Bir ana cəzasını necə çəkər? QAN TURALININ YAZISI

 

 

Qan Turalı

 

"Qaranlıqda rəqs" Mərhəmətsiz bir dram. Cinayət. Fədakarlıq və günah filmi. 

 

Bir qadın düşünün. Amansız xəstəliyə mübtəladır. Sürətlə korlaşır. Vətəni Çexoslovakiyanı qoyub Amerikaya gəlir. Müalicə üçün. Çünki bir oğlu var. Və bu xəstəliyin müalicəsi Amerikada mümkündür. Amerikanın 30-40-cı illəridir.

 

Və bu an qarşımıza bir sual çıxır: qadın bu xəstəliyin irsi olduğunu bilə-bilə niyə dünyaya övlad gətirirdi? Özü bunu belə izah edir: “Qollarıma bir körpə almaq istədim”. Bu artıq ilk günahdır. Kor olacağını bilə-bilə dünyaya bir körpə gətirmək... Xristianlığın ilk günahıdır bu. Və əlbəttə ki, bu günahın cəzası çəkilməlidir.

 

Amma necə?

 

Qadın furqonda kirayədə yaşayır. Ev sahibi isə polisdir. Arvadı Linda ilə xoşbəxt yaşayırlar. Amma Lindanın bitməz-tükənməz ehtiyaclarını ödəmək polis üçün ağır yükdür. Mirası çoxdan qurtarıb. Sürətlə borclanıb banka. Və bir gün qadının oğlunun əməliyyatı üçün pul yığdığını öyrənir. Polis onun pulunu oğurlayır. Film də burda başlayır. Pulunu almaq istəyir. Polislə boğuşma. Polis öz hərəkətindən əzab çəkir. Və tövbə edərcəsinə “məni vur” deyir. Bu da başqa bir xristian ayin: Tövbə. Günahın cəzasını həyatla ödəmək. Ona ilk atəşi kimin açdığı bilinmir. Aralarında boğuşma gedir. Selma onu başına-başına vurub öldürür. Sonra tez xəstəxanaya qaçıb oğlunun əməliyyatı üçün yığdığı pulu doktora verir: 2054 dollar, 10 sent.  Tezliklə də həbs olunur. Məhkəmə! Və cəza çıxır: Ölüm hökmü.

 

Yoldaşları onu ölümdən xilas etmək üçün yeni vəkil tuturlar. Vəkilin pulunu isə əməliyyatın pulu ilə ödəmək istəyirlər. Selma buna qəti etiraz edir. Vəkildən imtina edir. Cəzanın icrası bir həftə sonradır.

 

Selma edam edilir. Və son anda rəfiqəsi onun yanına qaçıb ovcuna oğlunun eynəyini qoyur. Daha oğlu kor olmayacaq. Nəvələrini belə görə biləcək. Selma bu sevinclə ölümə gedir. İlk günahın da cəzası beləcə ödənilir.

 

Rejissor Lars fon Trierdir. Solçu deyil. Lakin solçulara rəğbəti aydınca hiss olunur. Burda zəruri bir xatırlatma. Film Amerika haqqında çəkilən ən gözəl filmlərdən biridir. Amma Trier heç zaman Amerikada olmayıb (Onun “Doqvill” filmində də hadisələr Amerikada baş verir). “Amerika”nın müəllifi Kafka kimi. O da heç zaman Amerikada olmayıb. Trier müsahibələrində bu faktı xatırladır. Səni ancaq uzaqdanmı çəkmək mümkündür, əziz Amerika? Ginzberq necə deyirdi: “Kitabxanaların niyə bu qədər göz yaşıyla doludur?”

 

Solçulara rəğbət hardandır? Digər Amerika filmlərində məhkəmədə gerçəklər üzə çıxır, cinayətkarlar cəzalanır. Lakin bu filmdə məhkəmə sözün bütün mənalarında ədalətin əleyhinə çalışır. Mərhəmətsizdir. Hamı Selmanı ittiham edir. Bu pulu oğlunun əməliyyatı üçün topladığı və polisin oğurladığı heç ortaya da çıxmır. Çıxmaq nədir, buna cəhd belə yoxdur. Amerika nifrəti solçuların köhnə şakəridir. Məhkəmədə Selmanın əleyhinə bir sübut irəli sürülür. Selma nə zamansa deyibmiş ki, (filmdə bu səhnə var, lakin məhkəmədə təhrif olunur) insanların hər şeyini bir-biri ilə bölüşməyinin nəyi pisdir ki? Amerikanın makkartizm illəridir, solçu olmaq vətən xainliyidir. Və digər məsələ. Selma miqrantdır, bir polis niyə onun pulunu oğurlasın ki? Günah Selmadadır. O, əvvəldən günahkardır. Miqrantdır axı. Üstəlik, kommunizmə rəğbəti var. Bir adamı asmaq üçün bundan gözəl səbəb?

 

Filmi ən çox maraqlı edən cəhət isə müzikllərdir. Selma bir müzikldə rəqqasədir. Film onun müzikl məşqləri ilə başlayır. Lakin tezliklə korlaşdığına görə bundan imtina etməli olur. Bu anda da gözünün az qala kor olduğunu demir. Başqa bir səbəb uydurur. Çünki Selma günahkardır. Kor olacağını bilə-bilə dünyaya övlad gətirib. İlk günahı heç kimə danışmazlar. Cəzası qəbul olunmalıdır. İsa bütün insanların günahı üçün çarmıxa getdi. Selma öz günahının cəzasını çəkməlidir. Sözsüz-sualsız bu ədalətsiz məhkəmənin hökmünü yerinə yetirməlidir! Nöqtə!

 

Filmin ən dəhşətli anı Selmanın edamıdır. Burda rejissor son dərəcə realist işləyib. Normal edam səhnəsi həyatda neçə dəqiqədirsə, filmdə də o qədərdir. Şərtilik yoxdur. Ümumiyyətlə, Trierə şərtilik ziddir, onun da imza atdığı “Doqma 97” manifestinə görə film son dərəcə təbii olmalıdır. Bu səhnə bizə Kieslovskinin “Dekaloq”undakı (V film) ölüm səhnəsini xatırladır. Bu barədə çox kinotənqidçilər yazıb. Lakin mən bununla bərabər “İsanın əzabları” (Mel Gibson) filmini xatırladım. Sıxılmış zaman deyərdim buna. Həyatda neçə dəqiqədirsə, filmdə də o qədərdir. Gərginlik və tamaşaçını düşünməyə məcbur edən, bu dediyim filmləri, ümumiyyətlə Selmanın taleyini sorğulamağa sövq edən əzab dolu dəqiqələr. Trierin ustalığı bir də burdadır.

 

Qədim əfsanələrin insan həyatı üzərində təsiri danılmazdır. İlk günah edilibsə cəzası da veriləcək.

 

Gərək o vaxt Həvvaya aldanıb almanı yeməyəydik.

 

Nə oldusa, ondan sonra oldu...

 

 

LENT

23 Yanvar 2017
21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017