Yazmaq istəmədiyim məktublar

Alsu üçün...

 

Sənə uzun bir məktub yazmaq istəyirdim, qızım...

 

Bu fikrə indi düşmədim, həyatımın ən çətin anlarında bu arzu doğub içimdə. Amma  özümü saxlamışam, vaz keçmişəm...  Yazdığım, ürəyimi boşaldıb sonra cırıb atdığım da olub...

 

Məsələn, bir dəfə xəstəxanada qarşımda durub qara caynaqlarını həyatımıza uzadan ədalətsizlik və qəddarlıq qarşısında bunu istəmişəm. O zaman özümə söz verirdim ki, mən nə olursa-olsun bu adamların köləsi olmayacağam, sənin yaşamalı olduğun evi, gələcəyin üçün gərəkli təhsil haqqını, arzularını, xəyallarını sonu olmayan yaşamaq yanğısına qurban etməyəcəyəm...

 

Sənə o adamlar haqqında yazmaq istəyirdim, nələr etdiklərini, necə etdiklərini və onlardan qorunmaq üçün nə etməyini istədiyimi...

 

Və niyə geri çəkildiyimi...

 

Yazmadım...

 

Bəlkə, sən böyüyüncə bunlara heç gərək qalmayacaq deyə...

 

İlişkilər, dostluqlar, tanışlıqlar...  Doğmalar, yadlar, təbiət, tanrı, inam, etibar...  Həyatın qarşımıza çıxartdığı  hər şey...  Biz bunlar haqda tez-tez danışarıq...  Çox rahatlıqla, azadlıqla, dostcasına... Amma  mən heç də həmişə dürüst ola  bilmirəm...  Sənə deyə bilmirəm ki, insanlar  ən yaxın dostlarına amansız ola bilirlər, insanlar kiçik çatlardan uçurumacan sınaqlar qarşısında təklənib susurlar, insanlar bəzən ən yaxın adamlarından küsüb özlərini o uçuruma buraxırlar...

 

Deyə bilmərəm...

 

Sənin gələcəyindəki insanlara, təbiətə, tanrıya haqsızlıq olar deyə...

 

Bəlkə sənin üçün hər şey başqa olacaq deyə...

 

Bəzən şikayət edərsən, məsələn ədəbiyyat müəllimənin kitab oxumamasından, məsələn sinif yoldaşının çadralanmasından, məsələn dostunun ehtiyac üzündən dərsə davam edə bilməməsindən, məsələn qardaşı xərçəngə tutulduğu üçün dərs boyu ağlayan rəfiqəndən...

Dişimi dişimə sıxaram, heç nə edə bilməyəcəyimizi hiss etdirmərəm...  Deyəmmərəm ki, bu bir bataqlıqdır, ona düşməyimiz an məsələsidir, hər şeyi itirməyimiz və səfilliyə yuvarlanmağımız çox asandır...  Acımasız düzən qəlbimizin təmizliyinə, duyğulara və gözəl xəyallara şans tanımaz... Bəhs edəmmərəm gözəl dünya üçün nələrsə etmək arzularımızın əhəmiyyətsiz olduğundan... Sonra bunları sənin gələcəyə hazır olmağın üçün sərtcə anlatmaq istərəm bir məktub yazaraq...

 

Bacarmaram...

 

Bəlkə sən böyüyüncə nəsə  dəyişdi deyə...

 

...Amma  bilirəm, bununla sənə haqsızlıq edirəm...

 

İnsanların sevgi dolu olduğuna inandırmaqla...

 

Pisliklərin bir görüntü olduğunu, əslində dünyanın yaxşılıqdan, işıqdan ibarət olduğunu söyləməklə...

 

İnsanlara inanmanı diləməklə...

 

Ön yarğılı olmamağını istəməklə...

 

Mərhəmətli və alçaqkönüllü  olmağını gözləməklə...

 

Amma başqa cür bacarmıram...

 

Mənə ötürüləni sənə ötürürəm indi, mənə ötürülən şeylər məni heç mutlu tutmadı, hər dəfə üzümə çırpıldı, hər dəfə  başıma çaxıldı, hər dəfə yıxıldım və hər dəfə çətinliklə qalxdım, susdum və susdum...

 

Amma  bunları sənə əsla söyləmirəm, bəlkə başqa cür yaşandı hər şey sənin üçün?...

 

Amma, əziz qızım, görürəm ki, sən daha realistsən, sən daha dözümlüsən, sən daha hazırlıqlısan və sən daha  sərtsən...  Amma, eh, gözlərinin dərinliyində yatan bir qadın var, sənin  ondan  xəbərin yoxdur...  Mən onu görürəm və sənə yenə də heç nə yazammıram...

 

Bəlkə sən sənin üçün və başqaları üçün hər şeyi özün və işığa doğru dəyişə bilmək iqtidarında ola biləcəksən?

 

Mən susduğum şeylərlə, yazmadığım məktublarla səni gələcəyin kəskin tiyəsinə tərəf itələdiyimin fərqindəyəm, o, səni incidəcək, ağrıdacaq və yaralayacaq...  Cəmiyyət həmişə qurbanını gözləyən tanrı heykəli  kimi acımasızdır və soyuqdur, onu ayağı altında kəsilən başlar və axıdılan qanlar narahat etməz...

 

Amma mən səni qoruya bilmərəm bir yerdən sonra... 

 

Necə ki, məni qoruyanlar da bir yerdən sonra bunu etmək  gücündə deyildi... Özün görürsən...

Özün bilirsən...

 

Və sən aşiq bir qızsan... 

 

Hüznü artıq dadmış qızsan...

 

Mənim qızımsan...

 

Və mən sənin hüznündəki sevgini duyuram...

 

Alsu...

 

Mənə məktublar yazdığını da bilirəm...

 

Məndən gizlətdiyini də...

 

Sən də ümid edirsən, bəlkə bir gün hər şey gözəl oldu deyə...

 

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017