqraf olduğunuza görə peşmansınızmı?

 

- Yox, peşman deyiləm. Fotoqrafiya sənətinə pul qazanmaq məqsədilə gəlməmişəm. Elə var-dövlətim də yoxdur. Biznesə qoşulardım və yaxud da kənd təsərrüfatına daxil olardım. Yaxşı biznesim, pulum, maşınım olardı. Peşman deyiləm, sənəti sevib gəlmişəm. Nə qədər ki, canım suludu çəkəcəm. Bu sənətdə mənim 29-cu ilimdi. Gələn il 30 illiyi tamam olacaq. Cavanlara demək istəyirəm ki, bu sənətə həqiqətən də sevib gəlsinlər. Bu fotoqraflıq indi dəbə düşüb. Bunun bir tərəfi sevindirir ki, fotoqrafiyaya baxış dəyişir. Bir neçə il bundan əvvəl müğənni olmaq dəbdə idi. Fotoqrafiyada təhsil olsa daha yaxşı olar, daha tez yetişər və çox şey qazanar. Lazımsız işlərlə məşğul olmaqdansa fotoqrafiya sənətinə maraq göstərsinlər. Son olaraq yenə də demək istəyirəm ki, sənəti gərçəkdən sevib gəlsinlər. İndiki cavanlar əllərinə alırlar aparatı başlayırlar fotolar çəkməyə... Baxırsan ki, zəif rəsimlərdir. Onlar özlərini bəyənən və çox iddialıdırlar.

 

Söhbətləşdi: Oğuz Ayvaz

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017